DTX: Ramiz Mehdiyev və müxalifət fiqurları ''hakimiyyəti zorla ələ keçirməyə cəhd edib''

Ramiz Mehdiyev

Şəklin mənbəyi, Azərtac

Oxuma vaxtı: 6 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Dövlət Təhlükəsizlik Xidməti bəzi keçmiş dövlət xadimlərini, müxalifət rəsmilərini dövlət çevrilişinə, hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham edib.

Fevralın 12-də yaydığı məlumatda DTX bildirib ki, Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və başqaları əlbir olub Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyiblər.

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimli ittihamları rədd edir, Ramiz Mehdiyev və Abbas Abbasovun ittihamlara münasibəti bəlli deyil.

Məlumatda göstərilir ki, 2012-ci ildə xarici ölkədə "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbasov və Ramiz Mehdiyev Əli Kərimli, Fuad Qəhrəmanlı və Qənimət Zayıdovla dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

DTX bildirir ki 2013-cü ildə xüsusi xidmət orqanları tərəfindən 933 mindən çox vəsait "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) vasitəsi ilə ölkədə kütləvi iğtişaşların törədilməsi və bu kimi pozucu əməllərin törədilməsinə yönəlib.

İddia olunur ki, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girib. O söz verib ki, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacaq.

DTX yaydığı bir səs yazısında Qənimət Zayıdovun bu sövdələşməni apardığı iddia edib.

Hazırda xarici ölkədə yaşayan jurnalist Qənimət Zahidov belə bir səs yazısının həqiqətən mövcud olduğunu BBC Azərbaycancaya təsdiqləsə də, Ramiz Mehdiyev və ya Abbas Abbasovla bir əlaqəsi olmadığını bildirib. O, səs yazısındakı söhbəti ''bir mühacir yoldaşı'' ilə etdiyini bildirib. Qənimət Zahidov özünə qarşı ittihamları uydurma adlandırıb.

DTX-nın məlumarında o da iddia olunur ki, Ramiz Mehdiyev 2025-ci ilin sentyabrında Əli Kərimliyə özünün dövlət hakimiyyəti əleyhinə gizli planını göndərib.

Hazırda həbsdə olduğu bildirilən Əli Kərimli daha öncə özünə qarşı olan belə ittihamları rədd edib.

DTX Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı əməkdaşı ilə danışdığını iddia etdiyi audionu yayıb. Amma paylaşılan audio səsdə Ramiz Mehdiyev deyilən şəxsin kiminləsə danışdığı eşidilir, amma söhbətin nədən getdiyi məlum olmur.

AXCP sədri Əli Kərimli DTX-nın ittihamlarına cavab verib

Əli Kərimli

Şəklin mənbəyi, Əli Kərimli/Facebook

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimli Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ona qarşı irəli sürdüyü ittihamları rədd edib.

Dövlət Təhlükəsizliyi Xidməti Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməkdə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhddə ittiham edir.

Qurum iddia edir ki, 2013-cü il prezident seçkisində vahid namizədlə çıxış etmiş Milli Şura xarici ölkənin xüsusi xidmət orqanlarının maliyyə yardımı və tapşırığı əsasında fəaliyyət göstərib.

Həmin vaxt Milli Şuranın ilk vahid namizədi Rüstəm İbrahimbəyov olmuş, amma Rusiya vətəndaşlığı olduğu üçün seçkiyə qoşula bilməmişdi.

Əli Kərimli ailəsi vasitəsi ilə sosial media hesabında barəsində səslənən ittihamları "yalan" adlandırıb.

AXCP lideri xatırladıb ki, Milli Şura 2013-cü ildə dinc mübarizə fəlsəfəsi ilə yaradılıb, 19 mitinq keçirib və heç birində zorakılıq olmayıb. O, Rusiyanın müdaxiləsi nəticəsində vahid namizəd Rüstəm İbrahimbəyovun seçkilərə buraxılmadığını da vurğulayıb.

Kərimli onu Rusiya ilə əlaqələndirən iddiaları "absurd" adlandıraraq, Avropa İttifaqına inteqrasiyanı əsas siyasi hədəf kimi gördüyünü, rusiyapərəst siyasəti isə illərdir tənqid etdiyini deyib.

Əli Kərimli Prezident Adminstasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə əlaqələri ilə bağlı deyilənləri də əsassız adlandırıb, vurğulayıb ki, fəaliyyəti boyu onların təmsil olunduğu siyasi komandaya qarşı mübarizə aparıb.

Fuad Qəhrəmanlı BBC-yə təsdiqləyib: "O videodakı mənəm, verilən pul isə yardım üçün idi"

Fuad Qəhrəmanlı

Şəklin mənbəyi, Fuad Qəhrəmanlı

DTX səs və video görüntülər də yayıb. Onlardan birində rəsmi qurum iddia edir ki, Əli Kərimli 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək üçün keçirilən yürüş etdikləri zamanı xaotik vəziyyət yaradılması və vəziyyətdən yararlanıb kütləni idarə etməklə AzTV-nin binasını ələ keçirmək barədə Fuad Qəhrəmanlıya tapşırıq verib.

Yayılan videoda Fuad Qəhrəmanlının bununla bağlı ifadə verdiyi görünür.

O, BBC-yə bildirib ki, videoda göstərilən kişi odur, amma belə bir ifadə verdiyini xatırlamır. Fuad Qəhrəmanlı deyir ki, o zaman həbs olunanda ona işgəncə verilib və iynə vurulub və ondan tələb olunub ki, kağızda yazılanları oxusun.

Fuad Qəhrəmanlı azad ediləndən sonra işgəncə məsələsini ictimailəşdirsə də, bu ifadəsi barədə heç nə deməyib. O, BBC-yə bunu belə izah edib ki, belə bir ifadə verdiyini xatırlamadığı üçün məsələni də ictimaiyyələşdirməyib.

"Həmin vaxt mən özümə gələndə bildim ki, onlar bu yolla məndən ifadə alıblar. Onda müstəntiqə dedim ki, məhkəmədə bu ifadəni inkar edəcəm. O da dedi ki, bu, istintaq üçün deyil. Sən çox bərk gedirsən, bilmən lazımdır ki, səni hər zaman məhv edə bilərlər, həddini bilməlisən. 2020-ci ilin məhkəməsində bunu heç çıxartmadılar, kompromat kimi saxlayıblar".

DTX yaydığı gizli çəkilmiş videoda iddia edir ki, Fuad Qəhrəmanlı kimdənsə pul alır. Görüntülərdə Fuad Qəhrəmanlıya bənzəyən şəxs kimdənsə (videoda görünmür) kiçik bağlama alır və cibinə qoyur.

Fuad Qəhrəmanlı BBC-yə təsdiqləyib ki, video görüntülərdə təqdim olunan şəxs odur və həqiqətən də pul alıb, amma bu vəsait ona yardım məqsədi ilə verilib: "Məni bir dost vasitəsi ilə dəvət elədilər ki, sizə rəğbəti olan bir adamdır, tanımırdım. Getdik, görüşdük, dedi ki, Həsən Kərimovun vaxtında onun biznesi olub. Həsən Kərimov Səbailin icra başçısı işləyib, ona rəğbəti var. Eşidib ki, onun ürəyi xəstədir, ona kömək üçün pul verir. Mən də pulu heç saymadım, paketdəydi, cibimə qoydum. Aparıb Həsən bəyə verdim. O da getdi Türkiyədə müalicə olundu o pulla" .

AXCP Ali Məclisinin sabiq sədri Həsən Kərimov 2015-ci ildə vəfat edib.

Fuad Qəhrəmanlı deyir ki, bundan sonra da həmin adamla bir-iki dəfə görüşüb və ona pul yardımı edilib. O, hadisənin 2010-cu ildə baş verdiyini və məbləği tam xatırlamadığını, amma cüzi məbləğ olduğunu deyir.

"Mən siyasətçiyəm, kiminsə qabağında öhdəlik götürüb pul almamışam ki. Yardım ediblər. İndi məlum olur ki, çəkilişiymiş. Mənə qarşı qurulmuş tələymiş".

Fuad Qəhrəmanlı onu ona pul verən adamla tanış edən şəxsin adını BBC-yə açıqlamayıb, deyib ki, görünür, o da pul verən şəxsin kim olduğunu bilməyib: "O da şokdadır".

Fuad Qəhrəmanlı deyir ki, ona müxtəlif vaxtlarda yardım edənlər olub: "İşləməmişik. Hansısa iş adamı, ya dost yardım edib".

Fuad Qəhrəmanlının müsahibəsini burada izləyin:

DTX Ramiz Mehdiyevə məxsus olduğu iddia olunan səs yazısı da yayıb

Dövlət Təhlükəsizlik Xidmətinin fevralın 12-də yaydığı videoda Ramiz Mehdiyevə aid olduğu deyilən səs yazısı da yer alıb.

DTX bildirib ki, Ramiz Mehdiyev burada xarici xüsusi xidmət orqanı ilə əlaqəli olan şəxslə danışaraq ona Azərbaycanda dövlət idarəçilik sisteminin yenidən qurulması haqqında sənəd göndərmək istəyib.

Digər səs yazılarında isə artıq həmin sənədin çatdırıldığı bildirilir.

Lakin DTX həmin sənəddə nələrin olduğunu və kimə göndərildiyi barədə açıqlama verməyib.

Ramiz Mehdiyevin yayılan səs yazısı ilə bağlı mövqeyi məlum deyil.

Qurum, həmçinin Ramiz Mehdiyevin evində axtarış apararkən 17 milyondan çox vəsaitin ələ keçirildiyini deyib.

DTX Ramiz Mehdiyevin bu vəsaitləri qanunsuz yolla əldə edərək leqallaşdırdığını bildirib.

Onun barəsində dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma və hakimiyyəti zorla ələ keçirmə maddələri ilə ittiham irəli sürülüb.

Ramiz Mehdiyevin bu ittihamlara cavabı bəlli deyil.

Ev dustaqlığı

Keçən ilin oktyabrında Ramiz Mehdiyev haqqında ev dustaqlığı cəzası verilməsi barədə qeyri-rəsmi xəbərlər yayılmışdı.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Oktyabrın 14-də Azərbaycanın hökumətə yaxın mediaları yazıb ki, Ramiz Mehdiyevə qarşı dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Xəbərlərdə qərarın Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verildiyi bildirilir, lakin BBC bu məlumatı məhkəmədən dəqiqləşdirə bilməyib.

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

O, keçmiş Prezident Heydər Əliyevin və indiki Prezident İlham Əliyevin hakimiyyəti dövrlərində ümumilikdə 24 il müddətində Prezident Administrasiyasının rəhbəri olub.

Uzun illər Azərbaycan siyasi mühitində və mətbuatında Ramiz Mehdiyev "boz kardinal" ləqəbi ilə tanınıb.

87 yaşlı Mehdiyev 2019-cu ilin oktyabrından 2022-ci ilin fevralınadək Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti vəzifəsində çalışıb, sonra isə vəzifədən gedib.

2024-cü ilin oktyabrında Baş Prokurorluq Elmlər Akademiyasında mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi başladıb.