Tramp İran rəhbərliyi barədə: "Danışmağa adam tapmırıq"

Oxuma vaxtı: 33 dəq

ABŞ və İsrailin İrana qarşı müharibəsinin iyirmi birinci günü:

  • İranlılar İsrailin zərbələri altında Novruzu qeyd edirlər.
  • İranda ölənlərin sayı 3100-ü ötüb, onlardan azı 210-u uşaqlardır, HRANA bildirir.
  • Körfəz ölkələri raket və dron hücumlarına cavab verir.
  • Netanyahu İsrail ABŞ-ı İranla müharibəyə "sürükləməyib" deyir.
  • Donald Tramp ABŞ-ın İsrailin çərşənbə günü İrandakı Cənubi Pars qaz yatağına hücumu barədə "heç nə bilmədiyini" söyləyib.
  • ABŞ Prezidenti Truth Social-da İranı Qətərin Ras Laffan enerji kompleksinə hücumdan sonra daha da qisas almamaq barədə xəbərdar edib - Qətərin dövlət neft şirkəti bildirib ki, hücum "böyük ziyana" səbəb olub, lakin xəsarət alan olmayıb.

Bu və digər xəbərləri aşağıda oxuyun.

"Biz onlarla danışmaq istəyirik, amma danışacaq heç kimimiz yoxdur" - Tramp

Tramp İranın donanmasını, hava qüvvələrini, zenit sistemlərini, radarlarını və liderlərini sadalayıb və "hamısının getdiyini" deyib.

"İndi orada heç kim lider olmaq istəmir", ABŞ Prezident deyib. "Biz onlarla danışmaq istəyirik, amma danışacaq heç kimimiz yoxdur".

"Bizə bu xoş gəlir", o əlavə edib.

Böyük Britaniya İrana xəbərdarlıq edib

Böyük Britaniya xarici işlər naziri Yvette Cooper cümə axşamı günü telefon danışığında iranlı həmkarı Abbas Əraqçini Böyük Britaniya bazalarına hücum etməmək barədə xəbərdar edib.

Bundan əvvəl, İran Xarici İşlər Nazirliyi açıqlamışdı ki, Tehran Londonu ABŞ‑ın Britaniya hərbi bazalarından istifadə etməsinə icazə verdiyi təqdirdə bunun "təcavüzdə iştirak" kimi qiymətləndiriləcəyi barədə xəbərdar edib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, Cooper zəng zamanı "İranın ehtiyatsız hücumlarını", o cümlədən "kritik enerji infrastrukturuna" zərbələri pisləyib.

O, həmçinin Hörmüz boğazında "gəmiçilik azadlığının dərhal bərpasına" çağırıb və Böyük Britaniyanın müdafiə əməliyyatlarının Körfəz ölkələrinə qarşı "İranın təcavüzünə cavab" olduğunu "aydın şəkildə bildirib".

İran Xarici İşlər Nazirliyi daha əvvəl bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçı Britaniya xarici işlər naziri Yvette Cooper ilə telefon danışığı zamanı Böyük Britaniyanın ABŞ‑a verəcəyi hər hansı yardımın "gərginliyin daha da artmasına" səbəb olacağını deyib.

Əraqçı Böyük Britaniyanı və digər Avropa ölkələrini, ABŞ və İsrailin həyata keçirdiyi və onun "aşkar təcavüz" kimi xarakterizə etdiyi əməliyyatlara qarşı "qərəzli mövqe tutmaqda" ittiham edib.

Məlumata görə, o, həmçinin Böyük Britaniyanı İsrailin İranın Cənubi Fars (South Pars) qaz yatağına endirdiyi zərbələri qınamamaqda tənqid edib.

Britaniya hökumətinin sözçüsü deyib ki, onlar ilkin zərbələrdə iştirak etməyiblər və "daha geniş müharibəyə" cəlb olunmurlar:

"Biz ABŞ-a İranın davam edən və hədsiz təcavüzünə cavab olaraq bazalarımızdan müəyyən müdafiə və məhdud məqsəd üçün istifadə etməyə icazə vermişik və həmişə demişik ki, bu, təcili təhlükəni aradan qaldırmağın və diplomatiya yoluna qayıtmağın ən yaxşı yoludur".

Bombalar altında keçirilən Novruz

Bu ilki Novruz bayramı 1980-ci illərdən bəri müharibə dövründə iranlıların qeyd etdiyi ilk Novruzdur.

"İnsanlar müharibə ilə işlərini itirirlər. Ən böyük narahatlığım ölkəmizin infrastrukturudur", - deyə Əmir bildirir.

"Belə getsə, çoxları İranı tərk edəcəklər. Bunun son Novruzumuz olmasını istəmirəm".

İranlılar üçün Novruz onların tarixini, milli xarakterini və ənənəsini təmsil edir və 3000 ildən çoxdur ki, qeyd olunur.

İranda bazarlar, ticarət mərkəzləri və küçələr, adətən, qaynar olur.

Bu il də səs-küy eyni deyil, amma yenə də bəzi insanlar israrla bayrama hazırlaşırlar.

"Mənə elə gəlir ki, bəziləri hər şeyə baxmayaraq hələ də davam edirlər, mənim kimi. Mən salonda idim ki, güclü partlayış baş verdi və heç kim qorxmadı", - deyə Tehran sakini Parmis bildirir.

Qeyd: Təhlükəsizlik səbəbi ilə müsahibə verənlərin adları dəyişdirilib.

İsrail ordusu İranın Nur bölgəsinə zərbələr endirdiyini bildirir, İranın isə Qüdsə raket hücumları artır

İsrail Müdafiə Qüvvələri (IDF) İran paytaxtı Tehranın yaxınlığında yerləşən Nur bölgəsindəki hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb.

Cümə günü boyunca iki istiqamətdə qarşılıqlı zərbələr davam edib. Gecə ərzində Qüdsdə partlayış səsləri eşidilib, Tehranda isə güclü detonasiya səsləri qeydə alınıb.

Qüdsə yönələn İran raket hücumlarında artım müşahidə olunur, gecə ərzində 1,5 saatda 4 raket, bu səhər isə daha iki raket atılıb. Xəsarət barədə məlumat yoxdur.

İranın digər raket atəşləri isə İsrailin şimal və cənub bölgələrini hədəfə alıb.

Gecə saatlarında İsrail ordusu yenidən Tehrana zərbələr endirdiyini, İran rejiminin "infrastrukturunu" hədəfə aldığını bildirib.

İsrail ordusunun qiymətləndirməsinə görə, İranın hələ də 150-dən çox işlək raket buraxıcı sistemi və bir neçə yüz ballistik raketi var.

İsrailin Kan adlandırılan İctimai Televiziyası xəbər yayıb ki, müharibə başlayandan bəri İran, təxminən 900 ballistik raket atıb, onların 350-si İsrailə, qalanları isə Körfəz ölkələrinə yönəlib.

Bu arada, İranın WANA xəbər agentliyi bu gecə naməlum ərazidən İranın raket buraxdığını göstərən yeni video yayıb.

İsrail İranın yeni raketlər istehsal etmək qabiliyyətini məhv etdiyini iddia etsə də, İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü bəyan edib ki, müharibə şəraitinə baxmayaraq, İranın raket sənayesi "yüksək səviyyədə fəaliyyət göstərir" və istehsal və ehtiyatlarla bağlı heç bir narahatlıq yoxdur.

"Müharibənin nəticələri artıq dünyanın iqtisadiyyatlarına təsir etməyə başlayıb"

BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner yazır ki, müharibənin nəticələri artıq dünya iqtisadiyyatlarına təsir etməyə başlayıb.

O, yazır ki, Yaxın Şərqdə Ramazan ayının sonunu qeyd edən, üç gün davam edən bayram günləri adətən sevinç, birlik, yenilənmə və xeyirxahlıq vaxtıdır.

"Lakin bu il Yaxın Şərqin üzərində müharibənin qaranlıq kölgəsi dolaşır".

Gardner xəbər verir ki, hazırda Qətərdə, enerji mütəxəssisləri ölkənin əsas qaz emalı mərkəzi olan Ras Laffan kompleksinə bu həftə İran raketləri ilə endirilmiş iki hücumun yaratdığı böyük ziyanı qiymətləndirməkdə davam edirlər.

"Sahil boyu şimala Səudiyyə Ərəbistanı və Küveytdə neft və neft-kimya obyektləri də İran raketlərinin hədəfi olub, baxmayaraq ki, Tehran dəfələrlə mülki obyektləri vurduğunu təkzib edir.

Aşağı sahildə, Hörmüz boğazında isə hər iki istiqamətdə gəmi tıxacı davam edir. İran hansı gəmilərin keçə biləcəyinə, hansının isə dron və raket hücumuna məruz qala biləcəyinə faktiki olaraq özü qərar verir".

ABŞ-ın müttəfiqləri Hörmüz boğazının təhlükəsizliyinə töhfə verməyə "hazır olduqlarını" bildiriblər

Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya və Kanadanın liderləri bir neçə saat əvvəl birgə bəyanat yayıblar.

Bəyanatda İrana Hörmüz boğazını bağlamağa yönəlmiş təhdidlərini, minaların yerləşdirilməsini, dron və raket hücumlarını və digər bloklama cəhdlərini dərhal dayandırmaq çağırışı edilir. Liderlər, həmçinin, boğazdan təhlükəsiz keçidi təmin etmək üçün töhfə verməyə hazır olduqlarını bildirirlər.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın NATO ölkələrini Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə yardım etməmələrini "axmaq xəta" adlandırmasından sonra gəlib.

Yaponiya istisna olmaqla, sənədə imza atan bütün ölkələr NATO üzvləridir.

Liderlər mülki infrastruktura, o cümlədən neft və qaz obyektlərinə hücumların dərhal dayandırılması üçün "çoxşaxəli moratorium" tələb edirlər və İranın boğazdan keçən beynəlxalq gəmiçiliyə müdaxiləsini "beynəlxalq sülh və təhlükəsizliyə təhdid" adlandırırlar.

Hələlik boğazın təhlükəsizliyini təmin etmək üçün hansı addımların planlaşdırıldığı bəlli deyil. Lakin İtaliyanın müdafiə naziri Guido Crosetto X platformasında qeyd edib ki, bu "müharibə missiyası deyil".

Körfəz ölkələri raket və dron hücumlarına cavab verdiklərini açıqlayıblar

Son bir neçə saat ərzində Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı və Bəhreyn öz ərazilərinə yönəlmiş raket və dron hücumları barədə açıqlamalar yayıblar.

BƏƏ Müdafiə Nazirliyi bildirib ki, hazırda İrandan gələn hava hədəflərinə qarşı cavab tədbirləri görülür və sakinlər hava hücumundan müdafiə sistemlərinin hücumları qarşılaması zamanı səs-küy eşidə biləcəkləri barədə xəbərdar edilib.

Küveyt də hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində partlayış səsləri eşidilə biləcəyi barədə xəbərdarlıq edib və sakinlərdən hakimiyyətin təhlükəsizlik təlimatlarına əməl etmələrini istəyib.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin şərq bölgəsində beş dronun qarşılanıb məhv edildiyini açıqlayıb.

Bəhreyn Daxili İşlər Nazirliyi isə sirenlərin aktivləşdirilməsindən sonra sakinlərə ən yaxın təhlükəsiz yerə keçmək göstərişi verib. Daha sonra ölkənin rəsmiləri hücumu "İran təcavüzü" adlandırıb və düşən qəlpələrin bir anbarda yanğına səbəb olduğunu bildirib.

İranda ölü sayı artıb, onlardan "azı 210-u uşaqdır", HRANA bildirir

ABŞ‑da yerləşən Insan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İrandakı ölüm statistikasını yeniləyib və bildirib ki, müharibə başlayandan bəri ölkədə ölənlərin sayı 3186 nəfərə çatıb.

HRANA‑nın məlumatına görə ölənlərdən:

  • 1394 nəfər mülki şəxsdir, onlardan azı 210-u uşaqdır;
  • 1153 nəfər hərbçi kimi qeydə alınıb;
  • 639 ölümün səbəbi isə hələlik müəyyən edilməyib.

Bu gecə Tehran yenə zərbələrə məruz qalıb, BBC-dən Qönçə Həbibiazad tehranlılara istinadən yazıb.

Tehranın vurulması Netanyahunun ən sonuncu İranı yenə vuracaqları vədindən sonra baş verib.

Netanyahunun İsrail İranın qaz yatağına vurulan zərbələrdə "tək" hərəkət edib deməsindən sonra Qüds səmasında siren və partlayış səsləri eşidilib

Şərqi Qüdsdə ailələr Ramazanın ilk gecəsini küçələrdə, nəqliyyat sıxlığında qeyd etdiyi vaxt, ard‑arda hava həyəcanı səsləndi və dərhal sonra səma üzərində partlayışlar eşidildi, BBC-nin Qlobal məsələlər üzrə müxbiri Sebastian Usher Qüdsdən yazır.

Təxminən bir saat ərzində - gecə yarısından əvvəl və sonra, mobil telefonlara təcili xəbərdarlıqlar fasiləsiz şəkildə daxil oldu.

Bundan sonra şəhər üzərində artıq bir neçə saatdır davam edən güclü fırtına fonunda hava həyəcanı siqnalları gəlməyə davam edib.

Ardınca göydə bir‑iki boğuq partlayış səsi eşidilib.

"Buradakı insanlar buna artıq vərdiş edib və İsrailin digər bölgələri ilə müqayisədə özlərini o qədər də təhlükədə hiss etmirlər. Lakin sirenlərin və xəbərdarlıqların bu qədər sürətlə və ardıcıl gəlməsi hamı üçün gözlənilməz olub, Usher yazır.

İran dövlət televiziyası təsdiqləyib ki, ard‑arda dörd raket atılıb.

Bu hadisə İsrailin Baş naziri Ben­yamin Netanyahunun uzun mətbuat konfransından sonra baş verib. Netanyahu çıxışında İranın qaz yatağını təkbaşın vurduğunu, eləcə də Tehranın ballistik raket istehsal etmə qabiliyyətinin müharibənin ilk 20 günündə "praktiki olaraq məhv edildiyini" iddia edib.

Netanyahu: İsrail ABŞ-ı İranla müharibəyə "sürükləməyib"

Netanyahu İsrail ordusunun İranda məhv etməyə çalışdığı bütün hədəfləri sadalamağa başlayır, buna İranın raket və dron arsenalı, raket atıcıları, eləcə də nüvə infrastrukturu, məsələn, raket hissələri istehsal edən zavodlar daxildir.

O, İsrail İran sənayesini elə sıradan çıxarır ki, "bunu əvvəllər etməmişdik", amma "görüləcək daha çox iş var və biz onu da edəcəyik" deyir.

Netanyahu daha bir "yalan xəbər"i, yəni İsrailin ABŞ-ı İranla müharibəyə sürüklədiyi iddiasını təkzib etmək istədiyini bildirir.

"Həqiqətənmi, kimsə düşünür ki, kiminsə Prezident Trampa nə edəcəyini diqtə etmək imkanı var?", – o deyir.

Netanyahunun sözlərinə görə, Tramp "həmişə ABŞ üçün yaxşı olduğuna inandığı qərarları verir" və "gələcək nəsilləri düşünərək hərəkət edir".

Netanyahu indi ingiliscə danışaraq bildirir ki, ABŞ və İsrail İranda "böyük qətiyyətlə birlikdə hərəkət edirlər".

O, İsrailin üç əsas hədəfini sadalayır:

  • Nüvə təhdidini aradan qaldırmaq
  • Ballistik raket təhdidini aradan qaldırmaq və bunu hədəflər yerin dərinliklərinə çəkilib hava hücumlarından qorunan vəziyyətə keçmədən etmək
  • İran xalqının "öz azadlıqlarını qavramağı" üçün şərait yaratmaq

İsraildə müharibənin nə qədər çəkəcəyini soruşanlara Netanyahu belə cavab verir:

"Bu müharibə nə qədər lazımdırsa, o qədər davam edəcək".

"Birlikdə çalışacağıq və birlikdə qalib gələcəyik", - o əlavə edir.

Hayfa zavoduna dəyən zərbədən "İnfrastruktur obyektlərinə ciddi zərər dəyməyib"

İsrailin energetika naziri Eli Kohen Hayfanın zərbəyə məruz qalmasından sonra ölkənin şimal bölgəsində elektrik şəbəkəsinə dəymiş zərərin "lokal və əhəmiyyətli olmayan" səviyyədə olduğunu bildirib.

Kohen deyib ki, "elektrik şirkətinin komandaları artıq ərazidə işləyir və bağlantısı kəsilən abonentlərin əksəriyyətinə enerji verilişi bərpa olunub".

Kohen Hayfa neftayırma zavodunun hücuma məruz qalıb-qalmadığını təsdiqləməyib, lakin onun bu açıqlaması İranın hücumu barədə məlumatlardan sonra zavodun üzərində tüstü qalxdığını göstərən təsdiqlənmiş görüntülər yayıldığı bir vaxtda gəldiyi üçün diqqət çəkib.

Nazir onu da bildirib ki, bu zərbədən sonra "İnfrastruktur obyektlərinə ciddi zərər dəyməyib".

İsrail mediası xəbər verir ki, Hayfa neftayırma zavodu İranın raket hücumu nəticəsində zədələnib.

BBC Farscadan Qönçə Həbibazad iranlılardan İsrailin İrandakı qaz yatağına hücumu və Tehranın cavab tədbirləri ilə bağlı fikirlərini soruşub.

Tehranda 20 yaşlarında bir qadın mənə deyir ki, "Onlar əslində xalqı düşünmürlər və öz məqsədləri onlar üçün daha vacibdir. Amma rejimi zəiflətmək istəsəniz belə, infrastruktura hücum etməyə ehtiyac yoxdur."

"İrandakı qaz yatağına hücumdan həqiqətən kədərlənirəm. Qorxuram ki, bu müharibədən sonra İrandan yandırılmış torpaqlardan başqa heç nə qalmayacaq", Tehranın yaxınlığındakı Kərəc şəhərində 20 yaşlarında bir kişi bildirir.

Tehranda 30 yaşlarında başqa bir kişi deyir ki, "Bu, müharibədir. Kimin qalib olmağından asılı olmayaraq, infrastrukturun toxunulmaz qalması hamının marağındadır ki, sonradan ondan daha yaxşı istifadə edə bilsinlər."

ABŞ İranda haralara necə zərbələr endirir?

ABŞ Müdafiə naziri Pete Hegseth bu gün keçirdiyi mətbuat konfransında ABŞ və İsrailin İrana qarşı müharibəsinin məqsədlərinin ilk günkü kimi eyni qaldığını deyib.

  • raket buraxıcılarının məhv edilməsi
  • İranın müdafiə-sənaye bazasının məhv edilməsi
  • İranın Hərbi Dəniz Qüvvələrinin məhv edilməsi
  • "İranın heç vaxt nüvə silahı əldə etməməsini" təmin etmək

Hegseth medianı amerikalıların "biz necəsə sonsuz uçuruma, əbədi müharibəyə və ya bataqlığa doğru fırlanırıq" kimi düşünmələrini istəməkdə günahlandırıb və deyir ki, "heç nə həqiqətdən bu qədər uzaq ola bilməz".

Müdafiə naziri onu da deyib ki, İranin ABŞ qüvvələrinə qarşı ballistik raket və bir istifadəlik dron hücumları "müharibənin başlanğıcı ilə müqayisədə 90 faiz azalıb".

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri General Dan Caine isə deyib ki, ABŞ İranda yeraltı hədəfləri vurmaq üçün 2270 kq ağırlığında nüfuz edən silahlardan istifadə edir. Bu silahları betonları yararaq hədəfi vura bilir, o qeyd edib.

General Dan Caine deyir ki, ABŞ birtərəfli hücum dronlarını "ovlamaq və vurmaq" üçün İran hava məkanında şərqə doğru hərəkət edir, A-10 Warthog təyyarəsi isə hazırda İranın cənubunda Hörmüz boğazında "cəld-hücum su gəmilərini" hədəf alır.

Onun sözlərinə görə, AH-64 Apache helikopterləri də hücum dronlarını hədəf almaq üçün İranın cənubunda döyüşə qoşulub.

İraqda isə ABŞ İranla əlaqəli yarım-hərbi qruplara zərbələr endirir, general Caine deyib.

Dan Caine onu da bildirib ki, İran "bu döyüşə çoxlu silahla qoşulub", buna görə də ABŞ mümkün qədər "aqressiv və iddialı" davranır. O, həmçinin İranın hələ də "müəyyən" hərbi qabiliyyətinin mövcud olduğunu etiraf edib.

İrandan xəbərdarlıq

İran öz enerji obyektlərinin yenidən hədəfə alınacağı təqdirdə, ABŞ və İsrail müttəfiqlərinin Körfəzdəki enerji infrastrukturuna "tam məhv edilənə" qədər hücum edəcəyinə söz verdiyini açıqlayıb.

İsrail Cənubi Pars qaz yataqlarında İran obyektlərinə hücum etdikdən sonra Tehran Körfəz bölgəsindəki qaz və neft sahələrinə qarşı hücum dalğasına başlayıb.

"Düşmənə xəbərdarlıq edirik ki, siz İran İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə böyük bir səhvə yol verdiniz", - Fars xəbər agentliyi İranın hərbi mərkəzi komandanlığının sözçüsünə istinadən yazıb.

"Əgər bu təkrarlanarsa, sizin və müttəfiqlərinizin enerji infrastrukturuna sonrakı hücumlar onlar tam məhv edilənə qədər dayanmayacaq", deyə o bildirib və əlavə edib ki, İranın cavabı indiyə qədər edilən hücumlardan "daha şiddətli" olacaq.

Körfəz Ərəb ölkələrinin qorxduğu gərginlik məhz budur

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner yazır ki, təxminən üç həftə əvvəl İranın ABŞ-İsrailin İrana hücumlarına cavab olaraq başlatdığı və əsasən İsrailə və bölgədəki ABŞ bazalarına yönəlmiş raket hücumları indi enerji sektoruna zərbələrə çevrilib.

Bu, bütün Körfəz iqtisadiyyatlarının döyünən ürəyidir. Neft, qaz və neft-kimya məhsulları Körfəz Ərəb dövlətlərini bir neçə onillik ərzində zəngin ölkələrə çevirən amillərdir.

Fevral ayında Qətər ABŞ-ı İrana hücum etməməyə açıq və gizli şəkildə çağırıb, amma hazırda gecə ərzində iki dəfə Ras Laffandakı qaz sənayesi obyektlərinə zərbə aldığına görə qəzəblənir.

Körfəz Ərəb dövlətlərinin hava hücumundan müdafiə sistemləri olduqca yaxşı işləyib - dünən gecə əksər əhalisi müsəlman olan 12 ölkənin nazirlərinin görüşünün keçirildiyi bir vaxtda Ər-Riyad üzərində bir neçə İran ballistik raketi vurulub.

Lakin aydındır ki, İranın arsenalı hələ boş deyil və bəzi silahları müdafiə sistemini keçə bilib.

Küveytdə ikinci neft emalı zavodu da dron hücumuna məruz qalıb, nəticədə yanğın baş verib, Küveyt Dövlət Xəbər agentliyi məlumat yayıb.

Bundan əvvəl, Mina Əl-Əhmədi neft email zavodu da hücuma məruz qalmışdı.

Tramp: Əgər İran Qətərə yenidən hücum etsə, qaz yatağını partladarıq

ABŞ Prezidenti Donald Tramp çərşənbə gecəsi İsrailin İrandakı South Pars qaz yatağına endirdiyi hücumla bağlı Truth Social-da geniş bir yazı yazıb.

Bu zərbəyə cavab olaraq İran, dünyanın ən böyük maye təbii qaz (LNG) emalı müəssisəsinin yerləşdiyi sənaye zonası – Qətərin Ras Laffan ərazisinə hücum edib.

Kəskin ifadələrin yer aldığı yazısında Tramp ABŞ-ın İsrailin hücumundan "xəbəri olmadığını" bildirir və əgər İran yenidən Qətərə hücum edərsə, vəziyyətin daha da gərginləşəcəyi ilə onu hədələyir.

Tramp yazır ki, "Yaxın Şərqdə baş verənlər nəticəsində yaranmış qəzəbə görə" İsrail "zorakılıqla cavab verib".

"Birləşmiş Ştatların bu hücumdan heç bir xəbəri yox idi və Qətər ölkəsi heç bir halda bununla əlaqəli deyildi və baş verəcəyindən də xəbərdar deyildi", - Donald Tramp bildirib.

Tramp yazıb ki, İranın Qətərin Ras Laffan ərazisinə endirdiyi cavab hücumları "əsassız və ədalətsiz" olub və İran bunu bilməyib.

Tramp böyük hərflərlə qeyd edir ki, İsrail bundan sonra İranın South Pars qaz yatağına hücum etməyəcək.

O bildirib ki, bu o halda olacaq ki, "İran düşüncəsiz şəkildə" bir daha Qətərə hücum etməyəcək.

Əgər İran yenidən Qətərə zərbə endirərsə, Tramp hədələyir ki, ABŞ "South Pars qaz yatağını İranın indiyədək görmədiyi bir güclə kütləvi şəkildə partladacaq".

O əlavə edir ki, İrana uzunmüddətli təsirləri olduğu üçün bu səviyyədə "zorakılıq və dağıntıya" icazə vermək istəmir, "lakin Qətərin LNG obyektlərinə yenidən hücum edilərsə, tərəddüd etməyəcək".

Trampın keçmiş terrorla mübarizə rəsmisi deyir ki, İranın Ali liderinin öldürülməsi ABŞ-ın etməli olduğu "ən son iş" idi

İranın Ali lideri Əli Xameneinin öldürüldüyü ABŞ‑İsrail əməliyyatı "bizim etməli olduğumuz ən son iş idi".

Bunu İran müharibəsinə görə bu həftə istefa verən və Trampın terrorla mübarizə qurumunun rəhbəri olmuş Joe Kent deyib.

O, mühafizəkar siyasi şərhçi Tucker Carlsona müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, "O (Xamenei) onların nüvə proqramını nəzarətdə saxlayırdı, onların nüvə silahı əldə etməsinin qarşısını alırdı".

Kent əlavə edir ki, "Əgər siz onu aradan götürsəniz, onu aqressiv şəkildə öldürsəniz, insanlar həmin rejimin ətrafında və yerinə gələcək yeni ayətullahın ətrafında toplaşacaqlar və məncə bu, oğlu ilə bağlı əldə etdiyimiz bütün məlumatlara görə belədir".

O, İranın yeni Ali lideri seçilmiş Müctəba Xameneini nəzərdə tutaraq bunu deyir.

Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Joe Kent İranın ABŞ üçün "heç bir qaçılmaz təhlükə yaratmadığını" və administrasiyanın "bu müharibəni İsrail və onun güclü Amerika lobbisinin təzyiqinə görə başlatdığını" iddia edərək istefa vermişdi.

İranın İsrailə cavab olaraq Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına hava zərbələri endirdiyi deyilir

Körfəz ölkələrindən bəziləri İranın bölgədəki enerji mənbələrini hədəf alan cavab zərbəsi ilə üzləşdiklərini bildiriblər.

Qətərin dövlət neft şirkəti bəyan edib ki, raketlər ölkənin əsas neft emalı zavodunun yerləşdiyi Ras Laffan sənaye şəhərinə düşüb.

QatarEnergy sosial media hesabında yazıb ki, hücumların səbəb olduğu yanğınları nəzarət altına almaq üçün fövqəladə hallarla bağlı komandalar əraziyə cəlb edilib. Ölü və yaralının olmadığı bildirilir.

Qətərin Xarici İşlər Nazirliyi hücumlara görə İranı ittiham edib və bunu ölkənin "milli təhlükəsizliyinə və regional sabitliyə birbaşa təhdid" kimi qiymətləndirib.

"İran tərəfi özünün eskalasiya siyasətini davam etdirir, beləliklə də mövcud böhranda iştirak etməyən tərəfləri də münaqişəyə sürükləyir", Qətər XİN-in bəyanatında qeyd olunub.

Qurum həmçinin Qətərin baş verənlərə "cavab vermə hüququnu özündə saxladığını" bəyan edib və bildirib ki, rəsmi Doha "ölkənin suverenliyi və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımlar atmaqdan çəkinməyəcək".

Səudiyyə Ərəbistanı isə paytaxt Riyad üzərində 4 ballistik raketi zərərsizləşdirdiyini deyib.

Səudiyyə rəsmiləri bildiriblər ki, ballistik raketlər vurulduqdan sonra onun qəlpələri 4 nəfərin yaralanmasına səbəb olub.

İran Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Britaniya və Avstraliya hərbçilərinin olduğu hərbi bazanı da hədəf alıb.

Britaniya və Avstraliya rəsmiləri hücum zamanı şəxsi heyət arasında ölü və ya yaralının olmadığını bildirib.

Bu hücumlar İrana məxsus Cənub Pars qaz yatağının martın 18-də İsrail tərəfindən vurulmasından sonra gerçəkləşib.

İranın körfəz ölkələrinə endirdiyi hava zərbələrindən əvvəl isə İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olduğu deyilən xəbər agentliyi Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dəki bəzi ərazilərin siyahısını açıqlamışdı.

Agentlik bildirmişdi ki, İsrailin İranın ən böyük qaz yatağına etdiyi hücuma cavab olaraq, bu obyektlər tezliklə İran tərəfindən vurulacaq.

İran Prezidenti isə bəyan edib ki, ölkəsinin Cənub Pars qaz yatağına edilən hücumun "nəzarət edilə bilməyən nəticələri" ola bilər.

"Vəziyyət nəzarət edilməsi mümkün olmayan nəticələrə gətirib çıxara bilər. Bunun əhatəsi isə bütün dünyanı cənginə alar", Pezeşkian bildirib.

İran mediası Müctəba Xameneinin iki mesajını yayımlayıb

İran mediası və ali liderə bağlı Telegram kanalı Müctəba Xameneiyə aid olduğu deyilən iki mesaj yayımlayıb.

Xamenei mesajlarında Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və onunla birlikdə İsrailin hücumu nəticəsində ölənlər, eləcə də Bəsic qüvvələri komandiri Qulamreza Süleymaninin öldürülməsi ilə bağlı başsağlığını çatdırıb.

O Laricani ilə bağlı mesajında bildirib ki, "axıdılan hər damla qanın əvəzi var və şəhidlərin cinayətkar qatilləri bunu tezliklə ödəməli olacaqlar".

Bu bəyanatlar Xameneinin İranın ali lideri seçilməsindən bəri çap edilən üç və dördüncü mesajıdır.

Müctəba Xamenei atasının ABŞ və İsrail hücumlarının ilk günündə öldürülməsindən sonra martın 8-də ali lider vəzifəsinə seçilib.

Ali lider seçildikdən bugünədək Xamenei şəxsən ictimaiyyət qarşısında görünməyib və hər hansı foto və ya videosu paylaşılmayıb.

İranın qaz yatağına zərbələrdən sonra İraqın İrandan qaz idxalı dayanıb, İraq mediası bildirir.

İraqın Elektrik Nazirliyinin məlumata görə, İrana məxsus qaz obyektlərinə endirilən zərbələrdən sonra ölkənin İrandan qaz idxalı tamamilə dayanıb.

Reuters-in məlumatına əsasən, hazırda İraq öz qaz və elektrik tələbatının üçdə birindən çoxunu İrandan idxal edir.

Elektrik Nazirliyinin sözçüsü Əhməd Musa İraq Xəbər Agentliyinə deyib:

"Regiondakı gərginliyin yaratdığı nəticələrdən biri də odur ki, İrandan İraqa qaz axını tamamilə dayanıb".

Bu arada, İran Cənubi Fars (South Pars) qaz yatağındakı neft-kimya kompleksinə vuruldan zərbədə ölən və ya xəsarət alan olmayıb, İran bildirir.

İranın neft naziri həmçinin açıqlayıb ki, qaz yatağındakı yanğını hələ də nəzarət altına almağa çalışırlar, İİKK-ya bağlı olduğu bildirilən Tasnim agentliyi bildirib.

Agentlik daha əvvəl bundan sonra İranın ABŞ-ın payı olan istənilən neft və qaz emalı zavodları və mərkəzlərini "hədəf alacağını" deyib.

Qətər qaz yatağını İsrailin vurduğunu iddia edir.

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) Körfəzdəki beş enerji obyekti üçün təxliyə əmri verib.

İİKK-ya bağlı Tasnim xəbər agentliyi Telegram-da aşağıdakı ərazilərin yaxınlığındakı vətəndaşlar və sakinlər üçün "təcili xəbərdarlıq" yayımlayıb:

  • Səudiyyə Ərəbistanındakı Samref neft emalı zavodu
  • Səudiyyə Ərəbistanındakı əl-Cübeyl neft-kimya kompleksi və Masaiid Holdinq Şirkəti
  • Birləşmiş Ərəb Əmirliklərindəki əl-Hüsn qaz yatağı
  • Və Qətərdəki Ras Laffan neft emalı zavodu

Bəyanatda deyilir: "Bu mərkəzlər birbaşa və qanuni hədəfə çevrilib və yaxın saatlarda hədəfə alınacaq.

Buna görə də bütün vətəndaşlardan, sakinlərdən və işçilərdən dərhal bu əraziləri tərk etmələri və gecikmədən təhlükəsiz məsafəyə köçmələri xahiş olunur".

Qətər İsrail tərəfindən endirildiyi bildirilən və dünyanın ən böyük təbii qaz yatağı olan İranın enerji obyektlərinə hücumları "təhlükəli və məsuliyyətsiz" adlandırıb.

Qətər və İran eyni qaz yatağında hasilat aparır; yatağın İran tərəfindəki hissə Cənubi Fars (South Pars) adı ilə tanınır.

İran həmin ərazidəki neft-kimya kompleksinin vurulduğunu açıqlayıb.

Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari bildirib ki, enerji infrastrukturuna hücumlar "qlobal enerji təhlükəsizliyinə təhdiddir".

O əlavə edib:

"Biz bir daha vurğulayırıq ki, həyati əhəmiyyətli obyektlərin hədəf alınmasından çəkinmək lazımdır".

Əl-Ənsari bütün tərəfləri beynəlxalq hüquqa əməl etməyə və gərginliyin azaldılması üçün çalışmağa çağırıb.

Türkiyə Adanada da "Patriot" yerləşdirib

Türkiyənin Müdafiə Nazirliyi Adananın İncirlik Hərbi Hava Bazasına ikinci bir "Patriot" sisteminin də yerləşdirildiyini açıqlayıb.

Nazirlik martın 18-də bildirib ki, ikinci sistem də "Almaniyadakı Müttəfiq Hava Komandanlığı tərəfindən verilib".

Bundan əvvəl Almaniyadan göndərilən Patriot hava hücumundan müdafiə sistemi Malatyada yerləşdirilmişdi.

İran müharibəsinin başladığı 28 fevraldan bəri Türkiyənin hava məkanı üç dəfə raket atışı ilə pozulub.

Raketlər Şərqi Aralıq dənizində yerləşən NATO hava və raket müdafiə sistemləri tərəfindən vurulub.

Tehran rəhbərliyi Türkiyənin hədəf alınmadığını iddia edir.

Milli Müdafiə Nazirliyi 12 mart açıqlamasında İncirliyin türk bazası olduğunu vurğulamışdı.

Nazirlik demişdi: "İncirlik bir türk bazasıdır. Əskişəhərdəki Döyüş Hava Qüvvələri Komandanlığımıza tabe olan 10‑cu Ana Döyüş Hava Bazası Komandanlığımız Adananın İncirlik bölgəsində yerləşir".

Nazirlik əlavə etmişdi ki, baza komandanlığına türk general rəhbərlik edir: "Orada amerikalı hərbçilərin olması həmin yerin Amerika bazası olduğu anlamına gəlmir. Orada həmçinin İspaniya, Polşa və Qətər hərbi qulluqçuları da var".

İncirlik Hərbi Hava Bazası Adana vilayətinin ərazisində, şəhər mərkəzindən təxminən 13 kilometr məsafədə yerləşir.

Bazanın tikintisinə Türkiyənin NATO-ya üzvlüyündən bir il əvvəl, 1951-ci ildə başlanılıb və 1954-cü ildə istifadəyə verilib.

İran mediası dünyanın ən böyük təbii qaz yatağında kompleksin vurulduğunu bildirir

İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı xəbər agentliyi olan Tasnim-in məlumatına görə, İranın Cənubi Fars (South Pars) qaz yatağındakı neft-kimya kompleksi hava hücumlarına məruz qalıb.

Cənubi Fars dünyanın ən böyük təbii qaz yatağıdır və həm Qətər, həm də İran bu yataqlardan qaz istismar edir.

İsrail: İranın "kəşfiyyat naziri İsmayıl Xətib öldürülüb"

İran Prezidenti Məsud Pezeşkian kəşfiyyat naziri İsmayıl Xətibin öldürüldüyünü təsdiqləyib.

İsrail onun gecə zərbəsində hədəf alındığını bildirmişdi.

Prezident Məsud Pezeşkian X platformasında həm Xətibin, həm də daha əvvəl öldürülən Əli Laricaninin və müdafiə naziri Əziz Nəsirzadənin " namərdcə qətlə yetirilməsini" pisləyib.

İsrailin müdafiə naziri İsrael Katz İranın kəşfiyyat naziri İsmayıl Xətibin öldürüldüyünü bildirib.

"Dünən gecə İranın kəşfiyyat naziri Xətib də öldürülüb", - Katz açıqlamasında bildirib.

İsmayıl Xətib 2021-ci ildə mərhum keçmiş Prezident İbrahim Rəisi tərəfindən İranın kəşfiyyat naziri təyin edilib.

O, İranın mərhum Ali Lideri Ayətullah Əli Xamenei də daxil olmaqla bir çox yüksək vəzifəli ruhanilərdən İslam hüquqşünaslığı üzrə təhsil alıb.

O, kəşfiyyat nazirliyində və Ali Liderin Kabinetində yüksək vəzifələr tutub.

O, 2022-ci ildə "ABŞ və onun müttəfiqlərinə qarşı kibertəhlükəli fəaliyyətlərdə iştirak etdiyinə görə" İran Kəşfiyyat Nazirliyinin rəhbəri kimi ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyasına məruz düşüb.

Xətibin 1979-cu il İslam İnqilabından qısa müddət sonra, 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) qoşulduğu bildirilir.

Beyrutda İsrailin ardıcıl zərbələrindən sonra ölüm sayı 10-a çatıb - dövlət mediası

İsrailin gecə saatlarında Beyruta endirdiyi hava zərbələrində ölənlərin sayı artıb.

Livanın dövlətə məxsus Milli Xəbər Agentliyinin məlumatına görə, ölü sayı əvvəl 6 idi, indi 10 nəfərə yüksəlib.

Səhiyyə Nazirliyinə istinadən bildirilir ki, yaralıların ümumi sayı 27-yə çatıb. Bundan əvvəl yaralı sayının 24 olduğu bildirilirdi.

Körfəz ölkələri gələn zərbələrin qarşısını aldığını bildirir, İran kaset döyüş başlıqları ilə Təl-Əvivi vurub

ABŞ və İsrailin İrana qarşı müharibəsi davam edərkən, körfəz ölkələrində vəziyyət təxminən belədir:

Küveyt və Qətər gecə yarısına yaxın öz hava hücumundan müdafiə sistemləri ilə raket və dron hücumlarının qarşısını aldığını bildirirlər.

Bəhreyndə hava həyəcanı səsləndirilib və sakinlərə sığınacaqlara keçmək barədə xəbərdarlıq olunub.

Səudiyyə Ərəbistanı səfirliklərin yerləşdiyi əraziyə doğru uçan dronu vurduğunu açıqlayıb.

Səhər saatlarında Dubay və Bağdadda partlayış səsləri qeydə alınıb. Dubayda telefonlara təkrar‑təkrar raket xəbərdarlıqları göndərilib və iki partlayış eşidilib.

Reuters də Dubayda güclü partlayışların olduğunu xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bildirir ki, müharibə başlayandan bəri 2 mindən çox dron və raket hücumu ilə üzləşiblər və onların çoxu zərərsizləşdirilib, xəsarət alan yoxdur.

BƏƏ-nin Müdafiə Nazirliyi bildirib ki, hava müdafiə sistemi hazırda raket təhlükəsinə cavab verir və sakinlər rəsmi xəbərdarlıqları izləməlidir.

İran gecə saatlarında kaset döyüş başlıqları daşıyan raketlərlə Təl-Əvivi vurub.

Bir yaşayış binasına qəlpə düşməsi nəticəsində iki nəfərin həlak olduğu bildirilir.

Hizbullah İsrailin şimalına hücumları davam etdirib. Bunun ardınca İsrail Beyrutun mərkəzinə hava zərbəsi endirib və Cənub və Şərqi Livanda əməliyyatlarını genişləndirib.

İsrail bu gün bu bölgədəki əhaliyə təxliyə olunmaq xəbərdarlığını da yeniləyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi nüvə təhlükəsi riskinə görə maksimum təmkinli olmağa çağırış edib.

İranda Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, zərər barədə məlumat verilməyib.

İran İsrailə casusluq etməkdə ittiham olunan şəxsi edam edib

İran mediası bu gün "İsrail casusu" kimi təsvir edilən bir şəxsin edam edildiyini bildirib.

Kuruş Keyvani adlı şəxs 2025-ci ilin iyununda İsraillə 12 günlük müharibə zamanı həbs olunub. İİKK-nə bağlı Tasnim agentliyinin məlumatına görə, o, ölkənin "həssas obyektləri" ilə bağlı görüntü və məlumatları İsrailin kəşfiyyat xidməti Mossada ötürməkdə ittiham olunurdu.

Agentlik yazır ki, Keyvani ilk dəfə 2023-cü ildə İsrail təhlükəsizlik orqanları tərəfindən İsveçdə müəyyənləşdirilib.

İddiaya görə, o, qrup turları ilə bağlı onlayn reklamın üzərinə klik etdikdən sonra izlənilib.

Hesabata əsasən, bundan sonra o, bir Mossad zabiti tərəfindən ələ alınıb, iki il ərzində Avropanın altı ölkəsində və Təl-Əvivdə təlim keçib, daha sonra əməliyyatlar həyata keçirmək üçün İrana göndərilib.

BBC, Tasnim-in irəli sürdüyü bu iddiaları və ittihamları müstəqil şəkildə yoxlaya bilməyib.

Beyrut İsrail zərbələrinin nəhəng binanı dağıntı topasına çevirdiyi bir səhərə oyanıb

"Bu səhər saat təxminən beş radələrində partlayış səsi ilə yataqdan dik atıldıq", BBC-dən hazırda Livanda olan Wyre Davies xəbər verir.

"Bura cənub Beyrutdakı "Hizbullah qalası" adlandırılan ərazi deyil, şəhərin düz mərkəzidir: ətrafı iş mərkəzləri və otellərlə doludur, üstəlik bizim qaldığımız yerə çox yaxındır.

Arxamızdakı bina indi tamamilə dağıntı yığınına çevrilib. Son günlər bir neçə dəfə hədəf alınmışdı, amma bu səhər tamamilə yerlə-yeksan edildi", Davies yazır.

Livanın Səhiyyə Nazirliyi bildirir ki, azı altı nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Bu rəqəmlər İsrailin təxliyə xəbərdarlığından sonra atılmış raket hücumlarından əvvəl açıqlanıb.

İsrail bildirir ki, onlar yalnız Hizbullahın döyüşçülərini və liderlərini deyil, həm də qrupa bağlı olduğunu iddia etdikləri və hərbi əməliyyatlarını maliyyələşdirməyə kömək edən biznes obyektlərini də hədəf alırlar.

Gecə boyunca ölkənin cənubunda da hava zərbələri şiddətlənib. Bu zərbələri xüsusilə minlərlə insanın təxliyə olunduğu Sur (Tyre) şəhəri yaxınlığında eşitmək olur.

Livan bu münaqişəyə bir neçə həftə əvvəl cəlb olunub. Səbəb isə Livandakı şiə siyasi‑hərbi qrup olan Hizbullahın, İranın Ali liderinin qətlə yetirilməsinə və İsrailin təkrarlanan hava zərbələrinə cavab olaraq İsrailə raket və dron hücumları həyata keçirməsi olub.

Livan hökuməti açıqlayıb ki, indiyədək münaqişə nəticəsində təxminən bir milyon nəfər evini tərk etməyə məcbur olub və 800-dən çox şəxs həlak olub.

İran: Əli Laricani "səhər tezdən oğlu Morteza ilə birlikdə şəhid olub"

İranın dövlət mediası İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin ölümünü təsdiqləyib.

İsrail əvvəllər Laricaninin gecə saatlarında hava hücumunda öldürüldüyünü açıqlamışdı.

Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) inzibati ofisi Əli Laricani haqqında belə deyib: "Səhər tezdən o, oğlu Morteza, Əlireza Bayat (SNSC administrasiyasının təhlükəsizlik üzrə müavini) və bir sıra cangüdənlərlə birlikdə şəhid olub."

İran bundan əvvəl Bəsic milis komandirinin ölümünü təsdiqləyib.

İran dövlət televiziyası Bəsic milis komandiri Qulamrza Süleymanidən mesaj paylaşıb.

İRİNN kanalının aparıcısının oxuduğu mesajda deyilir ki, o, əhalini İRİS Dena döyüş gəmisinin vurulması nəticəsində ölənlərin dəfninə qoşulmağa çağırır.

İsrail Qulamrza Süleymaninin dünən gecə öldürüldüyünü deyib.

Süleymaninin televiziyalarda və İran mediasında hələ ki, canlı çıxışı olmayıb.

Tramp: NATO müttəfiqlərinin əksəriyyəti İrana qarşı "hərbi əməliyyata" qatılmaq istəmədiklərini bildirib

Donald Tramp bildirib ki, NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-a "Yaxın Şərqdə İranın terrorçu rejiminə qarşı apardığımız hərbi əməliyyata qarışmaq istəmədiklərini" deyib.

O bunu Truth Social-da yazıb.

Tramp deyir ki, o, "onların hərəkətindən təəccüblənməyib" və həmişə NATO-nu "tək istiqamətli küçə" hesab edib.

O deyir: "Belə bir hərbi uğur qazandığımız üçün artıq NATO ölkələrinin köməyinə "ehtiyac duymuruq" və ya arzulamırıq - BİZ HEÇ VAXT Yaponiya, Avstraliya və ya Cənubi Koreya kimi OLMAMIŞIQ".

"Əslində, dünyanın ən güclü ölkəsi olan ABŞ Prezidenti kimi danışarkən, BİZİM HEÇ KİMİN KÖMƏYİNƏ EHTİYACIMIZ YOXDUR!"

Bu paylaşım Trampın Hörmüz boğazının yenidən açılmasına kömək etmək üçün NATO müttəfiqlərindən kömək istəməsindən sonra gəlir - o, bunu öz paylaşımında xüsusi olaraq qeyd etməyib.

ABŞ Prezidenti İranla müharibəyə görə istefa verən ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Joe Kent bardə deyib ki, "Həmişə düşünmüşəm ki, o yaxşı oğlandır, amma həmişə düşünmüşəm ki, o, təhlükəsizlikdə zəifdir, çox zəif".

"Mən onu yaxşı tanımırdım... Amma onun açıqlamasını oxuyanda başa düşdüm ki, onun elə getməsi yaxşıdır, çünki o, İranın təhlükə olmadığını deyib.

"İran təhlükə idi, hər bir ölkə İranın nə qədər təhlükə olduğunu anlayırdı", Tramp qeyd edib.

Joe Kent ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri vəzifəsinə keçən ilin iyulunda Trampın namizədi olaraq təsdiqlənıb.

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri istefa verdi - İranla müharibəyə görə

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Joe Kent İran müharibəsinə görə istefa verdiyini açıqlayıb.

O istefasını sosial şəbəkədə paylaşım edərək açıqlayıb və "vicdanıma uyğun olaraq İranla davam edən müharibəni dəstəkləyə bilmərəm" yazıb.

Senat Joe Kenti bu vəzifəyə keçən ilin iyulunda Trampın namizədi olaraq təsdiqləmişdi.

Kent istefa məktubunda Prezident Trampa müraciətlə yazır:

"İran ölkəmiz üçün təcili təhlükə yaratmırdı və aydın görünür ki, biz bu müharibəyə İsrail və onun güclü Amerika lobbisinin təzyiqinə görə başladıq".

O əlavə edir:

"Mən sizin 2016, 2020 və 2024 seçki kampaniyalarında müdafiə etdiyiniz dəyərləri və xarici siyasəti dəstəkləyirəm və siz ilk {prezidentlik} müddətinizdə bunları həyata keçirmişdiniz".

"2025‑ci ilin iyununa qədər siz anlayırdınız ki, Yaxın Şərqdəki müharibələr Amerika üçün bir tələdir, hansı ki, vətənpərvərlərimizi və ölkəmizin sərvətini azaldır".

Sözlərini belə davam etdirir:

"Müharibəyə 11 dəfə göndərilmiş bir veteran və həyat yoldaşı Şannonu İsrailin yaratdığı bir müharibədə itirmiş Qızıl Ulduzlu bir ər olaraq, mən gənc nəsli Amerika xalqına heç bir faydası olmayan və amerikalıların itirilən həyatlarına görə heç bir şəkildə haqq qazandırmağın mümkün olmadığı müharibəyə göndərməyi dəstəkləyə bilmərəm".

İsrail İranın iki yüksək rütbəli şəxsinin öldürüldüyünü bildirir

İndiyədək olan xəbərlərin xülasəsi:

İranda

İsrail İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin öldürüldüyünü açıqlayıb və onun faktiki olaraq İranın "ən yüksək rəhbəri" olduğunu iddia edib. BBC-nin müxbiri Jeremy Bowen bildirib ki, əgər Laricaninin ölümü təsdiqlənərsə, bu, rejim üçün ağır zərbə olar.

İsrail, həmçinin Bəsic milisinin komandanı Qulamrza Süleymaninin də gecə vurulmuş zərbə nəticəsində öldürüldüyünü açıqlayıb. Bəsic İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) mülki geyimlilərdən ibarət qanadıdır, bu ilin əvvəlində hökumət əleyhinə etirazların amansız şəkildə yatırılmasında mühüm rol oynamışdı.

İsraildə

İran İsrailə raket hücumları həyata keçirib. Nəticədə bir neçə evə zərər dəyib və küçələrdə dərin oyuqlar açılıb. İsrailin bir neçə şəhərində hava həyəcan siqnalları eşidilib.

Livanda

İsrail Livanın paytaxtı Beyruta daha çox hava zərbələri endirib və cənubda yaşayan Livan sakinlərini təxliyə olunmağa çağırıb. İsrailin Müdafiə Qüvvələri əməliyyatların məqsədinin yüzlərlə raket və dron hücumu həyata keçirən Hizbullahın qarşısını almaq olduğunu bildirib.

Livan rəsmiləri yeni döyüşlər başlayandan bəri İsrail zərbələri nəticəsində 880-dən çox şəxsin öldüyünü açıqlayıb.

Laricaninin ölümü "İran rejimi üçün böyük zərbə olardı"

Əgər təsdiqlənsə, Əli Laricaninin ölümü Tehrandakı rejim üçün şübhəsiz ki, ağır zərbə olacaq, BBC-dən Jeremy Bowen yazır.

Onu ilk dəfə 80‑ci illərdə - Cenevrədə, BMT-də aparılan müxtəlif danışıqlarda iştirak edərkən görmüşdüm.

O vaxtdan, o, ağıllı və mövzulara fərqli baxış bucağından yanaşdığı görünən bir diplomat idi.

Son onilliklərdə isə xüsusilə mərhum Ali lider Əli Xameneinin öldürülməsindən sonra, İran hakimiyyətinin içində önəmli fiqurlardan birinə çevrilib.

Bununla belə, o, praqmatik bir şəxsiyyət kimi də tanınırdı. Son həftələrdə sərt, hərbi ritorikaya bənzər bəyanatlar versə də, uzun illər ərzində, o, anlaşmağa meyilli, dialoqa açıq və əməkdaşlıq edilə bilən bir şəxs kimi qəbul olunurdu.

X hesabında Laricani tərəfindən bu gün yazıldığı iddia olunan əlyazma dərc edilib

İran mediasında və Əli Laricaninin Telegram və X hesablarında yayımlanan bir fotoda vaxt və tarix qeyd olunmamış bir əlyazma mesajı görünür.

Dövlət mediası həmin mesajın bu günə aid olduğunu iddia edir.

Mesaj bu ayın əvvəlində IRIS Dena hərbi gəmisində həlak olmuş şəxslərin dəfn mərasimi günündə İranın Hərbi Dəniz Qüvvələrinin "döyüşçülərini" tərifləyir.

Bu hadisə İranın bu gün bir sıra başqa dövlət tərəfindən təşkil olunmuş tədbirlər keçirməyə hazırlaşdığı vaxta təsadüf edir.

Əli Laricani sonuncu dəfə Qüds Günü yürüşündə - martın 13-də Tehranda dəstəkçiləri ilə söhbət edərək onlara əl edərkən görünüb, onun X hesabında bildirilir.

İranda bu gün martın 4-də ABŞ sualtı qayığının torpedo hücumu nəticəsində həlak olmuş 84 dənizçiyə həsr olunacaq axşam mərasimi də planlaşdırılıb.

Həlak olanların Şri-Lankanın cənub sahillərindən, təxminən 40 kilometr məsafədə batırılmış İran hərbi gəmisi - IRIS Denadada xidmət göstərən 130 nəfərlik heyətdən olduğu güman edilir.

IRIS Dena Hindistanın ev sahibliyi etdiyi hərbi təlimdən qayıdarkən hücuma məruz qalıb.

İran İsrailə raket "yağdırıb"

İsrail Müdafiə Qüvvələri (İDQ) İranın İsrailə daha çox raket atdığını və müdafiə sistemlərinin onları vurmaq üçün üçün işlədiyini bildirir.

İran dövlət televiziyası da İrandan "işğal olunmuş ərazilərə" yeni raket dalğasının atıldığını bildirib.

İsrael Katz Əli Laricaninin öldürüldüyünü deyib

İsrailin müdafiə naziri İsrael Katz Əli Laricaninin öldürüldüyünü bildirib.

Kats verdiyi açıqlamada bildirib ki, İsrailin gecə hücumlarından sonra İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisinin ölümü barədə məlumatlandırılıb.

İsrail hərbi rəsmisi İsrail Müdafiə Qüvvələrinin İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini hədəf aldığını təsdiqləyib.

Onun öldürüldüyü və ya yaralandığı məlum deyil.

Ən azı iki İran media orqanı yüksək səviyyəli təhlükəsizlik rəsmisi Əli Laricaninin tezliklə mesaj yayımlayacağını bildirir.

İsrail hərbi rəsmisi BBC-yə Laricaninin İsrail Müdafiə Qüvvələri tərəfindən hədəfə alındığını təsdiqləyib.

Tasnim və Mehr xəbər agentliklərinin paylaşımlarında mesajın "bir neçə dəqiqədən sonra dərc olunacağı" bildirilir.

İsrail mediası Əli Laricaninin oğlu ilə birlikdə gizli mənzildə hücuma məruz qaldığını bildirir.

İsrail müdafiə naziri İsrael Katz onun və baş nazirin orduya İran rəhbərliyini "ovlamağa davam etməyi" tapşırdığını bildirib.

İranın Təhlükəsizlik Şurasının rəhbəri Laricani ötən cümə günü Qüds günü mitinqlərində iştirak edərkən ictimaiyyət qarşısında görünüb.

O, İranın keçmiş nüvə danışıqları üzrə danışıqçısı və müharibənin ilk günündə öldürülən mərhum Ali Lider Ayətullah Əli Xameneinin yaxın müttəfiqi idi.

Onun ölümü ilə bağlı İrandan heç bir təsdiq yoxdur.

İsrail ordusu həmçinin bildirir ki, onların hava qüvvələri bu ilin əvvəlində hökumət əleyhinə etirazların qəddarcasına yatırılmasında iştirak edən İranın Bəsic bölməsinin komandirini də öldürüb.

Telegram paylaşımında deyilir ki, onlar bazar ertəsi günü Qulamrza Süleymanini hədəf alıblar.

İran mediasında hələlik heç bir xəbər yoxdur.

İran ABŞ-ın hərbi əməliyyatlarının regional müharibəyə səbəb olacağı barədə xəbərdarlıq etmişdi

İran ABŞ-ın hərbi əməliyyatlarının regional müharibəyə səbəb olacağı barədə xəbərdarlıq etmişdi

İranın mərhum ali lideri Ayətullah Əli Xamenei hələ fevral ayında xəbərdarlıq etmişdi ki, ABŞ‑ın İrana qarşı hərbi əməliyyatı bölgə miqyasında müharibəyə səbəb olacaq.

1 fevralda, 1979 İslam İnqilabının 47-ci ildönümü mərasimində çıxışı zamanı Xamenei demişdi:

"Amerika bilməlidir ki, əgər müharibəyə başlasa, bu dəfə müharibə regional olacaq."

İran rəsmiləri keçmişdə dəfələrlə Hörmüz boğazından keçən gəmiçilik və enerji axınları ilə bağlı xəbərdarlıqlar etmişdilər.

Məsələn, SEPAH-ın dəniz qüvvələrinin komandanı Əlirza Tanqsiri bu ayın əvvəlində X platformasında yazmışdı ki, boğazdan keçmək istəyən gəmilər İranın icazəsini almalıdır. O iddia etmişdi ki, xəbərdarlıqlara məhəl qoymayan iki gəmi "tələyə düşüb".

İran, həmçinin, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Bəhreyn, İordaniya, BƏƏ və Küveytə, həmçinin ABŞ-ın müttəfiqi olan Oman və Səudiyyə Ərəbistanına mütəmadi olaraq zərbələr endirir.

ABŞ Prezidenti Donald Tramp isə İranın Körfəz ölkələrinə hücum etməsindən təəccübləndiyini bildirib.

Bazar ertəsi Tramp deyib ki, ABŞ‑İsrail zərbələrinə cavab olaraq İranın raket atacağını "heç kim gözləmirdi".

CBS-in məlumatına görə, o əlavə edib:

"Son iki həftədə onların Yaxın Şərqdəki bütün bu ölkələrə hücum etməsi gözlənilmirdi. Biz şok olduq və onlar cavab verdilər. Onlar geri çəkilə bilərdilər, amma təsəvvür edin ki, biz olmasaydıq — onların böyük gücü var idi".

İsrail Livana zərbələri davam etdirir

İsrail Müdafiə Qüvvələri cənubi Livan sakinlərinə, xüsusilə Arab əl-Cəl kəndinin əhalisinə təcili şəkildə təxliyə olunmaq barədə xəbərdarlıq yayıb.

Ordunun sözçüsü X platformasında bildirib ki, İsrail ordusu yaxın vaxtlarda Hizbullaha məxsus hərbi infrastruktura hücum edəcək.

Bu arada, Livanın dövlət mediası AFP‑yə istinadən xəbər verir ki, İsrailin hava zərbələri çərşənbə axşamı günü səhər tezdən Beyrutun üç məhəlləsini hədəfə alıb.

İsrail daha əvvəl də bəyan etmişdi ki, Beyrutda Hizbullahın "terror infrastrukturuna" qarşı "əlavə zərbə dalğası" həyata keçirib. Bu barədə məlumat Telegram kanalında paylaşılıb.

İran Dünya Çempionatının oyunlarını Meksikada oynamaq istəyir

İran Futbol Federasiyası Dünya Çempionatının oyunlarını Meksikada oynamaq istəyir.

İran Futbol Federasiyası təhlükəsizlik səbəblərinə görə İranın Dünya Çempionatındakı oyunlarının Meksikaya keçirilməsi barədə FIFA ilə danışıqlar apardıqlarını açıqlayıb.

Federasiyanın prezidenti Mehdi Tac X platformasında paylaşım edərək deyib:

"Tramp açıq şəkildə İran milli komandasının təhlükəsizliyinə təminat verə bilməyəcəyini bildirib. Bu halda biz, əlbəttə ki, ABŞ-a səfər etməyəcəyik".

O əlavə edib:

"Hazırda İranın Dünya Çempionatındakı oyunlarının Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparırıq".

Ötən həftə İranın idman naziri də bildirmişdi ki, ABŞ və İsrailin İrana hava zərbələri endirməsindən sonra iranlı oyunçuların turnirdə iştirak etməsi mümkün deyil.

ABŞ Prezidenti Donald Tramp isə açıqlamasında İranı Dünya Çempionatında "xoş gördüklərini" deyib, lakin əlavə edib ki, iranlıların öz təhlükəsizliyi baxımından "orada olmalarının uyğun olması barədə əmin deyil".

İran millisinin iki qrup oyununu Los Ancelesdə, birini isə Sietlda keçirməsi planlaşdırılır.

Avropalı müttəfiqlərinin ABŞ-ın yardım çağırışlarını rədd etməsi Trampı narahat edib

Avropalı müttəfiqlərinin ABŞ-ın yardım çağırışlarını rədd etməsi Trampı narahat edib, BBC-nin Şimali Amerika müxbiri Peter Bowes yazır.

Prezident Donald Tramp ABŞ-ın Avropadakı müttəfiqlərinin bir‑birinin ardınca onun kömək çağırışlarını rədd etməsindən getdikcə daha çox narahatlıq duyur.

Fransa rəsmiləri Parisin müharibə davam etdiyi müddətdə ABŞ-ın rəhbərlik etdiyi missiya çərçivəsində Hörmüz boğazına hərbi-dəniz qüvvələri göndərməyəcəyini açıq şəkildə bəyan edib.

Finlandiya prezidenti Aleksander Stubb BBC Newsnight-a müsahibəsində bildirib ki, ölkəsinin ABŞ-a dəstək məqsədilə bölgəyə ordu göndərməsi "situasiyanın gərginləşməsinə səbəb ola bilər" və buna görə də bu addımı dəstəkləmir.

Almaniya kansleri Fridrix Mers müharibənin 16-cı günündə bildirib ki, İranla müharibə "NATO məsələsi deyil".

Martın 16-da isə Britaniyalı nazir bunun "NATO-nun müharibəsi olmadığını" bəyan etmişdi.

Tramp digər ölkələrin bu məsələyə o qədər də "həvəsli" yanaşmamasına təəccüb etdiyini deyib və xüsusilə enerji baxımından Hörmüz boğazından asılı olan Çin və Yaponiya kimi ölkələrin daha çox iştirak etməli olduğunu vurğulayıb.

Tramp Çin səfərini təxirə salır: "Müharibə gedir, burada olmalıyam"

ABŞ Prezidenti Donald Trump bu ayın sonuna planlaşdırılan Pekin səfəri ilə bağlı suallara cavabında bildirib ki, səfər müharibəyə diqqət ayırmaq üçün təxirə salına bilər.

Tramp "müharibə gedir, burada olmalıyam" deyərək qərarın səbəbini açıqlayıb.

Bu addım Trampın əvvəlcə Financial Times-a Çinin Hörmüz boğazının açılmasına yardım etməyəcəyi təqdirdə görüşü təxirə sala biləcəyini deməsindən sonra gəlib.

Gərginliyin artarkən Pekin ABŞ və İsrailin İrana endirdiyi zərbələri tənqid edir, eyni zamanda İran enerjisinin əsas alıcılarından biridir.

Washington isə fevral ayında Ali Məhkəmənin tarif qərarını ləğv etməsindən sonra Çini də əhatə edən ticarət araşdırmasına başlayacağını bəyan etmişdi.

ABŞ və Çin nümayəndələri son günlər Parisdə tariflər, investisiyalar və sanksiyalar barədə danışıqlar aparıblar.

Yaxın Şərqdə ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başladıqdan bəri 3 000‑dən çox insan öldürülüb. Ölkə xaricində fəaliyyət göstərən bir iranlı qrupun hesablamalarına görə, HRANA (Human Rights Activist News Agency) bu rəqəmə 1 351 mülki şəxs və 1 126 hərbiçinin öldüyünü daxil edir.

Livanın Səhiyyə Nazirliyi bildirir ki, ölkədə 886 nəfər həlak olub, onların arasında 67 qadın və 111 uşaq var.

Bundan başqa, BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda da müharibə ilə bağlı ölüm halları qeydə alınıb.

ABŞ hərbi rəsmilərinin açıqlamasına görə, yaralanan ABŞ hərbçilərinin sayı təxminən 200‑ə çatıb, onların ən azı 13‑ü həlak olub.

Bağdadda yerləşən ABŞ səfirliyinə qarşı dron və raket hücumları həyata keçirilib. Bu, indiyə qədər olan "ən şiddətli hücum" kimi təsvir olunur.

Birləşmiş Ərəb Əmirlikləri İran tərəfindən raket və dron təhdidləri səbəbilə bağladığı hava məkanını yenidən uçuşlara açıb.

Finlandiya Prezidenti Alexander Stubb BBC-yə müsahibəsində, Trampın "razı deyiləm" dediyi Böyük Britaniya Baş naziri Keir Starmer-i müdafiə edib. Tramp Starmerin Britaniya İrana qarşı "daha genişmiqyaslı müharibəyə cəlb olunmayacaq" sözlərindən narazı qalmışdı.

Tramp yenidən digər ölkələrə, xüsusilə də NATO müttəfiqlərinə Hörmüz boğazının təhlükəsizliyinə yardım etmələri çağırışını təkrarlayıb və daha çox liderin bu missiyaya "istəkli olmamasına" təəccübləndiyini bildirib.

Almaniya kansleri Fridrix Mers bu müharibənin "NATO məsələsi olmadığını" deyib. NATO isə açıqlamasında "müttəfiqlərin Aralıq dənizində əlavə təhlükəsizlik tədbirlərini gücləndirdiyini" bildirib.

Bu arada Böyük Britaniya, Kanada, Fransa, Almaniya və İtaliya liderləri birgə bəyanat yayaraq, İsrailin Livanda genişmiqyaslı quru əməliyyatı başlaması halında bunun "fəlakətli humanitar nəticələrə" səbəb ola biləcəyini vurğulayıblar.

Daha əvvəl İsrail ordusu Tehranda, Şirazda və Təbrizdə "genişmiqyaslı zərbələr dalğasına" başladığını açıqlamışdı. BBC Verify isə İran paytaxtında zərər görmüş əraziləri göstərən videoları təsdiqləyib.

İsrail hücumları daha "3 həftə davam etdirəcək"

İsrail İrana qarşı hücumlarını daha üç həftə davam etdirmək planını açıqladı.

İsrail ordusunun sözçüsü Nadav Şoşani üç həftəlik əməliyyat planına əlavə olaraq, sonrakı dövrləri əhatə edən əlavə planların da olduğunu bildirdi.

Şoşani İran daxilində minlərlə hədəfin vurulacağını bildirdi.

Bu açıqlamadan sonra martın 16-da İranın ən böyük üç şəhərinə bir sıra hava hücumları həyata keçirilib.

Hədəfin Tehranın Şəhidlər Meydanındakı elektrik idarəetmə mərkəzini də əhatə etdiyi bildirilir.

İran Birləşmiş Ərəb Əmirliklərindəki Fujayra neft terminalı və Dubay Beynəlxalq Hava Limanı da daxil olmaqla, Körfəzdəki hədəflərə zərbə endirməklə cavab verib.

BƏƏ-nin paytaxtı Əbu-Dabidə raket hücumu nəticəsində bir Fələstin vətəndaşı həlak olub.

Qüdsün/Yerusəlimin Köhnə Şəhərinə "raket qalıqları düşüb"

Qüdsün /Yerusəlimin Köhnə Şəhərinə raket qalıqları düşdüyü bildirilir. Bu qalıqlar İran raketlərinə və onları vuran İsrail silahlara aiddir.

İsrailin işğal etdiyi Şərqi Yerusəlim/Qüdsdə əsasən fələstinlilər yaşayır. Onların çoxu İsrailin İrana qarşı müharibəsini dəstəkləmir.

Bu insidentdə ölənlər barədə məlumat yoxdur, üç nəfərin yaralandığı açıqlanıb.

Əksər israillilərdən fərqli olaraq, burada az sayda fələstinlinin evində bomba sığınacaqları var.

Pezeşkian Makrona: "İran hərbə-zorbalara təslim olmayacaq"

İran Prezidenti Məsud Pezeşkian martın 16-da Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı israrla bildirib ki, "bu dəhşətli müharibəni İran başlamayıb".

"İşğala qarşı müdafiə olunmaq təbii haqdır və biz bu məsələdə yaxşıyıq", Pezeşkian sosial mediada bildirib.

O qeyd edib ki, "İranın qonşu ölkələrlə münasibətinə xələl gətirmək üçün regionda ABŞ-a məxsus bazalardan İrana qarşı istifadə olunmasına son qoyulmalıdır".

Pezeşkian ölkəsinin "hərbə-zorbalara təslim olmayacağını" deyib və "beynəlxalq ictimaiyyəti bu işğalı pisləməyə" çağırıb.

"Gələcəkdə İran torpaqlarına hücumların edilməyəcəyinə əmin olmadıqca, müharibənin bitməsi haqda danışmaq mənasızdır", Pezeşkian əlavə edib.

İranın ali lideri Müctəba Xameneinin mesajı yerli mediada dərc edilib

İranın yeni ali lideri Müctəba Xamenei atası Əli Xamenei tərəfindən təyin edilmiş dövlət rəsmilərinə vəzifələrində qalmağı və mövcud göstərişlərə uyğun işlərini davam etdirməyi tapşırıb, İran mediası yazıb.

"Elan edirəm ki, hazırda onlardan heç birinin təyinatının yenilənməsinə ehtiyac yoxdur. Onların öz işlərini əvvəlki dövrdə olduğu kimi mövcud tapşırıqlara uyğun davam etdirmələri həddindən çox vacibdir", mesajda bildirilir.

Müctəba Xamenei martın 8-də atası Əli Xamenei İsrail və ABŞ-ın fevralın 28-də İrana hava hücumları nəticəsində öldürüldükdən sonra ölkənin yeni ali lideri seçiliib.

O, bu vəzifəyə başladığı gündən bəri hələlik görünməyib, ali lider kimi foto və videosu yoxdur.

Müctəba Xameneinin mesajı martın 12-də İranın dövlət xəbər kanalında aparıcı tərəfindən ictimaiyyətə çatdırılıb.

ABŞ-ın müdafiə naziri Pete Hegseth martın 13-də heç bir sübut göstərmədən deyib ki, Müctəba Xamenei atası öldürülərkən atılan ilk hava zərbələri nəticəsində "yaralanıb və üzü eybəcər hala düşüb".

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian martın 11-də bildirib ki, yeni ali liderin yaralanmasına dair "xəbərlər eşidib".

"Mən bu məsələni müvafiq dairələrlə əlaqəsi olan bir neçə dostumdan soruşdum, onlar dedilər ki, Allahın mərhəməti ilə ali lider sağ-salamatdır və heç bir problem yoxdur", Yusif Pezeşkian Telegram kanalında qeyd edib.

Tramp köməyi "lazım olduğu üçün deyil, onların reaksiyalarını öyrənmək üçün" istəyib

ABŞ müharibə başlanandan bəri İranda 7000 hədəfi vurub və 100-dən çox gəmi batırıb, Prezident Donald Tramp deyib.

"Onlar sözün əsl mənasında məhv olublar", - o deyib və əlavə edib ki, ölkənin hava qüvvələri və donanması, liderləri və zenit texnologiyası "məhv edilib".

O deyir ki, ABŞ və İsrail "illər əvvəl edilməli olanı edirlər". Onun sözlərinə görə, ABŞ bu gün İranda dron və raketlərin istehsal olunduğu üç zavoda zərbə endirib.

O, həmçinin ötən həftə ABŞ-ın Xarq adasını bombalamasına toxunaraq, neftin saxlanıldığı "borulardan" başqa hər şeyi məhv etdiklərini bildirib. Lakin prezident fikrini dəyişə biləcəyini açıq şəkildə bildirib və əlavə edib ki, neftin məhv edilməsi "dəqiqələr" çəkəcək.

Tramp deyir ki, digər ölkələr Hörmüz boğazında ABŞ-a kömək etməkdə "həvəsli" deyillər

Prezident Tramp onu da deyib ki, İranın mina yerləşdirən 30 gəmisinin hamısı məhv edilib, lakin o, əlavə edib ki, İranın boğaza hər hansı bir mina qoyub-qoymadığını bilmir.

"Biz artıq İran haqda ölçü götürmüşük" deyən ABŞ Prezidenti digər ölkələri "boğazla bağlı kömək etməyə" çağırıb.

Tramp bildirib ki, çoxsaylı ölkələr artıq kömək etmək üçün yola düşüblər.

Lakin o, ABŞ-a kömək etməkdə o qədər də "həvəsli" olmayan ölkələri lağa qoyub: "Onlar dedilər ki, biz müdaxilə etməməyi üstün tuturuq... Bilirəm, biz onları qoruyacağıq və bizə nə vaxtsa kömək lazım olsa, onlar bizim yanımızda olmayacaqlar."

O, daha sonra əlavə edib ki, başqa ölkələrdən Hörmüz boğazına görə köməyi "lazım olduğu üçün deyil, onların reaksiyalarını öyrənmək üçün" istəyib.

İsrail Müdafiə Qüvvələri bu səhər Tehran, Şiraz və Təbrizdə "genişmiqyaslı" hücum dalğası başlatdığını elan etdikdən sonra yayılmış görüntülərdə dağıntılar əks olunub

Hörmüz boğazı "düşmənlərimiz üçün" bağlı qalır - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ-la atəşkəs tələb etmədiyini və ya mesaj mübadiləsi aparmadığını söyləyib. O, həmçinin Hörmüz boğazının "düşmənlərimiz üçün" bağlı qalacağını deyib.

"Onlar (amerikalılar) digər ölkələrdən gəlib onlara kömək etmələrini xahiş edirlər ki, Hörmüz boğazı açıq qalsın... bizim baxış bucağımız aydındır. O, yalnız düşmənlərimiz, ölkəmizə və müttəfiqlərinə qarşı ədalətsiz təcavüz edənlər üçün bağlıdır."

Nazir əlavə edib ki, müharibə "bir daha təkrarlanmayacağı şəkildə başa çatmalıdır".

Hindistana məxsus iki gəmi Hörmüzü keçib

Hindistanın iki - Nanda Devi və Şivalik adlı iki qaz daşıyan tankeri beynəlxalq xəbərdarlıq siqnallarını söndürərək Hörmüz boğazını keçib.

MarineTraffic-in məlumatına görə, hər iki gəmi Qətərin Ras Laffan limanında yüklənib və Hindistanın Qucarat ştatına doğru irəliləyir.

Martın 14-də bölgədə iki Hindistan hərbi gəmisinin olduğu qeydə alınıb. Nanda Devi bir neçə gün İranın Keşm adası yaxınlığında lövbər atdıqdan bir müddət sonra nəhayət sabah Kandla limanına çatacaq. Şivalik isə bu gün Mundra limanına yan alıb.

Hindistanın xarici işlər naziri bildirib ki, bütün Hindistan gəmilərinə boğazdan keçid üçün "ümumi razılaşma" yoxdur, lakin İranla danışıqlar davam edir.

Müttəfiqləri Trampın Hörmüzlə bağlı çağırışına nə cavab verib?

Hindistan gəmiləri boğazdan keçərkən, Trampın Hörmüz boğazına hərbi gəmilər göndərilməsi ilə bağlı çağırışı dəstəksiz qalıb.

Onun boğazda ticarət gəmilərinin qorunması və qlobal neft təminatının davam etməsi üçün gəmi göndərmək çağırışları da soyuq qarşılanıb.

ABŞ Prezidenti şənbə günü Truth sosial media hesabında Böyük Britaniya, Çin, Fransa, Yaponiya, Cənubi Koreya və digər dövlətləri Boğaza gəmi göndərməyə çağırıb. Daha sonra isə müsahibələrinin birində daşınmanın təhlükəsizliyinin qoruna bilməməsinin "NATO-nun gələcəyi üçün çox pis ola"cağını deyib.

Onun çağırışına ölkələrin bəzilərinn cavabı belə olub:

Böyük Britaniya müttəfiqlərlə plan üzərində işlədiyini, lakin bunun NATO missiyası olmayacağını bəyan edib.

Almaniya tələbə açıq şəkildə "yox" cavabı verib: "Bu, bizim müharibəmiz deyil".

Cənubi Koreya qərarını ABŞ-la məsləhətləşmələrdən sonra açıqlayacağını,

Yaponiya isə hazırkı şəraitdə dəniz təhlükəsizliyi əməliyyatını nəzərdən keçirmədiyini bildirib.

Avstraliya da boğaza hərbi gəmi göndərməyəcəyini açıqlayıb.

İranda internet məhdudiyyətləri daha da sərtləşdirilir

BBC Verify dəqiqləşdirb ki, İrandan paylaşılan videoların sayında nəzərə çarpan azalma var. Bu isə hökumətin internetə çıxışa qoyduğu məhdudiyyətləri daha da sərtləşdirdiyini göstərir.

Tehrandan bir qadın BBC-yə deyib ki, məhdudiyyətləri aşmaq üçün Elon Musk-ın Starlink peyk internetindən istifadə edən bəzi insanlar həbs edilib.

BBC ilə əlaqə saxlayan iranlı bir kişi isə Starlink terminallarının sıradan çıxarıldığını deyib.

İnternet monitorinq qrupu Netblocks bildirib ki, İranda bu vaxta qədər qismən fəaliyyət göstərən əsas telekommunikasiya şəbəkələrindən birində "əlaqənin çöküşü" qeydə alınıb.

İranın bəzi rəsmilərə, dövlətə bağlı qurumlara və jurnalistlərə məhdud internet istifadəsi imkanı verən "ağ siyahı" saxladığı bilinirdi.

Lakin hazırki vəziyyət hətta həmin seçilmiş qrupların belə imkanlarının məhdudlaşdırıldığını göstərir.

ABŞ və İsrailin fevralın 28-də İrana ilk hava zərbələrini endirməsindən sonra İran hakimiyyəti internetə çıxışı məhdudlaşdırıb.

Xarici jurnalistlərin İrana girişinə ciddi məhdudiyyətlər qoyulduğundan, müharibə haqqında məlumat toplamağın əsas yollarından biri ölkənin içindən vətəndaşların çəkdiyi videolar və yenə vətəndaşlardan gələn mesajlardır.

İnternetin daha da məhdudlaşdırılması isə İrandan məlumatların nə vaxt və necə əldə ediləcəyinə birbaşa təsir göstərəcək.

ABŞ və İsrailin İran müharibəsiylə bağlı bundan əvvəlki xəbərləri aşağıdakı linklərdən oxuyun:

İranlılar Tehrandakı yoxlamalar, təhlükəsizlik postları və keçirdikləri qorxu barədə

İranlılar yoxlamalar və təhlükəsizlik postlarında keçirdikləri qorxu hissindən danışırlar.

Tehranda iranlılar şəhər boyunca qurulan təhlükəsizlik postlarında sənədlərin və əşyaların yoxlanılmasından narahat olduqlarını bildiriblər.

İnterneti təmin edən gənc bir kişi deyib: "Mənim etdiyim iş İslam Respublikası üçün cinayət sayılır. Çox qorxurdum, çünki yanımda laptop və telefon vardı".

Başqa bir gənc deyir ki, postdan keçmək üçün özünü mehriban göstərməyə çalışıb: "Onlara "çox sağ olun, əziyyət çəkirsiniz" kimi sözlər dedim… sanki işlərinə həqiqətən dəyər verirdim".

Gənc bir qadın isə deyib: "Həmişə rəngli geyimlər geyinmişəm. Ancaq indi yox. Çünki patrulların qıcıqlanacağından qorxuram".