Embrionda DNT cərrahiyyəsi xəstəliyi "aradan qaldırır"

Şəklin mənbəyi, Getty Images
Çinli alimlər "embrion cərrahiyyəsi" vasitəsilə potensial cəhətdən ölümcül beta-talassemiya qan xəstəliyini aradan qaldırmağa nail olublar.
Bunun üçün insan embrionunda ilk dəfə olaraq dəqiq "kimyəvi cərrahiyyə" tətbiq edilib, Çin alimləri BBC-ə bildiriblər.
Sun Yat-sen Universitetinin tədqiqatçıları 3 milyard "hərfdən" ibarət genetik kodda yeganə səhvi düzəltmək üçün təməl redaktə adlandırılan üsuldan istifadə ediblər.
Alimlər beta-talassemiya xəstəliyini yığışdırmaq üçün laboratoriyada hazırlanmış embrionu dəyişdiriblər, BBC müxbiri James Gallagher-in hazırladığı materialda deyilir.
Tədqiqatçılara əsasən, bu üsul bir sıra irsi xəstəliklərin müalicəsində tətbiq edilə bilər.
Təməl redaktə DNT-nin 4 əsas tərkib hissəsini dəyişdirir: bunlar adenin, quanin, timin və sitozindir. Bu azotlu əsasların adları adətən baş hərflərilə verilir - A, Q, T və S.
İnsan orqanizminin funksiyası ilə inkişafına dair bütün "təlimatlar" həmin 4 əsasın kombinasiyalarında əks olunub.
Potensial olaraq ölümcül beta-talassemiya xəstəliyi nöqtə mutasiyası kimi tanınan genetik koddakı tək əsasın dəyişməsi nəticəsində əmələ gəlir.
Çin alimləri həmin mutasiyanı redaktə ediblər. Onlar, DNT tərkibində səhvi müəyyən etdikdən sonra G əsasını A-ya dəyişdirməklə qüsuru aradan qaldırıblar.

Şəklin mənbəyi, Getty Images
"İnsan embrionunda təməl redaktə vasitəsilə genetik xəstəliyin müalicəsinin mümkünlüyünü ilk dəfə nümayiş etdirən biz olduq", - tədqiqatçı qrupundan Junjiu Huang BBC News vebsaytına bildirib.
Təməl redaktə Crispr kimi tanınan gen redaktə üsulunun təkmilləşdirilmiş növü sayılır.


Şəklin mənbəyi, Getty Images
Crispr DNT-ni "sındırır". Orqanizm bunu bərpa edərkən o, gendəki təlimatları dəyişdirir.
Bu, həmçinin yeni genetik informasiyanın yeridilməsinə imkan verən fürsətdir.
Təməl redaktə 4 DNT tərkibinin bilavasitə bir-birinə çevrilməsi üsuluna əsaslanır.
Harvard Universitetində üsulun ilk tədqiqatçılarından olan professor David Liu bu elmi yanaşmanı "kimyəvi cərrahiyə" adlandırır.
Onun sözlərinə görə, təməl redaktə Crispr-lə müqayisədə daha səmərəli olmaqla yanaşı həm də daha az arzuolunmaz yan fəsadlara malikdir.


























