"Səbirsizliklə yolunu gözləyirəm'' - Ukraynada oğulları itkin düşən azərbaycanlı ailələr

Şəklin mənbəyi, Elçin Abbasov
- Müəllif, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca
- Oxuma vaxtı: 10 dəq
"Səbirsizliklə yolunu gözləyirəm. Nə o yanlıqdır, nə bu yanlıq. 1 il 7 ay keçir ki, uşağımdan xəbər yoxdur. İyun ayından yoxdur".
Gülbəniz Qəniyevanın oğlu 28 yaşlı Nihad Qəniyev 2024-cü ilin yayından bəri itkin düşüb.
O, Moskvada, Balaşik kimi tanınan yerdə barmen işləyirmiş. Sonradan Rusiya–Ukrayna müharibəsinə müqavilə əsasında qoşulub.
Gülbəniz Qəniyeva xatırlayır ki, oğlu döyüş bölgəsinə 2024-cü ilin mayın 24-də aparılıb, o vaxta qədər təlimdə olub və həmin müddət ailəsi ilə əlaqə saxlayıb.
Son dəfə meşədə olduğunu, daha ona zəng çatmayacağını anasına bildirib.
"Dedi, ay mama, daha sizə zəng edə bilməyəcəyəm, biz uzaq gedirik. Əlaqə saxlaya bilsəm, şəbəkə tutsa danışacağam sizinlə. Sonra zəng elədik, iyunun 21-i günü danışdıq, o danışan oldu, sonra danışa bilmədik biz onunla".
Bu ay Rusiya-Ukrayna müharibəsinin başlamasından dörd il ötür.
Bu müddət ərzində, rəsmi məlumat olmasa da, həmin müharibədə yüzlərlə Azərbaycan vətəndaşı və ya Azərbaycan əsilli Rusiya vətəndaşının iştirak etdiyi barədə xəbərlər yayılıb.
Onlardan yüzlərlə azərbaycanlının döyüşlərdə həlak olduğu və itkin düşdüyü iddia olunur.
BBC News Azərbaycancanın Rusiya, Ukrayna və Azərbaycan resurslarında, eləcə də sosial media platformalarında araşdırması aşkara çıxarıb ki, rəsmi təsdiqlənməyən azı 65 azərbaycanlı Rusiya tərəfdən döyüşərkən həlak olub və ya itkin düşüb.
Rəsmi təsdiqlənməmiş həmin 65 nəfərdən 47-nin öldüyü, 18 nəfərin itkin olduğu bildirilir.

Nihad Qəniyevin hekayəsi
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Mənim qardaşım gedib orada deyib ki, bu uşaq mina axtaran olub, bəs nə üçün bunu qabağa vermisiniz, gedib? Deyiblər, bax, oğlan özü qol çəkib buna. Tank diviziyası, pexota, "qrantamlyot" (qumbaraatan) qol çəkib", – oğlu itkin düşən Gülbəniz Qəniyeva BBC News Azərbaycancaya deyib.
Onun sözlərinə görə, hərbi hissədən verilən sənəddə oğlunun iyulun 30-da itkin düşdüyü yazılıb. Ailənin isə onunla əlaqəsi iyunun 21-dən itib. Halbuki, ona qədər az qala hər gün ya mesajlaşıb, ya da zəngləşiblər.
Gülbəniz xanım xatırlayır ki, iyunun 21-dən sonra nə oğlu onlara zəng edib, nə də onlar Nihadla əlaqə saxlaya biliblər.
"İş orasındadır, xəbər də yoxdur. Hərbi hissədən xəbər yoxdur. Nazirliyə də gedirsən, deyirlər, uşaq itkin düşüb, yoxdur. Yaxşı, bu nə morqda var, nə orada var, nə burada var, bəs bu uşaq haradadır?"
Ana danışır ki, oğlunun itkin düşdüyü xəbərindən sonra Moskvaya gedib, onun tapılması üçün DNT analizi verib, ancaq bu günə kimi müsbət nəticə əldə olunmayıb.
Hadisə yerində tapılan bioloji materiallar (saç, qan, dəri hüceyrələri, sümüklər və s.) əsasında şəxsin müəyyənləşdirilməsini, qohumluq əlaqəsini DNT analizi təmin edir.
Qohumdan və ya ailə üzvündən götürülən bioloji materialdan (qan, tüpürcək və s.) alınan nümunələr tapılan qalıqlarla tutuşdurulur.

Şəklin mənbəyi, Gülbəniz Qəniyeva
28 yaşlı Nihad Qəniyev İkinci Qarabağ müharibəsi vaxtı orduya çağrılıb, təxris olunduqdan sonra Bakıda, Moskvada bir müddət işləyib.
Sonuncu dəfə o, Moskvadan Hacıqabula qayıdıb, özünə sürücülük vəsiqəsi düzəldib, Rusiyaya qayıdıb və gedəndən az sonra anasına hərbi işə düzələcəyini, döyüşdə olmayacağını deyib.
Gülbəniz xanım oğlunun elə döyüşə getmək məqsədi ilə sürücülük vəsiqəsi düzəltdiyini, kiminsə onu şirnikləndirdiyini sonradan anlayıb, ancaq artıq gec olub.
"Arada özüm də, həqiqi, çox fikirləşirəm, səhv edib gedib. Çox ürəyimdə fırladıram ha. Sadəcə bilmirəm, mənə qaranlıqdır, bilmirəm orada nə olub", – Gülbəniz Qəniyeva deyib.
Ana deyir ki, oğluna söz veriblər ki, "sənə kart veriləcək, biri özündə, biri evdə olacaq", ancaq ananın heç bir puldan xəbəri yoxdur.
Gülbəniz Qəniyeva oğlunun pul alıb-almadığından əmin olmadığını deyib. Yalnız onu bilir ki, oğlu müqavilə əsasında Rusiya ordusuna qoşulub.

Azərbaycanda hakimiyyət Rusiyanın Ukraynanı ilhaqı başayandan bəri iki ölkə arasındakı müharibədə iştirak edən azərbaycanlılarla bağlı xəbərlərin üzərindən hər zaman sükutla keçib.
Lakin keçən ilin sonlarında vəziyyət dəyişdi. Azərbaycan və Rusiya arasında bir il davam edən gərginlikdən sonra 2025-ci il dekabrın 29-da Azərbaycan Baş Prokurorluğu da Rusiyanın Ukraynada apardığı müharibədə iştirak edən azərbaycanlıların olduğunu təsdiqləyən məlumat yaydı.
Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hərbi əməliyyatlarda iştirak etmiş azərbaycanlılar barədə sərt xəbərdarlıq edən ilk dövlət qurumunun reaksiyası idi.
"Bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var", – Baş Prokurorluq deyirdi.
Qurum həm hüquq-mühafizə orqanlarının araşdırmasına, həm də sosial mediada yayılan məlumatlara istinad etdiyini bildirdi.
Baş Prokurorluq heç bir rəqəm açıqlamayıb və yazı dərc olunana kimi BBC News Azərbaycancanın bu barədə sorğusuna cavab verməyib.
Azərbaycan Cinayət Məcəlləsinə görə, muzlu döyüşçü olmaq və ya Azərbaycanın yaratmadığı silahlı birləşmə və qruplarda döyüşmək cinayət hesab olunur; belə əmələ görə, qanunla 8 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulur.
Ağır cinayət hesab olunduğu halda ömürlük həbs cəzası da nəzərdə tutulub.
Mehdi Abbasovun hekayəsi

Oğlunun Rusiya ordusuna şirnikləndirilib cəlb edildiyini düşünən təkcə Gülbəniz Qəniyeva deyil.
Övladı Mehdinin Nihad kimi itkin olduğunu deyən Elçin Abbasov da hesab edir ki, oğlu tora düşüb.
Elçin Abbasov paytaxt Bakıdan 230 km məsafədə yerləşən Cəlilabadın Bayxanlı kəndində yaşayır və oğlu Rusiya–Ukrayna müharibəsində itkin düşüb.
Deyir ki, oğlu, 34 yaşlı Mehdi Abbasov 2025-ci ilin mayın 7-dən bəri itkindir, o, sonuncu dəfə Ukraynanın Luqansk bölgəsində hərbi hissədən aparılıb, o vaxtdan bəri ondan xəbər yoxdur.
Atası deyir ki, Mehdi 2025-ci ilin aprelin 3-də Rusiya ordusuna qatılmaq üçün müqavilə bağlayıb, iki gün sonra orduya aparılıb.
"Öyrənən kimi dərhal zəng edib soruşdum ki, niyə belə etdin, dərdin nə idi, nəyin əksik idi? Dedi ki, ata, gecdir artıq", – Elçin Abbasov BBC-yə müsahibəsində deyib.
Ailəsi Mehdi Abbasovla bir ay sosial media vasitəsilə danışıblar, mayın 5-dək əlaqə saxlayıblar. Ondan sonra ailəsi ondan xəbər ala bilməyib.
Elçin Abbasovun sözlərinə görə, oğlu üç ay təlimdə olacaqlarını desə də, heç 10 gün də təlimdə olmayıblar.
"Gedibsə, bu, özbaşına gedib, özgəsinin başına gedib, aldanıb gedib, pula şirnikləşib gedib… Bəs pula görə adam özünü güllə qabağına qoyar?… Elə şirnikləşdirirlər, çıxarırlar başdan, gedəndən sonra da gec olur", – Elçin Abbasov deyib.
O da oğlunun itkin xəbərindən sonra Moskvaya, oradan Mehdinin orduya getdiyi Tambova gedir, əli bir yerə çatmayan ata sonradan Moskvaya qayıtdığını deyir.
Elçin Abbasov həm Tambovda, həm də Moskvada DNT analizi verib, ancaq nəticə olmayıb, oğlu tapılmayıb.
"Minlərlə Mehdi kimi oğlanlar var orada..."
"Bir dənə Mehdi söhbəti deyil, minlərlə Mehdi kimi oğlanlar var orada. Yəni mən özüm Moskvada olanda, nazirliyə gedəndə o qədər adamlar gördüm orada. Elə hökmən deyil bunun hamısı Bakıdan getmə olsun. Mən orada o qədər valideynlər gördüm Azərbaycandan, Türkmənistandan, Tacikistandan, Qazaxıstandan", – Elçin Abbasov bildirib.
O, oğlunun üç övladına maddi təminat tələb etsə də, rəsmilərdən nə oğlu barədə xəbər, nə də maliyyə yardımı ala bilib.
Elçin Abbasovun sözlərinə görə, Rusiya qurumları oğlu tapılana kimi onun uşaqlarının təminatını etməyib.
Rusiyanın Bakıdakı səfirliyinə də müraciət etdiyini deyən Elçin Abbasov onlardan da "isti" münasibət görmədiyini deyib.
Onun sözlərinə görə, Rusiya səfirliyi onun müraciətinə "laqeyd" yanaşıb.
BBC Azərbaycanca yazı dərc olunana kimi Rusiyanın Bakıdakı səfirliyindən ailənin iddialarına cavab ala bilməyib.
Mehdi Abbasov 2023-cü ilin martından Rusiyaya işləməyə gedib, orada usta kimi ev tikintisində çalışıb. Rusiyaya gedəndə həyat yoldaşı və üç uşağı Azərbaycanda qalıb.
Atası deyir ki, Rusiya ordusuna qoşulandan sonra Mehdi Abbasov ailəsinə Azərbaycan manatı ilə təqribən 12 min manat pul göndərib.
"Biz araşdırdıq ki, həmin pulun 4 mini bir aylıq maaşı olub, qalan pul da müqavilədə yazılan, ona veriləcək 15 min manatın 50 faizi olub", – Elçin Abbasov deyib.
İtkin düşdüyü xəbəri veriləndən bəri də onun maaşının verilməsi dayandırılıb.
Rusiya Müdafiə Nazirliyi yazı dərc olunana kimi ailənin iddiaları barədə BBC Azərbaycancanın sorğusuna cavab verməyib.
Rusiyada ona deyiblər ki, oğlu Luqanskda hərbi hissədən naməlum istiqamətə aparılıb.
Atanın sözlərinə görə, öyrənib ki, hər dəfə komandanlıqdan kimsə oğlunun olduğu hərbi hissəyə gəlib onlarla əsgəri naməlum istiqamətə aparırmış.
Elçin bəy danışır ki, "Bunları da gəlib elə götürüb aparıblar, 15 nəfər olublar. Elə o gedən gediblər, 15 nəfərdən bir nəfər də geri qayıtmayıb".
Elşən Süleymanovun hekayəsi

Şəklin mənbəyi, Əli Süleymanov
Azərbaycan qurumları ölkə daxilində ictimai şəkildə vətəndaşlarının axtarışı ilə məşğul olmasa da, ailələr öz imkanları ilə yaxınlarının axtarışını davam etdirirlər.
İtkin düşən qardaşını axtaran Əli Süleymanov deyir ki, Azərbaycan hökumətinin mövqeyini anlayır. Onun qardaşı ikili vətəndaş olub, sonradan vətəndaşlığını aldığı Rusiya tərəfindən döyüşə gedib və itkin düşüb.
O da qardaşının normal şərtlər daxilində orduya yazılmadığını hesab edir.
Əli Süleymanovun qardaşı, Rusiyada itkin düşən 53 yaşlı Elşən Süleymanov Füzuli rayonunun Böyük Bəhmənli kəndindədir.
Qardaşı BBC-yə deyib ki, Elşən Sovet dövründə hərbi xidmət keçərkən ordudan yarımçıq təxris olunub, ona beyin sarsılması diaqnozu qoyulub, hərbi xidmətə yararsız hesab olunub.
O, sonradan Azərbaycana qayıdıb, Böyük Bəhmənli kəndində yaşayıb, 1995-ci ildə işləmək üçün Rusiyaya gedib.
Elşən Rusiyada ticarətlə məşğul olub və 2001-ci ildə Azərbaycana qayıdıb, ailə qurub.
1999-cu ildə həm də Rusiya vətəndaşlığını alıb.

Əli Süleymanov BBC-yə deyib ki, qardaşı Elşən yaxşı yaşayıb, maddi vəziyyəti pis olmayıb, şəxsi mənzili, avtomobili, bağ evi olub. İki övladı Rusiyanın müxtəlif bölgələrində prestijli ixtisaslarda ali təhsil alırlar.
O danışır ki, qardaşı Sovet dövründə orduya çağrılıb, az müddət xidmət edəndən sonra başından zərbə alıb və həmin vaxt hərbi xidmətə yayarsız sayılıb xidmətini tamamlamamış evə qayıdıb.
Əli Süleymanovun sözlərinə görə, başından aldığı həmin zərbəyə görə, qardaşının əqli problemləri olub, vaxtaşırı qısa müddətlik yaddaş itkisi də olub.
Qardaşı güman edir ki, Elşən Süleymanovun müharibəyə getmək qərarı da bununla əlaqəli olub.
"Mən martın birində eşitdim ki, o, orduya yazılıb, dedim, axı necə olur onu aparırlar, axı, ona olmaz. Bunun maşını, evi, maddi durumu yaxşı. Nə vadar edib bunu? Daçası da var, maşını da qalıb qarajda".
"Mənim özümə də maraqlıdır ki, bu, necə hökumətdir ki, belə bir insanı cəbhəyə aparır? 53 yaşı var onun".
Ailəsinə onun 2025-ci ilində müqavilə bağlayaraq orduya getdiyi deyilir. Rusiya Müdafiə Nazirliyi BBC Azərbaycancanın göndərdiyi, bu ailənin iddialarının da arasında olduğu sualları cavablandırmayıb.
"Martın 21-də hərbi komissarlıq bunu çağırıb, aparıb. Bir ay bu, təlimdə olmalıymış, amma bunu basıblar cəbhəyə. Cəmi 8 gündən sonra onunla əlaqə kəsilib. Aprelin 28-i itkin düşüb", – Əli Süleymanov BBC-yə deyib.
Həyat yoldaşına deyilib ki, itkindir, gözləyin, xəbər verəcəyik. Ancaq aylar keçib, ailəyə heç bir məlumat verən yoxdur.

Şəklin mənbəyi, Diana Deliurman/Frontliner/Getty Images
Adının açıqlanmasını istəməyən başqa iki itkin yaxını da BBC-yə müsahibəsində deyiblər ki, onlar qardaşlarının ölüm xəbərinə inanmırlar.
Onlar qardaşlarının sağ olduğuna, Ukrayna tərəfində əsir olduğuna inanır və ya hardasa olduğunu hesab edirlər.
Hər iki ailənin oğlu İkinci Qarabağ müharibəsində iştirak edib.
Onlar müxtəlif ərazilərin azad olunmasında iştiraklarına görə mükafatlandırılıblar da.
Azərbaycanda sosial mediada bəzi şəxslərin İkinci Qarabağ müharibəsi iştirakçılarından bəzilərini böyük məbləğlərdə pul qarşılığında şirnikləndirib Rusiya üçün döyüşməyə cəlb etdiyi ilə bağlı iddialar yayılıb.
Ancaq hələ ki, rəsmi qurumlar bununla bağlı açıqlama verməyib, Baş Prokurorluğun məlumatında da bu məsələyə toxunulmayıb.
- AZAL təyyarə qəzası - Bakı və Moskva arasında keçən gərgin bir il: münasibətlər yaxşılaşacaqmı?
- Azərbaycan-Rusiya gərginliyinin sonu nə olacaq?
- Rusiya ilə Azərbaycan arasında barışıq üçün 7 sual
- Əliyev-Putin görüşü: AZAL təyyarəsinin yaxınlığında "zenit raketlər partlayıb", - Rusiya Prezidenti etiraf edib
Azərbaycan hakimiyyəti də narazıdır

Şəklin mənbəyi, DTX
Baş Prokurorluq elan edib ki, artıq bəzi şəxslər həmin cinayətlərə görə uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər.
Ancaq qurum nə şəxslərin sayını, onların konkret hansı cinayətlərə görə cəzalandırılmasını və belə işlərin detalları barədə BBC-nin sorğusuna cavab verməyib.
Rəsmi məlumatda deyilir ki, "digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir". Qurum bu barədə də ətraflı məlumat verməyib.
Rusiya-Ukrayna müharibəsində iştirak etdiyi üçün dörd Azərbaycan vətəndaşı həbs olunub, Dövlət Təhlükəsizlik Xidməti (DTX) fevralın 3-də açıqlayıb.
Qurum onların 2026-cı ilin yanvarında saxlanıldığını bildirib.
DTX deyir ki, onların Rusiya və Ukrayna silahlı birləşmələrində döyüşmələri sübuta yetirilib.
Həbs edildiyi deyilən şəxslərin bu ittihama münasibəti bəlli deyil.
Onlardan 3-nün 32-35 yaş aralığında olduğu deyilir, digərinin təvəllüdü göstərilməyib.
DTX cinayət işinin detalları barədə əlavə məlumat verməyib.
Ancaq bildirib ki, Rusiya-Ukrayna müharibəsində xeyli Azərbaycan vətəndaşı həlak olub, itkin düşüb və ya yaralanıb.
Bəziləri isə əsirlikdə saxlanılır.
Rusiya Xarici İşlər Nazirliyi və bu ölkənin Bakıdakı səfirliyi BBC Azərbaycancanın müharibədə nə qədər azərbaycanlının iştirak etdiyi, həlak olduğu, yaralandığı, itkin düşdüyü barədə olan sorğusuna yazı dərc olunana kimi cavab verməyib.
BBC Azərbaycancanın araşdırdığı siyahıdakı itkinlərin bəzilərinin Gəncədən, Hacıqabuldan, Mingəçevirdən, Lənkərandan, Ağsudan olduğu məlum olub.
Araşdırmamız göstərir ki, öldüyü deyilən 47 nəfərdən bəziləri Lənkərandan, Şəmkirdən, Gəncədən, Xaçmazdan, Zaqataladan, Yevlaxdan, Tərtərdən, Masallıdan, Ağdaşdan, Cəlilabaddan, Bakıdan və Tovuzdandır.
Bir nəfər isə Ermənistanda anadan olan azərbaycanlıdır.
Rəsmi təsdiqi olmasa da, azərbaycandilli sosial media platformalarının monitorinqi göstərir ki, azərbaycanlıların Rusiya tərəfindən cəbhəyə zorla aparılması barədə iddialar çoxdur.
Belə iddialar hakimiyyətə yaxın medialarda da irəli sürülməkdədir.
Hökumətyönlü APA agentliyi yazıb ki, Rusiyada işləyən Azərbaycan vətəndaşı Tahir Rufullayev zorla müharibəyə aparılıb.
Onun anası yerli mediaya danışıb ki, oğlu Tahir iki il əvvəl maddi vəziyyəti yaxşılaşdırmaq üçün Rusiyaya işləməyə gedib və sənədləri olmadığı üçün qeyri-rəsmi şəkildə işləyib.
Anasının iddialarına görə, polis onu ya orduda döyüşməyə, ya da narkotik ittihamı ilə uzunmüddətli həbsə məhkum edilməklə hədələyib və işgəncələrə məruz qoyub.
Sonabəyim Fərziyeva APA-a deyib ki, oğlunun məhkəməsi olmalıymış, ancaq onu 2026-cı il yanvarın 15-də gizli şəkildə Ukraynaya aparıblar.
Deyilir ki, Tahir sonuncu dəfə anası ilə bir sürücünün telefonu vasitəsilə əlaqə saxlayıb, sonradan ondan xəbər çıxmayıb.
Sonabəyim Fərzəliyeva dövlət qurumlarından oğlunun tapılıb geri qaytarılması üçün kömək istəyir və qeyd edir ki, Rusiya azərbaycanlı miqrantları mütəmadi olaraq zorla müharibəyə göndərir.
APA-nın yanvarın 5-də yaydığı başqa bir məlumatına görə, "Azərbaycan vətəndaşı olan 20 nəfər Ukrayna ilə müharibəyə cəlb olunub".
Agentlik xəbəri öz mənbələrinə istinadən yazıb və bildirib ki, tikintidə işləyən azərbaycanlı miqrantlar başqa millətdən olanlarla birgə orduya cəlb ediliblər.
"Həmin qrupda təxminən 20 azərbaycanlı var, onlar faktiki girov vəziyyətində Ukrayna ilə müharibəyə hazırlanırlar", - APA yazıb.
Yazıda iddia olunur ki, Rusiyada miqrantlar müxtəlif yollarla, şirnikləndirici vasitələrlə, aldadılmaqla, hədə-qorxu ilə və s. üsullarla döyüşə göndərilirlər.
Elə bizə danışan itkin azərbaycanlıların yaxınları da ailə üzvlərinin şirnikləndirildiyini, aldadıldığını deyərək Rusiya-Ukrayna müharibəsinə cəlb edildiyini bildiriblər.
Ancaq onlardan heç biri yaxınlarının zorla aparıldığını deməyib, müqavilə əsasında cəbhəyə getdiklərini bildiriblər.
Azərbaycanlı ailələrsə hərəsi bir yolla yaxınlarını axtarır. Kimisi bir neçə il sonra əzizinin nəşini, bəzən də dəfn olunduğu yeri tapa bilir. İtkin ailələri isə hələ də müxtəlif kanallar, qohumlar, tanışlar, Rusiyada, Ukraynada yaşayanlar vasitəsilə yaxınıarını axtarmağa davam edirlər.
"Хочу найти/I Want to Find (Tapmaq istəyirəm)" layihəsi üzrə Ukrayna tərəfinə edilən müraciətlər üzrə indiyə kimi 84 mindən çox axtarış sorğusu göndərilib.
BBC Azərbaycanca Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinə müharibədə öldürülən və itkin düşən azərbaycanlılarla bağlı sorğu göndərib. Yazı dərc edilənə kimi qurum sorğuya cavab verməyib.
BBC News Azərbaycanca olaraq Rusiya-Ukrayna müharibəsində həlak olanların və itkin düşənlərin, eləcə də bu münaqişədən zərər çəkənlərin hekayələrini sizinlə bölüşməyə davam edəcəyik.



























