Azərbaycanda elektron siqaret qadağan olunur: elektron siqaret nədir, hansı zərərləri var?

siqaret

Şəklin mənbəyi, Getty

Oxuma vaxtı: 3 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanda aprelin 1-dən nikotin tərkibli elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışı qadağan edilir.

Prezident İlham Əliyev Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Milli Məclis isə təklif edib ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunsun. Elə satanlar üçün də yüksək məbləğdə müxtəlif cərimələrin tətbiqi təklif olunur.

Elektron siqaret nədir? Hansı zərərləri var? Siqareti tərgitmək istəyənlər üçün alternativdirmi? BBC Azərbaycanca bu və digər suallara cavabları bir araya toplayıb.

Elektron siqaret nədir?

elektron siqaret

Şəklin mənbəyi, Getty İmages

Elektron siqaretdə nikotindən, müxtəlif iylərdən və qatqılardan ibarət maye var və bu maye qızıb buxara çevrilərək nəfəs borusu vasitəsilə ağciyərə yayılır.

Mütəxəssislər bunun ağciyər reaksiyalarına, tənəffüs çatışmazlığına və reanimasiya şəraitində müalicə tələb edən problemlərə səbəb olduğunu söyləyirlər.

Türk Toraks dərnəyinin araşdırmasına görə, elektron siqaretlərin tərkibində müxtəlif kimyəvi maddələr var:

  • propilen
  • qlikol
  • qliserin
  • etilen spirti
  • polietilen qlikol (PEG400)
  • diasetil dietilen qlikol
  • amino-tadalafil
  • rimonabant
  • kannabibinoid
  • nitrozaminlər
  • formaldehid
  • asetaldehid ketonu
  • merkuri
  • tetrametilpirazin
  • qurşun
  • nikel
  • xrom
  • nikotin
  • süni qoxular

Elektron siqaret ənənəvi siqaretı zərərsiz alternativdirmi?

siqaret

Şəklin mənbəyi, Getty

Memorial Baxçalıevlər Xəstəxanasının Siqareti Tərgitmə Poliklinikasının həkimi Sinem İliaz elektron siqaretlərin "zərərsiz alternativ" kimi təqdim edildiyini deyir:

"Amma onların təhlükəsiz olduğunu demək üçün əlimizdə kifayət qədər və uzunmüddətli elmi sübutlar yoxdur. Bunun əksinə qısa müddətdə çox mənfi nəticələr olduğuna dair məlumatlar çıxmağa başlayıb".

İliaz deyir ki, əslində elektron siqaret ənənəvi siqaretdən asılılığı azaltmır, əkisinə, nikotin asılılığı davam edir.

"Bu siqaretə keçənlərin yenidən adi siqaretə qayıtması halları çox yaygındır. Ona görə də hesab olunur ki, şirkətlər tütün/nikotin asılılığını və dolayısıyla siqaret bazarını aktiv saxlamaq üçün e-siqaretlərdən istifadə edirlər".

Elekton siqaretin hansı zərərləri var?

elektron siqaret

Şəklin mənbəyi, Getty

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Türkiyədə mənzillənən "Sağlamlığa hə deyək" dərnəyinin rəhbəri, uşaq sağlamlığı və sinə xəstəlikləri üzrə mütəxəssis Elif Dağlı deyir ki, elektron siqaretin yan təsirləri adi siqaretdə olduğundan daha çoxdur:

"E-siqaret təhlükəsiz deyil. Müxtəlif araşdırmalarda aşkar edilib ki, bu siqaretə əlavə edilən qoxu və dadlandırıcılar tənəffüs sisteminə zərər vurur. Elektron siqaretlərin tütün tərkibli siqaretlərdən imtinaya vadar etdirməsinə dair heç bir elmi sübut yoxdur. Bu siqareti çəkəndən dərhal sonra üzə çıxan kəskin yan təsirlər də adi siqaretdəkindən daha çox olur".

Sinem İliaz vurğulayır ki, e-siqaretin tərkibindəki nikotin bu maddədən asılılığı artırır:

"Nikotin bədənimizdə olan və mühüm funksiyalara malik bir maddədir. Ancaq bu maddənin uzun müddət, məsələn, siqaret çəkməklə yüksək dozada qəbul edilməsi asılılığa səbəb olur.

"Elektron siqaretin tərkibindəki nikotin eynilə adi siqaretdəkinə bənzər şirniklənmə mexanizmlərini işə salır; xoşbəxtlik, məmnunluq və rahatlıq hissi əmələ gətirir və beləliklə, asılılıq yaradır. Narkomaniyada da oxşar mexanizmlər işləyir".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "tütün epidemiyası" nəticəsində hər il 8 milyondan çox insan ölür. Bu ölümlərin 1,2 milyonu passiv istifadəçilikdən qaynaqlanır. ÜST tütün epidemiyasını dünyanın üzləşdiyi ən böyük ictimai sağlamlıq təhdidlərindən biri hesab edir.

Elektron siqaretdən istifadəni necə əngəlləmək olar?

Elif Dağlı deyir ki, e-siqaret istehlakının qarşısını almaq üçün qaydalara nəzarət edilməli və çəkindirici sanksiyalar tətbiq edilməlidir:

"Asılılığa qarşı mübarizə və onun qarşısının alınması çox ciddi və güclü siyasi iradə tələb edir. Güclü iqtisadiyyatı olan ölkələr buna nail ola bilərlər. Digərlərində siqaret sənayesi hamıya qazanmaq vədləri verir. Təkcə qanunlar və müvafiq qaydalar tətbiq etmək kifayət deyil. Onların icrasına yerlərdə və internetdə nəzarət etmək lazımdır, mənbələr yoxlanmalı və sanksiyalar çəkindirici olmalıdır.

Sinem İliaz da hesab edir ki, e-siqaretdən istifadəyə münasibətimiz adi siqaretə münasibətimizdən fərqli olmamalıdır:

"Gənclərin və uşaqların gözü qarşısında siqaret çəkilməməli, bu cihazlardan istifadə təşviq edilməməli, e-siqaretin də nikotin aludəçiliyi yaratdığı unudulmamalıdır. E-siqaretdən istifadə edən gənclərdə nikotin asılılığı yaranır və onlar gələcəyin potensial siqaret çəkənlərinə çevrilirlər".