You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
ABŞ İranın karqo gəmisinə hücum edib və onu ələ keçirib
ABŞ və İran arasında atəşkəsin 13-cü günündə Yaxın Şərqdə gərginlik davam edir:
- ABŞ Prezidenti Donald Trump bildirib ki, ABŞ dəniz qüvvələri İrana məxsus karqo gəmisinə hücum edib və onu ələ keçirib.
- İran ABŞ-ın bu hərəkətini "atəşkəsin pozulması" adlandırıb
- İran ABŞ-ın Oman körfəzindəki hərbi gəmilərinə dron hücumları etdiyini açıqlayıb.
Bu və digər xəbərləri aşağıda oxuyun.
ABŞ İranın kargo gəmisini ələ keçirdiyini bildirib.
ABŞ və İran arasında danışıqların növbəti raunduna hazırlıq gedərkən, Prezident Donald Trump aprelin 19-da Truth Social sosial media hesabında yazıb ki, ölkəsinin dəniz qüvvələri İrana məxsus karqo gəmisini ələ keçirib.
Ağ Ev rəhbəri qeyd edib ki, bazar günü ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi mühasirədən keçmək istəyən "Tuska" adlı İrana məxsus yük gəmisi Oman körfəzində ABŞ-ın Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və gəmi ekipajına "dayanmaları üçün qanun çərçivəsində xəbərdarlıq" edilib.
"İranlı gəmi ekipajı xəbərdarlığa qulaq asmaqdan imtina edib. Nəticədə dəniz qüvvələrimiz gəminin mühərrik hissəsində deşik açdıqdan sonra onların hərəkətini dayandırıblar", - Trump yazıb.
O qeyd edib ki, gəmi "əvvəllər qanunsuz fəaliyyətinə görə" ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyaları altında olub və indi dəniz qüvvələri "gəmidə nələrin olduğunu araşdırırlar".
İran ABŞ gəmilərinə dronlarla hücum edib – İran mediası yazıb
İran ABŞ-ın Oman körfəzindəki hərbi gəmilərinə dron hücumları həyata keçirib, İranın Tasnim xəbər agentliyi məlumat yayıb.
Hələlik dron hücumları nəticəsində dəyən zərər barədə məlumat verilməyib.
Bir qədər əvvəl isə İranın Xatam Əl-Ənbiya hərbi qərargahı ABŞ-ın İran bayrağı ilə üzən karqo gəmisini ələ keçirməsini "atəşkəsin pozulması" adlandırmışdı və buna cavab verəcəklərini bildirmişdi.
İran dövlət mediasında yayılan bəyanata görə, qurumun sözçüsü deyib ki, ABŞ "Oman dənizində üzən İranın kommersiya gəmilərindən birinə atəş açaraq atəşkəsi pozub, onun naviqasiya sistemini yararsız hala salıb" və dəniz qüvvələrini "gəminin göyərtəsinə göndərib".
"İran İslam Respublikasının Silahlı Qüvvələri buna tezliklə cavab verəcək və ABŞ dəniz qüvvələrinin bu silahlı piratçılıq hərəkətinə görə qisas alacaq", bəyanatda qeyd olunub.
İran: ABŞ-la danışıqlarda irəliləyiş olsa da, tərəflər hələ razılaşmadan uzaqdır
İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ ilə müharibəni bitirmək üçün aparılan danışıqlarda irəliləyiş əldə edildiyini, lakin iki tərəfin hələ son razılaşmaya yaxın olmadığını bildirib.
İranın danışıqlarda iştirak edən nümayəndələrindən biri olan Qalibaf ötən həftə ABŞ-ın vitse-prezidenti JD Vans də daxil olmaqla ABŞ nümayəndələri ilə sülh danışıqları aparmaq üçün Pakistanda olub.
Danışıqların növbəti mərhələsinin tarixi hələ açıqlanmayıb.
Şənbə günü Oval Ofisdə jurnalistlərə danışan ABŞ Prezidenti Donald Trump İranla "çox yaxşı danışıqların" aparıldığını, lakin Tehranın Hörmüz boğazı ilə bağlı ABŞ-ı "şantaj etməsinə" icazə verməyəcəyini bildirib.
O, İranı 47 ildir etdikləri kimi hiyləgər davranmaqda ittiham edib.
Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-ın İran limanlarını blokadada saxlamasının İranla əməliyyat tam başa çatana qədər davam edəcəyini bildirmişdi.
ABŞ Prezidenti Trump deyib ki, İran liderləri Hörmüz boğazını bağlamaq istəyirlər, lakin ABŞ onların onu "şantaj etməsinə" imkan verməyəcək.
O əlavə edir ki, ABŞ-ın mövqeyi sərtdir.
"Azı iki ticarət gəmisi boğazı keçməyə çalışarkən atəşə tutulub"
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, Hörmüz boğazında bir tanker İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunan iki silahlı qayıqdan atəşə tutulduğunu bildirib.
Hadisə Omanın şimal-şərqindən 20 dəniz mili məsafəsində baş verib.
UKMTO əlavə edir ki, tanker və heyət üzvlərinin sağ-salamat olduğu bildirilir.
Üç mənbə Reuters xəbər agentliyinə bildirib ki, ayrıca olaraq, azı iki ticarət gəmisi boğazı keçməyə çalışarkən atəşə tutulduğunu bildirib.
Hörmüz boğazı "əvvəlki vəziyyətinə qayıdacaq"
Aprelin 18-də İran dövlət mediası yazıb ki, İran ordusu Hörmüz boğazına nəzarəti bərpa etdiyini bildirib.
Hakimiyyətə bağlı xəbər agentlikləri İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən yazıblar ki, Hörmüz boğazı əraziyə silahlı qüvvələrin nəzarət etdiyi "əvvəlki vəziyyətinə" qayıdacaq.
Hərbi bəyanatda SEPAH ABŞ-ı "piratçılıqda" ittiham edir və onun "sözdə blokada"sının dəniz quldurluğuna bərabər olduğu bildirilir.
İran ABŞ limanlarını blokada etməyə davam edərsə, boğazı bağlayacağını bildirmişdi.
BBC MarineTraffic-ə əsasən yazır ki, bir neçə gəminin istiqamətini dəyişdiyi görünür.
MarineTraffic izləmə saytında "Minerva Europi" gəmisinin mənşəyinə qayıtmaq üçün geri döndüyü görünür.
İran xəbərdarlıq edib: ABŞ blokadası davam edərsə, Hörmüz boğazı "açıq qalmayacaq"
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib ki, ABŞ İranın dənizdən blokadasını davam etdirərsə, Hormüz boğazı "açıq qalmayacaq".
Aprelin 17-də İranın xarici işlər naziri Abbas Əraqçı bildirmişdi ki, ABŞ-la əldə edilən atəşkəs bitənə qədər Hörmüz boğazı açıqdı.
ABŞ Prezidenti Donald Trump bunu təqdir etmişdi.
Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəyə başladığından günlər sonra İran Hörmüz boğazından gəmilərin keçidinə maneə yaratmışdı.
Məhəmməd Bağır Qalibaf X hesabında yazıb ki, Donald Tramp "bir saat ərzində yeddi iddia irəli sürüb və bunların yeddisi də yalan"dır.
Qalibaf əlavə edib ki, "Onlar [ABŞ] müharibəni qazana bilmədilər və bu yalanlarla danışıqlarda heç bir nəticə əldə edə bilməyəcəklər".
O, İslamabadda ABŞ-la danışıqlar aparan İran nümayəndə heyətinə rəhbərlik edir.
"21 gəmi geri göndərilib"
Donald Tramp ABŞ-ın İran limanlarına qarşı dəniz blokadasının ABŞ-İran tam razılaşması əldə olunana qədər qüvvədə qalacağını bildirib.
ABŞ Mərkəzi Komandanlığı 13 apreldə başlayan blokadanın indiyə qədər 21 gəmini geri dönməyə və İrana qayıtmağa məcbur etdiyini bildirir.
MarineTraffic izləmə saytının məlumatları göstərir ki, gəmilər Hörmüz boğazından hərəkət edir.
Saytın məlumatına görə, neft, mayeləşdirilmiş neft qazı və kimyəvi maddələr daşımaq üçün nəzərdə tutulmuş gəmilərin də daxil olduğu bir neçə gəmi əsas dəniz dəhlizindən keçir.