Pezeşkian İranın qonşularından üzr istəyib

Şəklin mənbəyi, İRİB/REUTERS
Müharibənin səkkizinci günündə Tehranda hava limanına "böyük hücum" olub. İran Təl-Əviv və Qüds/Yerusəlim şəhərlərinə raket və dronlarla zərbələr endirib.
İranın yeni ali lideri "24 saat ərzində seçilə bilər"
BƏƏ-nin Prezidenti: "Biz asan ov deyilik"
Bir tehranlı son gecəni "ikinci ən ağır gecə" adlandırıb.
Trump bu gün İranın "sərt şəkildə vurulacağını" vəd edib.
Bu və digər xəbərləri aşağıda oxuyun.
İranın yeni ali lideri "24 saat ərzində seçilə bilər"
İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı olan Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın növbəti ali liderini seçəcək qurumun üzvü, qərarın növbəti 24 saat ərzində veriləcəyinə "güclü ümid" bəslədiyini bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İran Ekspertlər Məclisinin üzvü Hüseyn Mozzafari ictimaiyyəti proses davam edərkən fərziyyələrdən çəkinməyə çağırıb.
BƏƏ-nin Prezidenti: "Biz asan ov deyilik"

Şəklin mənbəyi, Reuters
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu gün açıq şəkildə çıxış edərək, "müharibə dövründə" olmasına baxmayaraq, "BƏƏ-də hər şeyin yaxşı olduğunu" bildirib.
O, "BƏƏ-nin düşmənləri"nə birbaşa müraciət edərək deyib: "BƏƏ-nin qalın dərisi və acı əti var - biz asan ov deyilik".
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan həmçinin "xalqımızı və ölkəmizi qorumaq öhdəliyin"dən danışıb və ölkənin "əvvəlkindən daha güclü şəkildə ortaya çıxacağına" söz verib.
Ölkə İran hücumlarına məruz qalıb və bu səhər sosial mediada paylaşılan görüntülərdə Dubay Beynəlxalq Hava Limanı yaxınlığında dron hücumu göstərilir.

Şəklin mənbəyi, EPA/Shutterstock
ABŞ və İsrailin İrana hücumlarına qarşı minlərlə etirazçı Londondakı ABŞ səfirliyinə doğru irəliləyir.
Bir çoxları Prezident Donald Trampı tənqid edən mesajlar səsləndirir vəya belə şüarlar yazılmış plakatlar qaldırıb.
Təşkilatçılar bunun İran rejimini dəstəkləyən bir etiraz deyil, "qanunsuz, təhrik edilməmiş və əsassız" hərəkətlərə son qoymaq çağırışı olduğunu bildirirlər.
İsrail Müdafiə Ordusu İrandan İsrailə doğru atılan raket atıldığını deyib.
Daha əvvəl Hizbullah İsrailin Safed şəhərinin şimal-şərqində yerləşən Dado hərbi bazasını raket zərbəsi ilə hədəf aldığını bildirib.
Telegram-da yayılmış paylaşımda bildirilir ki, zərbə İsrailin "Beyrutun cənub ətrafı da daxil olmaqla, onlarla Livan şəhər və qəsəbəsinə" hücumlarına cavab olaraq endirilib.
Bundan sonra İsrail Beyrutun cənubunda Hizbullah hədəflərini vuracağı barədə xəbərdarlıq edib.
Bu səhər İsrail Tehran və İsfahana yeni hücumlar həyata keçirdiyini qeyd edib.
Pezeşkian üzr istədi, bəs o, həqiqətən İran rəhbərliyi adından danışırmı?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
BBC-dən John Simpson yazır ki, Prezident Məsud Pezeşkianın Körfəz ölkələrinə endirilən zərbələrə görə üzr istəməsi və onların ərazisindən İrana hücumlar olmasa, onlara zərbə vurmayacağına dair vədi zeytun budağı kimi görünür.
Bəs Pezeşkian həqiqətən İran rəhbərliyi adından danışırmı?
Seçilmiş prezident olsa da, o, keçmiş Ali dini lider Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei və ya İslam İnqilabı Keşikçiləri Korpusunun sağ qalan komandirləri kimi sərt xətt tərəfdarları ilə eyni səlahiyyətə malik deyil.
Keçmiş ürək cərrahı olan Pezeşkian 2024-cü ildə prezident seçilib, nisbətən mülayim biri kimi tanınır və İran iyerarxiyasında həmişə kənar şəxs olub.
Bəlkə o, bu müharibə bitdikdən sonra amerikalılara onunla iş görə biləcəklərini göstərmək üçün bir işarə verir?
Sərt xətt tərəfdarlarına gəldikdə isə, bu mərhələdə barışıq göstərmək istədiklərini düşünmək çətindir. Onlar illərdir ki, Amerika və İsrail hücumuna hazırlaşıb və iman uğrunda fədakarlığı vurğulayan şiə İslamı ruhunda tərbiyə olunublar.
Rəhbərlikdə real gücə malik kişilər, şübhəsiz ki, mütəmadi müqavimət göstərməyin tərəfindədirlər. Onlar bilirlər ki, İsrail və Amerika hücumundan sağ çıxa bilsələr, bu, bir növ qələbə olacaq.

Şəklin mənbəyi, AFP via Getty Images
Trump: "İran bu gün çox sərt şəkildə vurulacaq"
ABŞ Prezidenti Donald Tramp Truth Social media hesabında bildirib ki, İran Prezidenti Pezeşkianın "vədi yalnız ABŞ və İsrailin dayanmadan davam edən hücumları nəticəsində verilib".
Bu gün İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasında çıxış edərək, "öz Yaxın Şərq qonşularından üzr istəyib, təslim olub və onlara daha atəş açmayacağına söz verib".
Lakin Pezeşkianın vədinə rəğmən, İran tam şəkildə hücumlarını dayandırmayıb — Dubay Beynəlxalq Hava Limanı yaxınlığında dron zərbəsi müşahidə olunub, Qətər isə raket tutduğunu açıqlayıb.
Tramp paylaşımının davamında bəyan edib ki, "bu gün İran çox sərt şəkildə vurulacaq!"
O vurğulayıb ki, "tam məhvetmə və öldürülməsi üçün ciddi şəkildə nəzərdən keçirilən" yeni hədəflər var və bunlar "indiyə qədər hədəf siyahısında olmayan bölgələr və qruplardır".
"Tehranı xurd-xəşil etdilər" - sakinlərdən biri
İsrail İrana növbəti zərbə dalğasını başa çatdırdığını elan edib.
İsrail əməliyyatda 80 döyüş təyyarəsinin iştirak etdiyini açıqlayıb.
İsrail Müdafiə Qüvvələri bildirib ki, hədəfdə "bir neçə hərbi nöqtə" - SEPAH-ın hərbi universiteti, İmam Hüseyn Universiteti olub.
Tehranda isə insanlar martın 6-dan 7-nə keçən gecəni "ikinci ən ağır gecə" adlandırıblar.
"Gecə 2-də partlayış səsinə oyandım. İkinci ən pis gecə idi", - Tehranda 40 yaşlarında bir qadın BBC-yə deyib.
"Hələ də oyağam, Tehranı xurd-xəşil etdilər", - yerli vaxtla səhər 4-də 20 yaşlarında bir tehranlı kişi BBC Farscadan Qönçə Həbibazada deyib.
Dubay hava limanı yaxınlığında partlayış və güclü tüstü müşahidə olunur
BBC Dubay Beynəlxalq Hava Limanı yaxınlığında dron zərbəsini göstərən görüntüləri dəqiqləşdirə bilib.
Sosial şəbəkələrdə paylaşılmış videoda Dubayda, hava limanının terminalına yaxın ərazidə partlayış və böyük tüstü buludu müşahidə olunur. Kadrda bir nəfər "başqa bir dron"dan danışır və partlayışdan əvvəl güclü uğultu səsi eşidilir.
Zərbənin dəqiq yeri məlum olmasa da, görüntülər onun hava limanının yaxınlığında baş verdiyini göstərir.
Bu arada İran mediası Hörmüz boğazında vurulmuş neft tankerinin yanan görüntüsünü paylaşıb.
Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əvvəlki açıqlamasından sonra yayılıb. Həmin açıqlamada qurum Hörmüz boğazından keçən bir neft tankerini hədəf aldıqlarını açıqlamışdılar.
İİKK yenidən bəyan edib ki, "düşmən ölkələrlə müttəfiq olan" neft tankerlərinin və kommersiya gəmilərinin boğazdan keçməsinə icazə verilmir.

Şəklin mənbəyi, İRNA
Pezeşkian qonşu ölkələrdən üzr istəyib

Şəklin mənbəyi, IRNA
İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrdən üzr istəyib.
"Hücuma məruz qalan qonşu ölkələrdən üzr istəməyi zəruri hesab edirəm", Prezident Pezeşkianın İran dövlət televiziyasında videomüraciəti yayımlayıb.
"Biz qonşu ölkələrə hücum etmək niyyətində deyilik" deyən cənab Pezeşkian "sülh və əmin-amanlıq yaratmaq" üçün regional əməkdaşlığa çağırış edib.
Pezeşkian qeyd edib ki, rəhbərlik silahlı qüvvələrə əmr verib ki, "bundan sonra ilk hücuma məruz qalmadıqca qonşu ölkələrə hücum etməyin".
"Bu andan istifadə edərək İrana hücum etməyi düşünənlər imperializmin kuklalarına çevrilməməlidirlər", - deyə Prezident Pezeşkian bildirib və əlavə edib ki, İsraili və ya ABŞ-ı dəstəkləmək "şərəf və azadlığa aparan yol deyil".
"Tehranı xurd-xəşil etdilər" - sakinlərdən biri deyir
İsrail İrana növbəti zərbə dalğasını başa çatdırdığını elan edib.
Qurum 80 döyüş təyyarəsinin əməliyyatda iştirak etdiyini bildirib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, hədəfdə "bir neçə hərbi nöqtələr" - SEPAH-ın hərbi universiteti, İmam Hüseyn Universiteti olub.
Tehranda isə insanlar martın 6-dan 7-ə keçən gecəni "ikinci ən ağır gecə" adlandırıblar.
"Gecə 2-də partlayış səsinə oyandım. İkinci ən pis gecə idi", Tehranda 40 yaşlarında bir qadın BBC-yə deyib.
"Hələ də oyağam, Tehranı xurd-xəşil etdilər", yerli vaxtla səhər 4-də 20 yaşlarında olan tehranlı kişi BBC Farscadan Qönçə Həbibazada deyib.
Səudiyyət Ərəbistanı İranı "ağıllı davranmağa" çağırıb
İran Ordusu bildirib ki, Abu-Dabi və Küveytdəki ABŞ hərbi bazalarına dronlarla hücuma keçib.
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman İranı "səhv hesablamalardan çəkinməyə və ağıllı davranmağa" çağırıb.
Bu səhər Bəhreyn paytaxtı Manama və Dubayda da partlayış səsləri eşidilib, insanlara sığınacaqlara getmək əmri verilib.
Ərəb Liqasından AFP agentliyinə deyilib ki, sabah üzv ölkələrin xarici işlər nazirləri təcili iclas keçirərək İranın bir neçə Ərəb ölkələrinə hücumlarını müzakirə edəcəklər.
İclasın keçirilməsini Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Oman, İordaniya və Misir istəyib.
İran müharibə başlayandan bəri Səudiyyə Ərəbistanını raket və dronlarla hədəfləyib.
İsraildə gecə sirenlər səslənib
Bu gecə Təl-Əviv və Qüds/Yerusəlim şəhərlərində hava hücumu sirenləri səslənib.
İsrail Ordusu İrandan gələn ballistik raketlər və dronları dəf etdiyini elan edib.
İsrailin tezliklə bomba və tutucu raketlərinin tükənib-tükənməyəcəyi ilə bağlı fərziyyələr var.
Bu səhər ABŞ Dövlət Departamenti müttəfiqinə 12 mindən çox bomba da daxil olmaqla 150 milyon dollardan çox dəyərdə silah satışını sürətləndirəcəyini açıqlayıb.
İranda 8 gündə 1332 mülki şəxs öldürülüb - İran səfiri
İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ABŞ-İsrail hücumları nəticəsində indiyədək 1332 mülki şəxsin öldürüldüyünü bildirib. İranın Qızıl Aypara təşkilatına istinad edən Səfir qadınların və uşaqların da hədəfə alındığını qeyd edib.
"Minlərlə insan yaralanıb və bu rəqəmlər artmaqda davam edir", - İran səfiri bildirib və əlavə edib ki, məktəblər, xəstəxanalar və digər mülki infrastruktur "qəsdən" hədəfə alınıb.
ABŞ mülki infrastrukturu hədəfə aldığını inkar etsə də, İranda qızlar məktəbinə ölümcül hücumu araşdırdığını açıqlayıb. İsrail də İranı mülki şəxsləri hədəf almaqda ittiham edib.
İranın ən işlək hava limanına hücum olub
İranın ən işlək hava limanı Mehrabad hava limanının "böyük hücum"a məruz qaldığı bildirilir.
Şahidlər təyyarələrin yandığını və hava limanı üzərində böyük tüstü buludları gördüklərini deyiblər. İran dövlət mediası da hava limanının bəzi hissələrinin hədəfə alındığını bildirib.
Bundan əvvəl İsrail ordusu ölkədə "genişmiqyaslı yeni hücum dalğası" başlatdığını bildirib. Bu hava limanı martın 4-də də hücumların hədəfi olub. O vaxt İsrail Hərbi Hava Qüvvələri təhlükə hesab etdiyi müdafiə və aşkarlama sistemlərini, o cümlədən hava limanının helikopter istehsal bölməsini dağıtdığını bildirmişdi.
Yeni hücumda hava limanının hansı hissələrinin bombalandığı hələlik məlum deyil, lakin şahidlər bu gecəki bombardmanların daha intensiv olduğunu deyirlər.
ABŞ Mərkəzi Komandanlığı İranda 3000-dən çox hədəfi vurduğunu açıqlayıb.
X-də paylaşımda hərbi əməliyyatlarda təxminən 43 gəminin də zədələndiyini və ya sıradan çıxarıldığını açıqlayıb.
Açıqlamada deyilir ki, hücumlar "İran rejiminin təhlükəsizlik aparatını dağıtmaq" məqsədi ilə "qaçılmaz təhlükə yaradan yerlərə" görə prioritetləşdirilir.
BBC Verify-ın peyk şəkilləri və videolar üzərində apardığı təhlil göstərib ki, ABŞ və İsrailin zərbələri nəticəsində İran məktəbləri, xəstəxana və digər əhəmiyyətli yerlər də vurulan mülki obyektlər arasındadır.
Putin İran Prezidenti ilə danışıb
Kremldən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.
Kreml bildirib ki, Putin İranın ali liderinin, digər hökumət rəsmilərinin və ölkə daxilindəki mülki şəxslərin ölümü ilə bağlı başsağlığı verib.
Məlumatda deyilir ki, Putin düşmənçiliklərin dərhal dayandırılması və diplomatik həll yolu tapılması ilə bağlı Rusiyanın mövqeyini təkrarlayıb.
Kreml bildirib ki, Pezeşkian öz növbəsində Rusiyanın dəstəyinə görə minnətdarlığını bildirib və İrandakı hadisələr barədə ətraflı hesabat təqdim edib.
Məlumatda deyilir ki, hər iki ölkə bir-biri ilə əlaqə saxlamağa davam etmək barədə razılığa gəlib.
BMT baş katibi: "Təhlükə bundan daha yüksək ola bilməz"
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş artan münaqişəyə son qoyulmasına çağıraraq "təhlükə bundan daha yüksək ola bilməz" deyə xəbərdarlıq edib.
O, X-dəki paylaşımında "Yaxın Şərqdə və ondan kənarda bütün qanunsuz hücumlar bölgədəki mülki əhaliyə böyük əzab və zərər verir və qlobal iqtisadiyyat, xüsusən də ən həssas insanlar üçün ciddi risk yaradır" deyə bildirib.
"Vəziyyət hər kəsin nəzarətindən kənara çıxa bilər. Döyüşləri dayandırmağın və ciddi diplomatik danışıqlara başlamağın vaxtıdır. Təhlükə bundan daha yüksək ola bilməz", - BMT baş katibi bildirib.
Rusiya ABŞ mövqeləri barədə kəşfiyyat məlumatlarını İrana ötürür?

Şəklin mənbəyi, Getty İmages
BBC-nin ABŞ-dakı tərəfdaşı CBS News-a danışan mənbələr bildiriblər ki, Rusiya ABŞ-ın mövqeləri barədə kəşfiyyat məlumatlarını İrana ötürür.
Mənbələr arasında məsələ haqqında birbaşa məlumatı olduğunu iddia edən yüksək vəzifəli ABŞ rəsmisinin də olduğu iddia edilir.
"The Washington Post" da əvvəlcə üç adı açıqlanmayan rəsmiyə istinadən Rusiyanın ABŞ mövqeləri barədə İrana məlumat verdiyini yazmışdı.
Daha əvvəl Rusiya dövlət mediası Vladimir Putinin sözçüsünün Rusiyanın İran rəhbərliyi ilə "dialoq" apardığı açıqlamasını yayıb.
Reuters isə Kremlin jurnalistlərin Moskvanın Tehrana yardım edib-etməməsi barədə sualına detallar verməkdən imtina etdiyini xəbər verir.
Trump: Neft qiymətləri tezliklə "rekord səviyyədə" düşəcək

Şəklin mənbəyi, Reuters
Donald Tramp CNN-ə müsahibəsində bildirib ki, artan neft qiymətləri "qısamüddətli"dir, tezliklə "rekord səviyyədə" düşəcək.
Tramp müsahibəsində ABŞ-ın artıq Hörmüz boğazını gəmilər üçün daha təhlükəsiz etməyin yolunu tapdığını da bildirib.
O, həmçinin İran donanmasına zərbələr endirildiyini deyib.
Trumpın sözlərinə görə, müharibə başladıqdan bəri ABŞ İranın 25 gəmisini vurub.
Tehranda yeni dini liderin hakimiyyətə gəlməsinə münasibət bildirən Tramp bunun şəxsdən asılı olduğunu deyib və ABŞ-a, İsrailə, eləcə də region ölkələrinə ədalətli münasibətin vacibliyini vurğulayıb.
Cümə axşamı günü isə o, Axios-a İranın növbəti liderinin təyinatında "iştirak etməli olduğunu" demişdi.
Trump İrandan qeyd-şərtsiz təslim olmağı tələb edir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, "İranla heç bir razılaşma olmayacaq, yalnız qeyd-şərtsiz təslim olma".
O, Truth Social sosial media platformasında yazıb:
"Bundan sonra isə MÖHTƏŞƏM və MƏQBUL lider(lər)in seçilməsi ilə biz və bizim əziz, çox cəsur müttəfiqlərimiz və tərəfdaşlarımız İranı məhv olmaq həddindən geri qaytarmaq üçün dayanmadan çalışacağıq, onu iqtisadi baxımdan heç vaxt olmadığı qədər böyük, daha yaxşı və daha güclü edəcəyik".
"İRANIN MÖHTƏŞƏM GƏLƏCƏYİ OLACAQ. "İranı Yenidən Möhtəşəm Edək!"".

Şəklin mənbəyi, EPA
"İranda öldürülənlərin 30 faizi uşaqlardır"
İran hökumətinin sözçüsü Fatimə Möhacerani ABŞ-İsrailin İranla müharibəsində öldürülənlərin ümumi sayını açıqlamadan bildirib ki, "İranda öldürülənlərin 30 faizi uşaqlardır".
O deyib ki, 9 Qızıl Aypara ilə əlaqədar olan 13 tibbi mərkəz hücumların hədəfi olub.
3090 yaşayış, 528 biznes infrastrukturu hucuma məruz qalıb, İran rəsmisi əlavə edib.
Beyrut bu səhər

Şəklin mənbəyi, Reuters
Reuters-in yaydığı görüntüdə bir tərəfdən mülki təyyarənin uçması, digər tərəfdən Beyrutun cənub qəsəbələrinə zərbə vurulduğu görünür.
Agentlik bildirir ki, görüntü bu gün səhər saatlarında çəkilib.
İsrail bölgəni tərk etmələri üçün minlərlə insana xəbərdarlıq edib və hücumların hədəfinin Hizbullah olduğunu deyib.
Livan Səhiyyə Nazirliyi bildirib ki, İsrailin bazar ertəsi hücumları başlayandan bəri Livanda 217 ölüm və 798 nəfər yaralanıb.
BMT İranda məktəbə hücumla bağlı təcili çağırış

Şəklin mənbəyi, Reuters
BMT-nin İnsan Haqları Komissarı Volker Turk İranda məktəbə hücumla bağlı "qərəzsiz təhqiqat" aparılmalıdır. O, buna görə ABŞ-ı təcili araşdırma aparmağa çağırıb.
Turk hadisəni faciəvi adlandırıb və deyib ki, "Bu araşdırma çox tez aparılmalı və biz həmçinin məsul şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkənlərə kompensasiya ödənilməsini təmin etməliyik."
İran müharibənin ilk günündə Minab şəhərindəki məktəbə hücuma görə İsrail və ABŞ-ı günahlandırıb.
Rəsmi məlumata görə, hücumda azı 168 nəfər ölüb, 96 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti 7-12 yaş arası məktəbli uşaqlar olub.
ABŞ və İsrail hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, lakin ABŞ dövlət katibi Marko Rubio son günlərdə Pentaqonun araşdırma apardığını bildirib.
Pezeşkian: "Bəzi ölkələr vasitəçilik cəhdlərinə başlayıblar"

Şəklin mənbəyi, Reuters
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, bəzi ölkələr vasitəçilik cəhdlərinə başlayıblar.
"Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Gəlin açıq söyləyək: biz regionda davamlı sülhə sadiqik, lakin millətimizin ləyaqətini və suverenliyini qorumaqda heç bir tərəddüdümüz yoxdur", o, sosial mediada yazıb.
"Vasitəçilik İran xalqını qiymətləndirməyib bu münaqişəni qızışdıranlara müraciət etməlidir."
Pezeshkianın bu şərhləri ölkəsinin ərəb qonşularının İranın ölkələrdəki Amerika bazalarını, eləcə də mülki və enerji infrastrukturunu hədəf alan raket hücumlarına cavablarını qiymətləndirdiyi bir vaxta təsadüf edir.
İDF: İsrail Tehranda İranın idarəetmə mərkəzi - hərbi bunkerini məhv edib
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İranın keçmiş Ali lideri Ayətullah Əli Xameneinin istifadəsi üçün nəzərdə tutulmuş yeraltı bunker 50 İsrail qırıcı təyyarəsinin iştirakı ilə həyata keçirilmiş hava hücumu ilə yararsızlaşdırılıb.
İDF bildirir ki, Xamenei bunkerdən istifadəyə imkan tapmamış "zərərsizləşdirilib". Həmin bunker Ali lider üçün "təhlükəsiz fövqəladə idarəetmə mərkəzi" kimi fəaliyyət göstərməli imiş.
İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, bunker Tehranın mərkəzində "bir neçə küçəni əhatə edib" və dağıdılana qədər "İran rejiminin yüksək rəsmiləri tərəfindən istifadə olunub".
Azərbaycanın İrandakı səfirlik və konsulluğu təxliyə olunacaq - Ceyhun Bayramov
"Tehrandakı səfirliyimizin və Təbrizdəki Baş konsulluğumuzun evakuasiyası barədə göstəriş verilib", Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, "əlavə təhlükəsizlik tədbirləri çərçivəsində" belə qərar verilib, Azərtac yazıb.
Bayramov bunu Bakıda, moldovalı həmkarı Mixay Popşoi ilə keçirilən brifinqdə söyləyib.
O həmçinin açıqlayıb ki, regional gərginlik fonunda hərbi qüvvələrin hazırlıq səviyyəsi maksimuma çatdırılıb.
Bu gün İsrail Müdafiə Qüvvələri məlumat yayıb ki, İrandan gələn hücumları dəf etməyə başlayıb. Hücum müddətində insanlara sığınacaqlarda qalmaq tapşırılıb. Təcili tibbi yarım xidməti yaralı və itkilərin olmadığını bildirir.
"Dünən gecə ən pis gecə idi" - Tehran sakini
"Ev 5 dəqiqə ardıcıl olaraq titrəyirdi. Dünən gecə ən pis gecə idi", - deyə Tehranda 30 yaşlarında bir kişi müxbirimiz Qöncə Həbibazada deyib.
O deyib ki, dünən gecə "daimi partlayışlar" səbəbindən çətinliklə yata bilib.
Ölkədə davam edən internet kəsintiləri fonunda İran daxilindəki insanlarla əlaqə saxlamaq hələ də çox çətindir, lakin bəziləri ilə qısa müddətlik də olsa danışmaq mümkün olub. Müxbirimiz yazır ki, danışdığım insanların kimliyini gizlədirəm ki, onların təhlükəsizliyini qoruya bilim.
"Səhər saat 5-də partlayış səsinə oyandım və o vaxtdan bəri yata bilmirəm", - deyə paytaxtda yaşayan bir qadın bildirib.
"Dəhşətli idi. O qədər güclü zərbələr endirirdilər ki, bütün pəncərələr titrəyirdi. Sanki əjdaha səs çıxarırdı", - deyə başqa bir qadın bildirib.
ABŞ-ın İrana və Tehrana hücumları "kəskin artacaq"
ABŞ Müdafiə Naziri Pete Hegseth ABŞ-ın İrana və Tehrana hücumlarının "kəskin şəkildə artacağını" deyir.
O deyib ki, Böyük Britaniyanın ABŞ-a Dieqo-Qarsiya hərbi bazasından istifadə etməyə icazə verməsi Vaşinqtonun hücumlarını gücləndirməsinə kömək edəcək.
Hegseth deyib: "Təəssüf ki, britaniyalılar ilk gündən "Hey, irəli və giriş əldə et" demədilər. Amma biz ora çatdıq".
Baş nazir Ser Keir Starmer bildirib ki, Böyük Britaniya Qətərdəki Britaniya eskadrilyasına qoşulmaq üçün əlavə dörd "Typhoon" qırıcı təyyarəsi göndərəcək.
Baş nazir bildirib ki, Böyük Britaniya ABŞ-a "müdafiə əməliyyatları aparmaq üçün" Britaniya bazalarından istifadə etməyə icazə verib.
Tramp İrana ABŞ qoşunlarını göndərməyi "düşünmür"

Şəklin mənbəyi, EPA
Prezident Donald Tramp deyib ki, İrana ABŞ qoşunlarını göndərmək "vaxt itkisi" olardı və hazırda bu barədə düşünmür.
"Bu, vaxt itkisidir. Onlar hər şeyi itiriblər. Onlar donanmalarını itiriblər. Onlar itirə biləcəkləri hər şeyi itiriblər", - deyə Tramp cümə axşamı NBC-yə bildirib.
O, İran xarici işlər naziri Abbas Əraqçinin NBC-yə verdiyi açıqlamada İranın ABŞ və ya İsrailin quru hücumuna hazır olması barədə dediyi sözləri "boşa xərclənmiş şərh" adlandırıb.
Tramp həmçinin İranın hazırkı liderlik strukturunu "təmizləmək" istədiyini bildirib.
"Biz onların yaxşı bir liderinin olmasını istəyirik. Düşünürəm ki, yaxşı iş görə biləcək bəzi insanlar var", ABŞ Prezidenti bildirib, amma heç kimin adını çəkməyib.

Şəklin mənbəyi, Reuters
İsrail Beyrut və Tehrana hücumlar etdiyini bildirir; İran Təl-Əvivə raket atdığını bildirib.
Gecə ərzində İsrail döyüş təyyarələri şənbə günündən bəri İrana qarşı on dördüncü hücum dalğasını həyata keçirib və Tehranda və digər şəhərlərdə şiddətli bombardmanlar baş verib.
Cümə axşamı günü İsraildə dəfələrlə İran raketləri barədə xəbərdarlıq edən sirenlər işə düşüb və bir dəfə kaset başlığından istifadə edilib, lakin xəsarət alan olmayıb.

Şəklin mənbəyi, Getty Images
Gecə İsrail ordusunun təxliyə olmaq xəbərdarlığından sonra Beyrutun cənubunda partlayışların sayı artıb.
Bəhreyndə İranın otelə və yaşayış binalarına hücum etdiyini bildirir; Qətər isə ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası olan əl-Udeid hava bazasına edilən dron hücumunun qarşısını aldığını bildirir.
Londonda "yəhudi icmalarını izləmək" şübhəsiylə 4 nəfər həbs olunub
Londonda İranla bağlı antiterror istintaqı çərçivəsində dörd nəfər həbs edilib, Metropolitan Polisi bildirib.
Polis xarici kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinən bir İran və üç Britaniya-İran vətəndaşını həbs edib.
Polis deyib ki, istintaq Londonda yəhudi icmaları ilə əlaqəli yerlərin və şəxslərin şübhəli izlənilməsi ilə bağlıdır.
Bundan başqa, daha 8 nəfər cinayətə kömək etməkdə şübhəli bilinərək həbs edilib.
























