You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Trumpdan İrana xəbərdarlıq: Hörmüzə mina yerləşdirməyin hərbi nəticələri "görünməmiş səviyyədə" olacaq
ABŞ və İsrailin İrana qarşı müharibəsinin on birinci günündən neft qiymətləri 100 dolları keçib, daha sonra isə gün ərzində bir neçə dəfə düşüb.
Trump İrana xəbərdarlıq edib ki, Hörmüzə mina yerləşdirməyin hərbi nəticələri "görünməmiş səviyyədə" olacaq.
Müharibənin başlamasından indiyədək İranda "19 min mülki infrastruktura zərər dəyib" - İran Qızıl Ayparası açıqlayıb.
Tramp İran müharibəsinin tezliklə başa çata biləcəyini deyib, lakin İİKK ona cavab verib ki, müharibənin sonunu onlar bəlirləyəcəklər.
Azərbaycan İrana humanitar yardım göndərib.
Bu və digər xəbərləri aşağıda oxuyun.
Donald Tramp açıqlayıb ki, əgər "İran Hörmüz boğazına hər hansı mina yerləşdiribsə", onun hərbi nəticələri ağır olar. O həmçinin əlavə edir ki, ABŞ‑ın hazırda İranın Hörmüz boğazına mina yerləşdirməsinə dair "heç bir məlumatı yoxdur".
Prezident özünün Truth sosial media hesabında yazıb:
"Əgər İran Hörmüz boğazına hər hansı mina yerləşdiribsə ki bizim bununla bağlı heç bir məlumatımız yoxdur, biz həmin minaların dərhal çıxarılmasını tələb edirik!
Hər hansı səbəbdən minalar yerləşdirilibsə və dərhal çıxarılmırsa, bunun İran üçün "hərbi nəticələri indiyə qədər görünməmiş səviyyədə olacaq".
"Əgər, digər tərəfdən, yerləşdirilmiş ola biləcək minaları çıxarsalar, bu doğru istiqamətə atılmış böyük bir addım olacaq! Prezident DONALD J. TRAMP", - Trump yazıb.
Son günlərdə neftin qlobal bazara nəqlinin əsas marşrutu olan Hörmüz boğazından keçidlə bağlı narahatlıqlara görə dünyada neft qiymətləri bahalanıb.
BBC-nin ABŞ-dakı tərəfdaşı CBS News xəbər verir ki, ABŞ kəşfiyyat orqanları İranın Hörmüz boğazına dəniz minaları yerləşdirməyə hazırlaşdığına inanır. CBS-in əldə etdiyi məlumata görə, İran hər biri iki-üç mina daşıyan kiçik gəmilərdən istifadə edir.
Tramp həmçinin çərşənbə axşamı günü bildirib ki, ABŞ qüvvələri Hörmüz boğazında mina yerləşdirməyə çalışdığı iddia edilən 10 İran qayığını vurub.
O əlavə edib ki, mina qoymağa cəhd edən bütün gəmilərə qarşı "sürətli və şiddətlə" cavab veriləcək və bu məqsədlə narkotik qaçaqmalçılarına qarşı istifadə edilən texnologiyadan istifadə olunur.
ABŞ-ın sentyabrdan Karib dənizində və Şərqi Sakit okeanda qaçaqmalçılığa qarşı apardığı mübarizə zamanı vurulan zərbələrdə 100-dən çox insan həlak olub, hüquq ekspertləri isə bunun beynəlxalq hüquqa zidd olduğunu bildirir.
İranda "19 mindən çox mülki infrastruktur zərər görüb"
İran Qızıl Aypara Cəmiyyəti bildirir ki, müharibə başladıqdan bəri 19 mindən çox mülki infrastrukturda, o cümlədən məktəb və tibb mərkəzlərinə zərər dəyib.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri ABŞ mərkəzli Human Rights Activists News Agency də daxil olmaqla bir neçə media qurumuna bildirib ki, zərər görmüş bu "obyektlərin" 16 mindən çoxu yaşayış, 3 mindən çoxu isə kommersiya təyinatlıdır.
Zərər görmüş obyektlər arasında 77 dərman deposu və tibbi mərkəz, həmçinin 69 məktəb var.
Bundan əvvəl ABŞ müdafiə naziri Pit Hegseth İran ərazisində mülki itkilərlə bağlı iddiaların araşdırılacağını bildirib. O əlavə edib: "Heç bir ölkə dinc əhalinin hədəf alınmadığına əmin olmaq üçün Amerika Birləşmiş Ştatları qədər çox tədbir görmür".
"Partlayış o qədər güclü idi ki, məni geri atdı" - İranlılar müharibənin gündəlik həyatlarına təsiri barədə
Tehranda bir çox partlayış səsləri eşidilib.
BBC Farsçadakı əməkdaşlarımız deyirlər ki, İran paytaxtı atəş altınddır.
AFP xəbər agentliyinin jurnalistləri üç partlayış səsi eşitdiklərini deyirlər.
İrandan Türkiyənin Van şəhərinə keçən sakinlər ABŞ-İsrail zərbələrinin təsirləri barədə BBC-yə danışıblar.
Bir qadın raket hücumunu belə təsvir edib: "Eyvanın qapısını açarkən partlayış o qədər güclü oldu ki, məni geri atdı. Əvvəllər zərbələr az olurdu, indi dalğa-dalğa gəlir".
Başqa bir qadın yaxınlıqdakı hücumdan sonra evinin silkələndiyini bildirib: "Bəzən bizə elə gəlirdi ki, ölürük".
19 yaşlı bir gənc Tehranda partlayışda yaralandığını deyir. Onun sözlərinə görə, 50 metr aralıdakı polis məntəqəsi hücuma məruz qalıb: "Küçədən çıxanda iki uçan bomba partladı və nəsə başıma dəydi. Orada çox adam öldü".
Britaniya İraq səmasında dron vurub
Britaniya havadan müdafiə sistemi İraq səmasında bir dronu zərərsizləşdirib, Britaniyanın Müdafiə Nazirliyi bildirib.
Müdafiə Nazirliyi bildirir ki, Britaniyanın yerüstü əks-hücum sistemləri bölməsi gecə vaxtı "koalisiya qüvvələrinə doğru hərəkət etdiyi" deyilən dronu vurub.
Nazirlik bildirir ki, Britaniya pilotları regionda müdafiə əməliyyatlarında "230 saatdan çox uçuş" həyata keçiriblər.
ABŞ Müdafiə Katibi: "İrana ən intensiv hücumlar bu gün olacaq"
ABŞ-ın Müdafiə Katibi Pete Hegseth bildirib ki, bu gün İrana "ən intensiv" hücumlar olacaq - "ən çox qırıcı, ən çox bombardmançı və ən çox zərbə" ilə.
O, İranın son 24 saatda müharibə başladıqdan bəri ən az raket atdığını iddia edib.
Caine həm də deyib ki, ABŞ hərbçilərin Hörmüz boğazından gəmiləri müşayiət etməsinə imkan verəcək "variantları araşdırır".
Hegseth-in sözlərinə görə, İranın yeni ali lideri Müctəba Xamenei Donald Trampın nüvə silahı əldə etməmək mesajına qulaq asması "ağıllı" olardı.
Pentaqonun mülki itkiləri minimuma endirmək üçün hansı tədbirlər görməsi barədə suala cavabında isə, o deyib ki, heç bir ölkə mülki şəxsləri hədəfə alınmamaq üçün ABŞ qədər "çox tədbir almayıb".
Tramp "İranla danışıq aparmağı istisna etmir"
"Tramp Fox News‑a deyib ki, İranla danışıq aparma ehtimalını istisna etmir", Reuters xəbər agentliyi yazıb.
Xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Fox News-un efirində bildirib ki, İranla danışa bilər, lakin bu şərtlərdən asılıdır.
Bazar ertəsi gününün axşamı verdiyi müsahibədə Tramp Tehranla mümkün danışıqlar barədə suala cavabında o, Tehranın da danışıqlara "çox can atdığını" eşitdiyini deyib.
Respublikaçı Prezident İranın yeni Ali Liderinin Möctəba Xameneinin olması ilə bağlı narazılığını yenə dilə gətirərək, "Onun sülh içində yaşaya biləcəyinə inanmıram" deyib.
Tramp müsahibəsində həmçinin ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyatların nəticələri "gözləntilərin xeyli üstündə" olduğunu da vurğuladığı bildirilir.
"Trampın həmçinin İranın Körfəz ölkələrinə raket və dronlarla hücum etməsinə təəccüb etdiyini bildirib", Reuters Fox News-a istinad'n yazıb.
Tehran və Kərəcə hücumlar əvvəlki gecədən daha "şiddətli" olub
Bu gecə Tehran və Kərəc üzərindəki hücumlar əvvəlki gecədən daha şiddətli olub". – iranlılar belə deyirlər.
Gecə boyunca ABŞ‑İsrail hücumlarının əsasən Tehranın müxtəlif hissələrinə və yaxınlıqdakı Kərəc şəhərinə endirildiyi görünür.
Sakinlərin BBC Fars Xidmətinin baş müxbiri Qonçə Həbibiazada dediklərinə görə, hücumlar əvvəlki gecədən daha ağır olub; bəziləri uzun müddət ərzində təkrar-təkrar partlayış səsləri eşitdiklərini bildirirlər.
"Tehrandan olan 20 yaşlarında bir qadın mənə dedi ki, "Bu gecə əvvəlkilərdən fərqli idi. O əlavə etdi: "Dünən gecə səmada qəribə ağ işıq vardı. Zərbələr endiriləndə müəyyən dalğalanmalar hiss olunurdu"," - BBC müxbiri İrandakı mənbəsinə istinadən yazıb.
İranlılar BBC-yə bildiriblər ki, bu zərbələrdən sonra Tehranda işıqlar sönüb və paytaxt tamamilə qaranlığa qərq olub.
Onlar deyiblər ki, nə baş verməsiylə bağlı heç bir məlumat ala bilməyiblər.
"Atəşkəs istəmirik", - İran İslam Şurasının Məclis (parlament) sədri
"Təbii ki, biz atəşkəs axtarmırıq, İran İran İslam Şurasının Məclis (parlament) sədri Məhəmməd Bağır Qalibaf X sosial media hesabında belə yazıb.
"Biz inanırıq ki, təcavüzkarın ağzının üstündən elə bir zərbə vurmalıyıq ki, dərs alsın və bir daha bizim əziz İranımıza qarşı hücum etməyi ağlından belə keçirməsin.
Sionist rejim öz ləyaqətsiz mövcudluğunu "müharibə–danışıqlar–atəşkəs, sonra yenidən müharibə" döngəsini davam etdirməkdə görür ki, hökmranlığını möhkəmləndirsin. Biz bu döngəni qıracağıq", - o vurğulayıb.
Azərbaycanın İrana yardımı Astaradan yola salınıb
Azərbaycanın İrana göndərdiyi yardım Astara sərhəd-keçid məntəqəsindən yola salınıb.
Yerli medianın məlumatına görə, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin nəqliyyatı ilə sərhəd-keçid məntəqəsinə gətirilib.
Yardım paketinə 30 tona yaxın ərzaq - 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan çox içməli su, 600 kq çay daxildir. Bundan başqa Azərbaycan İrana 2 tona yaxın dərman və tibbi ləvazimat da göndərir, Azərtac yazıb.
Hazırda yüklənmiş avtomobillər Astara sərhəd-keçid məntəqəsindən yola salınır. Yardım, martın 8-də Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında baş tutmuş telefon danışığından sonra İran xalqına dəstək məqsədilə təşkil edilib.
Trampın İran müharibəsinin qısa sürə biləcəyi eyhamından sonra neft qiymətləri enib
Donald Trampın Hörmüz boğazından keçən neftlə bağlı açıqlamalarından sonra son günlər təxminən 117 dollara qədər yüksələn neftin qiyməti 88 dollara qədər düşüb.
Hazırda Brent markalı xam neftin bir barelinin qiyməti 93 dolların üstündədir.
Donald Tramp xəbərdarlıq edib ki, İran Hörmüz boğazından neft axınına mane olmağa cəhd edərsə, "çox sərt" cavabla qarşılaşacaq.
"Bir litr neftin belə ixracına imkan verməyəcəyik" - İslam İnqilabı Keşikçiləri Korpusu
Reutersin məlumatına görə, İİKK bəyan edib ki, ABŞ və İsrail hücumları davam edərsə, Tehran regiondan "bir litr belə neftin ixracına imkan verməyəcək".
Dünyada hasil olunan neftin təxminən 20 faizi bu boğazdan keçir.
Tramp sosial media hesabında yazıb:
"Əgər İran Hörmüz boğazından neft axınına mane olmaq üçün hər hansı addım atarsa, Amerika Birləşmiş Ştatları İranı indiyə qədər olduğundan 20 dəfə daha sərt vuracaq".
Bu arada Trump həm də deyib ki, Amerika hələ lazımi qələbəni qazanmayıb.
İran İnqilab Keşikçiləri Korpusu Trampın bir qədər əvvəl səsləndirdiyi "İranda müharibənin tezliklə bitəcəyi" açıqlamasına cavab verərək bildirib ki, "müharibənin sonunu biz müəyyən edəcəyik".
Gərginliyin artdığı Hörmüz boğazı qlobal enerji bazarı üçün kritik əhəmiyyət daşıyır. Dünyada ixrac olunan neftin təxminən beşdə biri bu dar su yolundan keçir. Bu səbəbdən bölgədəki vəziyyət fonunda neft qiymətləri dəyişkənlik göstərib.
Bu arada BBC bu müharibənin Livana hansı təsirləri göstərmərməyə davam etdiyinə və İranın qadın futbol komandasının Avstraliyada keçirilən turnirdə bu qarşıdurmanın nəticələrinə necə cəlb olunduğunu da diqqətdə saxlayır.
Tramp: "İranın hücumları Körfəz ölkələrini ABŞ-a daha da yaxınlaşdırıb"
Prezidentlə birlikdə səfər edən BBC müxbiri Berlənd Debusmann Jr bildirib ki, Mayamidəki çıxışı zamanı Tramp administrasiyanın İrana zərbələrin səbəbi kimi təqdim etdiyi arqumentləri yenidən təkrarlayıb, yəni müharibənin preventiv (qarşısını alan) hücum olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İran qonşularına hücum etməyə və əgər nüvə qurğusu istehsal edə bilsə İsrailə qarşı nüvə silahı istifadə etməyə getdikcə daha çox hazırlaşırdı.
Bu iddia Tramp və administrasiya rəsmiləri tərəfindən tez-tez səsləndirilir. Onların bəziləri İranın uranı qısa müddətdə, hətta bir neçə həftə ərzində 90 faizlik, yəni silah səviyyəsinə qədər qədər zənginləşdirə biləcəyini deyir.
Lakin administrasiya bu iddialara dair əsaslı dəlil təqdim etməyib.
Trump İranın Körfəz ölkələrinə endirdiyi zərbələrin təsirini də kiçildərək bildirib ki, həmin ölkələrin çoxu əvvəllər "bir növ neytral" idi, lakin bu hücumlar onları ABŞ-a daha çox yaxınlaşdırıb.
Bu həftə bir neçə müdafiə eksperti də eyni fikri jurnalistə deyib. Onların sözlərinə görə, İran Körfəz ölkələrinə təzyiq göstərərək onları Trampı bombardmanları dayandırmağa razı salmağa vadar etmək istəyirdi, lakin nəticədə tam əksinə effekt yaranıb.
Tramp İran müharibəsinin tezliklə başa çata biləcəyini deyib: "Onların nə hərbi donanması, rabitəsi, nə hava qüvvələri var"
Donald Tramp BBC-nin ABŞ media tərəfdaşı CBS News-a verdiyi açıqlamada İrana qarşı müharibənin tezliklə bitə biləcəyini deyib: "Düşünürəm ki, müharibə yekunlaşmaq üzrədir. Onların nə hərbi donanması, rabitəsi, nə hava qüvvələri var".
O əlavə edib ki, ABŞ ilkin təxmin edilən 4-5 həftəlik müddətdən "çox irəlidədir".
Ağ Ev əvvəllər onuncu günündə olan müharibənin bir aydan çox davam edə biləcəyini bildirmişdi.
Trampın BBC-nin ABŞ-dakı yayım tərəfdaşı olan CBS-ə verdiyi telefon müsahibəsindən başqa bir detal aşkarlanıb.
Müsahibədə Tramp İranın atdığı raketlər haqqında da danışaraq deyib: "Onlar atmaq mümkün olan hər şeyi atdılar və başqa bir şey sınamamalıdırlar, əks halda bu ölkənin sonu olacaq... Əgər onlar pis bir şey etsələr, bu, İranın sonu olacaq və siz onun adını bir daha eşitməyəcəksiniz".
Bu açıqlamadan bir az sonra Tramp Floridada deyib: "Biz artıq bir çox cəhətdən qalib gəlmişik, amma kifayət qədər qalib gələ bilməmişik. Bu uzunmüddətli təhlükəyə birdəfəlik son qoyacaq son qələbəyə nail olmaq üçün əvvəlkindən daha qətiyyətlə irəliləyirik".
Trump Putinlə danışıb
BBC-nin redaktoru Steve Rosenberg Moskvadan yazır:
"Bazar ertəsi günü Kreml Prezident Trampın "mövcud beynəlxalq vəziyyəti" müzakirə etmək üçün Prezident Putinə zəng etdiyini açıqladı: əsasən İran və Ukrayna ilə bağlı.
Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakovun sözlərinə görə, söhbət təxminən bir saat davam edib və "işgüzar, səmimi və konstruktiv" olub.
Cənab Uşakov jurnalistlərə bildirib ki, Prezident Putin "İran münaqişəsinin sürətli siyasi-diplomatik həllinə nail olmaq üçün bir neçə fikir bildirib, digər məsələlərlə yanaşı, Körfəz dövlətlərinin liderləri, İran Prezidenti və digər ölkələrin liderləri ilə əlaqələrə əsaslanıb".
Kremldən hələlik bu "fikirlər" və Vladimir Putinin Donald Trampa hansı təkliflər verdiyi barədə əlavə məlumat açıqlanmayıb.
Erdoğandan İrana xəbərdarlıq: "Təxribatçı addımlar davam edir"
Prezident Recep Tayyip Erdoğan deyib ki, İran "Türkiyənin dostluğunu çətin vəziyyətə salacaq, son dərəcə yanlış və təxribat xarakterli addımlar atmağa davam edir".
"Xalqımızın qəlbində və zihnində dərin yaralar açacaq, min illik qonşuluq və qardaşlıq hüququmuza kölgə salacaq bir hesabın içərisinə girilməməlidir", - o deyib.
Hökumət iclasında Erdoğan bildirib ki, Türkiyənin əmövqeyi və duruşu bəllidir".
O, "atəşin daha da yayılmaması, daha çox qan tökülməməsi üçün fövqəladə səy göstərildiyini" vurğulayıb.
Erdoğan bildirib ki, əsas hədəf Türkiyəni "bu alovdan uzaq tutmaq"dır və təhükəsizliyin möhkəmləndirəcək əlavə tədbirlər görməyə davam edəcəklər.
Britaniya bildirib ki, Kiprdəki RAF Akrotiri hərbi bazasına düşmüş dron Livan və ya İraqdan gəlib.
Britaniyanın Müdafiə Nazirliyi bundan əvvəl dronun İrandan göndərilmədiyini demiş, amma mənbəyi barədə açıqlama verməmişdi.
Dronun hərbi bazaya cüzi zərər vurduğu bildirilib.
Nazir həmçinin bildirib ki, Britaniya təyyarələri BƏƏ üzərində missiyalar yerinə yetirir.
Healey İran rejimini "etirazçıları qətlə yetirən dağıdıcı qüvvə" kimi təsvir edib və onu nüvə ambisiyalarından imtina etməyə və danışıqları yenidən başlamağa çağırıb.
O, Böyük Britaniyanın cavabının "həmişə hərbi məsləhətlərlə idarə olunduğunu" söyləyib.
Healey deyir ki, Böyük Britaniya hazırda BƏƏ-ni dəstəkləmək üçün müdafiə xarakterli hava uçuşları həyata keçirir və Britaniya qüvvələri iki pilotsuz təyyarəni vurub - biri İordaniya üzərində, digəri isə Bəhreynə gedən dron olub.
O əlavə edir ki, üçüncü Wildcat helikopteri də Kiprə çatıb və RAF əməliyyatları üzrə mütəxəssislər regiondakı beşdən çox ölkəyə yerləşdirilib.
Böyük Britaniyanın Qətərdə səkkiz təyyarəsi və Kiprdə isə "digər ölkələrdən daha çox təyyarəsi" var.
İsaril: Dron qərargahı "hədəfə alınıb"
İsrail Müdafiə Qüvvələri bildirib ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusuna aid dron qərargahını hədəfə alıb.
Qurum bildirib ki, bu gün İranda "onlarla infrastruktur obyektinə" də zərbələr endirilib.
Pezeşkian Müctəba Xameneinin seçilməsini təqdir edib
İran Prezidenti Məsud Pezeşkian Əli Xameneinin oğlu Müctəbanın ölkənin yeni ali lideri təyin olunmasını təqdir edib.
X hesabındakı paylaşımında Pezeşkian Müctəbanın seçilməsinin "xalqın idarəetmədəki iradəsinin təzahürü" olduğunu söyləyib.
O əlavə edib ki, İranın problemlərinin həllinə yeni ali liderin "müdrik liderliyi" ilə yanaşı, "etimad və ictimai iştiraka əsaslanan" bir atmosfer yaratmaqla da nail olmaq olar.
Şənbə günü səhər o, İranın qonşularından onlara qarşı son hücumlara görə üzr istəyib.
Türkiyə, BƏƏ və Qətər bazar ertəsi günü Pezeşkianın üzr istəməsindən iki gün sonra İran raketlərini ələ keçirdiklərini və həftəsonu da hücumların baş verdiyini bildiriblər.
"Gözləri üstümüzdədir, hətta burda da", - Türkiyəyə gələn iranlılar deyirlər
BBC müxbiri Emily Witherİran -Türkiyə Kapıköy sərhəd keçid məntəqəsindən xəbər verir:
"İranda hava məkanı bağlı olduğundan, Türkiyənin şərqinə gedən Kapiköy sərhəd keçid məntəqəsi hələ də iranlıları dünyanın qalan hissəsi ilə birləşdirən azsaylı yollardan biridir.
Onlar müharibədən kənar qalmaq üçün gün ərzində sərhədi keçiblər, amma hətta Türkiyə torpağında belə hakimiyyətdən qorxurlar.
"Jurnalistlərlə danışmağa icazəm yoxdur", - qara beysbol papaqlı bir qadın ailəsi ilə birlikdə təkərli çamadanı itələyərək deyir.
Başqa bir kişi, xüsusən də sərhəddə bizimlə danışmaq istəmədiyini izah etdi.
"Gözləri üzərimizdədir, hətta burada belə, bizi izləyirlər. [Bura] Təhlükəsiz deyil", - o, ən yaxın şəhər Vana gedən yolun kənarında oturaraq deyir.
Bir ana və oğul mənə neft obyektlərinə zərbə endirildikdən sonra paytaxt Tehrandan gecə maşınla gəldiklərini deyirlər.
"Gün ərzində hər yer çox qaranlığıydı, hər yerdə tüstü var idi. Hava zəhərliydi və mən öskürürdüm", - o deyir
Kişi deyir ki, paytaxtdakı insanlar hələ də gündəlik işləri ilə məşğul olmağa çalışırlar, amma ümumilikdə onlar daim əsəbi və qəzəblidirlər. "İnsanlar artıq heç nəyə dözə bilmirlər. Ən kiçik şeylər də insanları qıcıqlandırır", - o deyir".
Almaniya kansleri: "Molla rejimi nə qədər tez dayanarsa, bu müharibə bir o qədər tez bitəcək"
Fridrix Merz İranda hökumətin tez bir zamanda dəyişdirilməsinə çağıraraq bildirib: "Molla rejimi nə qədər tez dayanarsa, bu müharibə bir o qədər tez bitəcək".
Almaniya kansleri deyib: "İran beynəlxalq terrorizmin mərkəzidir və bu mərkəz bağlanmalıdır və amerikalılar və israillilər bunu öz yolları ilə edirlər".
O, həmçinin müharibənin Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatına "nəticə" gətirə biləcəyini və hökumətinin "enerji siyasətində müstəqilliyimizi artırmaq üçün əllərindən gələni etdiyini" söyləyib.
Mark Rubio: "İrandakı missiya yerinə yetirildikdə..."
İrandakı missiya yerinə yetirildikdə "dünya daha təhlükəsiz və daha yaxşı yer olacaq" - ABŞ dövlət katibi Mark Rubio bildirib.
O deyir ki, missiyanın məqsədləri aydındır və "bu rejimin raket atmaq qabiliyyətini... bu raketləri istehsal edən fabrikləri məhv etmək və onların donanmasını məhv etməyi" əhatə edir.
"Biz bu məqsədə çatmaq yolunda irəliləyirik", o deyir.
"İrandakı bu rejimin hər gün daha az raketi, daha az buraxılış qurğusu olur, fabrikləri daha az işləyir və donanması boşaldılır".
"Atasından daha pis" - İranlılar yeni ali lider barədə
BBC Farscadakı həmkarlarımız İrandakı bəzi sakinlərdən Əli Xameneinin oğlu, Müctəbanın ölkənin yeni ali lideri təyin olunması barədə fikirlərini soruşub.
40 yaşlarında olan bir tehranlı qadın Müctəbanı "atasından daha pis" adlandırır.
"Əgər sağdırsa, düşünürəm ki, ABŞ və İsrail onu hədəfə alacaq. Dünən gecə seçilənə qədər hamı Müctəbaya qarşı şüarlar səsləndirirdi. Bu rejimin tərəfdarlarından başqa heç kim onu qəbul etmir", - o qeyd edib.
Tehranda 20 yaşlarında olan başqa bir qadın onun "atasından daha zalım" olduğunu deyir.
"Ümid edirəm ki, onların [məmurların] həyatı müharibə ilə bitəcək; əks halda, əgər biz onun hakimiyyəti altında olsaq, hamımız ölmüş olarıq".
Kərəcdə 20 yaşlarında olan bir kişi deyir: "Mən onun adını əvvəllər eşitməmişdim, ya da ciddiyə almamışdım."
O deyir ki, "indi Trampın onlarla razılığa gəlib-gəlmədiyi bəlli olacaq".
BBC Farsca, İran hakimiyyəti tərəfindən bloklanmasına və müntəzəm olaraq sıxışdırılmasına baxmayaraq, əksəriyyəti İranda olmaqla, dünyada 24 milyon insan tərəfindən izlənilən BBC News-un fars dilində xidmətidir.
Türkiyə öz ərazisində İran raketinin vurulduğunu deyir
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, İrandan atılan ikinci ballistik raket Türkiyə hava məkanına daxil olduqdan sonra "NATO hava və raket müdafiə vasitələri" ilə vurulub.
Qurum qeyd edib ki, qırıntılar cənubdakı Qaziantep şəhərində boş əraziyə düşüb, lakin xəsarət alan və ya itkilər olmayıb.
Ötən həftə Türkiyə Müdafiə Nazirliyi hava məkanına doğru hərəkət edən İran raketinin NATO müdafiə vasitələri tərəfindən dəf edildiyini bildirib.
Azərbaycan Müdafiə Nazirliyi hadisəylə bağlı Türkiyə ilə həmrəylik bəyanatı yayıb: "Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik".
İsrail Hərbi Hava Qüvvələri İranın üç bölgəsinə - Tehran, İsfahan və İranın cənubuna zərbələr endirdiyini bildirib.
Bundan əvvəl Tehranda isə güclü partlayış səsləri eşidilib. AFP yazır ki, hələ ki nə baş verdiyi bilinmir, amma şəhərin bir neçə hissəsində partlayış səsləri gəlib.
İsrailin mərkəzində tikinti sahəsinə raket düşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb, təcili yardım xidməti bildirib. Başqa bir yerdə isə 30 yaşlarında bir kişi ağır qəlpə yaraları ilə hospitala aparılıb.
Əbu-Dabidə hökumət bildirib ki, 2 nəfər yaralıb. Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İrandan raket və dron hücumlarına cavab verdiyini demişdi.
Qətər paytaxtı Dohada partlayış səsləri eşidilib, ölkənin Müdafiə Nazirliyi ordunun raket atəşini dəf etdiyini açıqlayıb, AFP və Reuters yazıb.
Əliyev Müctəba Xameneini təbrik edib
Prezident İlham Əliyev Müctəba Xameneini İranın Ali dini Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti mesajın əvvəlində Müctəba Xameneiyə atasının "faciəvi vəfatı ilə əlaqədar" başsağlığı verib.
"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.
Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm", president.az saytında dərc edilmiş xəbərdə bildirilir.
Putin Müctəba Xameneini təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneini İranın yeni ali dini lideri olması münasibətilə təbrik edib.
Putin Kremlin saytında dərc olunmuş mesajda bildirib: "İran İslam Respublikasının ali lideri təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin."
Rusiya lideri "[Rusiyanın] Tehrana sarsılmaz dəstəyini və iranlı dostlarımızla həmrəyliyini bir daha təsdiqlədiyini" və "etibarlı tərəfdaş olaraq qalacağına" söz verdiyini bildirib, Moskvadan Ben Tavener yazır.
"İranın silahlı təcavüzlə üzləşdiyi bir vaxtda bu yüksək vəzifədəki hərəkətləriniz, şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək. Əminəm ki, atanızın işini şərəflə davam etdirəcək və bu ağır sınaq qarşısında İran xalqını birləşdirəcəksiniz."
Paşinyan Müctəba Xameneini təbrik mesajı yollayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Müctəba Xameneiyə Ali Dini Lider vəzifəsinə seçilməsi münasibətilə təbrik mesajı göndərib.
Armenpress yazır ki, mesajda deyilir: "Sizi İslam İnqilabının Ali Lideri seçilməyiniz münasibətilə təbrik edirəm. Əminəm ki, Ermənistan və İran arasındakı möhkəm əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq. Bu münasibətlə dost İran xalqına firavanlıq və davamlı sülh arzulayıram."
Türkiyə Şimali Kiprə F-16-lar göndərir
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Türkiyə təhlükəsizliyi gücləndirmək üçün Şimali Kiprə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi göndərir.
NATO üzvü olan Türkiyə bu müharibədə neytral tərəf olaraq qalmaqda maraqlı olduğunu göstərir, həm İran daxilindəki rejimin qalan hissəsi, həm də ABŞ prezidenti Donald Trampla sıx əlaqələr saxlamağa çalışır.
Həftəsonu Prezidenti Erdoğan Böyük Britaniyanın Baş naziri Keir Starmer-ə bildirib ki, İranla dialoq üçün şərait yaratmaq yolları hələ də ola bilər.
Tramp İranın yeni rəhbərindən "məmnun deyil"
Fox News kanalındakı bir proqrama görə, Donald Tramp İranın yeni ali lideri Möctəba Xameneini təyin etməsindən "məmnun deyil".
Aparıcı Brian Kilmeade deyir ki, açıqlamadan sonra prezidentlə danışıb və prezident ona "məmnun deyiləm" deyib.
Brian Kilmeade söhbətin əlavə təfərrüatlarını açıqlamayıb və Tramp hələlik açıqlama verməyib.
Neft 100 dolları ötüb
ABŞ və İsrailin İranla davam edən müharibəsinin Hörmüz boğazından keçən yükdaşımalarda uzun müddətli fasilələr yaratması qorxusu səbəbindən qlobal neft qiymətləri bir barrel üçün 100 dollardan yuxarı qalxmağa davam edib.
Bir barrel neftin qiyməti 2022-ci ildən bəri ilk dəfədir ki, belə artıb.
Asiyada səhər saatlarında Brent markalı neftin qiyməti təxminən 24% artaraq 114.74 dollara, Nymex markalı yüngül neftin qiyməti isə 26%-dən çox artaraq 114.78 dollara çatıb.
Dünya neft tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçir. Lakin bir həftə əvvəl müharibə başlayandan bəri bu dar keçiddə nəqliyyat demək olar ki, dayanıb.
Regiondan enerji təchizatında baş verən böyük fasilələr dünya üzrə istehlakçılar və müəssisələr üçün qiymətləri artıracaq.
Financial Times qəzeti yazıb ki, Böyük Yeddilərin (G7) maliyyə nazirləri bazar ertəsi günü qiymət artımının qarşısını almaq üçün neft ehtiyatlarının mümkün birgə buraxılışını müzakirə etmək üçün təcili iclas keçirəcəklər.
Neft ehtiyatlarını Beynəlxalq Enerji Agentliyi (BEA) əlaqələndirir və qrupun 32 üzvü neft qiymətləri ilə bağlı böhran dövrləri üçün kollektiv fövqəladə sistemin bir hissəsi olaraq strateji ehtiyatlara malikdir.
FT-nin məlumatına görə, danışıqlardan xəbərdar olan mənbələrin sözlərinə görə, ABŞ da daxil olmaqla, üç G7 ölkəsi indiyə qədər mümkün birgə buraxılışı dəstəklədiklərini bildiriblər.
Donald Tramp bunun dünya sülhü üçün "ödəniləcək çox kiçik bir qiymət" olduğunu söyləyib.
Benzin qiymətləri arta bilər - təhlil
BBC-nin iqtisadi xəbərlər redaktoru Faisal İslam vəziyyəti belə izah edir:
Ötən həftə bazarlar milyonlarla barel xam və maye qazın Körfəzdə ilişib qalması, tankerlərin Hörmüz boğazından keçə bilməməsi və ya keçmək istəməməsi kimi kabus ssenarilərə nisbətən sakit yanaşırdı.
Lakin həftəsonu baş verən gərginlik, həm İranda, həm də Körfəz boyunca enerji infrastrukturunun dağıdılması, bazarların tez bir zamanda qorxuya düşməsinə səbəb oldu.
İndi sual budur ki, vəziyyət hara gedir? Bəzi analitiklər iddia edirlər ki, boğazdakı bağlanma mart ayının sonuna qədər davam edərsə, rekord həddə çatan neft qiymətləri bir barel üçün 150 dollardan da yuxarı ola bilər.
Mövcud artım benzin qiymətlərini və bununla əlaqəli digər məhsulların da qiymətlərini artıra bilər.
Körfəzdən gələn təchizat əsasən Asiyada istehlak olunur. Lakin artıq Asiya istehlakçılarının ABŞ qazı üçün qiymətləri artırdığına dair əlamətlər var, Avropaya gedən bəzi tankerlərin Atlantik okeanının ortasında geri döndükləri bilinir.
Möctəba Xamenei atasının yerinə İranın ali dini lideri olacaq
İranın yeni Ali dini lideri Xameneinin oğlu Müctəba Xamenei seçilib.
Bu gün 88 ekspert qrupundan ibarət şura onu yeni Ali dini lider seçib.
56 yaşlı Müctəba Xamenei uzun müddət diqqət mərkəzində olmayan, daha çox kulisarxası təsirə malik fiqur kimi qəbul olunub. Onun prezident seçkilərinə müdaxilədə, Bəsic milisini idarə etməkdə və İran İslam Korpusu Keşikçiləri ilə yaxın əlaqələr saxlamaqda ittiham edildiyi bildirilir.
Müctəba Xameneinin mühüm nüfuzuna dair iddialar və ehtimallara baxmayaraq, Möctəba Xamenei İranda rəsmi olaraq vəzifədə olmayıb.
Atası Əli Xamenei də ondan əvvəlki ali lider – İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyni də 1979 İslam İnqilabı ilə devrilmiş Pəhləvi monarxiyası kontekstində irsi varisliyi tənqid etmişdilər.
2019-cu ildə Müctəba Xamenei ABŞ tərəfindən sanksiyaya məruz qalıb.
O, ABŞ-ın o vaxt Ali Lider olan Əli Xameneinin "təyin edilmiş və ya onun adından fəaliyyət göstərən" şəxsləri siyahısına daxil edilmişdi.
Məsud Pezeşkian İlham Əliyevə minnətdarlıq edib
Məsud Pezeşkian bazar günü İlham Əliyevə zəng edərək, "minnətdarlıq edib", president.az yazıb.
Prezidentin rəsmi saytı xəbər verir ki, Pezeşkian İlham Əliyevin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə ona minnətdarlıq edib.
"Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb", - məlumatda deyilir.
"İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.
Azərbaycan Prezidenti Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb", - prezidentin saytı bildirib.
Netanyahu iranlılara yenə "rejimə qarşı qalx" çağırışı edib
İsrailin Baş naziri Benyamin Netanyahu X platformasında paylaşdığı videoda iranlılara yenə"rejimə qarşı qalx" çağırışı edib.
Netanyahu İsrailin məqsədinin "İranı zülm boyunduruğundan azad etmək" olduğunu deyib.
O vurğulayıb ki, rejimin sonunu gətirmək iranlıların əlindədir və "həqiqət anında ayağa qalxsalar" İsrail və İran "yenidən dost ola bilər".
İsrailli rəsmilər, o cümlədən Netanyahu davam edən münaqişənin İranda rejim dəyişikliyinə gətirib çıxara biləcəyinə ümid etdiklərini açıq şəkildə bildirirlər.
Təl-Əviv üzərində raket izlərini xatırladan buxar zolaqları və tüstü görünüb
Təl-Əviv şəhərinin üzərində tüstü və raket izlərini xatırladan buxar zolaqları görünüb, həmçinin səmaya tüstünün qalxdığı müşahidə olunub.
Bu görüntülər İsrail Müdafiə Qüvvələrinin İran tərəfindən İsrailə doğru raketlərin buraxılması barədə məlumat verməsindən sonra yayılıb. İsrail Müdafiə Qüvvələri bildirib ki, "təhlükənin qarşısını almaq üçün müdafiə sistemləri işləyir".
İsrailin Təcili Tibbi Yardım xidməti ayrıca açıqlamada üç nəfərin İsrailə doğru "atəş açılması" nəticəsində qəlpə yarası" aldığını və müalicə olunduğunu deyib.
Qurum xəsarət alanların ölkənin hansı hissəsində vurulduğunu açıqlamayıb.
Bundan əvvəl İsrail Səhiyyə Nazirliyi münaqişə başlayandan bəri təxminən iki min nəfərin xəstəxanalara aparıldığını açıqlayıb.
Livan: İsrailin hücumlarında 400 nəfər "öldürülüb"
Livan Səhiyyə Nazirliyi bazar günü 394 nəfərin öldüyünü, onlardan 83-nün uşaq, 42‑sinin isə qadın olduğunu açıqlayıb.
Livanın səhiyyə naziri bildirib ki, ölənlər arasında xilasedicilər də var.
İranın BMT-dəki səfiri Əmir Səid İravani isə cümə günü bildirmişdi ki, müharibə başlayandan bəri ABŞ-İsrail zərbələri nəticəsində 1 332 mülki şəxs həlak olub.
İsraildə Fövqəladə yardım xidməti MDA müharibə başlayandan bəri 10 nəfərin öldüyünü bildirib. İsrailin Səhiyyə Nazirliyi isə 28 fevraldan martın 8-i, səhər saat 07:00-dək iki minə yaxın şəxsin yaralanaraq xəstəxanalara aparıldığını, lakin raket hücumlarına görə onların hamısına tibbi yardım göstərilmədiyini qeyd edib.
Pentaqon ötən bazar günü Küveytdəki ABŞ bazasına edilən İran dron hücumunda 6 ABŞ əsgərinin öldürüldüyünü bəyan edib.
BƏƏ-nin müdafiə Nazirliyi 4 nəfərin, Küveyt Daxili İşlər Nazirliyi iki hərbi qulluqçu və iki sərhədçinin öldüyünü, həmçinin Səhiyyə Nazirliyi bir qızın düşən qəlpə səbəbilə həlak olduğunu açıqlayıb.
Bəhreyn isə indiyədək bir nəfərin raket qalıqlarının düşməsi nəticəsində öldüyünü bildirib.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti Ər-Riyadda yaşayış bölgəsinə mərmi düşdüyünü, nəticədə iki nəfərin öldüyü və 12 nəfərin yaralandığını açıqlayıb. Həlak olanların Hindistan və Banqladeş vətəndaşı olduğu bildirilir.
BBC bu rəqəmləri müstəqil mənbələrdən dəqiqləşdirə bilməyib.
İran vətəndaşlarına jurnalistlərlə danışmağın "hüquqi nəticələrinin olacağ"ını bildirib
Türkiyənin Van bölgəsinə keçən iranlılar deyirlər ki, sərhədin İran tərəfində jurnalistlərlə danışmağı qadağan edən xəbərdarlıq vərəqləri asılıb.
Anonim danışan bir qadının sözlərinə görə, lövhədə yazılıb ki, "Sərhədi keçdikdən sonra jurnalistlər var, onlara müsahibə verməyin, əks halda hüquqi nəticələri olacaq".
Van bölgəsindəki iranlılar jurnalistlərlə danışmağa tərəddüd edir.
Bu isə rejimin zəiflədiyi görüntüsünə baxmayaraq, təqib qorxusunun ölkədən kənarda belə davam etdiyini göstərir.
Tehranı tüstü bürüyüb: "Sanki günəş yox olub"
Sosial media paylaşımlarında əhalidə Tehran səmasını bürüyən tüstüdə kimyəvi maddələrə dair narahatlıq olduğu müşahidə olunur, BBC farscadan Fərın Tağızadə yazır.
"Mən Tehrandakı vəziyyəti oradan paylaşma edə bilən jurnalistlərin və sakinlərin X platformasındakı (keçmiş Twitter) xəbərləri və müşahidələri vasitəsilə izləyirəm.
İnternet kəsilib və VPN-i olmayan adi vətəndaşlar qlobal şəbəkəyə qoşula bilmirlər. Bəzi insanlar VPN almağın da çox bahalaşdığını deyirlər", - o vurğulayır.
İranlıların təsvir etdiyi iki əsas qorxusu var: bir tərəfdən, Tehranda ötən gecə eşidilən yanğınlar və güclü partlayışlarla bağlı narahatlıq; digər tərəfdən isə yanan neft anbarlarından qalxan tüstünün paytaxtın səmasına yayılması nəticəsində mümkün kimyəvi maddələr barədə qayğı.
Bəzi paylaşımlarda faydalı olub-olmamasından asılı olmayaraq, insanlara mümkün qədər çox süd içməyi və pəncərələri bağlı saxlamağı məsləhət görülür. Digər paylaşımlarda N95 maskalarından istifadə tövsiyə olunur.
"X-ə qoşula bilən jurnalistlərdən biri olan Fatimə Rəcəbi yerli vaxtla saat 09:00-da Tehran səmasının fotolarını paylaşıb: göy üzü qapqaradır. O həmçinin bəzi ərazilərdə yağış yağdığını bildirib.
Başqa bir istifadəçi yazıb ki, yağışla birlikdə qara, tozabənzər hissəciklər yerə düşür. Digəri isə onlara bu yağışın altında çölə çıxmamağı məsləhət görüb", Fərın Tağızadə yazıb.
İranın növbəti ali dini lideri "seçilib" - İranın ekspertlər qrupu
İranda bu gün yeni ali dini lider ekspertlət qrupu tərəfindən seçilib.
İranın növbəti ali dini lideri seçilib.
Ekspertlər Məclisinin üzvü Əhməd Əlamülhodə bu barədə danışıb.
Mehr xəbər agentliyinin məlumatına görə, qərarın ictimaiyyətə açıqlanması hazırda Ekspertlər Məclisi Katibliyinin rəhbəri Hüseyni Buşehrinin vəzifəsidir.
Hazırda Məclisin qərarının onun tərəfindən rəsmi şəkildə elan olunması gözlənilir.
İranda Ekspertlər Məclisi Ayətullah Əli Xameneinin varisinin seçilməsi ilə bağlı demək olar ki, qərara gəlib, İranın Mehr agentliyi bununla bağlı video yayıb.
88 ekspertdən ibarət ekspert qrupunun yeni liderin kim olacağını bəlirlədiyi bildirilir.
Ekspert qrupunun üzvü olan Ayətullah Məhəmməd Mehdi Mirbağıri videoda deyib ki, "çoxluğun qərarı" formalaşıb, lakin proseslə bağlı bəzi məsələlər hələ həll olunmalıdır.
Bu arada İsrail ordusu Xameneinin "hər bir mümkün varisini və varis təyin edilməsinə çalışılan hər kəsi vuracağını" bildirib.
Bu gecə Küveytdə bir hündürmərtəbəli hökumət binası vurulub.
Bazar günü səhər tezdən Küveytə edilən dron hücumlarından sonra binanın alovlandığı bildirilir.
Gecə neft anbarına vurulan zərbədən sonra bu səhər Tehran səması aydınlanmayıb. "Bəzi paytaxt sakinlərindən eşidirəm ki, ötən gecə Tehranda və Əlborz əyalətlərindəki neft anbarlarına endirilən zərbələrdən sonra səhər səma qaralmışdı", -BBC farscadan Qönçə Həbibiazad yazır.
Tehranın cənubunda "neft anbarına zərbə endirilib"
İran mediasının məlumatına görə, Tehranın cənubunda neft anbarına zərbə endirilib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı Fars xəbər agentliyinin məlumatına görə, Tehranın cənubunda neft anbarına zərbə endirilib.
Bu, İsrail Müdafiə Qüvvələrinin (İMQ) bir müddət əvvəl şəhərə "hücum dalğası" başlatdığını elan etməsindən sonra baş verib.
Hər hansı bir itkinin olub-olmadığı məlum deyil.
"İrandakı insanlar unuduldu", - deyə iranlı kişi BBC Farscaya bildirib
Faren Tağızadə
BBC Farscanın baş jurnalisti
İranın interneti kəsilməsinə baxmayaraq, mən mütəmadi olaraq ölkə daxilindən mətn və səsli mesajlar alıram - hücum altındakı həyat haqqında danışan insanlar. Onlardan biri qırx yaşlarında bir kişidən idi və asta səslə deyirdi:
"Dəhşətə gəlirəm, - deyə o bildirir. O, "çoxlu qırıcı təyyarə" gördüyünü və "beş-altı partlayış" eşitdiyini təsvir edir.
Müharibənin özü xəbər başlıqlarında olsa da, "İrandakı insanlar unuduldu", - deyə o bildirir.
Onun fikrincə, medianın danışdığı bütün şeylər Trampın dedikləri və İranın necə cavab verdiyidir. "Hətta xaricdəki iranlılar da əsasən ya rəqs edib İsraili, ABŞ-ı və Trampı təbrik edir, ya da bir-birini parçalayır", - deyə o bildirir.
Bu səsli mesajında o deyir ki, İranda qapı səsi belə adamlarda qorxu yaradır: "Kiməsə zəng edəndə cavab vermədikdə, az qala infarkt keçirirəm", - deyə o bildirir.
BBC Farsca, İran hakimiyyəti tərəfindən bloklansa və müntəzəm olaraq sıxışdırılsa da, dünyada 24 milyon insan - əksəriyyəti İranda - tərəfindən istifadə edilən BBC News-un fars dilində xidmətidir.
Dubay: "bir sakin ölüb"
Dubay Media Ofisi bildirib ki, "havada vurulan" döyüş sursatının qəlpələri bir nəqliyyat vasitəsinə düşməsi nəticəsində Dubay sakini həlak olub.
Qurum bildirib ki, hadisə şəhərin Əl-Bərşa ərazisində baş verib və nəticədə sürücü ölüb.
Bu, Birləşmiş Ərəb Əmirliklərinin bir müddət əvvəl "İrandan gələn raket və dron təhdidlərinə" cavab verdiyini elan etməsindən sonra baş verib.
Rəsmilər bildirmişdilər ki, hava hücumundan müdafiə sistemləri ballistik raketləri, qırıcı təyyarələr isə dronları və digər hava vasitələrini hədəfə alıb.
İranın yeni ali lideri "24 saat ərzində seçilə bilər"
İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı olan Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın növbəti ali liderini seçəcək qurumun üzvü, qərarın növbəti 24 saat ərzində veriləcəyinə "güclü ümid" bəslədiyini bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İran Ekspertlər Məclisinin üzvü Hüseyn Mozzafari ictimaiyyəti proses davam edərkən fərziyyələrdən çəkinməyə çağırıb.
BƏƏ-nin Prezidenti: "Biz asan ov deyilik"
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu gün açıq şəkildə çıxış edərək, "müharibə dövründə" olmasına baxmayaraq, "BƏƏ-də hər şeyin yaxşı olduğunu" bildirib.
O, "BƏƏ-nin düşmənləri"nə birbaşa müraciət edərək deyib: "BƏƏ-nin qalın dərisi və acı əti var - biz asan ov deyilik".
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan həmçinin "xalqımızı və ölkəmizi qorumaq öhdəliyin"dən danışıb və ölkənin "əvvəlkindən daha güclü şəkildə ortaya çıxacağına" söz verib.
Ölkə İran hücumlarına məruz qalıb və bu səhər sosial mediada paylaşılan görüntülərdə Dubay Beynəlxalq Hava Limanı yaxınlığında dron hücumu göstərilir.
ABŞ və İsrailin İrana hücumlarına qarşı minlərlə etirazçı Londondakı ABŞ səfirliyinə doğru irəliləyir.
Bir çoxları Prezident Donald Trampı tənqid edən mesajlar səsləndirir vəya belə şüarlar yazılmış plakatlar qaldırıb.
Təşkilatçılar bunun İran rejimini dəstəkləyən bir etiraz deyil, "qanunsuz, təhrik edilməmiş və əsassız" hərəkətlərə son qoymaq çağırışı olduğunu bildirirlər.
İsrail Müdafiə Ordusu İrandan İsrailə doğru atılan raket atıldığını deyib.
Daha əvvəl Hizbullah İsrailin Safed şəhərinin şimal-şərqində yerləşən Dado hərbi bazasını raket zərbəsi ilə hədəf aldığını bildirib.
Telegram-da yayılmış paylaşımda bildirilir ki, zərbə İsrailin "Beyrutun cənub ətrafı da daxil olmaqla, onlarla Livan şəhər və qəsəbəsinə" hücumlarına cavab olaraq endirilib.
Bundan sonra İsrail Beyrutun cənubunda Hizbullah hədəflərini vuracağı barədə xəbərdarlıq edib.
Bu səhər İsrail Tehran və İsfahana yeni hücumlar həyata keçirdiyini qeyd edib.
Pezeşkian üzr istədi, bəs o, həqiqətən İran rəhbərliyi adından danışırmı?
BBC-dən John Simpson yazır ki, Prezident Məsud Pezeşkianın Körfəz ölkələrinə endirilən zərbələrə görə üzr istəməsi və onların ərazisindən İrana hücumlar olmasa, onlara zərbə vurmayacağına dair vədi zeytun budağı kimi görünür.
Bəs Pezeşkian həqiqətən İran rəhbərliyi adından danışırmı?
Seçilmiş prezident olsa da, o, keçmiş Ali dini lider Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei və ya İslam İnqilabı Keşikçiləri Korpusunun sağ qalan komandirləri kimi sərt xətt tərəfdarları ilə eyni səlahiyyətə malik deyil.
Keçmiş ürək cərrahı olan Pezeşkian 2024-cü ildə prezident seçilib, nisbətən mülayim biri kimi tanınır və İran iyerarxiyasında həmişə kənar şəxs olub.
Bəlkə o, bu müharibə bitdikdən sonra amerikalılara onunla iş görə biləcəklərini göstərmək üçün bir işarə verir?
Sərt xətt tərəfdarlarına gəldikdə isə, bu mərhələdə barışıq göstərmək istədiklərini düşünmək çətindir. Onlar illərdir ki, Amerika və İsrail hücumuna hazırlaşıb və iman uğrunda fədakarlığı vurğulayan şiə İslamı ruhunda tərbiyə olunublar.
Rəhbərlikdə real gücə malik kişilər, şübhəsiz ki, mütəmadi müqavimət göstərməyin tərəfindədirlər. Onlar bilirlər ki, İsrail və Amerika hücumundan sağ çıxa bilsələr, bu, bir növ qələbə olacaq.
Trump: "İran bu gün çox sərt şəkildə vurulacaq"
ABŞ Prezidenti Donald Tramp Truth Social media hesabında bildirib ki, İran Prezidenti Pezeşkianın "vədi yalnız ABŞ və İsrailin dayanmadan davam edən hücumları nəticəsində verilib".
Bu gün İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasında çıxış edərək, "öz Yaxın Şərq qonşularından üzr istəyib, təslim olub və onlara daha atəş açmayacağına söz verib".
Lakin Pezeşkianın vədinə rəğmən, İran tam şəkildə hücumlarını dayandırmayıb — Dubay Beynəlxalq Hava Limanı yaxınlığında dron zərbəsi müşahidə olunub, Qətər isə raket tutduğunu açıqlayıb.
Tramp paylaşımının davamında bəyan edib ki, "bu gün İran çox sərt şəkildə vurulacaq!"
O vurğulayıb ki, "tam məhvetmə və öldürülməsi üçün ciddi şəkildə nəzərdən keçirilən" yeni hədəflər var və bunlar "indiyə qədər hədəf siyahısında olmayan bölgələr və qruplardır".
"Tehranı xurd-xəşil etdilər" - sakinlərdən biri
İsrail İrana növbəti zərbə dalğasını başa çatdırdığını elan edib.
İsrail əməliyyatda 80 döyüş təyyarəsinin iştirak etdiyini açıqlayıb.
İsrail Müdafiə Qüvvələri bildirib ki, hədəfdə "bir neçə hərbi nöqtə" - SEPAH-ın hərbi universiteti, İmam Hüseyn Universiteti olub.
Tehranda isə insanlar martın 6-dan 7-nə keçən gecəni "ikinci ən ağır gecə" adlandırıblar.
"Gecə 2-də partlayış səsinə oyandım. İkinci ən pis gecə idi", - Tehranda 40 yaşlarında bir qadın BBC-yə deyib.
"Hələ də oyağam, Tehranı xurd-xəşil etdilər", - yerli vaxtla səhər 4-də 20 yaşlarında bir tehranlı kişi BBC Farscadan Qönçə Həbibazada deyib.
Dubay hava limanı yaxınlığında partlayış və güclü tüstü müşahidə olunur
BBC Dubay Beynəlxalq Hava Limanı yaxınlığında dron zərbəsini göstərən görüntüləri dəqiqləşdirə bilib.
Sosial şəbəkələrdə paylaşılmış videoda Dubayda, hava limanının terminalına yaxın ərazidə partlayış və böyük tüstü buludu müşahidə olunur. Kadrda bir nəfər "başqa bir dron"dan danışır və partlayışdan əvvəl güclü uğultu səsi eşidilir.
Zərbənin dəqiq yeri məlum olmasa da, görüntülər onun hava limanının yaxınlığında baş verdiyini göstərir.
Bu arada İran mediası Hörmüz boğazında vurulmuş neft tankerinin yanan görüntüsünü paylaşıb.
Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əvvəlki açıqlamasından sonra yayılıb. Həmin açıqlamada qurum Hörmüz boğazından keçən bir neft tankerini hədəf aldıqlarını açıqlamışdılar.
İİKK yenidən bəyan edib ki, "düşmən ölkələrlə müttəfiq olan" neft tankerlərinin və kommersiya gəmilərinin boğazdan keçməsinə icazə verilmir.
Pezeşkian qonşu ölkələrdən üzr istəyib
İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrdən üzr istəyib.
"Hücuma məruz qalan qonşu ölkələrdən üzr istəməyi zəruri hesab edirəm", Prezident Pezeşkianın İran dövlət televiziyasında videomüraciəti yayımlayıb.
"Biz qonşu ölkələrə hücum etmək niyyətində deyilik" deyən cənab Pezeşkian "sülh və əmin-amanlıq yaratmaq" üçün regional əməkdaşlığa çağırış edib.
Pezeşkian qeyd edib ki, rəhbərlik silahlı qüvvələrə əmr verib ki, "bundan sonra ilk hücuma məruz qalmadıqca qonşu ölkələrə hücum etməyin".
"Bu andan istifadə edərək İrana hücum etməyi düşünənlər imperializmin kuklalarına çevrilməməlidirlər", - deyə Prezident Pezeşkian bildirib və əlavə edib ki, İsraili və ya ABŞ-ı dəstəkləmək "şərəf və azadlığa aparan yol deyil".
"Tehranı xurd-xəşil etdilər" - sakinlərdən biri deyir
İsrail İrana növbəti zərbə dalğasını başa çatdırdığını elan edib.
Qurum 80 döyüş təyyarəsinin əməliyyatda iştirak etdiyini bildirib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, hədəfdə "bir neçə hərbi nöqtələr" - SEPAH-ın hərbi universiteti, İmam Hüseyn Universiteti olub.
Tehranda isə insanlar martın 6-dan 7-ə keçən gecəni "ikinci ən ağır gecə" adlandırıblar.
"Gecə 2-də partlayış səsinə oyandım. İkinci ən pis gecə idi", Tehranda 40 yaşlarında bir qadın BBC-yə deyib.
"Hələ də oyağam, Tehranı xurd-xəşil etdilər", yerli vaxtla səhər 4-də 20 yaşlarında olan tehranlı kişi BBC Farscadan Qönçə Həbibazada deyib.
Səudiyyət Ərəbistanı İranı "ağıllı davranmağa" çağırıb
İran Ordusu bildirib ki, Abu-Dabi və Küveytdəki ABŞ hərbi bazalarına dronlarla hücuma keçib.
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman İranı "səhv hesablamalardan çəkinməyə və ağıllı davranmağa" çağırıb.
Bu səhər Bəhreyn paytaxtı Manama və Dubayda da partlayış səsləri eşidilib, insanlara sığınacaqlara getmək əmri verilib.
Ərəb Liqasından AFP agentliyinə deyilib ki, sabah üzv ölkələrin xarici işlər nazirləri təcili iclas keçirərək İranın bir neçə Ərəb ölkələrinə hücumlarını müzakirə edəcəklər.
İclasın keçirilməsini Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Oman, İordaniya və Misir istəyib.
İran müharibə başlayandan bəri Səudiyyə Ərəbistanını raket və dronlarla hədəfləyib.
İsraildə gecə sirenlər səslənib
Bu gecə Təl-Əviv və Qüds/Yerusəlim şəhərlərində hava hücumu sirenləri səslənib.
İsrail Ordusu İrandan gələn ballistik raketlər və dronları dəf etdiyini elan edib.
İsrailin tezliklə bomba və tutucu raketlərinin tükənib-tükənməyəcəyi ilə bağlı fərziyyələr var.
Bu səhər ABŞ Dövlət Departamenti müttəfiqinə 12 mindən çox bomba da daxil olmaqla 150 milyon dollardan çox dəyərdə silah satışını sürətləndirəcəyini açıqlayıb.
İranda 8 gündə 1332 mülki şəxs öldürülüb - İran səfiri
İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ABŞ-İsrail hücumları nəticəsində indiyədək 1332 mülki şəxsin öldürüldüyünü bildirib. İranın Qızıl Aypara təşkilatına istinad edən Səfir qadınların və uşaqların da hədəfə alındığını qeyd edib.
"Minlərlə insan yaralanıb və bu rəqəmlər artmaqda davam edir", - İran səfiri bildirib və əlavə edib ki, məktəblər, xəstəxanalar və digər mülki infrastruktur "qəsdən" hədəfə alınıb.
ABŞ mülki infrastrukturu hədəfə aldığını inkar etsə də, İranda qızlar məktəbinə ölümcül hücumu araşdırdığını açıqlayıb. İsrail də İranı mülki şəxsləri hədəf almaqda ittiham edib.
İranın ən işlək hava limanına hücum olub
İranın ən işlək hava limanı Mehrabad hava limanının "böyük hücum"a məruz qaldığı bildirilir.
Şahidlər təyyarələrin yandığını və hava limanı üzərində böyük tüstü buludları gördüklərini deyiblər. İran dövlət mediası da hava limanının bəzi hissələrinin hədəfə alındığını bildirib.
Bundan əvvəl İsrail ordusu ölkədə "genişmiqyaslı yeni hücum dalğası" başlatdığını bildirib. Bu hava limanı martın 4-də də hücumların hədəfi olub. O vaxt İsrail Hərbi Hava Qüvvələri təhlükə hesab etdiyi müdafiə və aşkarlama sistemlərini, o cümlədən hava limanının helikopter istehsal bölməsini dağıtdığını bildirmişdi.
Yeni hücumda hava limanının hansı hissələrinin bombalandığı hələlik məlum deyil, lakin şahidlər bu gecəki bombardmanların daha intensiv olduğunu deyirlər.
ABŞ Mərkəzi Komandanlığı İranda 3000-dən çox hədəfi vurduğunu açıqlayıb.
X-də paylaşımda hərbi əməliyyatlarda təxminən 43 gəminin də zədələndiyini və ya sıradan çıxarıldığını açıqlayıb.
Açıqlamada deyilir ki, hücumlar "İran rejiminin təhlükəsizlik aparatını dağıtmaq" məqsədi ilə "qaçılmaz təhlükə yaradan yerlərə" görə prioritetləşdirilir.
BBC Verify-ın peyk şəkilləri və videolar üzərində apardığı təhlil göstərib ki, ABŞ və İsrailin zərbələri nəticəsində İran məktəbləri, xəstəxana və digər əhəmiyyətli yerlər də vurulan mülki obyektlər arasındadır.
Putin İran Prezidenti ilə danışıb
Kremldən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.
Kreml bildirib ki, Putin İranın ali liderinin, digər hökumət rəsmilərinin və ölkə daxilindəki mülki şəxslərin ölümü ilə bağlı başsağlığı verib.
Məlumatda deyilir ki, Putin düşmənçiliklərin dərhal dayandırılması və diplomatik həll yolu tapılması ilə bağlı Rusiyanın mövqeyini təkrarlayıb.
Kreml bildirib ki, Pezeşkian öz növbəsində Rusiyanın dəstəyinə görə minnətdarlığını bildirib və İrandakı hadisələr barədə ətraflı hesabat təqdim edib.
Məlumatda deyilir ki, hər iki ölkə bir-biri ilə əlaqə saxlamağa davam etmək barədə razılığa gəlib.
BMT baş katibi: "Təhlükə bundan daha yüksək ola bilməz"
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş artan münaqişəyə son qoyulmasına çağıraraq "təhlükə bundan daha yüksək ola bilməz" deyə xəbərdarlıq edib.
O, X-dəki paylaşımında "Yaxın Şərqdə və ondan kənarda bütün qanunsuz hücumlar bölgədəki mülki əhaliyə böyük əzab və zərər verir və qlobal iqtisadiyyat, xüsusən də ən həssas insanlar üçün ciddi risk yaradır" deyə bildirib.
"Vəziyyət hər kəsin nəzarətindən kənara çıxa bilər. Döyüşləri dayandırmağın və ciddi diplomatik danışıqlara başlamağın vaxtıdır. Təhlükə bundan daha yüksək ola bilməz", - BMT baş katibi bildirib.
Rusiya ABŞ mövqeləri barədə kəşfiyyat məlumatlarını İrana ötürür?
BBC-nin ABŞ-dakı tərəfdaşı CBS News-a danışan mənbələr bildiriblər ki, Rusiya ABŞ-ın mövqeləri barədə kəşfiyyat məlumatlarını İrana ötürür.
Mənbələr arasında məsələ haqqında birbaşa məlumatı olduğunu iddia edən yüksək vəzifəli ABŞ rəsmisinin də olduğu iddia edilir.
"The Washington Post" da əvvəlcə üç adı açıqlanmayan rəsmiyə istinadən Rusiyanın ABŞ mövqeləri barədə İrana məlumat verdiyini yazmışdı.
Daha əvvəl Rusiya dövlət mediası Vladimir Putinin sözçüsünün Rusiyanın İran rəhbərliyi ilə "dialoq" apardığı açıqlamasını yayıb.
Reuters isə Kremlin jurnalistlərin Moskvanın Tehrana yardım edib-etməməsi barədə sualına detallar verməkdən imtina etdiyini xəbər verir.
Trump: Neft qiymətləri tezliklə "rekord səviyyədə" düşəcək
Donald Tramp CNN-ə müsahibəsində bildirib ki, artan neft qiymətləri "qısamüddətli"dir, tezliklə "rekord səviyyədə" düşəcək.
Tramp müsahibəsində ABŞ-ın artıq Hörmüz boğazını gəmilər üçün daha təhlükəsiz etməyin yolunu tapdığını da bildirib.
O, həmçinin İran donanmasına zərbələr endirildiyini deyib.
Trumpın sözlərinə görə, müharibə başladıqdan bəri ABŞ İranın 25 gəmisini vurub.
Tehranda yeni dini liderin hakimiyyətə gəlməsinə münasibət bildirən Tramp bunun şəxsdən asılı olduğunu deyib və ABŞ-a, İsrailə, eləcə də region ölkələrinə ədalətli münasibətin vacibliyini vurğulayıb.
Cümə axşamı günü isə o, Axios-a İranın növbəti liderinin təyinatında "iştirak etməli olduğunu" demişdi.
Trump İrandan qeyd-şərtsiz təslim olmağı tələb edir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, "İranla heç bir razılaşma olmayacaq, yalnız qeyd-şərtsiz təslim olma".
O, Truth Social sosial media platformasında yazıb:
"Bundan sonra isə MÖHTƏŞƏM və MƏQBUL lider(lər)in seçilməsi ilə biz və bizim əziz, çox cəsur müttəfiqlərimiz və tərəfdaşlarımız İranı məhv olmaq həddindən geri qaytarmaq üçün dayanmadan çalışacağıq, onu iqtisadi baxımdan heç vaxt olmadığı qədər böyük, daha yaxşı və daha güclü edəcəyik".
"İRANIN MÖHTƏŞƏM GƏLƏCƏYİ OLACAQ. "İranı Yenidən Möhtəşəm Edək!"".
"İranda öldürülənlərin 30 faizi uşaqlardır"
İran hökumətinin sözçüsü Fatimə Möhacerani ABŞ-İsrailin İranla müharibəsində öldürülənlərin ümumi sayını açıqlamadan bildirib ki, "İranda öldürülənlərin 30 faizi uşaqlardır".
O deyib ki, 9 Qızıl Aypara ilə əlaqədar olan 13 tibbi mərkəz hücumların hədəfi olub.
3090 yaşayış, 528 biznes infrastrukturu hucuma məruz qalıb, İran rəsmisi əlavə edib.
Beyrut bu səhər
Reuters-in yaydığı görüntüdə bir tərəfdən mülki təyyarənin uçması, digər tərəfdən Beyrutun cənub qəsəbələrinə zərbə vurulduğu görünür.
Agentlik bildirir ki, görüntü bu gün səhər saatlarında çəkilib.
İsrail bölgəni tərk etmələri üçün minlərlə insana xəbərdarlıq edib və hücumların hədəfinin Hizbullah olduğunu deyib.
Livan Səhiyyə Nazirliyi bildirib ki, İsrailin bazar ertəsi hücumları başlayandan bəri Livanda 217 ölüm və 798 nəfər yaralanıb.
BMT İranda məktəbə hücumla bağlı təcili çağırış
BMT-nin İnsan Haqları Komissarı Volker Turk İranda məktəbə hücumla bağlı "qərəzsiz təhqiqat" aparılmalıdır. O, buna görə ABŞ-ı təcili araşdırma aparmağa çağırıb.
Turk hadisəni faciəvi adlandırıb və deyib ki, "Bu araşdırma çox tez aparılmalı və biz həmçinin məsul şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkənlərə kompensasiya ödənilməsini təmin etməliyik."
İran müharibənin ilk günündə Minab şəhərindəki məktəbə hücuma görə İsrail və ABŞ-ı günahlandırıb.
Rəsmi məlumata görə, hücumda azı 168 nəfər ölüb, 96 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti 7-12 yaş arası məktəbli uşaqlar olub.
ABŞ və İsrail hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, lakin ABŞ dövlət katibi Marko Rubio son günlərdə Pentaqonun araşdırma apardığını bildirib.
Pezeşkian: "Bəzi ölkələr vasitəçilik cəhdlərinə başlayıblar"
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, bəzi ölkələr vasitəçilik cəhdlərinə başlayıblar.
"Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Gəlin açıq söyləyək: biz regionda davamlı sülhə sadiqik, lakin millətimizin ləyaqətini və suverenliyini qorumaqda heç bir tərəddüdümüz yoxdur", o, sosial mediada yazıb.
"Vasitəçilik İran xalqını qiymətləndirməyib bu münaqişəni qızışdıranlara müraciət etməlidir."
Pezeshkianın bu şərhləri ölkəsinin ərəb qonşularının İranın ölkələrdəki Amerika bazalarını, eləcə də mülki və enerji infrastrukturunu hədəf alan raket hücumlarına cavablarını qiymətləndirdiyi bir vaxta təsadüf edir.
İDF: İsrail Tehranda İranın idarəetmə mərkəzi - hərbi bunkerini məhv edib
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İranın keçmiş Ali lideri Ayətullah Əli Xameneinin istifadəsi üçün nəzərdə tutulmuş yeraltı bunker 50 İsrail qırıcı təyyarəsinin iştirakı ilə həyata keçirilmiş hava hücumu ilə yararsızlaşdırılıb.
İDF bildirir ki, Xamenei bunkerdən istifadəyə imkan tapmamış "zərərsizləşdirilib". Həmin bunker Ali lider üçün "təhlükəsiz fövqəladə idarəetmə mərkəzi" kimi fəaliyyət göstərməli imiş.
İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, bunker Tehranın mərkəzində "bir neçə küçəni əhatə edib" və dağıdılana qədər "İran rejiminin yüksək rəsmiləri tərəfindən istifadə olunub".
Azərbaycanın İrandakı səfirlik və konsulluğu təxliyə olunacaq - Ceyhun Bayramov
"Tehrandakı səfirliyimizin və Təbrizdəki Baş konsulluğumuzun evakuasiyası barədə göstəriş verilib", Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, "əlavə təhlükəsizlik tədbirləri çərçivəsində" belə qərar verilib, Azərtac yazıb.
Bayramov bunu Bakıda, moldovalı həmkarı Mixay Popşoi ilə keçirilən brifinqdə söyləyib.
O həmçinin açıqlayıb ki, regional gərginlik fonunda hərbi qüvvələrin hazırlıq səviyyəsi maksimuma çatdırılıb.
Bu gün İsrail Müdafiə Qüvvələri məlumat yayıb ki, İrandan gələn hücumları dəf etməyə başlayıb. Hücum müddətində insanlara sığınacaqlarda qalmaq tapşırılıb. Təcili tibbi yarım xidməti yaralı və itkilərin olmadığını bildirir.
"Dünən gecə ən pis gecə idi" - Tehran sakini
"Ev 5 dəqiqə ardıcıl olaraq titrəyirdi. Dünən gecə ən pis gecə idi", - deyə Tehranda 30 yaşlarında bir kişi müxbirimiz Qöncə Həbibazada deyib.
O deyib ki, dünən gecə "daimi partlayışlar" səbəbindən çətinliklə yata bilib.
Ölkədə davam edən internet kəsintiləri fonunda İran daxilindəki insanlarla əlaqə saxlamaq hələ də çox çətindir, lakin bəziləri ilə qısa müddətlik də olsa danışmaq mümkün olub. Müxbirimiz yazır ki, danışdığım insanların kimliyini gizlədirəm ki, onların təhlükəsizliyini qoruya bilim.
"Səhər saat 5-də partlayış səsinə oyandım və o vaxtdan bəri yata bilmirəm", - deyə paytaxtda yaşayan bir qadın bildirib.
"Dəhşətli idi. O qədər güclü zərbələr endirirdilər ki, bütün pəncərələr titrəyirdi. Sanki əjdaha səs çıxarırdı", - deyə başqa bir qadın bildirib.
ABŞ-ın İrana və Tehrana hücumları "kəskin artacaq"
ABŞ Müdafiə Naziri Pete Hegseth ABŞ-ın İrana və Tehrana hücumlarının "kəskin şəkildə artacağını" deyir.
O deyib ki, Böyük Britaniyanın ABŞ-a Dieqo-Qarsiya hərbi bazasından istifadə etməyə icazə verməsi Vaşinqtonun hücumlarını gücləndirməsinə kömək edəcək.
Hegseth deyib: "Təəssüf ki, britaniyalılar ilk gündən "Hey, irəli və giriş əldə et" demədilər. Amma biz ora çatdıq".
Baş nazir Ser Keir Starmer bildirib ki, Böyük Britaniya Qətərdəki Britaniya eskadrilyasına qoşulmaq üçün əlavə dörd "Typhoon" qırıcı təyyarəsi göndərəcək.
Baş nazir bildirib ki, Böyük Britaniya ABŞ-a "müdafiə əməliyyatları aparmaq üçün" Britaniya bazalarından istifadə etməyə icazə verib.
Tramp İrana ABŞ qoşunlarını göndərməyi "düşünmür"
Prezident Donald Tramp deyib ki, İrana ABŞ qoşunlarını göndərmək "vaxt itkisi" olardı və hazırda bu barədə düşünmür.
"Bu, vaxt itkisidir. Onlar hər şeyi itiriblər. Onlar donanmalarını itiriblər. Onlar itirə biləcəkləri hər şeyi itiriblər", - deyə Tramp cümə axşamı NBC-yə bildirib.
O, İran xarici işlər naziri Abbas Əraqçinin NBC-yə verdiyi açıqlamada İranın ABŞ və ya İsrailin quru hücumuna hazır olması barədə dediyi sözləri "boşa xərclənmiş şərh" adlandırıb.
Tramp həmçinin İranın hazırkı liderlik strukturunu "təmizləmək" istədiyini bildirib.
"Biz onların yaxşı bir liderinin olmasını istəyirik. Düşünürəm ki, yaxşı iş görə biləcək bəzi insanlar var", ABŞ Prezidenti bildirib, amma heç kimin adını çəkməyib.
İsrail Beyrut və Tehrana hücumlar etdiyini bildirir; İran Təl-Əvivə raket atdığını bildirib.
Gecə ərzində İsrail döyüş təyyarələri şənbə günündən bəri İrana qarşı on dördüncü hücum dalğasını həyata keçirib və Tehranda və digər şəhərlərdə şiddətli bombardmanlar baş verib.
Cümə axşamı günü İsraildə dəfələrlə İran raketləri barədə xəbərdarlıq edən sirenlər işə düşüb və bir dəfə kaset başlığından istifadə edilib, lakin xəsarət alan olmayıb.
Gecə İsrail ordusunun təxliyə olmaq xəbərdarlığından sonra Beyrutun cənubunda partlayışların sayı artıb.
Bəhreyndə İranın otelə və yaşayış binalarına hücum etdiyini bildirir; Qətər isə ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası olan əl-Udeid hava bazasına edilən dron hücumunun qarşısını aldığını bildirir.
Londonda "yəhudi icmalarını izləmək" şübhəsiylə 4 nəfər həbs olunub
Londonda İranla bağlı antiterror istintaqı çərçivəsində dörd nəfər həbs edilib, Metropolitan Polisi bildirib.
Polis xarici kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinən bir İran və üç Britaniya-İran vətəndaşını həbs edib.
Polis deyib ki, istintaq Londonda yəhudi icmaları ilə əlaqəli yerlərin və şəxslərin şübhəli izlənilməsi ilə bağlıdır.
Bundan başqa, daha 8 nəfər cinayətə kömək etməkdə şübhəli bilinərək həbs edilib.