Heyvanlar aləmi sülh və despotizm haqqında bizə nə deyir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Chris Baraniuk
- Oxuma vaxtı: 8 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bəzi heyvan icmaları despotlar tərəfindən dəmir yumruqla idarə olunur, digərləri isə təbii olaraq bərabərlilik prinsipinə əsaslanır. Onların hamısının bizə öyrədəcəyi dərslər var.
XX əsrdə despotlar az deyildi. Amansız liderlər müxaliflərini əzib keçdi və xəttdən çıxmağa cəsarət edənləri dəhşətli şəkildə susdurdu. Stalin, Mao, İdi Amin və ev siçanı Bill kimi...
1950-ci illərin əvvəlində ekologiya və siçan mütəxəssisi Peter Crowcroft, İngiltərənin Suffolk bölgəsindəki köhnə bir İkinci Dünya Müharibəsi təlim bazasında apardığı qeyri-adi təcrübədə Bill adını verdiyi siçanın icma daxilində yüksəlişini izləyirdi.
Siçanlar ölkə üzrə strateji ərzaq ehtiyatı kimi yerləşdirilmiş taxılın böyük hissəsini yeyirdi.
Böyük Britaniya hökuməti bu gəmiricilərin qəribə davranışlarını nəzarət altına almaq məqsədilə siçanları daha yaxşı anlamaq istəyirdi və Crowcroft-a keçmiş bombardmançı bazasında siçan müşahidə laboratoriyası qurmaq tapşırıldı.
Tədqiqatın ilk günlərində Crowcroft Bill-i Charlie adını verdiyi başqa bir siçanla tanış etdi.
Crowcroft araşdırmasının detalları haqqında yazdığı "Mice All Over" ("Hər Yerdə Siçanlar") adlı kitabında belə deyir:
"Bill-in görüşün ilk anında Charlie-nin üstünə bu qədər vəhşicəsinə atılmasına heç hazır deyildim".
İki siçan qısa müddət ərzində amansız şəkildə döyüşdü və qalib Bill oldu. Bir despot doğulmuşdu.
Crowcroft 1966-cı ildə nəşr olunan kitabında Bill-in digər siçanlara qarşı despot davranışlarını səhifələr boyu təsvir edir.
Despotluq bir çox heyvan cəmiyyətində müşahidə olunur. Yalnız siçanlarda deyil.
Babunlar, zolaqlı manqustlar və çılpaq köstəbək siçovullar ekoloqların "hakimiyyət iyerarxiyası" adlandırdığı, ən üst pillədə dəmir yumruqla hökmranlıq edən bir və ya bir neçə fərdin oturduğu heyvanlardan yalnız bir neçəsidir.
Ən çox qidanı onlar əldə edir. Ən yaxşı cütləşmə partnyorlarını onlar seçir. Onların davranışları bütün qrupu bir istiqamətə və ya digərinə yönəldir.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Crowcroft yazırdı:
"Siçanları nə qədər çox müşahidə etsəm, insan növünün davranışlarındakı elementləri bir o qədər çox fərq etməyə və hər iki növü daha yaxşı anlamağa başladım".
O dövrdə bəzi insanlar tərəfindən dövlət vəsaitinin israfı kimi tənqid olunan Crowcroft-un işləri bir çox tədqiqatçıya təsir göstərdi.
Bunlar arasında ABŞ-ın Georgia ştatındakı Kennesaw State Universitetində biomedikal elm üzrə tədqiqatçı Justin Varholick də var. Doktorantura işini siçan davranışlarını araşdıraraq həyata keçirən Varholick deyir:
"Tədqiqatlarımın əksəriyyətinin əsası o kitab idi".
Laboratoriyalarda, adətən, kiçik qəfəsdə saxlanılan siçanlar isə despotluğa meyilli olurlar.
2019-cu ildə Varholick və həmkarları bu davranışla bağlı bir tədqiqat dərc etdilər. Onlar onlarla siçanı üçlük qruplara ayıraraq standart laboratoriya qəfəslərində müşahidə etdilər.
Varholick müəyyən etdi ki, siçanların bir-birinə qarşı mövqeləri qəfəsdə kimlə birlikdə olduqlarına bağlı olaraq dəyişə bilər.
Bunu tüp testi adlanan bir üsulla qiymətləndirdilər. İki siçanı bir tüpün əks uclarına qoydular. İlk geri çəkilən siçan dolayısı ilə özünü təslim etmiş hesab etmiş oldu.
Varholikin əsas məqsədi bu heyvanlarda aqressivliyi azaltmaq üçün laboratoriya siçanlarını daha yaxşı başa düşmək idi, çünki aqressivlik həm tədqiqatçılar, həm də bədbəxt, tabe siçanlar üçün problem yarada bilər.
Qadınlar da despot davrana bilərlər.
Təbiətdə, ətraf mühit amilləri müəyyən bir siçan qrupunda despotluğun ortaya çıxıb-çıxmayacağını müəyyən edə bilər. Bəzi heyvan növləri despotluqları ilə məşhurdur.
Güney Afrikada yaşayan, buraya xas babunları götürək.
2008-ci ildə aparılan məşhur bir tədqiqat göstərdi ki, babun cəmiyyətlərində, adətən, despotlar hökm sürür və bu, məsələn, meymunlar yemək axtararkən də özünü göstərir.
Tədqiqatçılar deyir:
"Qrup halında yemək axtarma qərarları bu qərarlardan ən çox fayda götürən fərd, yəni dominant erkək tərəfindən daim yönləndirilirdi".
Fransız Milli Elmi Tədqiqat Mərkəzində tədqiqat direktoru və davranış ekologiyası mütəxəssisi Élise Huchard, bu tədqiqata qatılan alimlərdən biri idi.
Huchard uzun illər Namibiyada babunları araşdırdı.
Huçard izah edir ki, bu qruplardakı dominant erkəklər dişiləri həm cütləşməyə məcbur etmək, həm də qorxutmaq üçün təqib edir və bununla da dişilərin başqa bir erkək babunla cütləşmə şansını azaldır.
Zorakı babun dişini ağaca qədər təqib edə bilər və bu, dişinin ağacın budaqlarının ucuna qədər getməsinə səbəb ola bilər. Aşırı hallarda bunun trajik nəticələri ola bilər.
"Belə təqib olunan, qarnı burnunda hamilə bir dişi gördük. Dişi ağacdan düşdü. Ertəsi gün o, körpəsini itirdi".
Lakin Huchard vurğulayır ki, babun cəmiyyətlərində yüksək rütbəli dişilər də bəzən despot davranış göstərə bilir və aşağı rütbəli dişilərə öz mövqelərini zorla qəbul etdirdirirlər.
Dişi babunlar sosial statuslarını analarından miras alırlar.
Huchard deyir ki, özünün və digər tədqiqatçıların, ən azı şəxsi səviyyədə, bütün bu tiranlıq davranışlarına dözmək məcburiyyətində olan aşağı rütbəli babunlara bir qədər daha yaxın hiss etdiklərini söyləyir.
Lakin o, eyni zamanda gözləniləndən daha çox incə davranan yüksək rütbəli bir dişini də xatırlayır:
"Onun bu qədər yüksək rütbəli olmasına baxmayaraq bu qədər ölçülü davranması xüsusilə xoş idi".
Qrupdan ayrılmaq risklidir
Bəzi heyvan cəmiyyətlərinin başındakı dişilər mütləq amansızdır.
Çılpaq köstəbək siçovullar qidalandıqları bitki yumrularını axtararkən, böyük ön dişlərindən istifadə edərək qazdıqları tunellərin altında yaşayırlar.
Çılpaq köstəbək siçovullar icmasında tək reproduktiv dişi olan kraliçalar üstünlüklərini "aqressiv itələmə, quyruq çəkmə və nəcisdən istifadə davranışları ilə" nümayiş etdirirlər.
Qrupdan ayrılmaq isə risklidir.
Heyvan və insan cəmiyyətlərində despotluğu araşdıran müstəqil antropoloq Laura Betzig deyir:
"Sonrakı yeməyin haradan gələcəyini heç kim bilmir. Orada qalır və dəhşətli despotlara dözürlər".
Betzig həmçinin, kraliçə xaricindəki dişilərin qoyduğu yumurtaları yeyən işçi qarışqaları nümunə göstərir.
Betzig əlavə edir:
"Kraliçə, yumurtaları məhv etmək üçün işçilərdən ibarət bir ordu, bir polis qüvvəsi istifadə edir".
Bu, bir liderin potensial rəqiblərini aradan qaldırmasının bir yoludur.

Şəklin mənbəyi, Getty Images
Zolaqlı manqustlarda dişi despotlar bir addım daha irəlidədir.
Bu məməlilər sıx bağlı qruplar şəklində yaşayırlar. Lider dişi cütləşmək istədikdə, yaxınlıqdakı rəqib qruplara bir növ müharibə elan edir.
Adətən, despot dişi, rəqib qrupun erkəyini axtarır və öz qrupundan erkək qoruyucularını da yanına alır.
2020-ci ildə bir tədqiqatçı məqaləsində qeyd edir ki, "ortaya çıxan bala genetik olaraq daha müxtəlif, daha iri və sağ qalma ehtimalı daha yüksək olacaq".
Amma bu prosesdə bir çox zolaqlı manqust ölə bilər.
İngiltərənin Exeter Universitetindən tədqiqatçı Kingsley Hunt zolaqlı manqustları araşdırır. O qeyd edir ki, erkəklər qruplar arasındakı münaqişələrdə tez-tez zərər görür, amma çox seçimi yoxdur.
O deyir:
"Yalnız bir zolaqlı manqustun həyatı çox güman ki, qısa və amansızdır. Bu, "yox' demək və ya üsyan etmək bacarığınızı məhdudlaşdıra bilər".
"Hərəkət etməyi dayandırmayın, divarlar hörməyin"
Bəzi heyvan icmalarında, bir çox fərd üçün açıq dezavantajlarına baxmayaraq, despotluğun niyə davam etdiyini anlamaq üçün hərəkət qabiliyyətinə baxmaq lazımdır.
Betzig deyir ki, tarixdə despotlar tərəfindən idarə olunan insan cəmiyyətlərinin adətən qaçışı çətinləşdirən coğrafi mövqelərdə yerləşdiyinə dair sübutlar tapıb. Bu, despotun əsir aldığı kütləni istismar etməsinə imkan verir.
Betzig əlavə edir:
"Mənim fikrimcə, çıxarılacaq dərs belədir: "Hərəkət etməyi dayandırmayın, divarlar hörməyin. Qaçışı heç bir şəkildə əngəlləməyin".
Huchard deyir ki, bəzi heyvan icmaları digərlərinə nisbətən daha despotikdir, lakin bunun səbəbi hələ də araşdırılır.
Despotluq genetik və öyrənilmiş davranışların qarışığından qaynaqlana bilər.
Huchard 2004-cü ildə nəşr olunan və zeytun babunları arasında fövqəladə hadisələr zəncirini təsvir edən məşhur bir tədqiqatdan bəhs edir.
1980-ci illərin ortalarında, bu babunlar arasında tuberkulyoz epidemiyası baş verdi, bu da qrupdakı bir çox fərdin ölümünə səbəb oldu və təsadüfən ölümlərin əksəriyyəti qrupun daha aqressiv üzvləri idi. Onların yerinə nisbətən daha sülhpərvər erkəklər keçdi və bunlar əvvəlkilərə nisbətən əhəmiyyətli dərəcədə daha az aqressiv idilər.
Erkəklər və dişilər arasında bu daha mehriban davranış "səlis" iyerarxiyanın ortaya çıxdığını göstərirdi.
Həqiqətən təəccüblü olan odur ki, bu daha az aqressiv cəmiyyət uzun illər davam etdi və sonrakı nəsillər boyu davam etdi.

Şəklin mənbəyi, Getty Images
Lakin, zülm onu idarə edən heyvanlar üçün həmişə yaxşı nəticələnmir.
Qarışqaların bir növü olan Protomagnethus americanus, rəqib növlərin sürfələrini qaçırır və kölələşdirir. Bununla belə, kölələşdirilmiş qarışqaların üsyan qaldırıb onları əsir götürənləri öldürdüyü barədə də məlumatlar var.
Nyu-Yorkdakı Albani Universitetinin bioloji antropoloqu Marsi Ekanayake-Veber deyir ki, resurslar da insanın hakimiyyətə gəlməsində əhəmiyyətli amil ola bilər.
O, vurğulayır ki, resurslar qeyri-bərabər paylanarsa, az sayda fərd bu resursları inhisara ala və bu müddətdə despotlara çevrilə bilər.
"Özümüzü anlamağın yolu heyvan cəmiyyətlərini öyrənməkdən keçir"
Bəs insan cəmiyyətləri bunlardan nə qədər dərs çıxara bilər?
Danışdığım bütün alimlər deyirdilər ki, heyvan cəmiyyətləri üzərində apardıqları tədqiqatlar insan davranışı haqqında baxışlarına müəyyən şəkildə təsir edib.
Varholick deyir:
"Özümüzü anlamağın yolu, digər heyvan cəmiyyətlərini öyrənməkdən keçir".
Betzig isə Roma da daxil olmaqla tarixi insan cəmiyyətləri üzərində apardığı tədqiqatlarda qeyd edir ki, kişi despotların zənginlik və güc əldə etməsi və bunun sayəsində bir neçə qadınla cinsi əlaqədə ola bilməsi arasında inanılmaz dərəcədə güclü bir əlaqə tapıb. Tam da zalım erkək babunlar kimi.
Ekanayake-Weber isə vacib bir məqama toxunur: İnsanlarda, digər amillərlə yanaşı, kənd təsərrüfatı da min illərdir sosial iyerarxiyaların formalaşmasında rol oynayıb.
Bəzi heyvanlarda kənd təsərrüfatına bənzər fəaliyyətlər olsa da, sivilizasiyalarımızı heyvan cəmiyyətləri ilə müqayisə etmək bəzi şübhələrə də yol açır.
Məsələn, insan əkinçiliyi kişilərin dominantlıq etdiyi cəmiyyətlərin və ya patriarxatın yaranmasına səbəb ola bilər.
Ekanayake-Weberə görə, bu, daha bərabərhüquqlu ovçu-yığıcılar kimi təkamül mənşəyimizdən əhəmiyyətli dərəcədə uzaqlaşmanı təmsil edir.
Buna baxmayaraq, paralelliklər davam edir.
Öz vəhşiliyimizi digər despotik növlərdə görmək qorxuducu dərəcədə asandır: ailə daxilində aqressiyadan, meqalomaniyaya, dağıdıcı davranışlara qədər.
Bəlkə də Crowcroft, 1950-ci illərin əvvəllərində Bill-in avtoritar rejimini sənədləşdirərkən belə hiss etmişdi.
Təsadüfən, həmin dövrdə dünyanın bir çox ölkəsi despotların idarəsi altında idi. Tədqiqatçılar deyirlər ki, despotluq bəzi insan cəmiyyətlərinə hələ də mənfi təsir göstərir.
"Burada despot yoxdur"

Şəklin mənbəyi, Getty Images
Amma başqa bir yol da var. Braziliyanın Atlantik meşəsində dünyanın ən sülhpərvər primatı hesab olunan bir meymun növü yaşayır.
Ağaclarda yaşayan hörümçək meymunları mədəniyyətləri ilə məşhurdur və bərabərliyin olduğu qruplar şəklində yaşayırlar. Burada despot yoxdur. Hətta bəzi insanlar hörümçək meymunlarını "hippi meymunu" adlandırırlar.
Bu bir az şişirdilmiş təsvir olsa da, ABŞ-ın Wisconsin-Madison Universitetində illərlə bu növ meymunları araşdıran primatoloq Karen Strierə görə, bu, növün "rahat" həyat tərzini əks etdirir.
Məsələn, meymunların cinsi baxımdan çox rahat olduqlarını qeyd edir:
"Dişilər qısa müddət ərzində bir neçə erkəklə cütləşir".
Amma daha maraqlısı da var. Hörümçək meymunları nadir hallarda döyüşür və resursları ədalətli şəkildə bölüşdürürlər.
Strier izah edir ki, iki meymun təxminən eyni anda yemək və ya su tapsa, ilk gələn ehtiyacını alır, digərləri isə səbirlə növbəsini gözləyir.
"O hörümçək meymunlarındakı davranış tərzi səbir və dözümlülükdür," deyir.
Hətta hörümçək meymunlarının hər hansı aqressiv davranış nümayiş etdirməkdən çox bir-birləri ilə qucaqlaşdıqlarını da əlavə edir.
Bəs, bəzi heyvan cəmiyyətlərində sülhpərvərliyin səbəbləri nədir?
Strier deyir ki, hörümçək meymunlarında bu, erkəklərlə dişilərin ölçü və bədən quruluşu baxımından bir-birinə çox bənzəməsindən qaynaqlana bilər. Bu vəziyyət, məsələn, bir erkəyin dişilər üzərində hökmdarlıq qurmasını çətinləşdirir.
Lakin müxtəlif səbəblərdən dolayı, despotluğun muriqui meymunları üçün kifayət qədər fayda gətirməməsi də mümkündür.
Bu isə,məsələni cəmiyyətin və ətraf mühitin hansı davranışları mükafatlandırdığı sualına gətirir.
Ekanayake-Weberə görə, insanlar bir-biri ilə əməkdaşlıq etdikdə daha yaxşı vəziyyətdə olurlar. Bu, mədəni baxımdan tez-tez övündüyümüz bir xüsusiyyətdir.
O deyir:
"Bu əməkdaşlılıq, bərabərlilik tərəfi həqiqətən daha çox araşdırmalıyıq".
Bunu etdikdə, bir növ "super orqanizm" halına gələ biləcəyimizi söyləyir.
Məsələn, bir qarışqa bacarmayacağı işləri, böyük şeyləri daşımaq lazım gələndə digər qarışqalarla köməkləşə bilir.
Belə əməkdaşlıq bir növün inkişafına kömək edə bilər.
İnsanlar qarışqalardan, babunlardan və çılpaq köstəbək siçovullardan fərqlidir. Minlərlə il ərzində olduğu kimi, bu planetdə özünəməxsus yolumuzu çəkirik. Lakin heyvanlar aləmi hələ də bizə çoxsaylı dərslər verir.
Strier deyir:
"Ömrümün yarısını hörümçək meymunlarını izləməklə keçirdim. Bu müddətdə öyrəndiklərimi insanlarla münasibətlərimdə istifadə edirəm".
"Belə sülhpərvər bir birliyi olan başqa bir primatı izləmək isə ilhamvericidir".



























