Ermənistan "hibrid təhdidlərlə" üzləşir, xarici işlər naziri Ararat Mirzoyan

Şəklin mənbəyi, Parliament.am
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ermənistan "hibrid təhdidlərlə" üzləşir, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 23-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının iclasında deyib.
Onun sözlərinə görə, Ermənistan dezinformasiya, manipulyasiya və xarici müdaxilə də daxil olmaqla böyük bir hibrid təhdid dalğası ilə üzləşir.
"Bunlar vətəndaşlarımızın demokratik təsisatlara olan inamını sarsıtmaq və insan hüquqlarından səmərəli istifadə etmək də daxil olmaqla, konkret məqsədlərə çatmaq üçün hazırlanmış hədəflənmiş, sistemli, düşmən kampaniyalardır.
Bu çətinliklərlə üzləşmək demokratik dayanıqlığın davamlı şəkildə gücləndirilməsi yolu ilə gündəlik fəaliyyətə çevrilib", - o deyib.
Mirzoyan bu "hibrid təhdidlərin" mənbəyini dəqiqləşdirməsə də, Ermənistan hakimiyyəti uzun müddətdir ki, Trampın vasitəçiliyi ilə Azərbaycanla sülh müqaviləsi və ABŞ-ın dəstəklədiyi TRIPP tranzit marşrutu ilə formalaşan yeni geosiyasi mənzərə altında Qərbə doğru irəlilədikcə xaricdən - yəni Rusiyadan - "hibrid təhdidlərin" olduğunu israr edir.
Rusiya Ermənistanın "hibrid təhdidlər" barədə bəyanatlarını əsassız adlandıraraq, Moskvanın Ermənistanın daxili işlərinə qarışmadığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Rusiya-Ermənistan münasibətləri strateji müttəfiqlik prinsiplərinə əsaslanır və Moskva regionda sabitlik və təhlükəsizliyin tərəfdarıdır.
Hibrid təhdid nədir?
Müasir geosiyasi mühitdə "hibrid təhdid" anlayışı getdikcə daha çox aktuallaşır.
Bu termin dövlətlərin və ya qeyri‑dövlət aktorlarının bir ölkənin sabitliyinə və suverenliyinə təsir göstərmək üçün müxtəlif vasitələri paralel şəkildə işlətməsini ifadə edir.
Hibrid təzyiq yalnız hərbi əməliyyatlarla məhdudlaşmır; dezinformasiya, kiberhücumlar, siyasi manipulyasiya, iqtisadi asılılıq yaratmaq və cəmiyyət içində parçalanmanı dərinləşdirən ideoloji təsirlər də bu strategiyanın əsas elementlərindəndir.
NATO hibrid təhdidi konvensional və qeyri‑ənənəvi fəaliyyətlərin birləşməsi kimi qiymətləndirir və belə üsulların ictimai rəyi formalaşdırmaq, qərarvermə mexanizmlərinə təsir göstərmək və dövlət institutlarını zəiflətmək məqsədi daşıdığını bildirir.
Mütəxəssislər deyirlər ki, rəqəmsal media və sosial şəbəkələrin geniş yayıldığı dövrdə informasiya məkanı hibrid mübarizənin əsas meydanına çevrilib.



























