Araşdırma: Autizm qızlar arasında da yayğındır, lakin çox vaxt gec hiss edilir

    • Müəllif, Andreea Gheorghe
    • Vəzifə, BBC
  • Oxuma vaxtı: 5 dəq

Autizm qız uşaqlarında da yayğındır, lakin diaqnozu oğlanlara nisbətən daha gec qoyulur.

İsveçdə aparılan bir araşdırma göstərib ki, 10 yaşınadək autizm diaqnozu alan hər dörd oğlana qarşı bir qız düşdüyü halda, 20 yaşa çatdıqda bu nisbət bərabərləşir.

Tədqiqatçılar qızlarda əlamətlərin daha çətin fərq edilməsi, diaqnoz meyarlarının oğlanlara əsasən hazırlanması və sosial çətinlikləri gizlətmə bacarığı kimi səbəblərin ön plana çıxdığını qeyd ediblər. Autizm diaqnozu erkən yaşda qoyulduqda, uşaqlar özlərini daha yaxşı anlaya bilirlər.

Mütəxəssislərə görə, autizm əlamətləri qız uşaqlarında çox vaxt daha gec fərq edilə bilir.

Cəmiyyət arasında autizmin kişilər və oğlan uşaqlarında daha tez-tez görüldüyü yönündə yayğın bir inanc hakimdir.

Lakin uzun illər boyu davam edən bir araşdırma, autizmin qızlarda da oğlanlarda olduğu qədər yayğın ola biləcəyini ortaya qoydu.

İsveçdəki Karolinska İnstitutu tərəfindən aparılan araşdırmaya görə, 10 yaşın altındakı uşaqlar arasında autizm diaqnozu alan hər bir qız uşağına qarşı dörd oğlan uşağı var idi.

Ancaq zamanla bu fərq azaldı. Araşdırmaya görə, 20 yaşa çatdıqda autizm diaqnozu alan qız və oğlanların sayı demək olar ki, bərabərləşdi. Bu da qız uşaqlarına, adətən, oğlanlardan daha gec diaqnoz qoyulduğunu göstərir.

Tədqiqatçılar İsveçdə 1985-2020-ci illər arasında doğulmuş 2,7 milyon nəfəri araşdırıblar. Bu şəxslərin 2,8 faizinə iki ilə 37 yaşları arasında autizm diaqnozu qoyulub.

British Medical Journal-da dərc olunan araşdırmanın baş müəllifi Dr. Karolin Fayf qızlarda xüsusilə yeniyetməlik dövründə diaqnozların artmasına dair müşahidələrinin olduğunu deyir.

Fayfa görə, bu artım ən çox 15-19 yaş arasındakı qızlarda özünü büruzə verib. Bu da zamanla oğlan-qız diaqnoz nisbətindəki fərqin azalmasına səbəb olub.

Fayf bu mövzu ilə əlaqədar olaraq bildirir: "20 yaşa çatdıqda autizm diaqnozu alan qız və oğlan sayında bərabərlik olduğunu gördük. Yəni yetkinliyə keçid dövründə cinslər arasında nəzərəçarpacaq bir fərq qalmır".

Dünya miqyasında vəziyyət

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, 2021-ci ildə dünya miqyasında təxminən hər 127 nəfərdən birində autizm var idi.

Lakin autizmin aşkar edilmə tezliyi ölkədən ölkəyə böyük fərqlilik göstərə bilir. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə bu mövzuda kifayət qədər məlumat yoxdur.

İngiltərədəki Milli Autizm Cəmiyyətinə görə, autizmin əsas diaqnoz meyarları arasında ünsiyyət və sosial qarşılıqlı əlaqədəki fərqliliklərlə təkrarlanan davranışlar və intensiv maraq dairələri yer alır.

Dr. Fayf qızlarda diaqnozun niyə daha gec qoyulmasının birdən çox səbəbi ola biləcəyini deyir. Lakin bu mövzuda daha çox araşdırmaya ehtiyac olduğunu da vurğulayır.

"Diaqnoz meyarlarına baxdıqda, oğlan uşaqlarında daha nəzərəçarpacaq israrlı maraq dairələri və təkrarlanan davranışlar görüldüyünü fərq edirik. Bu səbəbdən qızlarda bənzər hallar hər zaman fərq edilməyə bilər. Çünki maraq dairələri intensiv olsa belə, daha yayğın və adi mövzular ola bilir".

Fayfa görə, qızlar sosial ünsiyyətdə də çox vaxt kənardan daha yaxşı görünürlər.

"Əslində çətinlik çəksələr belə, bu çətinlikləri gizlətmə, yəni "maskalama" mövzusunda daha uğurlu ola bilirlər.

Ancaq yeniyetməlik dövrünə çatdıqda sosial münasibətlər daha çox mürəkkəb hala gəlir. Bu səbəbdən bu vəziyyəti davam etdirmək çətinləşir. Həmin nöqtədə qızlarda təşviş və depressiya kimi əlavə problemlər ortaya çıxa bilir və bu prosesdə autizm diaqnozu qoyula bilir".

Bu fikri Milli Autizm Cəmiyyətinin araşdırma rəhbəri Dr. Cudit Braun da bölüşür. Braun, BBC Radio 4-də yayımlanan "Woman's Hour" proqramına verdiyi açıqlamada bunları deyir:

"Autistik qızlarda sosial ünsiyyət fərqlilikləri, adətən, daha incə və daha az nəzərəçarpacaq olur. Üstəlik, qızlar bu fərqliliklərini gizlətmək üçün böyük səy göstərirlər. Bu səbəbdən əlamətləri fərq etmək daha çətin olur".

Brauna görə, valideynlər və müəllimlər çox vaxt autizmin oğlan uşaqlarında daha yayğın olduğu düşüncəsi ilə hərəkət edirlər.

Cəmiyyətdə bəzi qəlibləşmiş düşüncələr olduğunu deyən Braun: "Məsələn, autistik olan şəxsin mütləq oğlan olması, tək qalmağı sevməsi, əlavə bir öyrənmə çətinliyi olması və ya bariz vərdişləri olduğu düşünülür" deyir və belə davam edir:

"Bu fərziyyələr qızların autistik ola biləcəyi ehtimalının diqqətdən kənarda qalmasına yol açır. Buna görə də bir çox qız ya fərq edilmir, ya da sadəcə utancaq, sosial cəhətdən çəkingən və ya bir az qeyri-adi biri kimi qiymətləndirilir".

"Mən sadəcə bir az fərqliyəm və bu normaldır"

Betsi 18 yaşında bir universitet tələbəsidir. Eyni zamanda Ambitious About Autism adlı xeyriyyə təşkilatında gənclər üzrə məsləhətçi olaraq çalışır.

Betsiyə autizm diaqnozu liseyin son sinfində qoyulub. Bu dövrdə o, məktəb həyatındakı dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkmiş və öz ifadəsi ilə "autistik tükənmə" yaşamışdı.

Woman's Hour proqramına danışan Betsi belə nəql edir:

"Çox tez-tez yorğun hiss edirdim. Özümü məktəbə getməyə və məktəbdə qalmağa məcbur etməkdə çətinlik çəkirdim. Səs-küy kimi ətraf mühit qıcıqlandırıcıları ilə başa çıxmaq da mənim üçün daha da çətinləşmişdi".

Betsi daha əvvəl autizm ehtimalından söz açıldığını, lakin qızlarda autizm haqqında kifayət qədər məlumatı olmadığı üçün müayinədən keçmədiyini bildirir. Problemlər artdıqda isə diaqnoz prosesinə daxil olub.

Dr. Brauna görə, Betsinin hekayəsi olduqca yayğın bir vəziyyəti əks etdirir: "Qızlar çox vaxt özlərini digər insanlardan fərqli hiss etdiklərini ilk fərq edən şəxslər olurlar".

Braun bu vəziyyəti belə izah edir:

"Bir qız mənə demişdi ki, "Sanki hər kəsin həyatı necə yaşayacağını izah edən bir istifadə kitabçası var, amma mən o kitabçanı heç vaxt almamışam". Bu hiss olduqca yayğındır".

Brauna görə, intensiv maraq dairələri də qız və oğlan uşaqlarında fərqli şəkildə qəbul edilə bilir. Oğlan uşaqlarında bu maraq dairələri, adətən, "vərdiş" kimi görüldüyü halda, qızlarda mütaliə, heyvan sevgisi və ya toxuculuq kimi daha yayğın hobilərlə bənzərlik təşkil edə bilir. Bu səbəbdən çox vaxt sadəcə bir hobbi və ya rahatlama üsulu kimi qiymətləndirilir.

Halbuki autizmin işarəsi bu maraq dairələrinin nə qədər intensiv olmasındadır.

Betsi isə ona diaqnoz qoyulduqdan sonra özünü daha yaxşı anladığını deyir:

"Artıq bilirəm ki, məndə yanlış olan heç nə yoxdur. Mən sadəcə bir az fərqliyəm və bu normaldır".

Araşdırmalar davam edir

Dr. Fayfa görə, autizm diaqnozu hələ də araşdırılmağa davam edən bir sahədir. Xüsusilə qızlarda diaqnozun niyə daha gec qoyulduğunu anlamaq üçün daha çox işə ehtiyac var.

Fayf gələcəkdə araşdırılmalı olan mövzulardan birinin də autizm diaqnoz meyarlarının qızlar üçün fərqli şəkildə nəzərdən keçirilib-keçirilməməsi olduğunu deyir. Çünki autizm qızlarda fərqli formalarda ortaya çıxa bilir.

"Autizmin oğlanlarda daha yayğın olduğu fərz edildiyi üçün bu günə qədər aparılan araşdırmaların böyük hissəsi oğlan uşaqları üzərində aparılıb. Diaqnoz meyarları da oğlanlarda müşahidə edilən davranışlara əsaslanaraq hazırlanıb".

"Buna görə də xüsusilə kiçik qızlarda autizmin necə büruzə verdiyini araşdıran tədqiqatlar aparmaq vacib ola bilər. Beləliklə, erkən yaşlarda görülən davranışları və əlamətləri daha yaxşı anlaya bilərik".