Vakuum və kasset bombaları haqqında nə bilirik?

İnsan haqları təşkilatları və Ukraynanın ABŞ-dakı səfiri Rusiyanı Ukrayna şəhərlərinə kasset və vakuum bombaları atmaqda günahlandırıb.

Səfir Oksana Markarova ABŞ Konqresinin üzvləriylə görüşdən sonra jurnalistlərə bildirib ki, Rusiya onun ölkəsinə hücum zamanı vakuum bombası kimi tanınan termobarik silahdan istifadə edib.

"Amnesty İnternational" və "Human Rights Watch" təşkilatları isə Rusiya hərbi qüvvələrinin Ukrayna şəhərlərinə qadağan olunmuş kasset bombaları atdığını atdığını açıqlayıblar.

Amerika rəsmiləri Rusiyanın vakuum qumbaraatan sistemlərə malik olduğunu, amma onlardan istifadə faktını təsdiq edə bilməyəcəklərini deyiblər.

Bu iddialar Rusiyanın bəzi qadağan olunmuş silahlardan istifadə edib-etməməsilə bağlı suallar yaradıb.

Vakuum bombası nədir?

Termobarik silah və ya vakuum bombası yüksək temperaturlu partlayış yaratmaq üçün havadakı oksigeni "udur".

Aerozol qumbarası kimi də tanınan bu silah iki mərhələli döyüş sursatıdır.

Birinci mərhələdə ətraf mühitə karbon əsaslı yanacaq və çox kiçik hissəciklərdən ibarət aerozol buraxılır.

İkinci mərhələdə isə bu aerozol buludu alovlanaraq alov topu əmələ gətirir, sonra böyük bir zərbə dalğasıyla ətrafdakı bütün oksigen udularaq vakuum yaradılır.

Vakuum bombasının partlayış dalğası adi partlayıcılarda olduğundan qat-qat uzunmüddətlidir və insan bədənini buxarlandırır.

Vakuum bombasından istifadə faktını təsbit etmək mümkün olmayıb

Hələ ki müstəqil mənbələr bu cür silahlardan istifadəni təsdiqləməyiblər.

Ağ Evin mətbuat katibi Jen Psaki bunula bağlı xəbərləri gördüyünü, amma Rusiyanın belə silahlardan istifadə etdiyinə dair heç bir sübut olmadığını deyib:

"Bu, doğru olsaydı, potensial olaraq müharibə cinayəti demək olardı".

Psaki bunu qiymətləndirəcək beynəlxalq təşkilatların olduğunu xatırladıb.

"Reuters" agentliyinin yazdığına görə, Rusiyanın Vaşinqtondakı səfirliyi sözügdən mövzunu şərh etmək tələblərinə cavab verməyib.

Bununla belə, "Guardian" qəzetində yer alan xəbərdə bildirilir ki, Ukraynada çəkilmiş şəkillərdə Rusiyanın TOS-1 maşınlarında termobarik raket qurğuları olduğu görünür.

Avstraliya Strateji Siyasət İnstitutunun analitiki Marcus Hellyerin sözlərinə görə, Rusiyanın bu silahları Ukraynada yerləşdirilib-yerləşdirilmədiyi hələ aydın deyil, amma bu, sadəcə "vaxt məsələsidir".

Bu cür silahların fərqli məqsədlərə hesablandığını və müxtəlif ölçülərdə olduğunu bildirən Hellyer Rusiyanın onlardan Ukraynadakı müdafiə mövqelərini məhv etmək üçün istifadə edə biləcəyini deyir.

Vakuum bombasının son dərəcə böyük və havadan atılan variantları mağaraları və tunelləri məhv etmək üçün nəzərdə tutulub.

"İnsanların ağciyərlərindən havanı sovurmaqla yaratdıqları vakuum effektinə görə bu silahlar olduqca qorxuludur, amma onlardan istifadə qeyri-qanuni deyil" - Hellyer belə deyir.

Xarkova kasset bombaları atılıb?

"Reuters"-in məlumatına görə, sursat mütəxəssislərindən ikisi sosial mediada yayılan görüntüləri araşdırdıqdan sonra Ukraynanın ikinci böyük şəhəri Xarkova bazar ertəsi çoxlu sayda kasset bombası (komponent təsirli bomba) atıldığını bildirib.

"Reuters" Ukraynanın şimal-şərqindəki 1,4 milyonluq şəhərin böyük bir yaşayış massivindəki partlayış anını əks etdirən iki ayrı videonun geolokasiyasını təsdiqləyib, amma onu da qeyd edib ki, çəkilişlərin vaxtını və tarixini təsdiqləmək üçün orijinal görüntüləri əldə edə bilməyib.

Fevralın 24-də - Rusiyanın hərbi qüvvələri Ukraynaya hücum edəndən sonra Xarkov ən ağır aviazərbələrin hədəfi olub.

"Belə görünür ki, dünən Xarkov çoxsaylı kasset bombasının hədəfi olub" - HRW-nin Rəqəmsal Tədqiqat Laboratoriyasının rəhbəri Sam Dubberley belə deyib.

Bioloji və kimyəvi silahlar üzrə ekspert, Britaniya ordusunun keçmiş hərbi qulluqçusu Hamish de Bretton-Qordon da, böyük ehtimalla, Xarkovda bu bombalardan istifadə edildiyini deyib.

Ekspert "Reuters" agentliyinə bildirib ki, "Bunlar İraq və Suriyada partlama anını gördüyüm kasset bombalarına bənzəyir".

Beynəlxalq konvensiyalar kasset bombalarından istifadəni qadağan edir.

Kasset bombası nədir?

Bu, tərkibində çox sayda kiçik partlayıcılar (başqa sözlə, qəlpə sursatları) olan silahdır. Kasset bombası havadan atılır və ya yerdə atəş etməklə parçalanır.