Recep Tayyip Erdoğan Türkiyə prezidentliyinə hazırlaşır

Şəklin mənbəyi, AFP
Baş nazir Recep Tayyip Erdoğan avqustda keçiriləcək Türkiyə prezidentliyinə seçkilərdə iştirak edəcək. Bunu cənab Erdoğanın partiyası AKP də təsdiqləyib.
Cənab Erdoğan 2003-cü ildən ölkənin baş naziridir, lakin növbəti müddətə bu posta seçkilərdə iştirak edə bilməz.
Korrupsiya iddialarının irəli sürüldüyü bir vaxtda tənqidçilər cənab Erdoğanın daha da avtoritar olduğunu söyləyirlər, lakin baş nazir deyir ki, siyasi düşmənləri onu devirmək istəyir.
Türkiyənin hazırkı prezidenti parlament tərəfindən seçilib. Cənab Erdoğan hazırda formal rol oynayan prezidentin səlahiyyətlərini və gücünü artırmaq istəyir.
Aprel ayında prezident Abdullah Gul cənab Erdoğanla vəzifə dəyişikliyi edə biləcəyini inkar etmişdi.
AKP, işçi sinifinin dəstəyi ilə indiyə qədər ardıcıl olaraq altı dəfə ümumi və yerli seçkiləri qazanıb.
Cümə axşamı partiya üzvlərinin paytaxt Ankarada keçirilən görüşü zamanı çıxarılmış qərar gurultulu alqışlarla qarşılanıb.
“12-ci prezidentlik üçün namizəd baş nazirimiz, partiyamızın rəhbəri və İstanbuldan olan millət vəkili Recep Tayyip Erdoğandır,” AKP liderinin müavini Mehmet Ali Şahin deyib.
Cənab Erdoğanın rəqibləri onu on ildən çoxdur ki, hakimiyyətdə qalmaqla sadə insanlarla əlaqəni itirməkdə günahlandırırlar.
2013-cü ilin may ayında İstanbul şəhərində yerləşən Gezi Parkının hərbi kazarmaya çevrilməsi ilə bağlı planlara etiraz olaraq onun rəqibləri etirazlara başlamışdılar. Baş nazir etirazçıları “tör-töküntü” adlandırmış və polisin parkı yenidən ələ keçirməsi ilə bağlı göstəriş vermişdi.
Keçən dekabrda ittihamçılar və polis zabitləri baş nazirin müttəfiqi olan 50-dən çox iş adamına qarşı erkən reydlər həyata keçirmişdi.
Cənab Erdoğan Gülen hərəkatına istinad edərək bildirib ki, baş verən etirazlar və reydlər xaricdən idarə olunur. Bu hərəkat, onun Amerikada mühacirətdə yaşayan 72 yaşlı lideri Fetullah Gülenin adını daşıyır.
Cənab Gülenin Hizmet hərəkatı Gezi Park etirazlarına qarşı cənab Erdoğanın addımlarından narahatlığını ifadə etmişdi.
Bildirilir ki, aprel ayında Türkiyə cənab Gülenin ekstradisiyası prosesinə başlayacaq.
Onun polis və ədliyyədə xeyli tərəfdarı var. Cənab Gülen baş nazirin müttəfiqlərinə qarşı korrupsiya iddiaları ilə bağlı həyata keçirilən istintaqın dayandırılması cəhdlərini də pisləyib.
























