İranda müharibə: Tehranın mərkəzində "böyük partlayışlar hiss olunub"

Tehranda dünənki hücumdan zərər görən binalar

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Tehranda dünənki hücumdan zərər görən binalar
Oxuma vaxtı: 15 dəq

ABŞ və İsrailin İrana qarşı müharibəsinin on dördüncü günündə neftin qiyməti qalxdığı üçün Washington Rusiya nefti üzərindən sanksiyanı müvəqqəti götürdüyünü açıqlayıb.

İran dövlət mediası Tehranın mərkəzində böyük partlayışlar hiss olunduğunu bildirir.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ərazisi üzərində bir sıra dronu məhv etdiyini bildirir.

İraqda yanacaq dolduran ABŞ təyyarəsi qəzaya uğrayıb, altı ABŞ ekipaj üzvündən dördü həlak olub.

İraqda dron hücumu zamanı bir fransız əsgəri həlak olub.

BMT: İrandan 3.2 milyon insan evini tərk etməli olub.

İsrail Müdafiə Qüvvələri (İDF) martın 12-də axşam saatlarında Tehranda "genişmiqyaslı hücum dalğasına" başladığını bildirib.

ABŞ Dövlət Departamenti Azərbaycana səyahətlə bağlı tövsiyə səviyyəsini qaldırıb.

İran bankçılığı da hədəf alır, - BBC müxbiri yazır.

Bu və digər xəbərləri aşağıda oxuyun.

ABŞ: Müctəba Xamenei "yaralıdır" və "yəqinki, şil-kütdür"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

ABŞ-ın Müdafiə naziri Pete Hegseth deyir ki, İranın Ali dini lideri Müctəba Xamenei "yaralıdır" və "yəqinki, şil-kütdür".

Xameneinin yaralanmasına dair beynəlxalq mediada sübut yoxdur.

Hegseth martın 12-də Xameneinin İran dövlət televiziyasında səsləndirilən mesajına istinad edərək onun görüntüsünün və ya səslərinin olmamasının səbəbini soruşub.

"Düşünürəm ki, səbəbini bilirsiniz", - deyə o əlavə edib.

Müdafiə naziri Müctəbanın "qorxduğunu" və "yaralandığını" deyərək onun "qaçdığını" və "legitimliyinin olmadığını" iddia edib.

Müdafiə naziri onu da deyib ki, ABŞ-ın İrana "ən yüksək həcmdə" zərbələr endirəcəyini bildirib.

O, İranın işlək hava qüvvələrinin, hava hücumundan müdafiə və ya donanmasının olmadığını və raket həcminin 90 faizinin azaldığını bildirib. Daha sonra o, İranın daha çox silah istehsal edə bilməyəcəyini və tezliklə bütün müdafiə şirkətlərinin "məhv ediləcəyini" bildirib.

Hörmüz boğazı ilə bağlı Hegseth İranı "tamamilə çarəsizlikdə" günahlandırıb, lakin ABŞ-ın bununla "məşğul olduğunu" iddia edib.

Müxbirlərdən biri Hegseth-ə sual verib ki, "amma siz gəmiləri Hörmüz boğazından keçirmirsiniz. Niyə bunu planlaşdırmadınız?"

"Biz bunu planlaşdırdıq. Biz bunu qəbul edirik. Çünki nəticə etibarilə biz... ardıcıl olaraq ən məntiqli şəkildə... və dünyaya düzgün siqnallar göndərdiyimizi təmin etmək istəyirik", müdafiə naziri sual verib.

"İran rejiminin çökməkdə olduğuna dair heç bir dəlil yoxdur"

Tehranda Qüds gününə həsr edilmiş nümayiş

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tehranda Qüds gününə həsr edilmiş nümayiş.

Amerikalılar gözləyirdi ki, müharibənin ilk günü ali lider öldürüldükdən sonra İranda nisbətən sürətli dağılma baş verəcək. Lakin rejimin çökməsinə dair heç bir sübut yoxdur, BBC-dən Jeremy Bowen İranla bağlı son vəziyyəti və ABŞ-ın İranla bağlı bu müharibədən gözləntilərindən fərqli cərəyan edən hadisələri təhlil edir.

Donald Tramp güclü liderliyə inanan fiqurdur. Ola bilsin ki, onun nəzəriyyəsi belə idi: Ayətullah Əli Xamenei öldürüldükdən sonra Venesuelada baş verənlərin oxşarı İranda təkrarlanacaq.

Əgər belədirsə, bu, İran rejiminin necə qurulduğu barədə narahatedici dərəcədə az məlumatının olduğunu göstərir.

İranın amerikalılara və israillilərə qarşı uzun illərdir davam edən müqavimət və nifrət tarixi var.

İsraillilər açıq şəkildə bildiriblər ki, yeni Ali lider Müctəba Xameneini öldürməyə çalışacaqlar.

Əlimizdə onun atasını, anasını, həyat yoldaşını, bir bacısını və bəlkə də oğlunu öldürən hücumda yaralanması - bəlkə də ciddi şəkildə yaralanması barədə fakt yoxdur.

Tehranın onun ətrafında bir şəxsiyyət kultu formalaşdırmağa çalışdığı nəzərə alınarsa, onun vəziyyəti ilə bağlı yeni məlumatlar yaymaq fürsətini istifadə etməmələri təəccüb doğurur.

Bu arada, Körfəz ölkələri arasında amerikalıların onları həll etməli olduqları çox ağır bir vəziyyətlə üz-üzə qoyması ilə bağlı narahatlıqlar artır" - deyə Bowen yazıb.

Tehranın mərkəzində "böyük partlayışlar hiss olunub"

İran dövlət mediası Tehranın mərkəzində böyük partlayışların hiss olunduğunu bildirir.

Minlərlə iranlı fələstinliləri dəstəkləyən Qüds Günü yürüşündə iştirak edir.

Partlayışların bəzilərinin nümayişin keçirildiyi yerdən uzaqda eşidildiyi bildirilir.

BBC Farsca sosial mediada yayılan partlayışların nəticələrini əks etdirən çoxsaylı videoları təsdiqləyib.

İsrail ordusu İranın paytaxtı Tehrana yeni hücumlar təşkil etdiyini açıqlayıb.

İsrail ordusu bildirib ki, "Tehran boyunca İran terrorçu rejiminin infrastrukturunu hədəf alan genişmiqyaslı hücumlar dalğası başla"dıb.

Son bir neçə dəqiqə ərzində şəhərdə və ətrafında partlayışlar baş verib.

Səudiyyə Ərəbistanı öz ərazisi üzərində dronları ələ keçirib

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ərazisi üzərində bir sıra drou məhv etdiyini bildirir.

Müdafiə Nazirliyinin açıqlamasına görə, hava məkanına daxil olan ən azı 28 dron məhv edilib.

İsraildə 50-dən çox adam yaralanıb

İsrail

Şəklin mənbəyi, Reuters

İsrailin təcili yardım xidmətlərinin verdiyi məlumata görə, cümə günü səhər saatlarında İsrailin şimalındakı bir kəndə raket atılması nəticəsində onlarla insan yaralanıb.

Magen David Adom təcili yardım xidməti (MDA) bildirib ki, Nazaret yaxınlığındakı Zarzirdə baş verən hücumdan sonra 58 yaralını yerli xəstəxanalara aparıblar.

İranda milyonlarla insan evini tərk edib

İran insanlar evlərini tərk edirlər

Şəklin mənbəyi, Karen Minasyan / AFP via Getty Images

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı 28 fevraldan bəri İranda 3,2 milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

Milyonlarla insanın Tehran kimi böyük şəhərlərdən kənd yerlərinə qaçdığı bildirilir.

Onların arasında bir çox əfqan qaçqını var, bəziləri onilliklərdir İranda yaşayır və çox vaxt onsuz da çətin şəraitdədirlər.

ABŞ və İsrail hökumət obyektlərini hədəf aldıqlarını iddia edirlər, lakin bu obyektlər çox vaxt sıx məskunlaşmış ərazilərdə yerləşir.

İraqda yanacaq dolduran ABŞ təyyarəsi qəzaya uğrayıb

İraq

Şəklin mənbəyi, Reuters

ABŞ ordusu iki təyyarənin iştirak etdiyi "insidentdən" sonra İraqda yanacaq dolduran təyyarənin qəzaya uğradığını təsdiqləyib.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İraqın qərbində qəzaya uğrayan yanacaq doldurma təyyarəsindəki altı ABŞ ekipaj üzvündən dördü həlak olub.

Qurum "hadisənin Epik Qəzəb Əməliyyatı zamanı dost hava məkanında baş verdiyini", lakin bunun düşmən və ya dost atəşinin nəticəsi olmadığını bildirib.

Rəsmilər bildiriblər ki, xilasetmə əməliyyatları davam edir.

İraqda dron hücumu zamanı bir fransız əsgər həlak olub

Fransa Prezidenti Emmanuel Makron İraqın Ərbil bölgəsində dron hücumu zamanı bir fransız əsgərinin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını açıqlayıb.

Makron bölgədə İslam Dövlətinə qarşı döyüşən fransız qüvvələrinə edilən hücumları "qəbuledilməz" adlandırıb.

"Onların İraqdakı mövcudluğu terrorizmə qarşı mübarizənin sərt çərçivəsinin bir hissəsidir. İrandakı müharibə bu cür hücumları haqlı çıxara bilməz", - o bildirib.

ABŞ müvəqqəti olaraq ölkələrə Rusiya nefti almağa icazə verir

ABŞ maliyyə naziri Skott Bessent

Şəklin mənbəyi, EPA

ABŞ sanksiya tətbiq edilmiş və hazırda dənizdə gəmilərə yüklənmiş nefti almağa icazə verib.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, bu, müharibə zamanı "qlobal enerji bazarlarında sabitliyi təşviq etmək" üçün müvəqqəti tədbirdir.

İcazə aprelin 11-nə qədər davam edəcək.

"Bu dar çərçivədə hazırlanmış, qısamüddətli tədbir yalnız artıq tranzitdə olan neftə aiddir və Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası verməyəcək", - Bessent deyib.

Neft qiymətləri cümə axşamı günü 1 barrel üçün 100 dollardan yuxarı qalxıb və Körfəzdə daha üç yük gəmisinin vurulmasından və İranın yeni ali lideri, dünya neftinin təxminən beşdə birinin keçdiyi, əsas gəmiçilik yolu olan Hörmüz boğazını bağlamağa davam edəcəyi bəyanatından sonra fond bazarları düşüb.

Bessent əlavə edib: "Neft qiymətlərinin müvəqqəti artması qısamüddətli və müvəqqəti bir pozuntudur və uzunmüddətli perspektivdə millətimizə və iqtisadiyyatımıza böyük fayda gətirəcək".

Daha əvvəl Bessent ABŞ hökumətinin "hərbi cəhətdən mümkün olan ən qısa zamanda" Hörmüz boğazından gəmilərin müşayiətinə başlayacağını bildirmişdi.

O, Sky News-a verdiyi açıqlamada hərbi müşayiətə mümkün ehtiyacın "həmişə planda" olduğunu bildirib.

Bunun yaxın günlərdə başlaya biləcəyi ilə bağlı suala cavab olaraq, Bessent "təhlükəsiz keçidi təmin etmək üçün mümkün olan ən qısa zamanda bunu edəcəyik" deyib.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Telegram paylaşımında bildirib ki, "ABŞ Maliyyə Naziri Skott Bessent təkcə Hindistanın Rusiya neftinin alışına qoyulan məhdudiyyətlərin yumşaldılmasını deyil, həm də tranzitdə olan təxminən 100 milyon barel Rusiya neftinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını elan edib".

İraq Limanlarının Media Ofisi tərəfindən yayılan foto - gecə Fars körfəzində tankerdə partlayış baş verib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Fars körfəzində iki tankerdə partlayış olub, azı bir nəfər ölüb

Netanyahu iranlılara: "Bu sizin əlinizdədir"

İsrail Baş naziri Benyamin Netanyahu İsrail və ABŞ-ın həm İran rejimini, həm də Livanda yerləşən Hizbullahı "əzdiyini" söyləyib.

İki ölkənin İrana hücumundan bəri ilk mətbuat konfransında Netanyahu yeni Ali Lider Müctəba Xameneinin "üzünü ictimaiyyət qarşısında göstərə bilmədiyini" söyləyərək onu "İnqilab Keşikçilərinin kuklası" adlandırıb.

Xatırladaq ki, Xamenei atasının yerinə keçəndən bəri ictimaiyyət qarşısında görünməyib, ancaq martın 12-də onun adından bəyanat təqdim olunub.

Daha sonra Netanyahu İran xalqına müraciət edərək deyib ki, "yeni bir azadlıq yoluna qədəm qoya biləcəyiniz an yaxınlaşır. Biz sizin yanınızdayıq və sizə kömək edirik, amma günün sonunda bu sizdən asılıdır. Bu sizin əlinizdədir".

O, Donald Trampı "şəxsi dostu" adlandırır və ikisinin "demək olar ki, hər gün danışdıqlarını" və müharibə ilə bağlı qərarları "birlikdə" verdiklərini söyləyib.

Bu arada İran rəsmiləri xəbərdarlıq edib ki, etiraza çıxan hər kəs "düşmənlə əməkdaşlıq etməkdə" günahlandırılacaq.

İsrail ordusu Tehranda "genişmiqyaslı hücum dalğasına" başladığını bildirib

Sosial mediada yeni bir yeniləmədə İsrail ordusu Tehranda "genişmiqyaslı hücum dalğasına" başladığını bildirib.

O bildirib ki, bu, İran paytaxtı boyunca İran rejiminin infrastrukturunu hədəf alır.

Türkiyəyə gələn iranlı: "Onlar yanlış yanaşdılar"

Van

BBC müxbiri Dan Johnson Türkiyənin cənub şərqində yerləşən Vandan xəbər verir:

Tehrandan 26 saatdan çox çəkən səyahətdən sonra qatar Türkiyənin cənub-şərqindəki Van stansiyasına çatır və orada təxminən 300 yorğun iranlı var.

Kanadadakı ailəsini görməyə gedən Hüseyn səyahətin yorucu olduğunu, lakin uçuşlar ləğv edildikdən sonra ölkəni tərk etməyin yeganə yolunun bu olduğunu söyləyir.

"Ümid edirəm ki, müharibə tezliklə başa çatacaq... ölkəm gözəldir və onlar ölkəni dağıdırlar, hansı səbəbdən bilmirəm".

Mühasib olan Hüseyn bombardman rejimin sonuna gətirəcəyini düşünmədiyini söyləyərək əlavə etdi: "Onların yanaşması səhvdir. İran hökuməti ilə danışıqlar aparmaq əvəzinə, onlar İrana hücum edirlər. İnanmıram ki, onlar qalib gələ biləcəklər".

Adı çəkilmək istəməyən başqa bir İran-Kanada vətəndaşı olan Hüseyn bir çox insanın normal həyatlarına davam etdiyini və işə getdiyini söylədi.

O, mülki şəxslərin hədəf alınmadığını əminliklə söyləsə də, "partlayışın bizə yaxın olacağı və hədəfə yaxın olacağımız qorxusu var" dedi.

Gələnlərin çoxu danışmaqdan çox qorxurdular və bizə insanların hətta sərhədin bu tərəfində belə izlənildiyini deyirdilər.

Rejimi tənqid edənlər və ABŞ və İsrailin hərbi əməliyyatlarını dəstəkləyənlər xüsusilə qorxurdular - biri mənə dedi ki, "hər yerdə casuslar var... kimə etibar edə biləcəyimizi bilmirik".

ABŞ-ın Dövlət Departamenti Azərbaycana səyahətlə bağlı tövsiyə səviyyəsini qaldırıb

ABŞ-ın Dövlət Departamenti Azərbaycana səyahətlə bağlı tövsiyə səviyyəsini 3-ə qaldırıb.

Qurum saytında ABŞ vətəndaşlarına bildirir ki, terrorizm, silahlı münaqişə və mina təhlükəsinə görə Azərbaycana səfəri yenidən dəyərləndirsinlər. Bəzi bölgələrdə risk daha yüksəkdir, - deyə Departament xəbərdarlıq edir.

Riskin yüksək olduğu ərazilər üzrə Departament 4-cü səviyyə - "Səfər etmə" tövsiyəsini verib.

Bura silahlı münaqişəyə görə, Azərbaycanın cənub sərhəd bölgəsi, mina təhlükəsinə görə isə Ermənistanla sərhədə və keçmiş Sovet dövrünün Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf əraziləri adi edilib.

Məlumatda deyilir ki, cənub sərhədindən yalnız İrandan çıxış üçün ən yaxşı quru yoldursa, istifadə etmək olar.

Məlumatda deyilir ki, Azərbaycanda terror zorakılığı, o cümlədən terror hücumları və digər fəaliyyətlər riski mövcuddur və turist məkanları, nəqliyyat mərkəzləri (hava limanları), bazarlar və ticarət mərkəzləri, yerli hökumət binaları, otellər, klublar və restoranlar, ibadət yerləri, parklar, böyük idman və mədəni tədbirlər, təhsil müəssisələr, digər ictimai məkanlar hədəf ola bilər.

Dövlət Departamentinin səyahət tövsiyəsi 4 səviyyəni əhatə edir.

Burda verilən izaha görə, 3-cü səviyyə yüksək riski ehtiva edir və "Səyahətini yenidən nəzərdən keçir" deyir.

4-cü səviyyə isə ən yüksək həddir və birmənalı olaraq, "Səyahət etmə" tövsiyəsini verir.

Buna qədər Dövlət Deparamenti Azərbaycana səyahətlə bağlı 2-ci səviyyədə - "Artan ehtiyatlılıqla hərəkət edin" tövsiyəsini vermişdi.

Martın 5-də Naxçıvan dron zərbəsinə məruz qalsa və buna görə səfərbərlik hazırlığı bir nömrəli vəziyyətə gətirilsə də, Azərbaycan planlaşdırılan beynəlxalq tədbirlərini ləğv etməmişdi.

Martin 12-də "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb. Bu forumda Avropadan da rəsmi və keçmiş avropalı rəsmilər də qatılıb.

İran bankçılığı da hədəf alır, - BBC müxbiri yazır

BBC-nin Avropa üzrə müxbiri Nick Beake Dubaydan yazır:

İran Qərb üçün vacib olan sektorlara zərər vurmaq üçün bir çox istiqamətdə, neft, gəmiçilik və bankçılığı hədəf alaraq zərbələr endirir.

Dubay atəş xəttindəki yerlərdən biridir.

Beynəlxalq maliyyə dairəsinin yaxınlığına dron düşüb. Bu, heç kimə zərər verməyib, lakin müharibənin buradakı biznes və bankçılığa necə təsir etdiyinin simvolu olub.

Tehran ABŞ-İsrail hücumlarına cavab olaraq Qərb banklarına zərbə endirəcəyini bildirib.

Citibank Birləşmiş Ərəb Əmirliklərindəki filiallarının əksəriyyətini müvəqqəti olaraq bağladığını və işçilərinin hazırda uzaqdan işlədiyini bildirib.

Bölgədəki digər banklar və müəssisələr artıq oxşar tədbirlər görüblər.

Bu səhərki dron uçuşu zamanı Dubayda heç bir xəbərdarlıq olmayıb - bu, bəzi İran atəşlərinin radardan necə keçə biləcəyinin göstəricisidir.

İranın yeni ali dini lideri Müctəba Xamenei mesaj göndərib

İranın yeni ali dini lideri Müctəba Xamenei İranın qonşu ölkələrlə "dostluq" siyasəti apardığını deyib, amma onlara ABŞ hərbi bazalarını bağlamağı məsləhət görüb və İranın bu bazaları hədəf almağa davam edəcəyini söyləyib.

Müctəba Xameneinin mesajı İran dövlət televiziyasında aparıcı tərəfindən oxunub.

Xamenei deyib ki, "Hörmüz boğazını bağlamaq rıçağından" İran hələ də istifadə etməlidir.

O qeyd edib ki, İran "öldürülən iranlıların qanının qisasını almaqdan" çəkinməyəcək.

Xamenei sözünü, xüsusilə Minabda baş verən hadisə ilə əlaqələndirib.

Burada ABŞ-ın məktəb yaxınlığına hücumu nəticəsində təxminən 110 uşaq da daxil olmaqla, 168 nəfər həlak olub, İran bildirib.

ABŞ hadisəni araşdırsa da, hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Müctəba Xamenei martın 8-də İranın Ali dini lideri seçilib. O vaxtdan bəri dövlət televiziyasında görünməyib.

Dövlət televiziyasında o, "Ramazan müharibəsinin veteranı" adlandırılıb.

Reuters adı çəkilməyən İranlı rəsmiyə istinadən yazıb ki, o, yüngül yaralanıb".

İranda əhaliyə xəbərdarlıq SMS-ləri də göndərilib

SMS Iran

Müharibə başlayandan bəri İranda yaşayanlara kütləvi SMS göndərilir.

BBC Farca bu SMS-lərdən bəzilərinin ekran görüntüsünü əldə edib.

Mesajlar müxtəlifdir: bura potensial etirazlara qarşı xəbərdarlıqlar və insanları "düşmən"ə qarşı birləşməyə çağırış məzmunlu SMS-lər daxildir.

Bəziləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) kimi təşkilatlar tərəfindən göndərilib.

İİKK-nın Kəşfiyyat Bölməsi tərəfindən 2 martda imzalanan bir mesajda deyilir ki, "düşmənin küçə iğtişaşları planını nəzərə alsaq... təhlükəsizliyi pozan hər hansı bir hərəkat düşmənlə birbaşa əməkdaşlıq nümunəsi kimi qəbul ediləcək".

Tehran yaxınlığındakı Kərəc şəhərində bir kişi deyir: "Mən dövlət televiziyasına o qədər də tez-tez baxmıram və hər dəfə baxanda eyni şeyləri eşidirəm. Ən pisi odur ki, onlardan SMS almamaq üçün bu nömrələrin bəzilərini bloklaya bilməzsən."

Bu ilin əvvəlində İranda dekabrın sonlarında başlayan və İslam Respublikasının tarixində ölkəboyu ən ölümcül basqılara səbəb olan hökumət əleyhinə etirazlar dalğası müşahidə olunub.

ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (Hrana) həmin dalğa zamanı ən azı 7000 insanın öldürüldüyünü təsdiqlədiyini bildirib.

İran Polis Rəisi Əhmədrza Radan iki gün əvvəl dövlət televiziyasında xəbərdarlıq etmişdi ki, küçələrdə hakimiyyətə qarşı etiraz edə biləcək iranlılar bunu "düşmənin əmri ilə" edirlər və onlarla "düşmən" kimi davranılacaqlar.

Bundan əvvəl İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına birbaşa çağırış etmişdi ki, hakimiyyətə qarşı çıxsınlar.

İsrail ordusu "son günlərdə" baş verən hücumlar zamanı İranın Tehran şəhərindəki "nüvə silahı inkişaf etdirmə kompleksinə" zərbə endirdiyini bildirir.

İsrail İrana "geniş-miqyaslı hücum dalğasına" başladığını bildirib.

İsrail Müdafiə Qüvvələri bildirib ki, hücumlar "rejim infrastrukturunu" hədəfləyir.

Münaqişə başlayandan bəri Yaxın Şərqdə 1100 uşağın yaralandığı və ya öldüyü bildirilir - UNICEF

Birləşmiş Millətlər Təşkilatının Uşaqlar üzrə Agentliyi UNICEF-in məlumatına görə, Yaxın Şərqdəki münaqişə "regiondakı milyonlarla uşaq üçün fəlakətli" hala gəlir.

UNICEF-in açıqlamasında deyilir ki, ABŞ-İsrail hücumları 28 fevralda başlayandan bəri zorakılıqda 1100-dən çox uşağın yaralandığı və ya öldüyü bildirilir.

Bəyanatda əlavə olunur ki, bura İranda öldürüldüyü bildirilən 200 uşaq, Livanda 91, İsraildə dörd və Küveytdə bir uşaq daxildir.

"Uşaqların öldürülməsini və şikəst edilməsini, yaxud uşaqların asılı olduğu vacib xidmətlərin məhv edilməsini və pozulmasını heç nə əsaslandıra bilməz", - deyə qurum bildirib.

Fars körfəzində gəmilərə hücumlar artıb

Dünya bazarlarında bir barel Brent markalı neftin qiyməti yenidən 100 dolları keçib.

Fars körfəzində gəmilərə hücumlar artıb və rəsmi məlumatlara görə, iki xarici tankerdə böyük partlayışlar baş verib. Azı bir nəfərin həlak olduğu bildirilib.

İsrail ordusu gecə ərzində Livanda hücumlarını davam etdirib və Beyrutda 10 Hizbullah strukturuna zərbə endirdiyini açıqlayıb. Ordu bildirib ki, İsrailə gedən İran raketləri də ələ keçirilib.

Səudiyyə Ərəbistanı və Qətər də hava hücumları barədə məlumat veriblər.

Oman və Bəhreyndə hücumlar nəticəsində neft və yanacaq çənlərində yanğınlar olub.

Çərşənbə günü 32 ölkə qiymət artımını önləmək və bazarları sakitləşdirmək məqsədilə 400 milyon barel neft ehtiyatını istifadəyə vermək barədə razılığa gəlib.

BBC müxbiri Barbara Plett Usher Dohadan yazır ki, İranın uzunmüddətli iqtisadi şok yaratmaq niyyətində olduğu aydındır.

İnqilab Keşikçiləri Korpusu həmçinin xəbərdarlıq edib ki, İran bankına edilən hücumdan sonra qərb maliyyə institutları artıq qanuni hədəfə çevrilib.

İsrailin Səhiyyə Nazirliyi bildirib ki, son 24 saatda 179 nəfər yaralanıb. Açıqlamaya görə, ABŞ-İsrailin İrana hücumları nəticəsində 2745 nəfər yaralanıb, onlardan 85 nəfəri xəstəxanaya yerləşdirilib.

İsrail liderləri müharibənin qeyri-müəyyən müddətə davam edə biləcəyini deyirlər

gəmi hörmüz

Şəklin mənbəyi, Tayland Kral Donanması

Reuters agentliyinin məlumatına görə, İsrail hərbi sözçüsü bu axşam ölkənin İranla müharibəni "lazım olduğu qədər" davam etdirməyə hazır olduğunu bildirib.

Bu, bir çox İsrail rəsmisindən, o cümlədən günün əvvəlində müdafiə naziri İsrail Katzın dediyi bir fikirdir.

O, müharibənin "heç bir vaxt məhdudiyyəti olmadan davam edəcəyini" bildirib.

Reuters və The Times of Israel-in məlumatına görə, Katz münaqişənin lazım olduğu qədər və birgə İsrail-ABŞ kampaniyasının bütün məqsədlərinə çatana qədər davam edəcəyini bildirib.

Omanda bir neçə yanacaq saxlama tankeri vurulub

Dövlət mediasının məlumatına görə, Omanın Salalah limanındakı bir neçə yanacaq saxlama tankeri dronlar tərəfindən vurulub.

Reuters xəbər agentliyinin məlumatına görə, Britaniya dəniz təhlükəsizliyi şirkəti Ambrey ticarət gəmilərinə heç bir ziyan dəymədiyini bildirir.

Oman Xəbər Agentliyi limana endirilən zərbələrə əlavə olaraq, "çoxsaylı pilotsuz uçuş aparatlarının" tutularaq vurulduğunu bildirir. Agentlik hücumları "zərərli" adlandırsa da, heç bir itki olmadığını bildirir.

O həmçinin bildirib ki, Oman sultanı İran Prezidenti Məsud Pezeşkianla telefonla danışaraq Omanın "neytral mövqeyini" bir daha təsdiqləyib və ərazilərinin hədəfə alınmasını "birmənalı şəkildə pisləyib".

Trump gah İranla müharibə "tezliklə" bitəcək, gah da "işimizi hələ bitirməmişik" deyir

Donald Trump İRAN MÜHARİBƏ ABŞ iSRAİL

Ağ Ev qarşısında jurnalistlərlə danışan ABŞ Prezidenti Donald Tramp deyib ki: İranla işləri hələ "bitməyib".

"Onlar donanmalarını itiriblər. Hərbi hava qüvvələrini itiriblər. Ümumiyyətlə hava hücumundan müdafiə sistemləri yoxdur. Radarları yoxdur. Liderləri aradan götürülüb. Və biz bundan daha ağırını edə bilərik", - Trump vurğulayıb.

O deyib ki, ABŞ İranı "tarixdə demək olar ki, hər hansı bir ölkədən daha sərt şəkildə vurub", lakin onu da əlavə edib ki, "Hələ işimizi bitirməmişik".

Bundan əvvəl isə Donald Trump Axios-a deyib ki, müharibə "tezliklə" bitəcək.

ABŞ Prezidenti Donald Trump xəbər saytı Axios-a onu da deyib ki, orda "praktiki olaraq hədəf alına biləcək heç nə qalmayıb".

Axios-un məlumatına görə, Trump deyib: "İstədiyim anda bunu bitirə bilərəm".

ABŞ-ın İsraillə birgə İrana qarşı müharibəsi 28 fevralda başlayıb.

İsrailin müdafiə naziri İsrael Katz çərşənbə günü bildirib ki, müharibə "vaxt məhdudiyyəti olmadan davam edəcək".

Katz "Reuters" və "The Times of Israel" istinadən bildirib ki, münaqişə birgə İsrail-ABŞ kampaniyasının bütün hədəfləri reallaşana qədər və lazım olduğu müddətcə davam edəcək.

ABŞ və İsrailin İranla müharibəsində 7 ABŞ əsgəri ölüb, 140 nəfər yaralanıb

Pentaqon çərşənbə axşamı açıqlayıb ki, ABŞ VƏ İsrailin İranla fevralın 28-də başlayan və davam edən müharibəsində indiyədək, təxminən 140 ABŞ hərbçisi yaralanıb.

BBC-NİN ABŞ-dakı tərəfdaşı CBS-NİN məlumatına görə, səkkiz nəfərin vəziyyəti ağırdır. Onların yanıq, beyin zədələnməsi və qəlpə yarası aldıqları bildirilir. Digər xəsarətlərin əksəriyyəti yüngüldür və 108 hərbçi artıq xidmətə qayıdıb.

Beynəlxalq Enerji Agentliyi "təcili neft ehtiyatlarının buraxılışını" təsdiqləyəcək

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, (BEA) Hörmüz boğazının "effektiv bağlanması" nəticəsində itirilən tədarükü kompensasiya etmək üçün 400 milyon barrel neftdən istifadəni təsdiqləyəcək.

O deyir ki, BEA ölkələri "agentliyin tarixində neft ehtiyatlarından böyük həcmdə istifadəyə verilməsinə "yekdilliklə" səs veriblər.

Birol bildirib ki, 32 üzv ölkə yekdilliklə buna razılaşıb.

Birol əlavə edib: "Neft bazarında qarşılaşdığımız çətinliklər görünməmiş miqyasdadır; buna görə də, Beynəlxalq Enerji Agentliyinin (BEA) üzv ölkələrinin görünməmiş səviyyədə təcili kollektiv tədbirlərlə cavab verməsindən çox məmnunam", - deyə o bildirib.

BEA bildirib ki, fövqəladə ehtiyatlar "hər bir üzv ölkənin milli şəraitinə uyğun müddət ərzində" bazara çıxarılacaq.

BEA-nın bəyanatına görə, agentlik 1991, 2005, 2011 və 2022-ci ildə də belə bir qərar verib.

Bəyanatda həmçinin qeyd olunur ki, üzvlər 1,2 milyard barreldən çox fövqəladə ehtiyata və hökumət öhdəlikləri çərçivəsində əlavə 600 milyon barrel sənaye ehtiyatına malikdirlər.

İran: "Bir litr neft belə" Hörmüz boğazından keçməyəcək"

İran Hörmüz boğazından "bir litr də olsun neft"in keçməsinə icazə verməyəcəyini bildirib.

Tehranın Xatəm əl-Ənbiya hərbi komandanlıq qərargahının sözçüsü İranın qarşılıqlı zərbələr siyasətinin "sona çatdığını" bildirib.

Sözçü İbrahim Zülfüqari bildirib ki, Tehranın siyasəti indi "zərbə üstünə zərbə" olacaq.

Zülfüqari əlavə edir ki, Tehran "bir litr belə neftin" Hörmüz boğazından keçərək ABŞ, İsrail və onların tərəfdaşlarına çatmasına icazə verməyəcək.

"Onlara bağlı istənilən gəmi və ya tanker qanuni hədəf olacaq", - o deyib.

Zülfüqari əlavə edir ki, "neft barrelinin 200 dollara çatacağına hazır olun, çünki neftin qiyməti sizin sabitliyi pozduğunuz regional təhlükəsizliyə bağlıdır".

Prezident Erdoğan qlobal iqtisadiyyata risklərlə bağlı xəbərdarlıq edib

Erdoğan Yaxın Şərqdəki müharibənin davam edəcəyi təqdirdə qlobal iqtisadiyyata risklər olması ilə bağlı xəbərdarlıq edib.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, Yaxın Şərqin böyük bir hissəsində gedən müharibə bütün regionu əhatə etməzdən əvvəl dayandırılmalıdır ki, qlobal iqtisadiyyat üçün xərcləri artırmasın.

"Əgər bu mənasız, qanunsuz və nizamsız müharibə davam edərsə, daha çox itki və maddi itki olacaq və qlobal iqtisadiyyata dəyən ziyan daha da artacaq", - deyə Erdoğan əlavə edib və Türkiyənin diplomatik həll yolu tapmaq üçün səylərini davam etdirdiyini bildirib.

AFP qeyd edir ki, bu açıqlama İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonla danışıqları faktiki olaraq rədd etməsindən bir gün sonra verilib və Tehranın "amerikalılarla danışıqlar aparmaqda çox acı təcrübəyə" sahib olduğunu bildirib.

NATO-nun hava hücumundan müdafiə sistemləri ABŞ-İsrail müharibəsi zamanı Türkiyənin hava məkanında iki dəfə ballistik raketləri vurub.

Hörmüz boğazından keçən Tayland yük gəmisinə "hücum olub"

Hörmüz boğazı

Şəklin mənbəyi, Tayland Kral Donanması

Hörmüz boğazından keçən Tayland yük gəmisinə hücum edildiyi bildirilir.

Tayland Kral Donanmasının açıqlamasına görə, gəmidə 23 ekipaj üzvü olub.

Tayland hakimiyyəti bildirir ki, Oman donanması 20 ekipaj üzvünü xilas edib və qalan üçü "xilas etmə prosesindədir".

Bildirilir ki, gəmiyə bir neçə saat əvvəl, Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə limanından yola düşdükdən sonra hücum edilib.

Hücumun səbəbi hələ də araşdırılır.

Hörmüz boğazı

Şəklin mənbəyi, Tayland Kral Donanması

BƏƏ: Dubayda dron hücumundan 4 nəfər yaralanıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədəki hava hücumundan müdafiə sistemlərinin İrandan gələn raket və dron hücumlarına cavab verdiyini bildirir.

Bu, hakimiyyət orqanlarının bu səhər Dubay Beynəlxalq Hava Limanı yaxınlığında iki İran dronunun düşməsi nəticəsində dörd mülki şəxsin yaralandığını açıqlamasından sonra baş verib.

Yaralananlardan biri Hindistan vətəndaşı "orta" dərəcəli, iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı "yüngül" dərəcəli xəsarətlər alıb.

Rəsmilər hava nəqliyyatının normal rejimdə işlədiyini bildirirlər.

Daha əvvəl hava limanındakı bir sərnişin BBC-yə deyib ki, onlara şüşə pəncərələrdən uzaqlaşmaq və təhlükəsiz yerə çəkilmək tapşırılıb.

İranın yeni Ali Rəhbəri Müctəba Xamenei "sağ-salamatdır", - Məsud Pezeşkianın oğlu deyib

Bu, Müctəba Xameneinin 2024-cü ildə çəkilmiş şəklidir. O, yeni vəzifəyə təyin edildıkdən bəri hər hansısa bəyanat verməyib və ictimaiyyət qarşısına çıxmayıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bu, Müctəba Xameneinin 2024-cü ildə çəkilmiş şəklidir. O, yeni vəzifəyə təyin edildikdən bəri hər hansısa bəyanat verməyib və ictimaiyyət qarşısına çıxmayıb.

İranın yeni Ali dini lideri Müctəba Xamenei xəsarət alması ilə bağlı yayılmış xəbərlərə baxmayaraq, "sağ-salamatdır", İran Prezidenti Məsud Pezeşkianın oğlu bildirib.

Yusif Pezeşkian Telegram-da yazıb ki, o, ali liderin xəsarət alması ilə bağlı "xəbərləri eşidib".

"Əlaqələri olan bir neçə dostumdan soruşdum, dedilər ki, Allahın lütfü ilə o, sağ-salamatdır və heç bir problem yoxdur", - o bildirib.

Müctəba Xamenei yeni vəzifəyə təyin edildikdən bəri hər hansısa bəyanat verməyib və ictimaiyyət qarşısına çıxmayıb.

İran qonşularına yeni hücumlar edib

Yersusəlimdən (Qüds) çəkilmiş İran raketi

Şəklin mənbəyi, Reuters

İran bildirib ki, özünün yeni əməliyyatlarına başlayıb. Qətər və Səudiyyə Ərəbistanı hücumların qarşısını aldıqlarını, İrandan atılmış raket və dronları vurub yerə saldıqlarını bildiriblər.

Birləşmiş Ərəb Əmirlikləri də raket yağışlarına cavab verdiyini açıqlayıb. Bəhreyn isə sakinlərə xəbərdarlıq edib ki, sığınacaqlarda yerləşsinlər.

İran bildirib ki, onlar buradakı hərbi qurğuları və Küveytdəki ABŞ bazasını hədəf alıblar. Həmin ölkələr isə bu məlumatı təsdiqləməyib.

Britaniyanın dəniz müşahidəsi məlumat verib ki, naməlum mərmi Hörmüz boğazında yük gəmisinə dəyib, nəticədə yanğın başlayıb və heyət onu tərk etməli olub.

Müharibə başlayandan bəri İran körfəz ətrafındakı gəmilərə 10-dan çox hücum etməkdə şübhəli bilnir.

ABŞ narahatdır ki, İran Hörmüz boğazını minalaya bilər və buna görə də, bu əhəmiyyətli su yolunda 16 mina salan qayığa hücum etdiyini bildirib.