Sərhədyanı gizli bağlantılar və VPN: Çıxılmaz vəziyyətdə qalan iranlılar xaricdəki qohumları ilə əlaqəni necə saxlayırlar?

İranlılar müharibə zamanı tətbiq edilən internet və telefon zəngləri məhdudiyyətlərini aşmaq üçün hər vəchlə yollar axtarırlar (2025-ci ilə aid arxiv fotosu).

Şəklin mənbəyi, NurPhoto / Getty Images

Şəklin alt yazısı, İranlılar müharibə zamanı tətbiq edilən internet və telefon zəngləri məhdudiyyətlərini aşmaq üçün hər vəchlə yollar axtarırlar (2025-ci ilə aid arxiv fotosu).
    • Müəllif, Faren Tağızadə
    • Vəzifə, BBC Farsca
  • Oxuma vaxtı: 4 dəq

İran və Türkiyə sərhədinin harasındasa xüsusi xidmət göstərən bir adam var. O, ölkə xaricində yaşayan iranlılara ölkə daxilindəki yaxınları ilə əlaqə saxlamağa kömək edir.

Onun sirri sadədir: iki telefon biri İran şəbəkəsinə, digəri isə Türkiyə şəbəkəsinə bağlıdır. Bu, ona görə lazımdır ki, İrana beynəlxalq zənglər bloklanıb.

İranın xaricindəki insanlar ona WhatsApp vasitəsilə Türkiyə nömrəsinə zəng edirlər, o isə sonra öz İran telefonu ilə onların qohumlarıyla əlaqə yaradır.

O, iki telefonu yan-yana tutur ki, İrandakı yaxınlarının səsini eşitmək üçün çırpınan insanlar onlarla danışa bilsinlər.

Sərhədin tam kənarında olduğu üçün cihazları həm Türkiyə, həm də İran mobil şəbəkələrinə qoşula bilir.

Bu, iranlıların internet və telefon rabitəsinə qoyulan hərbi məhdudiyyətlərdən yan keçmək üçün istifadə etdikləri üsullardan yalnız biridir. Lakin belə bir xidmət baha başa gəlir.

BBC-nin Farsca xidmətinin məlumatına görə, pul köçürmə komissiyaları nəzərə alınmaqla dörd və ya beş dəqiqəlik danışıq təxminən 38 dollara başa gəlir. Buna baxmayaraq, müştərilər bunun əsaslandırılmış qiymət olduğunu düşünürlər.

Bəzən İrandakı insanlar xaricə müstəqil şəkildə zəng vura bilirlər, lakin belə zənglər nadir hallarda ilk cəhddən tutur və adətən, iki-üç dəqiqədən sonra kəsilir.

Həmid (onun adı, bu məqalədəki digər insanların adları kimi dəyişdirilib) Tehranda yaşayır və hazırda xaricdə olan həyat yoldaşı və digər qohumları ilə əlaqə saxlamaq üçün çarəsizcə yollar axtarır.

"Son günlərdə əlaqə yaratmaq üçün hər şeyi yoxlamışam," - deyə o bildirir. "Böyük maliyyə yükü olsa da, qiymət mənim üçün önəmli deyildi. Sadəcə istəyirdim ki, onlar bir az sakitləşsinlər".

O, İran rəsmiləri tərəfindən internetdə tətbiq edilən məhdudiyyətlərdən yan keçməyə imkan verən virtual özəl şəbəkələrdən (VPN) istifadə edir ki, bunun vasitəsilə insanlar mesaj göndərə və xaricə zəng edə bilirlər.

"Əzab çox böyükdür , bu, naməlumluğun, təşvişin və daimi narahatlığın verdiyi bir əzabdır," - deyə Həmid bildirir.

VPN tətbiqləri — məhdudiyyətlərdən yan keçməyin yollarından biridir (2025-ci ilin arxivindən foto).

Şəklin mənbəyi, NurPhoto / Getty Images

Şəklin alt yazısı, VPN tətbiqləri - məhdudiyyətlərdən yan keçməyin yollarından biridir (2025-ci ilin arxivindən foto).
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

O deyir ki, VPN üçün bir qiqabayt internet trafiki təxminən 20 dollara başa gələ bilər: İranda minimum aylıq əməkhaqqının təxminən 100 dollar olduğunu nəzərə alsaq, bu, çox böyük məbləğdir.

"VPN qiymətləri göyə qalxıb, bağlantı isə son dərəcə qeyri-sabitdir", - Həmid danışır.

Onun sözlərinə görə, əgər VPN istifadəsi zamanı bağlantı kəsilirsə, alınmış trafik yanır və pulu geri qaytarmaq mümkün olmur.

"Hər dəfə internetə qoşula bildiyimdə, hətta qısa müddətə olsa belə, hamıya ard-arda yazırdım və qohumlarının telefon nömrələrini göndərmələrini xahiş edirdim ki, onlarla bağlı hər şeyin qaydasında olub-olmadığını öyrənib xəbərləri geri çatdıra bilim", - o deyir.

Həmid davam edir: "Bir anaya zəng edib onun haqqında məlumat istəyən uşağın adını deyəndə, səsindəki sevinc dünyamı dəyişir", - Həmid davam edir.

Torontoda (Kanada) yaşayan Nigar (ad dəyişdirilib) bildirdi ki, ailəsi yanvar ayındakı hökumət əleyhinə etirazlar zamanı onun onların təhlükəsizliyi üçün nə qədər çox narahat olduğunu bilir.

"Bu dəfə internet kəsiləndə, onlar özləri mənə birbaşa zəng etməyə başladılar ki, hər şeyin qaydasında olduğunu desinlər", - o bildirdi.

Nigarın sözlərinə görə, belə qısa zənglər bir az kömək edir, lakin sakitləşmək üçün yenə də kifayət deyil:

"Bu hekayənin ən qorxulu tərəfi odur ki, onlar şiddətli bombardmanlar altındadırlar və eyni zamanda mənə zəng edib deyirlər: "Bizdə hər şey normaldır, bizdən ötrü narahat olma'. Məni məhv edən, bax, budur".

Şadi (ad dəyişdirilib) Melburnda (Avstraliya) yaşayır, lakin valideynlərinin evi Tehranda, onların "arı yuvası" adlandırdığı rayonda yerləşir. Bura martın 7-də zərbə endirilmiş iri neft bazasının yaxınlığında, həmçinin Müdafiə Nazirliyi də daxil olmaqla digər strateji obyektlərin yaxınlığında yerləşir.

"Adətən bizə zəng etməzdən əvvəl, onlar hər şeyin qaydasında olduğunu yoxlamaq və xəbərləri toplamaq üçün əvvəlcə digər qohumlar və yaxınlıqdakı qonşularla əlaqə saxlayırlar, - Şadi danışır, - sonra bu məlumatı bizə ötürürlər, biz isə buradakı digər ailə üzvləri ilə bölüşürük".

O əlavə edir ki, evin yaxınlığındakı güclü partlayışlar qohumlarını çox qorxudur, atası isə neft bazasına endirilən zərbədən sonra Tehrana "qara yağış" yağdığı üçün gəzintiyə çıxmağı dayandırıb.

Alimlər deyirlər ki, İrana endirilən hava zərbələri Tehranda "qara yağışa" və görünməmiş hava çirklənməsinə səbəb olub.

 Tehranda bir kişi əlində telefonla, telekommunikasiya qülləsi "Milad"a mənzərəsi açılan təpədə dayanıb (2024-cü ilin arxiv fotosu).

Şəklin mənbəyi, NurPhoto / Getty Images

Şəklin alt yazısı, Tehranda bir kişi əlində telefonla, telekommunikasiya qülləsi "Milad"a mənzərəsi açılan təpədə dayanıb (2024-cü ilin arxiv fotosu).

Zəhra (ad dəyişdirilib) Avropada yaşayır və İrandakı qardaşı üçün çox narahatdır. O, Telegram-a daxil olmaq və əlaqədə qalmaq üçün VPN-dən istifadə edir.

"Əgər o, şəbəkədən yarım saatdan və ya bir saatdan çox itərsə, beynimdə ən qorxulu fikirlər yaranmağa başlayır", - o deyir.

Onun sözlərinə görə, ailəsi vaxtının çox hissəsini evdə qalmağa çalışır. Onlar ya ümumiyyətlə işə çıxmır, ya da çox qısa müddətə gedirlər.

"Qırıcı təyyarələrin və partlayışların səsi adamı dəhşətə gətirir, - qardaşı ona danışıb. - Küçələrdə isə hər tərəf patruldur, hər döngədə dayanıb birbaşa gözlərinin içinə baxırlar. Əgər görünüşün onların xoşuna gəlmirsə, səni saxlayırlar".

Məhdudiyyətlərdən yan keçmək üçün müxtəlif tətbiqlərdən və texniki fəndlərdən istifadə etmək zərurəti, texnologiyadan başı çıxmayan qohumlarla əlaqəni demək olar ki, qeyri-mümkün edir.

"İndi ailəmlə əlaqə saxlamağın yeganə yolu onların özlərinin mənə zəng etməsidir, - Londonda yaşayan, otuz yaşlarında olan Pune (ad dəyişdirilib) deyir. - Mən onlara özüm zəng edə bilmirəm. Hətta belə sadə bir şey sanki heç nəyə nəzarət etmirəmmişəm kimi qəribə bir hiss yaradır".

O bildirdi ki, əlaqə saxlaya bildiyi yeganə şəxs bacısıdır.

"Yəqin ona görə ki, onun texnologiyadan daha yaxşı başı çıxır və zəng etmək üçün yollar tapır. Adətən, ailənin bütün digər üzvləri haqqında xəbərləri mənə məhz o gətirir", - Pune deyir.

Bir çox başqalarında olduğu kimi, onlarda da ikitərəfli məlumat mübadiləsi formalaşıb: İranın daxilindəki şəxs ailə xəbərlərini ötürür, xaricdə olan isə müharibənin gedişatı haqqında danışır: bu məlumat dövlət senzurası səbəbindən İran daxilində əlçatan deyil.

"Bacım tez-tez sadəcə xəbərləri məndən eşitmək üçün zəng edir, - Pune deyir. - Elə bir hiss yaranır ki, sanki hər birimizdə hekayənin yalnız bir hissəsi var və biz onu bir-birimiz vasitəsilə hissə-hissə yığırıq".