Almaniya Trampın çağırışı barədə: "Bu müharibə NATO-nun deyil"

Şəklin mənbəyi, Reuters
ABŞ və İsrailin İrana qarşı müharibəsinin on yeddinci günündə İranda internetə qoyulan məhdudiyyətlər daha da sərtləşdirilib.
İsrail İrana qarşı hücumlarını daha üç həftə davam etdirmək planını açıqladı.
NATO müttəfiqləri Trampın çağırışına cavablarını açıqlayıblar.
Bu və digər xəbərləri aşağıda oxuyun.
İsrail hücumları daha "3 həftə davam etdirəcək"
İsrail İrana qarşı hücumlarını daha üç həftə davam etdirmək planını açıqladı.
İsrail ordusunun sözçüsü Nadav Şoşani üç həftəlik əməliyyat planına əlavə olaraq, sonrakı dövrləri əhatə edən əlavə planların da olduğunu bildirdi.
Şoşani İran daxilində minlərlə hədəfin vurulacağını bildirdi.
Bu açıqlamadan sonra martın 16-da İranın ən böyük üç şəhərinə bir sıra hava hücumları həyata keçirilib.
Hədəfin Tehranın Şəhidlər Meydanındakı elektrik idarəetmə mərkəzini də əhatə etdiyi bildirilir.
İran Birləşmiş Ərəb Əmirliklərindəki Fujayra neft terminalı və Dubay Beynəlxalq Hava Limanı da daxil olmaqla, Körfəzdəki hədəflərə zərbə endirməklə cavab verib.
BƏƏ-nin paytaxtı Əbu-Dabidə raket hücumu nəticəsində bir Fələstin vətəndaşı həlak olub.
Qüdsün /Yerusəlimin Köhnə Şəhərinə "raket qalıqları düşüb"

Şəklin mənbəyi, Reuters
Qüdsün /Yerusəlimin Köhnə Şəhərinə raket qalıqları düşdüyü bildirilir. Bu qalıqlar İran raketlərinə və onları vuran İsrail silahlara aiddir.
İsrailin işğal etdiyi Şərqi Yerusəlim/Qüdsdə əsasən fələstinlilər yaşayır. Onların çoxu İsrailin İrana qarşı müharibəsini dəstəkləmir.
Bu insidentdə ölənlər barədə məlumat yoxdur, üç nəfərin yaralandığı açıqlanıb.
Əksər israillilərdən fərqli olaraq, burada az sayda fələstinlinin evində bomba sığınacaqları var.
Pezeşkian Makrona: "İran hərbə-zorbalara təslim olmayacaq"

Şəklin mənbəyi, Getty Images
İran Prezidenti Məsud Pezeşkian martın 16-da Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı israrla bildirib ki, "bu dəhşətli müharibəni İran başlamayıb".
"İşğala qarşı müdafiə olunmaq təbii haqdır və biz bu məsələdə yaxşıyıq", Pezeşkian sosial mediada bildirib.
O qeyd edib ki, "İranın qonşu ölkələrlə münasibətinə xələl gətirmək üçün regionda ABŞ-a məxsus bazalardan İrana qarşı istifadə olunmasına son qoyulmalıdır".
Pezeşkian ölkəsinin "hərbə-zorbalara təslim olmayacağını" deyib və "beynəlxalq ictimaiyyəti bu işğalı pisləməyə" çağırıb.
"Gələcəkdə İran torpaqlarına hücumların edilməyəcəyinə əmin olmadıqca, müharibənin bitməsi haqda danışmaq mənasızdır", Pezeşkian əlavə edib.
İranın ali lideri Müctəba Xameneinin mesajı yerli mediada dərc edilib

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İranın yeni ali lideri Müctəba Xamenei atası Əli Xamenei tərəfindən təyin edilmiş dövlət rəsmilərinə vəzifələrində qalmağı və mövcud göstərişlərə uyğun işlərini davam etdirməyi tapşırıb, İran mediası yazıb.
"Elan edirəm ki, hazırda onlardan heç birinin təyinatının yenilənməsinə ehtiyac yoxdur. Onların öz işlərini əvvəlki dövrdə olduğu kimi mövcud tapşırıqlara uyğun davam etdirmələri həddindən çox vacibdir", mesajda bildirilir.
Müctəba Xamenei martın 8-də atası Əli Xamenei İsrail və ABŞ-ın fevralın 28-də İrana hava hücumları nəticəsində öldürüldükdən sonra ölkənin yeni ali lideri seçiliib.
O, bu vəzifəyə başladığı gündən bəri hələlik görünməyib, ali lider kimi foto və videosu yoxdur.
Müctəba Xameneinin mesajı martın 12-də İranın dövlət xəbər kanalında aparıcı tərəfindən ictimaiyyətə çatdırılıb.
ABŞ-ın müdafiə naziri Pete Hegseth martın 13-də heç bir sübut göstərmədən deyib ki, Müctəba Xamenei atası öldürülərkən atılan ilk hava zərbələri nəticəsində "yaralanıb və üzü eybəcər hala düşüb".
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian martın 11-də bildirib ki, yeni ali liderin yaralanmasına dair "xəbərlər eşidib".
"Mən bu məsələni müvafiq dairələrlə əlaqəsi olan bir neçə dostumdan soruşdum, onlar dedilər ki, Allahın mərhəməti ilə ali lider sağ-salamatdır və heç bir problem yoxdur", Yusif Pezeşkian Telegram kanalında qeyd edib.
Tramp köməyi "lazım olduğu üçün deyil, onların reaksiyalarını öyrənmək üçün" istəyib

Şəklin mənbəyi, Reuters
ABŞ müharibə başlanandan bəri İranda 7000 hədəfi vurub və 100-dən çox gəmi batırıb, Prezident Donald Tramp deyib.
"Onlar sözün əsl mənasında məhv olublar", - o deyib və əlavə edib ki, ölkənin hava qüvvələri və donanması, liderləri və zenit texnologiyası "məhv edilib".
O deyir ki, ABŞ və İsrail "illər əvvəl edilməli olanı edirlər". Onun sözlərinə görə, ABŞ bu gün İranda dron və raketlərin istehsal olunduğu üç zavoda zərbə endirib.
O, həmçinin ötən həftə ABŞ-ın Xarq adasını bombalamasına toxunaraq, neftin saxlanıldığı "borulardan" başqa hər şeyi məhv etdiklərini bildirib. Lakin prezident fikrini dəyişə biləcəyini açıq şəkildə bildirib və əlavə edib ki, neftin məhv edilməsi "dəqiqələr" çəkəcək.
Tramp deyir ki, digər ölkələr Hörmüz boğazında ABŞ-a kömək etməkdə "həvəsli" deyillər
Prezident Tramp onu da deyib ki, İranın mina yerləşdirən 30 gəmisinin hamısı məhv edilib, lakin o, əlavə edib ki, İranın boğaza hər hansı bir mina qoyub-qoymadığını bilmir.
"Biz artıq İran haqda ölçü götürmüşük" deyən ABŞ Prezidenti digər ölkələri "boğazla bağlı kömək etməyə" çağırıb.
Tramp bildirib ki, çoxsaylı ölkələr artıq kömək etmək üçün yola düşüblər.
Lakin o, ABŞ-a kömək etməkdə o qədər də "həvəsli" olmayan ölkələri lağa qoyub: "Onlar dedilər ki, biz müdaxilə etməməyi üstün tuturuq... Bilirəm, biz onları qoruyacağıq və bizə nə vaxtsa kömək lazım olsa, onlar bizim yanımızda olmayacaqlar."
O, daha sonra əlavə edib ki, başqa ölkələrdən Hörmüz boğazına görə köməyi "lazım olduğu üçün deyil, onların reaksiyalarını öyrənmək üçün" istəyib.
İsrail Müdafiə Qüvvələri bu səhər Tehran, Şiraz və Təbrizdə "genişmiqyaslı" hücum dalğası başlatdığını elan etdikdən sonra yayılmış görüntülərdə dağıntılar əks olunub

Şəklin mənbəyi, Reuters
Hörmüz boğazı "düşmənlərimiz üçün" bağlı qalır - Əraqçi
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ-la atəşkəs tələb etmədiyini və ya mesaj mübadiləsi aparmadığını söyləyib. O, həmçinin Hörmüz boğazının "düşmənlərimiz üçün" bağlı qalacağını deyib.
"Onlar (amerikalılar) digər ölkələrdən gəlib onlara kömək etmələrini xahiş edirlər ki, Hörmüz boğazı açıq qalsın... bizim baxış bucağımız aydındır. O, yalnız düşmənlərimiz, ölkəmizə və müttəfiqlərinə qarşı ədalətsiz təcavüz edənlər üçün bağlıdır."
Nazir əlavə edib ki, müharibə "bir daha təkrarlanmayacağı şəkildə başa çatmalıdır".

Şəklin mənbəyi, Reuters
Hindistana məxsus iki gəmi Hörmüzü keçib
Hindistanın iki - Nanda Devi və Şivalik adlı iki qaz daşıyan tankeri beynəlxalq xəbərdarlıq siqnallarını söndürərək Hörmüz boğazını keçib.
MarineTraffic-in məlumatına görə, hər iki gəmi Qətərin Ras Laffan limanında yüklənib və Hindistanın Qucarat ştatına doğru irəliləyir.
Martın 14-də bölgədə iki Hindistan hərbi gəmisinin olduğu qeydə alınıb. Nanda Devi bir neçə gün İranın Keşm adası yaxınlığında lövbər atdıqdan bir müddət sonra nəhayət sabah Kandla limanına çatacaq. Şivalik isə bu gün Mundra limanına yan alıb.
Hindistanın xarici işlər naziri bildirib ki, bütün Hindistan gəmilərinə boğazdan keçid üçün "ümumi razılaşma" yoxdur, lakin İranla danışıqlar davam edir.
Müttəfiqləri Trampın Hörmüzlə bağlı çağırışına nə cavab verib?
Hindistan gəmiləri boğazdan keçərkən, Trampın Hörmüz boğazına hərbi gəmilər göndərilməsi ilə bağlı çağırışı dəstəksiz qalıb.
Onun boğazda ticarət gəmilərinin qorunması və qlobal neft təminatının davam etməsi üçün gəmi göndərmək çağırışları da soyuq qarşılanıb.
ABŞ Prezidenti şənbə günü Truth sosial media hesabında Böyük Britaniya, Çin, Fransa, Yaponiya, Cənubi Koreya və digər dövlətləri Boğaza gəmi göndərməyə çağırıb. Daha sonra isə müsahibələrinin birində daşınmanın təhlükəsizliyinin qoruna bilməməsinin "NATO-nun gələcəyi üçün çox pis ola"cağını deyib.
Onun çağırışına ölkələrin bəzilərinn cavabı belə olub:
Böyük Britaniya müttəfiqlərlə plan üzərində işlədiyini, lakin bunun NATO missiyası olmayacağını bəyan edib.
Almaniya tələbə açıq şəkildə "yox" cavabı verib: "Bu, bizim müharibəmiz deyil".
Cənubi Koreya qərarını ABŞ-la məsləhətləşmələrdən sonra açıqlayacağını,
Yaponiya isə hazırkı şəraitdə dəniz təhlükəsizliyi əməliyyatını nəzərdən keçirmədiyini bildirib.
Avstraliya da boğaza hərbi gəmi göndərməyəcəyini açıqlayıb.
İranda internet məhdudiyyətləri daha da sərtləşdirilir
BBC Verify dəqiqləşdirb ki, İrandan paylaşılan videoların sayında nəzərə çarpan azalma var. Bu isə hökumətin internetə çıxışa qoyduğu məhdudiyyətləri daha da sərtləşdirdiyini göstərir.
Tehrandan bir qadın BBC-yə deyib ki, məhdudiyyətləri aşmaq üçün Elon Musk-ın Starlink peyk internetindən istifadə edən bəzi insanlar həbs edilib.
BBC ilə əlaqə saxlayan iranlı bir kişi isə Starlink terminallarının sıradan çıxarıldığını deyib.
İnternet monitorinq qrupu Netblocks bildirib ki, İranda bu vaxta qədər qismən fəaliyyət göstərən əsas telekommunikasiya şəbəkələrindən birində "əlaqənin çöküşü" qeydə alınıb.

Şəklin mənbəyi, Netblocks
İranın bəzi rəsmilərə, dövlətə bağlı qurumlara və jurnalistlərə məhdud internet istifadəsi imkanı verən "ağ siyahı" saxladığı bilinirdi.
Lakin hazırki vəziyyət hətta həmin seçilmiş qrupların belə imkanlarının məhdudlaşdırıldığını göstərir.
ABŞ və İsrailin fevralın 28-də İrana ilk hava zərbələrini endirməsindən sonra İran hakimiyyəti internetə çıxışı məhdudlaşdırıb.
Xarici jurnalistlərin İrana girişinə ciddi məhdudiyyətlər qoyulduğundan, müharibə haqqında məlumat toplamağın əsas yollarından biri ölkənin içindən vətəndaşların çəkdiyi videolar və yenə vətəndaşlardan gələn mesajlardır.
İnternetin daha da məhdudlaşdırılması isə İrandan məlumatların nə vaxt və necə əldə ediləcəyinə birbaşa təsir göstərəcək.
ABŞ və İsrailin İran müharibəsiylə bağlı bundan əvvəlki xəbərləri aşağıdakı linklərdən oxuyun:
İranlılar Tehrandakı yoxlamalar, təhlükəsizlik postları və keçirdikləri qorxu barədə

Şəklin mənbəyi, Getty Image
İranlılar yoxlamalar və təhlükəsizlik postlarında keçirdikləri qorxu hissindən danışırlar.
Tehranda iranlılar şəhər boyunca qurulan təhlükəsizlik postlarında sənədlərin və əşyaların yoxlanılmasından narahat olduqlarını bildiriblər.
İnterneti təmin edən gənc bir kişi deyib: "Mənim etdiyim iş İslam Respublikası üçün cinayət sayılır. Çox qorxurdum, çünki yanımda laptop və telefon vardı".
Başqa bir gənc deyir ki, postdan keçmək üçün özünü mehriban göstərməyə çalışıb: "Onlara "çox sağ olun, əziyyət çəkirsiniz" kimi sözlər dedim… sanki işlərinə həqiqətən dəyər verirdim".
Gənc bir qadın isə deyib: "Həmişə rəngli geyimlər geyinmişəm. Ancaq indi yox. Çünki patrulların qıcıqlanacağından qorxuram".



























