Qara dənizdə Türkiyə gəmisində partlayış: "Biz mühərrik bölməsinin hədəf alındığına inanırıq"

Altura neft tankerinin arxiv fotoşəkli

Şəklin mənbəyi, Vessel Finder

Şəklin alt yazısı, Altura neft tankerinin arxiv fotoşəkli
Oxuma vaxtı: 2 dəq

İstanbul sahillərində xam neft daşıyan tankerdə partlayış baş verib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 24 TV-yə verdiyi müsahibədə bildirib ki, İstanbul sahillərində tankerin mühərrik otağında partlayış xəbəri gecə yarısından sonra alınıb və gəmi təcili axtarış və xilasetmə mərkəzinə məlumat verib.

Uraloğlu sahil təhlükəsizliyi və sahil mühafizəsi bölmələrinin gəmini dəstəkləmək üçün göndərildiyini, gəminin 27 heyət üzvünün türk olduğunu və hamısının sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib.

"Biz mühərrik otağının xüsusi olaraq hədəf alındığına inanırıq", - deyə nəqliyyat naziri bildirib və hücumun pilotsuz sualtı vasitə tərəfindən həyata keçirildiyindən şübhələndiklərini əlavə edib.

Nazirin sözlərinə görə, araşdırma aparmaq üçün gəmiyə texniki qrup göndərilib və yaxın saatlarda ətraflı açıqlama veriləcək.

Gəmi Avropa İttifaqının və Böyük Britaniyanın sanksiya siyahısında

Reuters xəbər agentliyinin NTV-yə istinadən verdiyi məlumata görə, İstanbul sahillərində hədəf alınan gəminin adı "Altura"dır.

Xəbərdə bildirilirdi ki, təxminən 1 milyon barel xam neft daşıyan tanker Qara dənizdə, Bosfor boğazından 15 mil aralıda pilotsuz uçuş aparatı tərəfindən vurulub. Gəminin göyərtəsinə və mühərrik otağına ziyan dəyib.

Həmçinin gəminin körpüsünün zədələndiyi və tankerin mühərrik otağında su girdiyi bildirilib.

Reuters-in məlumatına görə, Sierra Leone bayrağı altında üzən tankerin kömək istəməsindən sonra hadisə yerinə təcili yardım gəmiləri göndərilib.

Gəmilərin hərəkətini izləyən vesselfinder.com saytının məlumatına görə, tanker sonuncu dəfə Rusiyanın Novorossiysk limanında lövbər salıb.

Reuters xəbər verir ki, vurulduğu deyilən gəmi "Altura" Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahısındadır.