You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
ABŞ və İsrailin İranla müharibəsi davam edir
Tramp: Hörmüzün təhlükəsizliyinə dəstək verməsə, NATO-nu "çox pis" gələcək gözləyir
ABŞ və İsrailin İrana qarşı müharibəsinin on altıncı günündə ABŞ Prezidenti Donald Tramp Hörmüzün təhlükəsizliyinə dəstək verməsə, NATO-nu "çox pis gələcək gözləyir" deyib.
O, İranla hələ razılığa gəlməyə hazır olmadığını bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ televiziyasına deyib ki, ölkəsi "amerikalılarla danışmaq üçün heç bir səbəb görmür, çünki onlar bizə hücum etmək qərarına gələndə biz onlarla danışırdıq".
Bu və digər xəbərləri aşağıda oxuyun.
ABŞ-İsrailin İrana müharibəsi barədə yeni hadisələri burada izləyin.
ABŞ və İsrailin İrana "hücumu NATO-nun müharibəsi deyil"
ABŞ və İsrailin İrana hücumu NATO-nun müharibəsi deyil, britaniyalı nazir Pat MakFadden belə deyib.
Bir qədər əvvəl BBC Radio 4-ün Today proqramında çıxış edən Əmək və Pensiya məsələləri üzrə nazir Pat MakFadden bu haqda danışıb.
O bildirib ki, NATO müdafiə alyansı "Yaxın Şərqdə gördüyümüz indiki vəziyyət üçün nəzərdə tutulmayıb".
NATO 1949-cu ildə ABŞ və Böyük Britaniya da daxil olmaqla 12 ölkə tərəfindən qurulub və əsas prinsiplərindən biri - 5-ci maddəsi bir üzvə qarşı hücumun bütün alyansa qarşı hücum kimi qəbul edilməsini ehtiva edir.
Böyük Britaniyanın keçmiş Baş Qərargah rəisi, general Nick Carter də bu səhər proqramda iştirak edib və deyib ki, NATO " bir müttəfiqin öz seçiminə görə müharibəyə başlaması və sonra hamını ona qoşulmağa məcbur etməsi üçün yaradılmış alyans deyil".
Bu fikirlərlə razılaşıb-razılaşmadığı soruşulduqda, MakFadden general Karterin "haqlı olduğunu" bildirib və hazırkı müharibəni "NATO müharibəsi deyil", "ABŞ-İsrail əməliyyatı" kimi xarakterizə edib.
MakFadden əlavə edib ki, "Biz NATO-ya dərin sadiqliyimizi davam etdiririk".
Aİ Hörmüzün açıq qalması üçün mümkün imkanları müzakirə edəcək
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallasın sözlərinə görə, ittifaqa üzv dövlətləri Hörmüz boğazının açıq saxlanması üçün Avropa tərəfindən hansı addımların atıla biləcəyini müzakirə edəcək.
Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşü ərəfəsində, o, Reuters agentliyinə açıqlamasında deyib ki, "Hörmüz boğazının açıq qalması Aİ-nin "marağındadır".
Müharibənin başlanğıcından indiyədək dünyaya ixrac olunan neftin təxminən 20 faizini daşıyan tankerləri bu dar boğazdan keçmək istərkən hücuma məruz qaldığı bildirilir.
Bir qədər əvvəl qeyd etdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp müttəfiqlərinin boğazın təhlükəsizliyinə yardım etmədikləri təqdirdə bu addımın üzv olduqları NATO-nun gələcəyi üçün "çox pis" olacağını deyib.
Bazar günü Britaniya hökuməti açıqlayıb ki, Tramp Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə söhbətində Hörmüz boğazının yenidən açılmasının və qlobal su yolu daşımalarının bərpasının vacibliyini vurğulayıb.
Neft ehtiyatlarının istifadəyə verilməsi qiymətləri niyə aşağı salmadı?
Rekord həcmdə neft ehtiyatlarının bazara buraxılması qiymətləri aşağı salmadı. Asiya bazarlarında ticarət davam etdikcə neft qiymətləri yenidən artıb: ABŞ xam nefti 98,97 dollar, Brent isə 104,33 dollar səviyyəsinə yüksəlib (≈1% artım), BBC müxbiri Osmond Chia təhlil edir.
Ötən cümə axşamı günü Beynəlxalq Enerji Agentliyinə üzv dövlətlərin böyük miqdarda ehtiyatın istifadəyə verilməsi qərarına baxmayaraq, qiymətlər yüksəlib.
Sinqapur Texnologiya İnstitutundan Martin Ma bildirir ki, bu addım yalnız müvəqqəti təsirə malikdir və gərginlik davam edərsə, bazarlara təsiri məhdud olacaq.
Bazarlar Yaxın Şərqdə istehsal və nəqliyyatın işini poza biləcək bu müharibənin uzunmüddətli konfliktə çevrilmə riskini qiymətə daxil edib. Regiona zərbələrin davam etdiyi vaxtda, ABŞ-ın energetika naziri Chris Wright müharibənin hələ bir neçə həftə davam edəcəyini deyib.
Bu arada, Hörmüz boğazı ilə daşımalar İranın təhdidlərinə görə tamamilə dayanıb.
ABŞ və İsrailin İrana qarşı davam edən müharibəsiylə bağlı son bir neçə saatın əsas xəbərləri bunlardır:
Financial Times-a müsahibəsində Donald Tramp bildirib ki, müttəfiqlər Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına yardım etməsələr, bu, "NATO-nun gələcəyi üçün çox pis" ola bilər.
Hörmüz boğazı qlobal neft daşımaları üçün kritik əhəmiyyəti olan su yoludur.
O əlavə edib ki, Çin də boğazın təhlükəsizliyinə töhfə verməlidir və əgər bu ölkə yardım etməyə razılaşmasa, Çin lideri Si Cinpinlə yaxın vaxtlarda keçirilməsi gözlənilən sammiti təxirə sala bilər.
Təyyarəsinin göyərtəsində jurnalistlərə danışan ABŞ Prezidenti boğazın mühafizəsi üçün "təxminən yeddi" ölkə ilə danışıqlar apardığını bildirib və yardım etməyən ölkələri "unutmayacağını" vurğulayıb.
Bundan əvvəl İran xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran atəşkəs istəmir və "amerikalılarla danışmaq üçün heç bir əsas görmür. O deyib: " Onlar bizə hücum etmək qərarını məhz danışıqlar vaxtı verdilər".
Dünyanın ən işlək hava limanlarından biri olan Dubay Beynəlxalq Hava Limanı "drone insidenti" səbəbindən uçuşları müvəqqəti dayandırmalı olub.
İsrail bildirib ki, ölkənin qərb və mərkəz bölgələrində zərbələri genişləndirməyə söz verdikdən bir neçə saat sonra belə, İranda hədəf alınmalı "minlərlə" obyekt qalır.
İsrail Livanın cənubunda "məhdud və hədəfli" quru əməliyyatlarına başladığını açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əməliyyatdan əvvəl Hizbullahın əsas mövqelərinə qarşı bölgəyə hava zərbələri endirilib. Ordunun məqsədi "irəliyə doğru müdafiə xəttinin gücləndirilməsi" və "terror infrastrukturunun ləğv edilməsidir".
İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyini bildirib.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp deyib ki, İran razılıq əldə etmək istəyir, o isə hazırda buna razı deyil, "çünki şərtlər hələ kifayət qədər yaxşı deyil".
Trump bunu martın 14-də ABŞ-ın NBC News kanalına telefon müsahibəsində deyib.
Tramp həmin şərtlərin nə olacağını açıqlamaqdan imtina edib.
Onun fikrincə, İranın hər hansı nüvə ambisiyasından imtina etməsi potensial razılaşmanın bir hissəsi olacaq.
Abbas Əraqçı: "İran atəşkəs tələb etməyib və ABŞ ilə danışıqlar üçün heç bir səbəb görmür"
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran "heç vaxt atəşkəs istəməyib, hətta danışıqlar da tələb etməyib".
Bu açıqlama Donald Trampın əvvəlki sözlərinə cavabdır. Tramp demişdi ki, İran razılaşma istəyir, lakin o, "şərtlər hələ kifayət qədər yaxşı olmadığı üçün" buna razı deyil.
Əraqçı BBC-nin ABŞ media tərəfdaşı olan CBS News-a verdiyi müsahibədə deyib:
"Amerikalılarla danışmaq üçün heç bir səbəb görmürük, çünki biz onlarla danışırdıq və onlar elə o vaxt bizə hücum etməyə qərar verdilər".
"Bu, Prezident Tramp və Amerika Birləşmiş Ştatlarının seçdiyi bir müharibədir və biz özünümüdafiəmizi davam etdirəcəyik".
İsrail ordusu İrana zərbələrinin miqyasını genişləndirdiyini deyir
İsrail Müdafiə Qüvvələri (İDF) İranın infrastrukturuna endirilən zərbələrin miqyasını genişləndirdiyini və İranın qərb və mərkəzi hissələrində daha çox ərazisini hədəfə aldığını açıqlayıb.
İDF-in məlumatına görə, məqsəd "komanda və idarəetmə imkanlarını zəiflətmək"dir.
Eyni zamanda, qurum İsrail Hərbi Hava Qüvvələrinin bazar günü əvvəlcə İranın qərbində yerləşən Həmədandakı ordunun qərargahlarını hədəf alan zərbə dalğasını tamamladığını bildirib.
İDF bildirib ki, onlar İran İslam İnqilabı Keşikçiləri Korpusuna və Bəsic qüvvələrinə məxsus bir neçə mühüm qərargaha zərbə endiriblər.
Ordu bildirir ki, bu zərbələr "İran rejiminin əsas əməliyyat sistemlərinə və təməl infrastrukturuna vurulan ziyanın dərinləşdirilməsinə yönəlmiş davamlı səylərin bir hissəsidir".
İran tərəfi hərbi qərargahların hədəfə alınması barədə xəbərə hələ münasibət bildirməyib.
Tramp onu da deyib ki, bir neçə ölkə Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına yardım etməyə razılıq verib, amma onların adlarını açıqlamaq istəməyib.
Tramp həmçinin bildirib ki, ABŞ İranın neft ixracı üçün kritik əhəmiyyət daşıyan Xarq adasını "tamamilə məhv edib", lakin əlavə edib ki, "əyləncə üçün bir neçə dəfə də vurmaq" mümkündür.
O, artan neft qiymətləri ilə bağlı narahatlıqları da görməzdən gəlib. "Çoxlu neft, qaz var… çoxdur, sadəcə bir az tıxanıb. Çox tezliklə açılacaq," – deyə o bildirib.
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: İraqı "təcili" tərk edin
ABŞ-ın Bağdaddakı səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edərək, onları "təcili" İraqı tərk etməyə çağırıb.
"İran və onun dəstəklədiyi terrorçu silahlılar İraqda ictimai təhlükəsizliyə böyük təhdid yaradır. ABŞ vətəndaşlarına, onun bu ölkədəki maraqlarına və vacib infrastrukturuna qarşı hücumlar həyata keçirilib", - səfirlik X sosial media hesabında yazıb.
Martın 14-ü səhər saatlarında ABŞ-ın İraqdakı səfirlik binası hava hücumu nəticəsində vurulub.
Hava zərbəsindən sonra səfirlik binasından tüstü qalxdığı müşahidə edilib.
Səfirlik ABŞ-ın bu ölkədəki vətəndaşlarına bildirib ki, "davam edən raket və dron hücumu ilə bağlı risklərə görə Bağdaddakı səfirliyə və Ərbildəki baş konsulluğa gəlməyə cəhd göstərməyin".
"Enerji təsisatlarımıza edilən hücumlara cavab verəcəyik", - İranın xarici işlər naziri
İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, ölkəsinin enerji infrastrukturlarına edilən istənilən hücuma cavab olaraq, İran da ABŞ-ın regiondakı şirkətlərini hədəf alacaq, Tasnim agentliyi yazıb.
"Əgər İranın təsisatları hədəf alınarsa, bizim qüvvələrimiz də Amerika şirkətlərinin regiondakı obyektlərini və ya ABŞ-ın pay sahibi olduğu şirkətləri hədəf alacaq", Əraqçı qeyd edib.
İran rəsmisi bu açıqlamanı ABŞ ordusu Xarq adasına hava zərbəsi endirdikdən bir neçə saat sonra verib.
Fars Xəbər Agentliyi Telegram kanalında yazıb ki, ABŞ-ın Xarq adasına hücumu nəticəsində İranın buradakı hava hücumundan müdafiə sistemləri, bir dəniz bazası, hava limanına nəzarəti həyata keçirən qüllə və helikopter anqarı vurulub.
Rəsmi Tehran hücumlar nəticəsində neft infrastrukturuna zərər dəymədiyini bildirib.
İranın Buşehr əyalətinin nümayəndəsi Ehsan Cahanian deyib ki, ABŞ-ın Xarq adasına etdiyi hücumlara baxmayaraq, neft ixracı "tam şəkildə davam etdirilir" və adadakı şirkətlər fəaliyyətlərini "fasiləsiz" davam etdirirlər.
O həmçinin bildirib ki, hücumlar zamanı hərbi obyektlərə və Xarq hava limanına zərər dəysə də, hərbi heyət, neft işçiləri, eləcə də adadakı sakinlər arasında zərər çəkən olmayıb.
İranın xarici işlər naziri isə qeyd edib ki, "biz mütləq bu hücumlara cavab verəcəyik, eyni zamanda diqqətlə hərəkət edirik ki, insanların daha çox məskunlaşdığı ərazilər hədəf alınmasın".
İsrail: İranla münaqişə "həlledici mərhələyə" daxil olur
İsrailin müdafiə naziri İsrael Katz deyib ki, İranla münaqişə "həlledici mərhələyə" daxil olur.
İsrailli nazir açıqlamasında ABŞ Prezidenti Donald Trampı İranın əsas neft adası olan Xarqa "şiddətli zərbə" vurması münasibəti ilə də təbrik edib.
O, ABŞ-ın hava zərbələrini İranın "Hörmüz boğazını minalamasına qarşı uyğun cavab" adlandırıb.
Bir neçə gün əvvəl ABŞ Hörmüz boğazı yaxınlığında fəaliyyət göstərən İrana məxsus mina yerləşdirmə gəmisinə hava zərbəsi endirdiyini açıqlamışdı.
Rəsmi Tehran isə gəmilərin hərəkət etdiyi kanalda partlayıcılar yerləşdirməsi ilə bağlı iddiaları rədd etmişdi.
İsrailin müdafiə naziri qeyd edib ki, İran xalqı yalnız ölkədəki rejimi devirməklə münaqişəni bitirə bilər.
Tramp: ABŞ Hörmüz boğazını "bu və ya digər yolla" açacaq
ABŞ Prezidenti Donald Tramp deyib ki, "Hörmüz boğazı bu və ya digər yolla tezliklə azad, açıq və təhlükəsiz olacaq".
O, özünün Truth Social platformasında Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanın boğaza hərbi gəmilər göndərəcəyinə ümid etdiyini bildirib.
Tramp qeyd edib ki, bununla da Hörmüz keçidi İranın əlində "artıq təhdid" aləti olmayacaq.
Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ "sahil xəttini bombalayacaq və İrana aid qayıq və gəmiləri vuracaq".
Tramp ABŞ tərəfindən İranın hərbi potensialının "100 faiz dağıdıldığını" iddia edir, amma onu da deyir ki, Tehran hələ də dronlardan və yaxın mənzilli raketlərdən "asanlıqla" istifadə edir.
İranın Cenevrədəki nümayəndəsi Əli Bahrani isə Trampın bu iddiasının "uydurulmuş yalana" əsaslandığını qeyd edib.
İran ordusu BƏƏ-də sakinləri ABŞ-a məxsus hədəflərdən uzaq olmağa çağırıb
İran ordusu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əhalisini ölkədə ABŞ-a məxsus hərbi ərazilərə yaxın yerlərdən təxliyə olmağa çağırıb.
Rəsmi Tehran martın 14-də bəyan edib ki, öz ərazisini müdafiə etmək və ABŞ-ın Yaxın Şərqdəki maraqlarına zərbə vurmaq hüququnu özündə saxlayır, İranın dövlət mediası yazıb.
Bu açıqlamadan sonra, BƏƏ-yə məxsus Fuceyra limanında yerləşən və Yaxın Şərqdə ən böyük neft təsisatlarından biri olan ərazidən havaya qatı qara tüstünün qalxdığı müşahidə olunub.
Hörmüz boğazına yaxın yerləşən Fuceyra limanı gəmilərin yanacaqla təmin edilməsi baxımından olduqca əhəmiyyətli bölgədir. Oranın hədəf alınması o deməkdir ki, gəmilər artıq ordan keçmir və limanın fəaliyyəti praktiki olaraq dayanır.
BBC-nın təhlükəsizlik üzrə müxbiri Frank Gardner yazır ki, İran və BƏƏ-də neft infrastrukturlarına yaxın ərazilərin hədəf alınması hər iki tərəf üçün müharibə riskini artırmış olur.
İran Silahlı Qüvvələrinin Xatəm qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari bildirib ki, ölkəsinin BƏƏ-dəki gəmiçilik limanlarında yerləşdirilən ABŞ raketlərini, eləcə də Amerika əsgərlərinin "sığınacaq" yerlərini vurma hüququ var.
O, BƏƏ şəhərlərində müsəlman əhalini zərər görməmələri üçün təxliyə olmağa çağırıb.
Prezident Tramp: İranın "zinət tacı Xarq adasını bombaladıq"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin hava qüvvələrinin İranın Xarq adasını bombaladığını açıqlayıb.
Ağ Ev rəhbəri bu barədə özünün "Truth Social" sosial media hesabında yazıb.
"ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardman reydini həyata keçirib. Nəticədə İranın zinət tacı sayılan Xarq adasında bütün hərbi hədəflər məhv edilib", - Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, bombardman zamanı adadakı heç bir neft infrastrukturunun hədəf alınmaması göstərişi verib.
Bundan əlavə, o xəbərdarlıq edib ki, əgər İran Hörmüz boğazında gəmilərin sərbəst və təhlükəsiz keçidinə müdaxilə etsə, İranın neft infrastrukturları ilə bağlı qərarını yenidən gözdən keçirəcək.
İran isə bəyan edib ki, əgər onun enerji obyektlərinə hücum olarsa, ABŞ ilə əməkdaşlıq edən regionun bütün neft və enerji infrastrukturları İran ordusunun hədəfində olacaq, yerli media yazıb.
Bununla belə, rəsmi Tehran ABŞ-ın Xarq adasına hava zərbələri zamanı neft infrastrukturlarının zərər görmədiyini bəyan edib.
İranın neft ixracının təxminən 90 faizi Xarq adası ilə ixrac olunur və bu ərazi ölkə iqtisadiyyatı üçün olduqca vacib əhəmiyyət daşıyır.
ABŞ Yaxın Şərqə əlavə qüvvə yığmağı düşünür
ABŞ-ın Yaxın Şərqə dəniz piyada briqadası və əlavə hərbi gəmilər göndərməsi gözlənilir, iki amerikalı rəsmi BBC-nin ABŞ-da yerləşən media tərəfdaşı CBS-ə deyiblər.
Rəsmilərin bildirdiyinə görə, hərbi birliklər ABŞ-ın Yaponiyadakı dəniz qoşunlarından Yaxın Şərqə köçürüləcək.
BBC-nin diplomatiya üzrə müxbiri Paul Adams hesab edir ki, ABŞ-ın Yaxın Şərqə dəniz qüvvələri yığmasında məqsədi Hörmüz boğazında kommersiya məqsədli gəmilərin təhlükəsizliyini təmin etmə niyyəti ola bilər.
Onun fikrincə, hədəflərdən biri körfəzin şimalında yerləşən və İrana aid Xarq adası ola bilər.
İranın quru ərazisindən 22 mil və ya 35 kilometr uzaqda yerləşən Xarq adası müharibənin davam etdiyi son iki həftə ərzində İran neftini daşıyan tankerlər üçün həyati əhəmiyyətli neft qovşağıdır.
Hazırda ABŞ mediasında göndəriləcək kontingentin həcmi barədə fərqli məlumatlar var.
Lakin göndəriləcək qrupun təxminən ümumilikdə dəniz piyadalarının 5000 şəxsi heyətini daşıyan bir neçə hərbi gəmidən ibarət olduğu deyilir.
ABŞ İran liderləri və hərbi xadimləri üçün 10 milyon dollar mükafat vəd edir
ABŞ İran İnqilabı Keşikçiləri Korpusunun "əsas liderləri" barədə məlumat verənə 10 milyon dollar mükafat verəcəyini deyib.
ABŞ Dövlət Departamenti tərəfindən paylaşılmış fotoda 10 nəfərdən bəhs edilsə də, 6 nəfərin adı çəkilir və fotosu verilir.
Onlar arasında yeni ali dini lideri Müctəba Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının lideri Əli Laricani və digərlərinin adı çəkilib.
ABŞ bildirir ki, onlar SEPAH-ın hərbi qanadının "müxtəlif elementlərinə komandanlıq edir və istiqamətləndirir".
İsrail Müdafiə Qüvvələri (İDF) bildirir ki, hava qüvvələri gecə Tehranda yol maneələrində bir neçə Bəsic əsgərini "vurublar".
Bəsic, hakimiyyətə qarşı etirazları yatırmaq üçün tez-tez istifadə edilən könüllü yarımhərbi qüvvədir.
Onun qüvvələri Tehranda nəzarət məntəqələrində dayanır.
Martın 13-də Tehranda keçirilmiş Qüds Günü tədbirində İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçı, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Polis rəisi Əhmədrza Radan və Məhkəmə rəisi Qulamhüseyn Möhsüni Ecei də iştirak ediblər.
Bir videoda Ecei İranın dövlət televiziyasına müsahibə verərkən yaxınlıqda partlayış baş verir və izdiham partlayışdan sonra Allahu Əkbər (Allah ən böyükdür) şüarı səsləndirirlər.
Başqa bir videoda isə Pezeşkian küçədə gəzir və izdihamla selfi çəkir.
İranın yeni Ali Lideri Müctəba Xamenei martin 12-də mesajında iranlıları "düşmənlə mübarizə aparmaq" üçün bu gün mitinqlərdə iştirak etməyə çağırıb.
Prezident Donald Tramp: Gələn həftə İrana "çox güclü zərbələr endirəcəyik"
Prezident Donald Tramp müharibənin bitdiyini nə vaxt biləcəyi barədə suala cavab olaraq deyib ki, "Hiss etdiyim zaman, yaxşı? Bunu sümüklərimdə hiss edərəm".
ABŞ Prezidentinin Fox News-a müsahibəsi martin 13-də yayımlanıb.
O, İranın yeni Ali dini lideri Müctəba Xamenei haqqında deyib ki, "Düşünürəm ki, o, xəsarət alıb, amma düşünürəm ki, yəqin ki, hansısa formada sağdır".
Hörmüz boğazı haqqında isə o deyib ki, ABŞ "lazım gələrsə", neft tankerlərini boğazdan keçirəcək, amma "ümid edirəm ki, işlər çox yaxşı gedəcək. Görək nə olacaq".
Prezident Tramp növbəti həftə ərzində İrana "çox güclü zərbələr endirəcəyik" deyib. O əlavə edir: "Onlara o qədər güclü zərbələr endirmişik ki, onların yenidən qurulması illər çəkəcək".
Körfəz müttəfiqləri haqqında isə Tramp "birliyin möhtəşəm olduğunu" və onların "özlərini çox yaxşı qoruduqlarını" qeyd edib.
İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, İsrailə Hizbullahla birgə hücum həyata keçirib.
Tasmin xəbər agentliyi xəbər verib ki, hücuma Sepah-ın dəniz və dron birləşmələri tərəfindən olub.
Təl-Əvivdə və işğal olunmuş Qərb sahilində xəbərdarlıq sirenləri işə düşüb.
İsrail bu hücumda ölən və yaralananlar barədə məlumat verməyib.
ABŞ: Müctəba Xamenei "yaralıdır"
ABŞ-ın Müdafiə naziri Pete Hegseth deyir ki, İranın Ali dini lideri Müctəba Xamenei "yaralıdır" və "yəqinki, görünüşü pozulub".
Xameneinin yaralanmasına dair beynəlxalq mediada sübut yoxdur.
Hegseth martın 12-də Xameneinin İran dövlət televiziyasında səsləndirilən mesajına istinad edərək onun görüntüsünün və ya səslərinin olmamasının səbəbini soruşub.
"Düşünürəm ki, səbəbini bilirsiniz", - deyə o əlavə edib.
Müdafiə naziri Müctəbanın "qorxduğunu" və "yaralandığını" deyərək onun "qaçdığını" və "legitimliyinin olmadığını" iddia edib.
Müdafiə naziri onu da deyib ki, ABŞ-ın İrana "ən yüksək həcmdə" zərbələr endirəcəyini bildirib.
O, İranın işlək hava qüvvələrinin, hava hücumundan müdafiə və ya donanmasının olmadığını və raket həcminin 90 faizinin azaldığını bildirib. Daha sonra o, İranın daha çox silah istehsal edə bilməyəcəyini və tezliklə bütün müdafiə şirkətlərinin "məhv ediləcəyini" bildirib.
Hörmüz boğazı ilə bağlı Hegseth İranı "tamamilə çarəsizlikdə" günahlandırıb, lakin ABŞ-ın bununla "məşğul olduğunu" iddia edib.
Müxbirlərdən biri Hegseth-ə sual verib ki, "amma siz gəmiləri Hörmüz boğazından keçirmirsiniz. Niyə bunu planlaşdırmadınız?"
"Biz bunu planlaşdırdıq. Biz bunu qəbul edirik. Çünki nəticə etibarilə biz... ardıcıl olaraq ən məntiqli şəkildə... və dünyaya düzgün siqnallar göndərdiyimizi təmin etmək istəyirik", müdafiə naziri sual verib.
"İran rejiminin çökməkdə olduğuna dair heç bir dəlil yoxdur"
Amerikalılar gözləyirdi ki, müharibənin ilk günü ali lider öldürüldükdən sonra İranda nisbətən sürətli dağılma baş verəcək. Lakin rejimin çökməsinə dair heç bir sübut yoxdur, BBC-dən Jeremy Bowen İranla bağlı son vəziyyəti və ABŞ-ın İranla bağlı bu müharibədən gözləntilərindən fərqli cərəyan edən hadisələri təhlil edir.
Donald Tramp güclü liderliyə inanan fiqurdur. Ola bilsin ki, onun nəzəriyyəsi belə idi: Ayətullah Əli Xamenei öldürüldükdən sonra Venesuelada baş verənlərin oxşarı İranda təkrarlanacaq.
Əgər belədirsə, bu, İran rejiminin necə qurulduğu barədə narahatedici dərəcədə az məlumatının olduğunu göstərir.
İranın amerikalılara və israillilərə qarşı uzun illərdir davam edən müqavimət və nifrət tarixi var.
İsraillilər açıq şəkildə bildiriblər ki, yeni Ali lider Müctəba Xameneini öldürməyə çalışacaqlar.
Əlimizdə onun atasını, anasını, həyat yoldaşını, bir bacısını və bəlkə də oğlunu öldürən hücumda yaralanması - bəlkə də ciddi şəkildə yaralanması barədə fakt yoxdur.
Tehranın onun ətrafında bir şəxsiyyət kultu formalaşdırmağa çalışdığı nəzərə alınarsa, onun vəziyyəti ilə bağlı yeni məlumatlar yaymaq fürsətini istifadə etməmələri təəccüb doğurur.
Bu arada, Körfəz ölkələri arasında amerikalıların onları həll etməli olduqları çox ağır bir vəziyyətlə üz-üzə qoyması ilə bağlı narahatlıqlar artır" - deyə Bowen yazıb.
Tehranın mərkəzində "böyük partlayışlar hiss olunub"
İran dövlət mediası Tehranın mərkəzində böyük partlayışların hiss olunduğunu bildirir.
Minlərlə iranlı fələstinliləri dəstəkləyən Qüds Günü yürüşündə iştirak edir.
Partlayışların bəzilərinin nümayişin keçirildiyi yerdən uzaqda eşidildiyi bildirilir.
BBC Farsca sosial mediada yayılan partlayışların nəticələrini əks etdirən çoxsaylı videoları təsdiqləyib.
İsrail ordusu İranın paytaxtı Tehrana yeni hücumlar təşkil etdiyini açıqlayıb.
İsrail ordusu bildirib ki, "Tehran boyunca İran terrorçu rejiminin infrastrukturunu hədəf alan genişmiqyaslı hücumlar dalğası başla"dıb.
Son bir neçə dəqiqə ərzində şəhərdə və ətrafında partlayışlar baş verib.
Səudiyyə Ərəbistanı öz ərazisi üzərində dronları ələ keçirib
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ərazisi üzərində bir sıra drou məhv etdiyini bildirir.
Müdafiə Nazirliyinin açıqlamasına görə, hava məkanına daxil olan ən azı 28 dron məhv edilib.
İsraildə 50-dən çox adam yaralanıb
İsrailin təcili yardım xidmətlərinin verdiyi məlumata görə, cümə günü səhər saatlarında İsrailin şimalındakı bir kəndə raket atılması nəticəsində onlarla insan yaralanıb.
Magen David Adom təcili yardım xidməti (MDA) bildirib ki, Nazaret yaxınlığındakı Zarzirdə baş verən hücumdan sonra 58 yaralını yerli xəstəxanalara aparıblar.
İranda milyonlarla insan evini tərk edib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı 28 fevraldan bəri İranda 3,2 milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.
Milyonlarla insanın Tehran kimi böyük şəhərlərdən kənd yerlərinə qaçdığı bildirilir.
Onların arasında bir çox əfqan qaçqını var, bəziləri onilliklərdir İranda yaşayır və çox vaxt onsuz da çətin şəraitdədirlər.
ABŞ və İsrail hökumət obyektlərini hədəf aldıqlarını iddia edirlər, lakin bu obyektlər çox vaxt sıx məskunlaşmış ərazilərdə yerləşir.
İraqda yanacaq dolduran ABŞ təyyarəsi qəzaya uğrayıb
ABŞ ordusu iki təyyarənin iştirak etdiyi "insidentdən" sonra İraqda yanacaq dolduran təyyarənin qəzaya uğradığını təsdiqləyib.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İraqın qərbində qəzaya uğrayan yanacaq doldurma təyyarəsindəki altı ABŞ ekipaj üzvündən dördü həlak olub.
Qurum "hadisənin Epik Qəzəb Əməliyyatı zamanı dost hava məkanında baş verdiyini", lakin bunun düşmən və ya dost atəşinin nəticəsi olmadığını bildirib.
Rəsmilər bildiriblər ki, xilasetmə əməliyyatları davam edir.
İraqda dron hücumu zamanı bir fransız əsgər həlak olub
Fransa Prezidenti Emmanuel Makron İraqın Ərbil bölgəsində dron hücumu zamanı bir fransız əsgərinin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını açıqlayıb.
Makron bölgədə İslam Dövlətinə qarşı döyüşən fransız qüvvələrinə edilən hücumları "qəbuledilməz" adlandırıb.
"Onların İraqdakı mövcudluğu terrorizmə qarşı mübarizənin sərt çərçivəsinin bir hissəsidir. İrandakı müharibə bu cür hücumları haqlı çıxara bilməz", - o bildirib.
ABŞ müvəqqəti olaraq ölkələrə Rusiya nefti almağa icazə verir
ABŞ sanksiya tətbiq edilmiş və hazırda dənizdə gəmilərə yüklənmiş nefti almağa icazə verib.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, bu, müharibə zamanı "qlobal enerji bazarlarında sabitliyi təşviq etmək" üçün müvəqqəti tədbirdir.
İcazə aprelin 11-nə qədər davam edəcək.
"Bu dar çərçivədə hazırlanmış, qısamüddətli tədbir yalnız artıq tranzitdə olan neftə aiddir və Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası verməyəcək", - Bessent deyib.
Neft qiymətləri cümə axşamı günü 1 barrel üçün 100 dollardan yuxarı qalxıb və Körfəzdə daha üç yük gəmisinin vurulmasından və İranın yeni ali lideri, dünya neftinin təxminən beşdə birinin keçdiyi, əsas gəmiçilik yolu olan Hörmüz boğazını bağlamağa davam edəcəyi bəyanatından sonra fond bazarları düşüb.
Bessent əlavə edib: "Neft qiymətlərinin müvəqqəti artması qısamüddətli və müvəqqəti bir pozuntudur və uzunmüddətli perspektivdə millətimizə və iqtisadiyyatımıza böyük fayda gətirəcək".
Daha əvvəl Bessent ABŞ hökumətinin "hərbi cəhətdən mümkün olan ən qısa zamanda" Hörmüz boğazından gəmilərin müşayiətinə başlayacağını bildirmişdi.
O, Sky News-a verdiyi açıqlamada hərbi müşayiətə mümkün ehtiyacın "həmişə planda" olduğunu bildirib.
Bunun yaxın günlərdə başlaya biləcəyi ilə bağlı suala cavab olaraq, Bessent "təhlükəsiz keçidi təmin etmək üçün mümkün olan ən qısa zamanda bunu edəcəyik" deyib.
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Telegram paylaşımında bildirib ki, "ABŞ Maliyyə Naziri Skott Bessent təkcə Hindistanın Rusiya neftinin alışına qoyulan məhdudiyyətlərin yumşaldılmasını deyil, həm də tranzitdə olan təxminən 100 milyon barel Rusiya neftinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını elan edib".
Netanyahu iranlılara: "Bu sizin əlinizdədir"
İsrail Baş naziri Benyamin Netanyahu İsrail və ABŞ-ın həm İran rejimini, həm də Livanda yerləşən Hizbullahı "əzdiyini" söyləyib.
İki ölkənin İrana hücumundan bəri ilk mətbuat konfransında Netanyahu yeni Ali Lider Müctəba Xameneinin "üzünü ictimaiyyət qarşısında göstərə bilmədiyini" söyləyərək onu "İnqilab Keşikçilərinin kuklası" adlandırıb.
Xatırladaq ki, Xamenei atasının yerinə keçəndən bəri ictimaiyyət qarşısında görünməyib, ancaq martın 12-də onun adından bəyanat təqdim olunub.
Daha sonra Netanyahu İran xalqına müraciət edərək deyib ki, "yeni bir azadlıq yoluna qədəm qoya biləcəyiniz an yaxınlaşır. Biz sizin yanınızdayıq və sizə kömək edirik, amma günün sonunda bu sizdən asılıdır. Bu sizin əlinizdədir".
O, Donald Trampı "şəxsi dostu" adlandırır və ikisinin "demək olar ki, hər gün danışdıqlarını" və müharibə ilə bağlı qərarları "birlikdə" verdiklərini söyləyib.
Bu arada İran rəsmiləri xəbərdarlıq edib ki, etiraza çıxan hər kəs "düşmənlə əməkdaşlıq etməkdə" günahlandırılacaq.
İsrail ordusu Tehranda "genişmiqyaslı hücum dalğasına" başladığını bildirib
Sosial mediada yeni bir yeniləmədə İsrail ordusu Tehranda "genişmiqyaslı hücum dalğasına" başladığını bildirib.
O bildirib ki, bu, İran paytaxtı boyunca İran rejiminin infrastrukturunu hədəf alır.
Türkiyəyə gələn iranlı: "Onlar yanlış yanaşdılar"
BBC müxbiri Dan Johnson Türkiyənin cənub şərqində yerləşən Vandan xəbər verir:
Tehrandan 26 saatdan çox çəkən səyahətdən sonra qatar Türkiyənin cənub-şərqindəki Van stansiyasına çatır və orada təxminən 300 yorğun iranlı var.
Kanadadakı ailəsini görməyə gedən Hüseyn səyahətin yorucu olduğunu, lakin uçuşlar ləğv edildikdən sonra ölkəni tərk etməyin yeganə yolunun bu olduğunu söyləyir.
"Ümid edirəm ki, müharibə tezliklə başa çatacaq... ölkəm gözəldir və onlar ölkəni dağıdırlar, hansı səbəbdən bilmirəm".
Mühasib olan Hüseyn bombardman rejimin sonuna gətirəcəyini düşünmədiyini söyləyərək əlavə etdi: "Onların yanaşması səhvdir. İran hökuməti ilə danışıqlar aparmaq əvəzinə, onlar İrana hücum edirlər. İnanmıram ki, onlar qalib gələ biləcəklər".
Adı çəkilmək istəməyən başqa bir İran-Kanada vətəndaşı olan Hüseyn bir çox insanın normal həyatlarına davam etdiyini və işə getdiyini söylədi.
O, mülki şəxslərin hədəf alınmadığını əminliklə söyləsə də, "partlayışın bizə yaxın olacağı və hədəfə yaxın olacağımız qorxusu var" dedi.
Gələnlərin çoxu danışmaqdan çox qorxurdular və bizə insanların hətta sərhədin bu tərəfində belə izlənildiyini deyirdilər.
Rejimi tənqid edənlər və ABŞ və İsrailin hərbi əməliyyatlarını dəstəkləyənlər xüsusilə qorxurdular - biri mənə dedi ki, "hər yerdə casuslar var... kimə etibar edə biləcəyimizi bilmirik".
ABŞ-ın Dövlət Departamenti Azərbaycana səyahətlə bağlı tövsiyə səviyyəsini qaldırıb
ABŞ-ın Dövlət Departamenti Azərbaycana səyahətlə bağlı tövsiyə səviyyəsini 3-ə qaldırıb.
Qurum saytında ABŞ vətəndaşlarına bildirir ki, terrorizm, silahlı münaqişə və mina təhlükəsinə görə Azərbaycana səfəri yenidən dəyərləndirsinlər. Bəzi bölgələrdə risk daha yüksəkdir, - deyə Departament xəbərdarlıq edir.
Riskin yüksək olduğu ərazilər üzrə Departament 4-cü səviyyə - "Səfər etmə" tövsiyəsini verib.
Bura silahlı münaqişəyə görə, Azərbaycanın cənub sərhəd bölgəsi, mina təhlükəsinə görə isə Ermənistanla sərhədə və keçmiş Sovet dövrünün Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf əraziləri adi edilib.
Məlumatda deyilir ki, cənub sərhədindən yalnız İrandan çıxış üçün ən yaxşı quru yoldursa, istifadə etmək olar.
Məlumatda deyilir ki, Azərbaycanda terror zorakılığı, o cümlədən terror hücumları və digər fəaliyyətlər riski mövcuddur və turist məkanları, nəqliyyat mərkəzləri (hava limanları), bazarlar və ticarət mərkəzləri, yerli hökumət binaları, otellər, klublar və restoranlar, ibadət yerləri, parklar, böyük idman və mədəni tədbirlər, təhsil müəssisələr, digər ictimai məkanlar hədəf ola bilər.
Dövlət Departamentinin səyahət tövsiyəsi 4 səviyyəni əhatə edir.
Burda verilən izaha görə, 3-cü səviyyə yüksək riski ehtiva edir və "Səyahətini yenidən nəzərdən keçir" deyir.
4-cü səviyyə isə ən yüksək həddir və birmənalı olaraq, "Səyahət etmə" tövsiyəsini verir.
Buna qədər Dövlət Deparamenti Azərbaycana səyahətlə bağlı 2-ci səviyyədə - "Artan ehtiyatlılıqla hərəkət edin" tövsiyəsini vermişdi.
Martın 5-də Naxçıvan dron zərbəsinə məruz qalsa və buna görə səfərbərlik hazırlığı bir nömrəli vəziyyətə gətirilsə də, Azərbaycan planlaşdırılan beynəlxalq tədbirlərini ləğv etməmişdi.
Martin 12-də "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb. Bu forumda Avropadan da rəsmi və keçmiş avropalı rəsmilər də qatılıb.
İran bankçılığı da hədəf alır, - BBC müxbiri yazır
BBC-nin Avropa üzrə müxbiri Nick Beake Dubaydan yazır:
İran Qərb üçün vacib olan sektorlara zərər vurmaq üçün bir çox istiqamətdə, neft, gəmiçilik və bankçılığı hədəf alaraq zərbələr endirir.
Dubay atəş xəttindəki yerlərdən biridir.
Beynəlxalq maliyyə dairəsinin yaxınlığına dron düşüb. Bu, heç kimə zərər verməyib, lakin müharibənin buradakı biznes və bankçılığa necə təsir etdiyinin simvolu olub.
Tehran ABŞ-İsrail hücumlarına cavab olaraq Qərb banklarına zərbə endirəcəyini bildirib.
Citibank Birləşmiş Ərəb Əmirliklərindəki filiallarının əksəriyyətini müvəqqəti olaraq bağladığını və işçilərinin hazırda uzaqdan işlədiyini bildirib.
Bölgədəki digər banklar və müəssisələr artıq oxşar tədbirlər görüblər.
Bu səhərki dron uçuşu zamanı Dubayda heç bir xəbərdarlıq olmayıb - bu, bəzi İran atəşlərinin radardan necə keçə biləcəyinin göstəricisidir.
İranın yeni ali dini lideri Müctəba Xamenei mesaj göndərib
İranın yeni ali dini lideri Müctəba Xamenei İranın qonşu ölkələrlə "dostluq" siyasəti apardığını deyib, amma onlara ABŞ hərbi bazalarını bağlamağı məsləhət görüb və İranın bu bazaları hədəf almağa davam edəcəyini söyləyib.
Müctəba Xameneinin mesajı İran dövlət televiziyasında aparıcı tərəfindən oxunub.
Xamenei deyib ki, "Hörmüz boğazını bağlamaq rıçağından" İran hələ də istifadə etməlidir.
O qeyd edib ki, İran "öldürülən iranlıların qanının qisasını almaqdan" çəkinməyəcək.
Xamenei sözünü, xüsusilə Minabda baş verən hadisə ilə əlaqələndirib.
Burada ABŞ-ın məktəb yaxınlığına hücumu nəticəsində təxminən 110 uşaq da daxil olmaqla, 168 nəfər həlak olub, İran bildirib.
ABŞ hadisəni araşdırsa da, hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Müctəba Xamenei martın 8-də İranın Ali dini lideri seçilib. O vaxtdan bəri dövlət televiziyasında görünməyib.
Dövlət televiziyasında o, "Ramazan müharibəsinin veteranı" adlandırılıb.
Reuters adı çəkilməyən İranlı rəsmiyə istinadən yazıb ki, o, yüngül yaralanıb".
İranda əhaliyə xəbərdarlıq SMS-ləri də göndərilib
Müharibə başlayandan bəri İranda yaşayanlara kütləvi SMS göndərilir.
BBC Farca bu SMS-lərdən bəzilərinin ekran görüntüsünü əldə edib.
Mesajlar müxtəlifdir: bura potensial etirazlara qarşı xəbərdarlıqlar və insanları "düşmən"ə qarşı birləşməyə çağırış məzmunlu SMS-lər daxildir.
Bəziləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) kimi təşkilatlar tərəfindən göndərilib.
İİKK-nın Kəşfiyyat Bölməsi tərəfindən 2 martda imzalanan bir mesajda deyilir ki, "düşmənin küçə iğtişaşları planını nəzərə alsaq... təhlükəsizliyi pozan hər hansı bir hərəkat düşmənlə birbaşa əməkdaşlıq nümunəsi kimi qəbul ediləcək".
Tehran yaxınlığındakı Kərəc şəhərində bir kişi deyir: "Mən dövlət televiziyasına o qədər də tez-tez baxmıram və hər dəfə baxanda eyni şeyləri eşidirəm. Ən pisi odur ki, onlardan SMS almamaq üçün bu nömrələrin bəzilərini bloklaya bilməzsən."
Bu ilin əvvəlində İranda dekabrın sonlarında başlayan və İslam Respublikasının tarixində ölkəboyu ən ölümcül basqılara səbəb olan hökumət əleyhinə etirazlar dalğası müşahidə olunub.
ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (Hrana) həmin dalğa zamanı ən azı 7000 insanın öldürüldüyünü təsdiqlədiyini bildirib.
İran Polis Rəisi Əhmədrza Radan iki gün əvvəl dövlət televiziyasında xəbərdarlıq etmişdi ki, küçələrdə hakimiyyətə qarşı etiraz edə biləcək iranlılar bunu "düşmənin əmri ilə" edirlər və onlarla "düşmən" kimi davranılacaqlar.
Bundan əvvəl İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına birbaşa çağırış etmişdi ki, hakimiyyətə qarşı çıxsınlar.
İsrail ordusu "son günlərdə" baş verən hücumlar zamanı İranın Tehran şəhərindəki "nüvə silahı inkişaf etdirmə kompleksinə" zərbə endirdiyini bildirir.
İsrail İrana "geniş-miqyaslı hücum dalğasına" başladığını bildirib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, hücumlar "rejim infrastrukturunu" hədəfləyir.
Münaqişə başlayandan bəri Yaxın Şərqdə 1100 uşağın yaralandığı və ya öldüyü bildirilir - UNICEF
Birləşmiş Millətlər Təşkilatının Uşaqlar üzrə Agentliyi UNICEF-in məlumatına görə, Yaxın Şərqdəki münaqişə "regiondakı milyonlarla uşaq üçün fəlakətli" hala gəlir.
UNICEF-in açıqlamasında deyilir ki, ABŞ-İsrail hücumları 28 fevralda başlayandan bəri zorakılıqda 1100-dən çox uşağın yaralandığı və ya öldüyü bildirilir.
Bəyanatda əlavə olunur ki, bura İranda öldürüldüyü bildirilən 200 uşaq, Livanda 91, İsraildə dörd və Küveytdə bir uşaq daxildir.
"Uşaqların öldürülməsini və şikəst edilməsini, yaxud uşaqların asılı olduğu vacib xidmətlərin məhv edilməsini və pozulmasını heç nə əsaslandıra bilməz", - deyə qurum bildirib.
Fars körfəzində gəmilərə hücumlar artıb
Dünya bazarlarında bir barel Brent markalı neftin qiyməti yenidən 100 dolları keçib.
Fars körfəzində gəmilərə hücumlar artıb və rəsmi məlumatlara görə, iki xarici tankerdə böyük partlayışlar baş verib. Azı bir nəfərin həlak olduğu bildirilib.
İsrail ordusu gecə ərzində Livanda hücumlarını davam etdirib və Beyrutda 10 Hizbullah strukturuna zərbə endirdiyini açıqlayıb. Ordu bildirib ki, İsrailə gedən İran raketləri də ələ keçirilib.
Səudiyyə Ərəbistanı və Qətər də hava hücumları barədə məlumat veriblər.
Oman və Bəhreyndə hücumlar nəticəsində neft və yanacaq çənlərində yanğınlar olub.
Çərşənbə günü 32 ölkə qiymət artımını önləmək və bazarları sakitləşdirmək məqsədilə 400 milyon barel neft ehtiyatını istifadəyə vermək barədə razılığa gəlib.
BBC müxbiri Barbara Plett Usher Dohadan yazır ki, İranın uzunmüddətli iqtisadi şok yaratmaq niyyətində olduğu aydındır.
İnqilab Keşikçiləri Korpusu həmçinin xəbərdarlıq edib ki, İran bankına edilən hücumdan sonra qərb maliyyə institutları artıq qanuni hədəfə çevrilib.
İsrailin Səhiyyə Nazirliyi bildirib ki, son 24 saatda 179 nəfər yaralanıb. Açıqlamaya görə, ABŞ-İsrailin İrana hücumları nəticəsində 2745 nəfər yaralanıb, onlardan 85 nəfəri xəstəxanaya yerləşdirilib.
İsrail liderləri müharibənin qeyri-müəyyən müddətə davam edə biləcəyini deyirlər
Reuters agentliyinin məlumatına görə, İsrail hərbi sözçüsü bu axşam ölkənin İranla müharibəni "lazım olduğu qədər" davam etdirməyə hazır olduğunu bildirib.
Bu, bir çox İsrail rəsmisindən, o cümlədən günün əvvəlində müdafiə naziri İsrail Katzın dediyi bir fikirdir.
O, müharibənin "heç bir vaxt məhdudiyyəti olmadan davam edəcəyini" bildirib.
Reuters və The Times of Israel-in məlumatına görə, Katz münaqişənin lazım olduğu qədər və birgə İsrail-ABŞ kampaniyasının bütün məqsədlərinə çatana qədər davam edəcəyini bildirib.
Omanda bir neçə yanacaq saxlama tankeri vurulub
Dövlət mediasının məlumatına görə, Omanın Salalah limanındakı bir neçə yanacaq saxlama tankeri dronlar tərəfindən vurulub.
Reuters xəbər agentliyinin məlumatına görə, Britaniya dəniz təhlükəsizliyi şirkəti Ambrey ticarət gəmilərinə heç bir ziyan dəymədiyini bildirir.
Oman Xəbər Agentliyi limana endirilən zərbələrə əlavə olaraq, "çoxsaylı pilotsuz uçuş aparatlarının" tutularaq vurulduğunu bildirir. Agentlik hücumları "zərərli" adlandırsa da, heç bir itki olmadığını bildirir.
O həmçinin bildirib ki, Oman sultanı İran Prezidenti Məsud Pezeşkianla telefonla danışaraq Omanın "neytral mövqeyini" bir daha təsdiqləyib və ərazilərinin hədəfə alınmasını "birmənalı şəkildə pisləyib".
Trump gah İranla müharibə "tezliklə" bitəcək, gah da "işimizi hələ bitirməmişik" deyir
Ağ Ev qarşısında jurnalistlərlə danışan ABŞ Prezidenti Donald Tramp deyib ki: İranla işləri hələ "bitməyib".
"Onlar donanmalarını itiriblər. Hərbi hava qüvvələrini itiriblər. Ümumiyyətlə hava hücumundan müdafiə sistemləri yoxdur. Radarları yoxdur. Liderləri aradan götürülüb. Və biz bundan daha ağırını edə bilərik", - Trump vurğulayıb.
O deyib ki, ABŞ İranı "tarixdə demək olar ki, hər hansı bir ölkədən daha sərt şəkildə vurub", lakin onu da əlavə edib ki, "Hələ işimizi bitirməmişik".
Bundan əvvəl isə Donald Trump Axios-a deyib ki, müharibə "tezliklə" bitəcək.
ABŞ Prezidenti Donald Trump xəbər saytı Axios-a onu da deyib ki, orda "praktiki olaraq hədəf alına biləcək heç nə qalmayıb".
Axios-un məlumatına görə, Trump deyib: "İstədiyim anda bunu bitirə bilərəm".
ABŞ-ın İsraillə birgə İrana qarşı müharibəsi 28 fevralda başlayıb.
İsrailin müdafiə naziri İsrael Katz çərşənbə günü bildirib ki, müharibə "vaxt məhdudiyyəti olmadan davam edəcək".
Katz "Reuters" və "The Times of Israel" istinadən bildirib ki, münaqişə birgə İsrail-ABŞ kampaniyasının bütün hədəfləri reallaşana qədər və lazım olduğu müddətcə davam edəcək.
ABŞ və İsrailin İranla müharibəsində 7 ABŞ əsgəri ölüb, 140 nəfər yaralanıb
Pentaqon çərşənbə axşamı açıqlayıb ki, ABŞ VƏ İsrailin İranla fevralın 28-də başlayan və davam edən müharibəsində indiyədək, təxminən 140 ABŞ hərbçisi yaralanıb.
BBC-NİN ABŞ-dakı tərəfdaşı CBS-NİN məlumatına görə, səkkiz nəfərin vəziyyəti ağırdır. Onların yanıq, beyin zədələnməsi və qəlpə yarası aldıqları bildirilir. Digər xəsarətlərin əksəriyyəti yüngüldür və 108 hərbçi artıq xidmətə qayıdıb.
Beynəlxalq Enerji Agentliyi "təcili neft ehtiyatlarının buraxılışını" təsdiqləyəcək
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, (BEA) Hörmüz boğazının "effektiv bağlanması" nəticəsində itirilən tədarükü kompensasiya etmək üçün 400 milyon barrel neftdən istifadəni təsdiqləyəcək.
O deyir ki, BEA ölkələri "agentliyin tarixində neft ehtiyatlarından böyük həcmdə istifadəyə verilməsinə "yekdilliklə" səs veriblər.
Birol bildirib ki, 32 üzv ölkə yekdilliklə buna razılaşıb.
Birol əlavə edib: "Neft bazarında qarşılaşdığımız çətinliklər görünməmiş miqyasdadır; buna görə də, Beynəlxalq Enerji Agentliyinin (BEA) üzv ölkələrinin görünməmiş səviyyədə təcili kollektiv tədbirlərlə cavab verməsindən çox məmnunam", - deyə o bildirib.
BEA bildirib ki, fövqəladə ehtiyatlar "hər bir üzv ölkənin milli şəraitinə uyğun müddət ərzində" bazara çıxarılacaq.
BEA-nın bəyanatına görə, agentlik 1991, 2005, 2011 və 2022-ci ildə də belə bir qərar verib.
Bəyanatda həmçinin qeyd olunur ki, üzvlər 1,2 milyard barreldən çox fövqəladə ehtiyata və hökumət öhdəlikləri çərçivəsində əlavə 600 milyon barrel sənaye ehtiyatına malikdirlər.
İran: "Bir litr neft belə" Hörmüz boğazından keçməyəcək"
İran Hörmüz boğazından "bir litr də olsun neft"in keçməsinə icazə verməyəcəyini bildirib.
Tehranın Xatəm əl-Ənbiya hərbi komandanlıq qərargahının sözçüsü İranın qarşılıqlı zərbələr siyasətinin "sona çatdığını" bildirib.
Sözçü İbrahim Zülfüqari bildirib ki, Tehranın siyasəti indi "zərbə üstünə zərbə" olacaq.
Zülfüqari əlavə edir ki, Tehran "bir litr belə neftin" Hörmüz boğazından keçərək ABŞ, İsrail və onların tərəfdaşlarına çatmasına icazə verməyəcək.
"Onlara bağlı istənilən gəmi və ya tanker qanuni hədəf olacaq", - o deyib.
Zülfüqari əlavə edir ki, "neft barrelinin 200 dollara çatacağına hazır olun, çünki neftin qiyməti sizin sabitliyi pozduğunuz regional təhlükəsizliyə bağlıdır".
Prezident Erdoğan qlobal iqtisadiyyata risklərlə bağlı xəbərdarlıq edib
Erdoğan Yaxın Şərqdəki müharibənin davam edəcəyi təqdirdə qlobal iqtisadiyyata risklər olması ilə bağlı xəbərdarlıq edib.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, Yaxın Şərqin böyük bir hissəsində gedən müharibə bütün regionu əhatə etməzdən əvvəl dayandırılmalıdır ki, qlobal iqtisadiyyat üçün xərcləri artırmasın.
"Əgər bu mənasız, qanunsuz və nizamsız müharibə davam edərsə, daha çox itki və maddi itki olacaq və qlobal iqtisadiyyata dəyən ziyan daha da artacaq", - deyə Erdoğan əlavə edib və Türkiyənin diplomatik həll yolu tapmaq üçün səylərini davam etdirdiyini bildirib.
AFP qeyd edir ki, bu açıqlama İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonla danışıqları faktiki olaraq rədd etməsindən bir gün sonra verilib və Tehranın "amerikalılarla danışıqlar aparmaqda çox acı təcrübəyə" sahib olduğunu bildirib.
NATO-nun hava hücumundan müdafiə sistemləri ABŞ-İsrail müharibəsi zamanı Türkiyənin hava məkanında iki dəfə ballistik raketləri vurub.
Hörmüz boğazından keçən Tayland yük gəmisinə "hücum olub"
Hörmüz boğazından keçən Tayland yük gəmisinə hücum edildiyi bildirilir.
Tayland Kral Donanmasının açıqlamasına görə, gəmidə 23 ekipaj üzvü olub.
Tayland hakimiyyəti bildirir ki, Oman donanması 20 ekipaj üzvünü xilas edib və qalan üçü "xilas etmə prosesindədir".
Bildirilir ki, gəmiyə bir neçə saat əvvəl, Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə limanından yola düşdükdən sonra hücum edilib.
Hücumun səbəbi hələ də araşdırılır.
BƏƏ: Dubayda dron hücumundan 4 nəfər yaralanıb
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədəki hava hücumundan müdafiə sistemlərinin İrandan gələn raket və dron hücumlarına cavab verdiyini bildirir.
Bu, hakimiyyət orqanlarının bu səhər Dubay Beynəlxalq Hava Limanı yaxınlığında iki İran dronunun düşməsi nəticəsində dörd mülki şəxsin yaralandığını açıqlamasından sonra baş verib.
Yaralananlardan biri Hindistan vətəndaşı "orta" dərəcəli, iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı "yüngül" dərəcəli xəsarətlər alıb.
Rəsmilər hava nəqliyyatının normal rejimdə işlədiyini bildirirlər.
Daha əvvəl hava limanındakı bir sərnişin BBC-yə deyib ki, onlara şüşə pəncərələrdən uzaqlaşmaq və təhlükəsiz yerə çəkilmək tapşırılıb.
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei "sağ-salamatdır", - Məsud Pezeşkianın oğlu deyib
İranın yeni Ali dini lideri Müctəba Xamenei xəsarət alması ilə bağlı yayılmış xəbərlərə baxmayaraq, "sağ-salamatdır", İran Prezidenti Məsud Pezeşkianın oğlu bildirib.
Yusif Pezeşkian Telegram-da yazıb ki, o, ali liderin xəsarət alması ilə bağlı "xəbərləri eşidib".
"Əlaqələri olan bir neçə dostumdan soruşdum, dedilər ki, Allahın lütfü ilə o, sağ-salamatdır və heç bir problem yoxdur", - o bildirib.
Müctəba Xamenei yeni vəzifəyə təyin edildikdən bəri hər hansısa bəyanat verməyib və ictimaiyyət qarşısına çıxmayıb.
İran qonşularına yeni hücumlar edib
İran bildirib ki, özünün yeni əməliyyatlarına başlayıb. Qətər və Səudiyyə Ərəbistanı hücumların qarşısını aldıqlarını, İrandan atılmış raket və dronları vurub yerə saldıqlarını bildiriblər.
Birləşmiş Ərəb Əmirlikləri də raket yağışlarına cavab verdiyini açıqlayıb. Bəhreyn isə sakinlərə xəbərdarlıq edib ki, sığınacaqlarda yerləşsinlər.
İran bildirib ki, onlar buradakı hərbi qurğuları və Küveytdəki ABŞ bazasını hədəf alıblar. Həmin ölkələr isə bu məlumatı təsdiqləməyib.
Britaniyanın dəniz müşahidəsi məlumat verib ki, naməlum mərmi Hörmüz boğazında yük gəmisinə dəyib, nəticədə yanğın başlayıb və heyət onu tərk etməli olub.
Müharibə başlayandan bəri İran körfəz ətrafındakı gəmilərə 10-dan çox hücum etməkdə şübhəli bilnir.
ABŞ narahatdır ki, İran Hörmüz boğazını minalaya bilər və buna görə də, bu əhəmiyyətli su yolunda 16 mina salan qayığa hücum etdiyini bildirib.