İranlılara müharibə haqqında nə deyirlər?

    • Müəllif, Reha Kansara, Soroush Negahdari
    • Vəzifə, BBC
  • Oxuma vaxtı: 5 dəq

İranda 1200-dən çox insanın həyatına son qoyan, və Livana, eləcə də Fars körfəzindəki ərəb dövlətlərinə qədər yayılan müharibənin başlanğıcından bəri, İranın dövlət mediası daxili auditoriya üçün faktlarla uydurmaların qarışdırıldığı bir versiya təqdim edir.

BBC-nin dezinformasiya ilə mübarizə şöbəsi və Monitorinq xidməti müharibənin ilk həftəsinin İran dövlət mediasında necə işıqlandırıldığını araşdırıb və müəyyən edib ki, reportajlar ilk növbədə mülki əhalinin əzablarına, qisas çağırışlarına və cəmiyyətin İslam Respublikasına sadiqliyini gücləndirmək cəhdlərinə yönəlib.

İsrail və ABŞ tərəfindən vurulan hərbi və dövlət obyektlərinə isə az diqqət yetirilib. Biz həmçinin dezinformasiya nümunələri də aşkar etdik.

Xarici mediada Xameneinin ölümü ilə bağlı ilk xəbərlər iranlıların əksəriyyəti üçün əlçatmaz idi.

Fevralın 28-də İsrailin Baş naziri Benyamin Netanyahu, birgə ABŞ-İsrail zərbəsi nəticəsində ali rəhbər Ayətullah Əli Xameneinin öldürüldüyünə işarə edərək, "tiranın artıq olmadığına dair əlamətlərin olduğunu" bildirdi.

Lakin İran dövlət televiziyası susmağa davam edirdi.

Hakimiyyət Xameneinin ölümünü nə təsdiq, nə də təkzib edirdi.

Dövlət telekanallarından biri olan IRTV3-də xəbər aparıcısı izləyicilərə hökumətin son məlumatlarına etibar etməyi təklif etdi və Xameneinin ölümü barədə xəbərləri tezliklə təkzib olunacaq əsassız şayiələr adlandırdı.

Yalnız növbəti gün səhər - ABŞ Prezidenti Donald Trampın bu barədə sosial şəbəkələrdə açıq şəkildə elan etməsindən bir neçə saat sonra, İran dövlət mediası Xameneinin ölümü barədə məlumat yaydı.

Milyonlarla iranlı xaricdəki farsdilli peyk kanallarını izləsə də, müstəqil məlumat əldə etmək çətin ola bilər.

İnternetin kəsilməsi, senzura və kanal sayının məhdudlaşdırılması iğtişaşlar və münaqişələr zamanı iranlıları xarici dünyadan kənarda qoyur.

Hekayələrin təşviqi

Mətbuat azadlığını müdafiə edən beynəlxalq təşkilat "Sərhədsiz Reportyorlar" İranı media azadlığı baxımından dünyanın ən repressiv ölkələrindən biri adlandırır.

1979-cu il inqilabından və İslam Respublikasının qurulmasından sonra ölkədəki bütün kütləvi informasiya vasitələri sərt məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərir.

BBC-nin Farsca xidməti də daxil olmaqla, əksər Qərb və xarici farsdilli xəbər agentliklərinin ölkədən reportaj hazırlamaq hüququ yoxdur.

Rejimin əsas platformaları televiziya və radiodur, lakin dövlət internetdən - xəbər saytlarından və sosial şəbəkələrdən də aktiv şəkildə istifadə edir.

Bura İranda girişi VPN tələb edən İnstaqram, Teleqram və X kimi platformalar da daxildir.

Dövlət media aparatı, xüsusən də internet kəsildiyi zaman ölkə daxilindəki insanlar üçün əsas məlumat mənbəyidir.

"Witness" hüquq-müdafiə təşkilatından Mahsa Alimardani deyir: "Onların təşviq etdikləri bir hekayə var. Bu ondan ibarətdir ki, guya onlar qələbə çalırlar və orduları çox güclüdür".

Bir neçə İran dövlət mediası ABŞ hərbçiləri arasında yüzlərlə ölü və yaralının olduğunu bildirərək düşmən itkilərinin sayını əhəmiyyətli dərəcədə şişirdib.

Martın 3-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan yarı-rəsmi "Tasnim" xəbər agentliyi, müharibənin ilk iki günündə 650 ABŞ əsgərinin həlak olduğunu iddia etdi.

Agentlik SEPAH nümayəndəsinə istinad edirdi. Bu iddia Hindistan, Türkiyə və Nigeriya mediası tərəfindən də tirajlandı.

Həmin vaxt Pentaqon altı amerikalı hərbçinin ölümünü təsdiqləmişdi, martın 13-nə qədər isə daha yeddi nəfərin ölümü rəsmən təsdiq olundu.

Reallığın təhrifi

Yeni texnologiyalar da dövlət təbliğatına kömək edir.

İngilisdilli "Press TV" xəbər kanalı Facebook-da üzərindən tüstü dumanları yüksələn yanan bina videosu paylaşıb.

Təsvirdə "İranın hücumundan sonra Bəhreyndə hündürmərtəbəli binanın üzərindən tüstü yüksəlir" qeyd olunurdu.

Lakin videoya diqqətlə baxdıqda qəribə detallar, məsələn, sanki bir-birinə qarışan iki maşın görmək mümkün idi. Bu, videonun süni intellekt istifadə edilməklə yaradıldığının göstəricisidir.

Həmin paylaşım sonradan silindi.

Britaniyanın ekstremizm və dezinformasiya ilə mübarizə üzrə analitik mərkəzi olan Strateji Dialoq İnstitutunun baş direktoru Brett Şafer deyir:

"Hərbi təbliğatda süni intellekt tərəfindən yaradılmış məzmundan istifadə özlüyündə yeni olmasa da, bu cür saxtakarlıqların iri dövlət mediası - hətta onsuz da həqiqətə sadiqliyi ilə tanınmayanlar tərəfindən tətbiqi heyrətamiz görünür.

İran dövlət mediası tərəfindən saxta xəbərlərin dəfələrlə istifadə edilməsi göstərir ki, bu, təsadüfi bir səhv deyil, onların müharibəni işıqlandırma tərzinin xüsusiyyətidir".

Sosial şəbəkələri bürümüş müharibə haqqında çoxsaylı "Sİ-slop" (süni intellekt tərəfindən yaradılmış aşağı keyfiyyətli məzmun) nümunələrində olduğu kimi, bu videonun kim tərəfindən və harada yaradıldığı bəlli deyil.

BBC dövlət mediası vasitəsilə hadisələrin İran versiyasını təşviq edən digər süni intellekt məzmunu nümunələri də aşkar edib.

Bir çox görüntülər tamamilə qeyri-realdır və diqqət yayındırmaqdan daha çox, tərənnüm etmək məqsədilə hazırlanıb.

Ağ Ev və Tramp da bu məqsədlə yaradılmış süni intellekt təsvirlərini və videolarını mütəmadi olaraq paylaşırlar.

İsrailin Baş naziri Benyamin Netanyahu isə bu yaxınlarda İnstaqramda özünün, Trampın və Uinston Çörçillin bayraqlar və atəş fonunda təntənəli pozalarda təsvir olunduğu süni intellekt şəkli paylaşıb.

Həqiqət qırıntıları

Tehranın həqiqət qırıntıları ilə qarışıq yalan məlumat yaymaq vərdişi həm ölkə daxilində, həm də xaricində rejimin bir çox tənqidçiləri üçün şübhə doğurmağa əsas verir.

Martın 3-də İran dövlət mediası məktəbə endirilən zərbə nəticəsində 160-dan çox uşaq və işçinin həlak olduğunu bildirdi.

Müstəqil ekspertlərin fikrincə, bu, hədəfi yaxınlıqdakı hərbi baza olan ABŞ zərbəsi idi.

Bu məlumatla birlikdə çoxlu sayda yeni qazılmış məzarın havadan çəkilmiş fotosu da dərc edildi.

İran hökumətinin müxalifləri bu kütləvi dəfn görüntüsünün süni intellekt vasitəsilə yaradıldığını iddia etdilər.

Lakin fotoşəkil həqiqi çıxdı. Biz onun geolokasiyasını məktəbdən təxminən 3,7 km aralıda yerləşən qəbiristanlıqda müəyyən etdik. Ağaclar, yolların düzülüşü və yaxınlıqdakı bina peyk görüntülərindəki detallarla üst-üstə düşür.

Dəfn mərasimindən bir gün sonra çəkilmiş peyk görüntülərində də yeni qazılmış məzarlar görünür. Bir gün əvvəl isə həmin ərazi boş torpaq sahəsi idi.

"Witness" təşkilatından Mahsa Alimardani deyir:

"Biz eyni zamanda iki həqiqəti yadda saxlamalıyıq".

Onun sözlərinə görə, İran rejimi zorakılığın səbəbkarı özü olduqda tez-tez sübutları gizlədir, lakin eyni zamanda müharibə zamanı mülki əhali arasındakı qurbanları aktiv şəkildə sənədləşdirir.

Hər nə qədər bu cür sənədləşdirmə təbliğat aləti kimi xidmət edə bilsə də, bu, həmin məlumatın mütləq yalan olduğu anlamına gəlmir.

Alimardani əlavə edir ki, məsələ İran hakimiyyətinin mesajları olduqda "sağlam skeptisizm" qorunmalıdır.