"Bir başını kəssəniz, yenisi çıxar": İranın "çoxlu avtoritarlıq" sistemi gücünü necə qoruyur?

    • Müəllif, Luis Barrucho
    • Vəzifə, BBC
  • Oxuma vaxtı: 7 dəq

1979-cu il İslam inqilabının onları hakimiyyətə gətirməsindən 40 ildən çox vaxt keçdikdən sonra İranın liderləri bu gün ən ciddi sınaqları ilə üz-üzədirlər.

ABŞ və İsrailin birgə hava hücumları nəticəsində Ali dini rəhbər Ayətullah Əli Xamenei və digər yüksək rütbəli hərbi komandirlərin öldüyü, həmçinin mühüm infrastruktur obyektlərinə zərər dəydiyi bildirilir.

Həm ABŞ, həm də İsrail rejim dəyişikliyi istədiklərini bildirərək iranlıları öz hökumətlərini devirməyə çağırıblar.

Lakin ekspertlər deyirlər ki, İran rejimi qəsdən dayanıqlı və asanlıqla devrilməyəcək bir hakimiyyət strukturu qurub.

Bəs bu davamlılığın səbəbi nədir və İranın sistemi Yaxın Şərqin digər ölkələrindən nə ilə fərqlənir?

Əjdahayabənzər sistem

Ekspertlər bildirirlər ki, monarxiyanın devrilməsindən sonra İran İslam Respublikası sarsıntılara tab gətirə biləcək şəkildə qurulmuş siyasi sistemi ardıcıl şəkildə formalaşdırıb.

Bu struktur sərt nəzarət altında olan institutları, ideoloji təlqinləri, birləşmiş elitanı və parçalanmış müxalifəti bir araya gətirir.

Belçikadakı Avropa Geopolitik Institutunda Yaxın Şərq üzrə tədqiqatçı Sébastien Boussois belə deyir: "Bu, əjdahaya bənzər bir quruluşdur: bir başını kəsdiyiniz zaman yeniləri ortaya çıxır".

Əli Xamenei-nin oğlu Müctəba Xamenei, atasının öldürülməsindən iki həftə keçməmiş onun varisi kimi seçildi.

Onun da atasının sərt idarəçilik üslubunu davam etdirəcəyi gözlənilir.

"Çoxlu diktatura"

Ekspertlər bildirirlər ki, liderlərin devrildiyi Tunis, Misir və Suriya kimi ölkələrdən fərqli olaraq, İran ideologiyaya əsaslanan təhlükəsizlik aparatına görə xarici sarsıntılara daha yaxşı tab gətirə bilir.

Tehranda yerləşən Fransız İran Araşdırma İntitutunun keçmiş direktoru Bernard Hourkade deyir ki, İran mərkəzdə tək bir şəxsin olduğu tipik diktatura ilə deyil, "siyasi İslam tərəfdarları ilə güclü İran millətçiliyinin müdafiəçiləri arasında qurulmuş ittifaqa" əsaslanan "çoxlu diktatura" sistemi ilə idarə olunur.

Hakimiyyət dini qurumlar, silahlı qüvvələr və iqtisadiyyatın böyük hissəsi kimi bir çox mərkəz arasında bölüşdürülüb.

Bu isə sistemi tək liderə əsaslanan diktatura ilə müqayisədə devirməyi xeyli çətinləşdirir.

Səlahiyyətli digər orqanlar arasında qanunlara veto qoya və seçki namizədlərini yoxlaya bilən Konstitusiya Keşikçiləri Şurası da var.

Bu vəziyyət hər hansı fraksiyanın dövlətə qarşı ciddi çağırış etmə ehtimalını daha da azaldır.

İran, adətən, avtoritar rejim kimi qiymətləndirilsə də, iranlılara bəzi seçkilərdə, o cümlədən prezident seçkilərində səs vermək kimi simvolik imkan təqdim olunur.

Lakin proses ciddi nəzarət altındadır və namizədlər, o cümlədən İslam Respublikasına sadiqlik kimi müxtəlif meyarlara əsasən Keşikçiləri Şurası tərəfindən yoxlanılır.

İnqilab Keşikçilərinin mərkəzi rolu

Əgər institutlar rejimin skeletini təşkil edirsə, təhlükəsizlik qüvvələri də onun əsas gücü hesab olunur.

Bernard Hourkade-yə görə, adi ordunun yanında fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusu ( IRGC) çox vaxt "rejimin onurğa sütunu" sayılır.

Hərbi rolundan əlavə, geniş kommersiya maraqları və könüllü paramilitar təşkilat olan Bəsic milisləri vasitəsilə böyük təsirə malikdir və siyasi-iqtisadi güc mərkəzinə çevrilib.

Ən vacibi isə budur ki, təhlükəsizlik qüvvələri tez-tez baş verən etirazlara baxmayaraq birliklərini qoruyublar.

Sébastien Boussois bu sədaqəti ideologiya ilə əlaqələndirir: "Şiələr arasında və Hamas və Hezbollah kimi qruplar daxilində gördüyümüz şəhidlik mədəniyyəti demək olar ki, işin təbii bir hissəsi kimi qəbul olunur".

İranın müdafiə nazirinin müavini Reza Talaynik yaxınlarda televiziya müsahibəsində bildirib ki, davamlılığı təmin etmək üçün hər bir İnqilab Keşikçiləri komandanının özündən üç rütbə aşağıda müəyyən edilmiş varisləri var.

Nüvə İranına Qarşı Birləşənlər təşkilatında İnqilab Keşikçiləri üzrə baş tədqiqatçı Kasra Aarabi isə deyir ki, İranın bu mərkəzləşdirilməmiş quruluşu İraq təcrübəsindən dərs alıb: ABŞ rəhbərliyindəki koalisiyanın 2003-cü ildə işğalı zamanı İraq qüvvələri sürətlə dağılmışdı.

Onun fikrincə, əgər rejim salamat qalarsa, "İnqilab Keşikçilərinin rolu daha da vacib olacaq."

Himayə şəbəkələri və elit birliyi

İran iqtisadiyyatının böyük bir hissəsi dövlətlə əlaqəli fondlar – Bonyad adlanan qurumlar tərəfindən idarə olunur.

Bu bonyadlar müxtəlif iqtisadi sahələrdə minlərlə şirkətə sahib olan böyük xeyriyyə təşkilatlarına çevriliblər.

Bu şəbəkələr iş yerlərini və müqavilələri rejimə sadiq seçicilərə verir.

İran İnqilab Keşikçilərinin biznes dünyasındakı nəhəng iqtisadi imperiyası, o cümlədən Hatəm əl-Ənbiya holdinqi – bu "himayə" sistemini daha da gücləndirir.

Ekspertlər bildirirlər ki, Qərb sanksiyaları İranın ümumi iqtisadiyyatına ciddi zərbə vursa da, bu şəbəkələr əsas elitaları qorumağa və onların sistemin davam etməsindəki maraqlarını təmin etməyə kömək edir.

Boussois deyir: "Sistem o qədər möhkəmdir ki, demək olar, heç bir çat görmürük."

İdeologiya və rejimin mirası

Dinin hakimiyyətin qorunmasında da böyük rolu var.

İnqilab dövlətin dünyagörüşünü formalaşdırmağa davam edən geniş dini, siyasi və təhsil institutları şəbəkəsi yaradıb.

Boussois belə deyir: "Bu çox qədim və çox güclü bir strukturdur: ideoloji, bürokratik və inzibati və sistemi güclü edən də budur".

Onun sözlərinə görə, bu ideologiya "real birlik, sədaqət və yeni üzvlərin cəlb olunması mənbəyi" rolunu oynayır.

Parçalanmış müxalifət

Tarix boyu İranda müxalifət parçalanmış vəziyyətdə olub.

Bu qruplara aşağıdakılar daxildir: islahatçılar, monarxiya tərəfdarları, solçu qruplar,

İran Milli Müqavimət Şurası kimi diaspora hərəkatları müxtəlif etnik təşkilatlar.

Böyük Britaniyada yerləşən beyin mərkəzi Avropa Xarici Əlaqələr Şurasının baş siyasət eksperti Ellie Geranmayeh bildirir ki, bu parçalanma uzun illərdir davam edir.

O xatırladır ki, inqilabdan sonra siyasi partiyaların yaradılması ilə bağlı müzakirələr əsasən İran–İraq müharibəsi səbəbindən arxa plana keçmişdi.

İran 1980-ci ildə İraq ilə müharibəyə girmiş və bu müharibə təxminən səkkiz il davam etmişdi.

Ellie Geranmayeh bildirir ki, mülayim qruplar müxtəlif dövrlərdə həm rejim, həm də radikal qruplar tərəfindən "kənarlaşdırılıb, nüfuzdan salınıb və ya həbs edilib".

İllər ərzində rejimə qarşı böyük etiraz hərəkatları baş verib.

Bunlara 2009-cu ildə İran Yaşıl Hərəkatl və Məhsa Əmininin ölümündən sonra 2022-ci ildə başlayan nümayişlər daxildir.

Lakin bu etirazların mərkəzləşdirilmiş rəhbərliyi olmayıb və dövlət tərəfindən sərt şəkildə yatırılıb.

Digər tərəfdən, ötən il başlayıb bu il də davam edən son etiraz dalğası, keçmiş şahın sürgündə yaşayan oğlu Reza Pəhləvinin "qlobal fəaliyyət günü" çağırışından sonra baş verib.

İran həmçinin regionda ən inkişaf etmiş nəzarət sistemlərindən birinə malikdir: tez-tez tətbiq edilən internet kəsintiləri, süni intellekt dəstəkli izləmə sistemləri və xaricdəki fəalları hədəf alan kiber bölmələr.

İctimai rəy ehtiyatlıdır və tədricən dəyişir

Geranmayeh deyir ki, uzun illər ərzində bir çox iranlı ABŞ rəhbərliyindəki müdaxilələrin xüsusilə 2003-cü il Əfqanıstan və İraq müdaxiləsinin nəticələrini gördükdən sonra rejim dəyişikliyi tələb etməkdən çəkinib.

O əlavə edir ki, "ərəb" hadisələrindən sonra regionda baş verənlər bu ehtiyatlılığı daha da gücləndirib.

Lakin onun fikrincə, bu vəziyyət artıq dəyişir. Bir çox iranlı hesab edir ki, dövlət iş yerlərindən tutmuş təmiz suya qədər əsas ehtiyacları təmin edə bilmir, lakin müxalifəti susdurmaq üçün zorakılığı artırır.

Geranmayeh əlavə edir ki, yanvar ayında yeni etiraz dalğasına qarşı həyata keçirilən sərt repressiya ölkə tarixində ən böyük nümayişlərdən bəzilərindən sonra minlərlə insanın öldürülməsi bu dəyişikliyi daha da sürətləndirib.

Hourkade isə bildirir ki, iranlıların rejimə münasibətində nəsillər arasında fərq var.

Onun sözlərinə görə, əsasən yüksək təhsilli, qlobal əlaqələrə malik və sosial mediadan təsirlənən gənc iranlılar rejimi "korrupsiyalaşmış, repressiv və onların arzularından uzaq" hesab edərək rədd edirlər.

"Hər rejimin bir sonu var"

Analitiklər bildirirlər ki, avtoritar rejimlər, adətən, üç şərtin eyni vaxtda baş verməsi ilə dağılmağa meyillidir: Kütləvi səfərbərlik, hakim elita daxilində parçalanma, təhlükəsizlik qüvvələrinin tərəf dəyişməsi.

Ekspertlər deyirlər ki, Iran keçmişdə, adətən, birinci halı – yəni kütləvi etirazları yaşayıb, lakin digər iki şərt demək olar ki, baş verməyib.

Hourkade hesab edir ki, İslam Respublikasının sonu qaçılmazdır, lakin bunun yaxın zamanda baş verəcəyini düşünmür.

"Hər rejim gec-tez sona çatır. Əsas məsələ vaxtdır, yəni onun nə vaxt baş verəcəyidir".

O bildirir ki, Əli Xameneinin ölümü rejim üçün böyük zərbədir:

"Onun kimisi bir daha gəlməyəcək. Onun yerini tutacaq şəxs heç vaxt Xameneinin malik olduğu nüfuz və hakimiyyətə sahib olmayacaq", - Hourkade deyir.

Lakin Boussois hesab edir ki, İslam Respublikasının süqutu hələ də qəti deyil. Onun fikrincə, əgər belə bir hadisə baş versə və xarici hərbi müdaxilə ilə nəticələnərsə, yaşanacaq hadisələr daha da ağır ola bilər.

Məsələn, Donald Tramp daha əvvəl The New York Times qəzetinə müsahibəsində demişdi ki, ABŞ-ın keçmiş Venesuela Prezidenti Nicolás Maduro-nu ələ keçirməsi kimi bir ssenari İran üçün "mükəmməl" ola bilər.

Lakin Boussois bunun əksinin də baş verə biləcəyini deyir: "Tam əksi də mümkündür – Şimali Koreya və ya Kuba kimi ölkələrdə olduğu kimi, sərt nüvə daha da güclənə bilər".