Bel və kürək ağrılarının qarşısını almaq üçün tövsiyələr

Şəklin mənbəyi, Getty İmages
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İnsanların çoxu həyatlarının müəyyən bir dövründə bel və kürək ağrılarından əziyyət çəkir. Adətən, ağrılar bir neçə həftə ərzində keçsə də, təkrarlanan ağrılar böyük bir problemə çevrilə bilir və gündəlik həyatı çətinləşdirir.
İnsan onurğası təkcə döş qəfəsi və çanaq sümüklərinə deyil, eyni zamanda çox sayda vətər, bağ, qığırdaq, əzələ və sinir toxumasına da bağlı olduğundan, bu nahiyələrin hər hansı birindəki problem kürək ağrısına səbəb ola bilir.
Budur, hər yaşdan olan insanın kürək və bel ağrılarının qarşısını almaqda və ya ağrı ilə yaşamaqda faydalı hesab edə biləcəyi məsləhətlər.
Kürəkmi, belmi?
ABŞ-dakı Vaşinqton Universiteti Tibb Fakültəsinin Sağlamlıq Metrikləri və Qiymətləndirilməsi İnstitutunun tədqiqatçıları tərəfindən hazırlanan Qlobal Xəstəlik Yükü (GBD) araşdırmasının son versiyasına görə, xroniki bel və kürək ağrısından əziyyət çəkən insanların sayının 2050-ci ilə qədər daha çox artacağı gözlənilir.
Yəni, o vaxta qədər hər 10 nəfərdən azı biri bu ağrılardan təsirlənəcək.

Qlobal Xəstəlik Yükünə görə, yalnız insult, ürək və ağciyər xəstəlikləri ilə yeni doğulmuş körpələrə təsir edən xəstəliklər qlobal sağlamlıqda daha böyük bir yük yaradır.
Bel ağrısına daha tez-tez rast gəlinsə də, bədənin bu hissəsi daha çox hərəkəti dəstəkləyib daha çox stress altında olduğundan; kürək, boyun və çiyin ağrıları da şiddətli ağrıya yol aça bilir.
Müalicədən əvvəl diaqnoz
Tibbdəki "müalicədən əvvəl diaqnoz" prinsipi kürək və bel ağrıları üçün xüsusilə vacibdir. Çünki bir çox ehtimal olunan səbəbi ola bilər və bu da diaqnoz üçün tək bir testin olmaması mənasına gəlir.
Həkimlər adətən ilk olaraq öd kisəsi, böyrək xəstəlikləri və bəzi xərçəng növləri kimi həyatı təhlükə altına alan ehtimalları istisna etməyə çalışırlar və diaqnoz fiziki müayinə ilə birlikdə xəstənin tibbi keçmişinin yoxlanılması deməkdir.
Oynaqlarda iltihaba yol açaraq qığırdağa zərər verə biləcək xərçəng və ya iltihablanma qan testləri vasitəsilə diaqnoz edilə bilir.
Diaqnozun təsdiqlənməsi üçün oynaq, sümük, disklər, orqanlar və yumşaq toxumaları müayinə edən rentgen, kompüter tomoqrafiyası (CT), ultrasəs, maqnit rezonans tomoqrafiyası (MRI) kimi üsullardan da istifadə oluna bilər.
Bir çox bel və kürək ağrısı yüngül bir ağrı və tutulma şəklində hiss edilir. Lakin əzələ və ya bağ yırtılmaları kəskin bir ağrıya yol aça bilir.

Şəklin mənbəyi, Getty İmages
Ağrının çanaq və ayaqlara yayılması və bu nahiyələrdə iynə batması hissi və ya uyuşma, bir növ sinir zədələnməsinə də işarə edə bilir.
Əzələlərdəki elektrik fəaliyyətinin analizi olan elektrodiaqnostika da əzələ və sinir xəstəlikləri arasında fərqi müəyyən edə bilir.
Bu diaqnoz yanaşması həm uşaqlar, həm də böyüklər üçün keçərlidir.
Hindistan, İngiltərə və hazırda Almaniyada uşaq həkimi olaraq çalışan onurğa cərrahiyyəsi mütəxəssisi Dr. Arina D'souza (Areena D'souza) BBC Dünya Xidmətinə, ata və analar uşaqlarını onun yanına gətirdikdə nələri araşdırdığını danışdı.
- "Uşaqlar daim ətrafda hoplanıb-tullanırlar. Mən bu sualların cavablarını tapmalıyam:
- Bu fəaliyyətlər zamanı zədələnməmi oldu?
- Əzələ və skelet quruluşunda hər hansı gizli pozğunluq varmı?
- Ata və analar da bel ağrısından əziyyət çəkirlərmi?
- Balanslı qidalanırlarmı?"
Dr. Souza həmçinin əlavə edir: "Ayaqlarda və dizlərdə böyümə ilə bağlı ağrılar olur, lakin zaman-zaman kürək və beldə də ola bilir. Çünki uşağın onurğası digər sümüklərdən daha sürətli uzana bilir".
Sağlam psixologiya, sağlam bədən
Mütəxəssislər vurğulayırlar ki, bəzi xəstələrin bel və kürək ağrısının geri qayıdacağı qayğısı ilə tərəddüdlü davranması səbəbindən sağalma prosesi də dayana bilər.
İngiltərədəki "Down2U" fizioterapiya klinikasının direktoru Adam Siu deyir:
Yenidən ağrı ola biləcəyi qayğısı, hər hansı bir onurğa və ya əzələ problemi olmasa belə, bel və kürəyin təhlükəsiz şəkildə istifadəsinə təsir edir. Qorxu xəstələri daha az aktiv hala gətirir. Hətta bəziləri zövq aldıqları fəaliyyətlərdən imtina edirlər".

Şəklin mənbəyi, Adam Siu
Avstraliyadakı Makkuari Universitetinin fizioterapiya professoru Mart Hankokda deyir: "Bəzi xəstələr bel və kürəklərinə zərər verməkdən o qədər qorxurlar ki, sosial həyatdan uzaqlaşırlar".
"Bütün bunları bir araya gətirdikdə - sosial stress, ağrı qayğısı və bir az narahat bel və ya kürəklə birlikdə qəfildən böyük bir problemə çevrilir", - o əlavə edir.
Və bütün bunlar da daha bütöv bir yanaşmanı zəruri edib.
Prof. Hankok deyir:
"CFT (koqnitiv funksional terapiya) xəstələrin ağrıya yol açan səbəbləri öyrənmək üçün terapevtləri ilə danışmalarını təmin edir. Sonra isə sevdikləri fəaliyyətlərə geri dönə bilmələri üçün mərhələli bir plan hazırlana bilir. Ehtiyac olduqda isə terapevtlər həyat tərzində dəyişiklik edə bilmələri üçün xəstələrlə birlikdə çalışırlar".
Hərəkətə davam edin
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ağrının geri qayıtması qorxusu ilə bəzi xəstələr istirahətin onların sağalmasına kömək edəcəyinə ümid edirlər.
Lakin Britaniya Onurğa Cərrahları Assosiasiyasına (BASS) görə, aktiv qalmaq ağrının qarşısını almaqda çox vacibdir və son 10 ildə aparılan tədqiqatların çoxu göstərir ki, istirahət sağalma müddətini uzadır.
Siu deyir: "Onurğa fəqərə adlanan fərdi sümüklərdən ibarətdir və onlar təbii olaraq müxtəlif hissələrdə əyridirlər. Bu əyrilər onurğanın bədənin çəkisini və hərəkətlərini dəstəkləməsinə kömək edir.
Üst 24 fəqərə elastikdir və hər biri onurğanın arxasındakı digərinə faset oynaqları ilə birləşir. Hər fəqərə arasında bir disk yerləşir. Bu təbii quruluşu və diskin zərbəni udma funksiyasını zəiflətməmək üçün uzun müddət bir vəziyyətdə qalmamaq çox vacibdir."
Lakin müasir həyat tez-tez hərəkətsizliklə müşayiət olunur.
Ofislərdə işləyənlər ekranlardan uzaqlaşıb qısa müddət hərəkət edə bilsələr də, bu, bir çox peşədə mümkün deyil.
Siu deyir: "Əgər yük maşını sürücüsüsünüzsə, tıxacda ilişib qaldığınız zaman bəzi dartınma hərəkətləri etməyə çalışın. Əgər ağırlıq qaldırma ilə məşğul olan tikinti işçisisinizsə, xəsarət almamaq üçün qaydalara əməl edin və məşqlər üçün fizioterapevtlərlə məsləhətləşin", - o deyir.

Şəklin mənbəyi, Getty Images
Hamilələr üçün tövsiyələr
Hamiləlik hətta ilk dövrlərində belə kürək və bel ağrılarına yol aça bilir.
Hamilə qaldıqdan dərhal sonra relaksin hormonunun istehsalı artır.
Bu hormon doğuşa hazırlıq olaraq çanaq sümüyündəki bağları boşaldır və uşaqlıq boynunu yumşaldır, lakin eyni zamanda onurğadakı bağ toxumalarını və oynaqları da boşaldaraq beldə narahatlığa səbəb ola bilir.
Döl böyüdükcə, ana namizədləri qamət, çəki paylanması və stressdə mühüm dəyişikliklər yaşayır.
- Bu ağrıları yüngülləşdirmək üçün aşağıdakıları etmək olar:
- Dönmə hərəkətlərində onurğanızı bükməmək üçün ayaqlarınızı hərəkət etdirməyə çalışın.
- Hamiləlik dəstək yastıqları və yaxşı bir döşək kifayət qədər dincəlməyinizə kömək edə bilər.
Nə vaxt ağrıkəsici qəbul etməli?
Siu deyir: "Başlanğıc mərhələsində hərəkət etməyinizə kömək etmək üçün reseptsiz satılan standart iltihabəleyhinə dərmanları qəbul etmək problem deyil".
"Ancaq bunları bir neçə həftə və ya daha uzun müddət qəbul edirsinizsə və davamlı ağrıya səbəb olan səbəbi araşdırmırsınızsa, etdiyiniz tək şey problemi pərdələməkdir. Təəssüf ki, illərdir dərman istifadə edən xəstələr görürəm".
Bəziləri ağrını kəsməyin bel ağrısına səbəb olan problemi daha da pisləşdirə biləcəyinə inanır. Lakin BASS bununla razılaşmır və deyir: "Bu qətiyyən doğru deyil".
"Bədənin çox güclü qoruyucu refleksləri var və sadə ağrıkəsicilər bunları aradan qaldırmaz".



























