İlham Əliyev Naxçıvana dron zərbəsi ilə bağlı: "İran üzr istəməlidir"

Naxçıvan beynəlxalq hava limanı

Şəklin mənbəyi, Azərtac

Oxuma vaxtı: 9 dəq

Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinin əməkdaşları təxliyə olunub, yerli media yazır.

Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu təxliyə olunacağı martın 6-da bəlli olub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bunu Naxçıvana bir neçə dron düşməsindən və Azərbaycanın bunda İranı günahlandırmasından sonra deyib.

Rəsmi Tehran bunu təkzib edib.

Təbrizdəki Azərbaycan Baş Konsulluğunun təxliyəsi "başa çatıb"

Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin əməkdaşları Astaradan ölkə ərazisinə daxil olublar, Azərtac bu barədə xəbər yayıb.

Azərbaycanın Tehrandakı səfirliyinin heyətinin böyük hissəsi təxliyə olunduğu bildirilib, APA Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadəyə istinadən yazıb.

Başqa məlumatlarda səfirliyin 9 əməkdaşının təxliyə olunduğu qeyd edilib.

Təbriz şəhərindəki Azərbaycan Baş Konsulluğunun heyətinin təxliyəsi isə başa çatıb, bunu da Ayxan Hacızadəyə açıqlayıb.

Ceyhun Bayramov: "Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu təxliyə olunacaq"

İrandakı Azərbaycan səfirliyinin binası

Şəklin mənbəyi, Azərbaycan Nazirlər Kabineti

Şəklin alt yazısı, Ceyhun Bayramov martın 6-da deyib ki, Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu təxliyə olunacaq.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, əlavə təhlükəsizlik tədbirləri çərçivəsində Tehrandakı Azərbaycan səfirliyi və Təbrizdəki baş konsulluğun evakuasiyası barədə göstəriş verilib, "çünki Azərbaycan vətəndaşlarının təhlükəsizliyi diqqət mərkəzindədir".

O bunu moldovalı həmkarı Mixay Popşoi ilə birgə Bakıda keçirdiyi brifinqdə söyləyib.

İrandakı səfir Əli Əlizadə: "Son üç ildə artıq ikinci təxliyə"

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tehrandakı səfirlik və Təbrizdəki Baş Konsulluğun təxliyə olunmasıyla bağlı X-da paylaşım edib.

Səfir bunun son üç ildə ikinci təxliyə olduğunu yazıb.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X, 1

2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı Səfirliyinə hücum olmuş, diplomatik missiyasının bir üzvü həlak olmuş, ikisi yaralanmışdı.

Bu hadisədən sonra Azərbaycan hücumu "terror aktı" kimi qiymətləndirmiş və səfirliyini İrandan təxliyə etmişdi. Təbirz konsulluğu isə fəaliyyətinə davam etmişdi.

Hadisədən sonra uzun müddət Azərbaycanla İran arasında gərginlik yaşanmışdı.

Səfirlik Tehranda öz fəaliyyətini 2024-cü ilin iyulunda yeni binada bərpa etmişdi.

Azərbaycan İrandan "üzr və izahat" tələb edib

Əliyev

Şəklin mənbəyi, Azərtac

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda mülki obyektlərə zərər yetirən dron zərbələrinə görə İranın üzr istəməsini, izahat verməsini və bunu törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Martın 5-də Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Nəticədə dörd nəfər xəsarət alıb.

İranın Azərbaycandakı Səfirliyi Naxçıvana "İran ərazisindən hücum edilməsi barədə iddiaları tamamilə əsassız" adlandırıb.

İranın Silahlı Qüvvələri isə bu "təxribatçı" hərəkətə görə İsraili ittiham edib.

Ararat Mirzoyan və Ceyhun Bayramov telefonla danışıblar

Ararat Mirzoyan və Ceyhun Bayramov

Şəklin mənbəyi, 1lurer.am

Azərbaycan və Ermənistan xarici işlər nazirləri martın 5-də telefon söhbətində regiondakı son hadisələrdən danışıblar.

Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, Azərbaycan mediası yazıb.

"Tərəflər narahatlıqlarını ifadə ediblər və gərginliyin daha da artmasına yönəlmiş hərəkətlərdən çəkinməyin vacibliyini qeyd ediblər, sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar", Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri məlumat yayıblar.

Azərbaycan XİN nazir Ceyhun Bayramovun erməni həmkarını Naxçıvana qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırdığını açıqlayıb.

Onlar həmçinin "Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini" qeyd ediblər.

Naxçıvanda dron zərbəsi: Azərbaycan və İran nazirləri danışıblar

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin Naxçıvana dron atmadığını bildirib. O bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışanda deyib, İranın Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirib.

Abbas Əraqçı onu da əlavə edib ki, bu hadisə ilə bağlı artıq araşdırma başlayıb.

Nazirlər martın 5-də Naxçıvanda Azərbaycanın İrana məxsus bir dronu vurmasını, bir məktəbin yaxınlığına dron düşməsini və hava limanına dron zərbəsi dəyməsini açıqlayandan sonra əlaqə saxlayıblar.

Prezident İlham Əliyev hadisəni İran tərəfindən Azərbaycana qarşı, "terror hücumu" kimi qiymətləndirib. Azərbaycan mediası dron hücumları nəticəsində 4 nəfərin yaralandığını yazıb.

Ceyhun Bayramov hadisəni pisləyib və deyib ki, bu hücumlar gərginliyin artmasına xidmət edir.

O deyib ki, hadisəylə bağlı araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini gözləyirlər, Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb.

Ceyhun Bayramov Tehrandan bu hadisə ilə bağlı üzr istənilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini də istəyib.

Azərbaycan mediası dron hücumları nəticəsində 4 nəfərin yaralandığını yazıb.

İran xarici işlər naziri Azərbaycan vətəndaşlarının xəsarət alması ilə bağlı təəssüfünü bildirib və onlara can sağlığı arzulayıb, İran Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Azərbaycan İranla hava məkanını bağlayıb, yük daşınmalarını dayandırıb

Azərbaycan İranla sərhəd yaxınlığında hava məkanının bir hissəsini 12 saatlıq bağlayıb, Reuters xəbər agentliyi yazıb.

Bu qərar Naxçıvanın dronlarla vurulmasından sonra verilib.

Azərbaycan İranla dövlət sərhədindən yük avtomobillərinin hərəkətini də naməlum vaxta qədər dayandırıb.

Nazirlər Kabinetinin yük avtomobillərinin hərəkətini dayandırması qərarı İrandan atılan Azərbaycanın mülki strukturlarını hədəf alan dron atəşindən sonra gəlib.

Əliyev: "Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin"

İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, İlham Əliyev martın 5-də Təhlükəsizlik Şurasının iclasını keçirib

Prezident İlham Əliyev martın 5-də keçirdiyi Təhlükəsizlik Şurasının iclasında dron zərbələrini "İranın Azərbaycana terror aktı" və "namərd atəş" kimi qiymətləndirib.

İlham Əliyev deyib ki, Azərbaycana qarşı törədilmiş "bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacaqlar".

"Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin", - İlham Əliyev deyib.

İlham Əliyev deyib ki, onlar dəfələrlə İran tərəfinə bildiriblər ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq.

"Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək."

Prezidentin sözlərinə görə, o, İranda son hadisələrdən sonra başsağlığı verib, İran səfirliyinə gedib öz mövqeyini bildirib: "Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir".

O əlavə edib ki, səhər İranın xarici işlər nazirinin müavini Bakıya zəng edərək İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycandan kömək istəyib:

"Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək".

İlham Əliyev açıqlayıb ki, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdır.

Azərbaycan və Türkiyə nazirləri telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyinin saytında yayılmış məlumatda deyilir ki, telefon danışığı zamanı, "İrandan dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb".

Nazirlər həm də Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı barədə danışıblar.

İran Naxçıvana dron göndərməsini təkzib edib

İranın Bakıdakı Səfirliyi Naxçıvana "İran ərazisindən hücum edilməsi barədə iddiaları tamamilə əsassız" adlandırıb. İranın Silahlı Qüvvələri isə bu "təxribatçı" hərəkətə görə İsraili ittiham edib.

"Qonşu ölkələrlə, xüsusilə Azərbaycan Respublikası ilə dostluq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi İran İslam Respublikasının prinsipial siyasətidir", İranın Bakıdakı Səfirliyi öz Telegram kanalında bildirib.

Səfirlik qeyd edib ki, ABŞ-İsrail hücumlarından sonra İran onların hərbi bazalarına qarşı "müəyyən tədbirlər həyata keçirmişdir. Bu addımlar heç bir halda dost və qonşu ölkələrə qarşı yönəlməyib".

"Sionist rejimin qonşular arasında gərginlik yaratmaq məqsədilə həyata keçirdiyi "aldatma əməliyyatları" və son günlərdə şahidi olduğumuz qondarma "yalançı bayraq" (false flag) təxribatlarını nəzərə alaraq, Naxçıvan hadisəsinin ciddi şəkildə araşdırılması zəruridir", İranın Bakıdakı Səfirliyi açıqlamasında bildirib.

BBC Farsdakı həmkarlarımız bildirirlər ki, İran silahlı qüvvələrinin baş qərargahı Azərbaycana dron buraxılmasını təkzib edib.

İranın Azərbaycandakı Səfirliyinin Telegram kanalında İran Silahlı Qüvvələrinin adından yayılmış bəyanatda, onların təbirincə, "təxribatçı" dron zərbəsinə görə İsrail ittiham edilir və deyilir ki, "aparılmış araşdırmalara əsasən, İran İslam Respublikasını ittiham etmək məqsədilə həyata keçirilən bu qəsdin arxasında məhz həmin rejimin dayandığı müəyyən edilib".

İran xarici işlər nazirinin müavini Kazem Ğaribabadi Azərbaycanın AnyusZ televiziyasına müsahibəsində hadisənin araşdırılacağını bildirib.

Bununla belə, o əlavə edib ki, "İran qonşu ölkələri hədəf almır. Yalnız bir istisna var ki, əgər o ölkələrin ərazisində Birləşmiş Ştatlara məxsus bazalar varsa və oradan İrana hücumlar edilirsə, o, İran ordusunun hədəfinə çevrilir"

Azərbaycanda ABŞ hərbi bazaları yoxdur və rəsmi Bakı həm indi, həm də 12 günlük İsrail-İran müharibəsi zamanı bəyan etmişdi ki, öz ərazisindən İrana qarşı hər hansı hucuma imkan verməyəcək.

Azərbaycan Müdafiə Nazirliyi dronlardan birinin vurulduğunu deyir

İrandan Naxçıvana dron hücumu olub, Azərbaycan bildirir

Şəklin mənbəyi, Sosial media

"İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz", Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Nazirlik bildirib ki, "texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb".

Martın 5-də Naxçıvanda nə baş verib?

Martın 5-də Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Nəticədə dörd nəfər - 1 qadın, 3 kişi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanadan yerli mediaya bildirilib ki, onların vəziyyətləri stabildir.

Onlardan üçü Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar, biri isə sərnişindir.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür və "zəruri cavab tədbirləri hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq".

Azərbaycan Xarici İşlər Nazirliyi də bundan əvvəl yaydığı bəyanatda buna "kəskin etiraz" etdiyini və "müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını" bildirib.

Naxçıvana məktəb yaxınlığında düşmüş dronun qalıqları

Şəklin mənbəyi, Azertac

Şəklin alt yazısı, Azərbaycan mediasında Babək rayon Şəkərabad kənd tam orta məktəbi yaxınlığında dron qalıqlarına dair fotolar paylaşılıb

Azərbaycan Baş Prokurorluğu bildirib ki, "Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb".

Qurumun mətbuat xidməti məlumat yayıb ki, dronların sayı iki olub və onlar uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilib.

Hadisə nəticəsində hava limanının inzibati binasına zərər dəyib, eləcə də, Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirən mülki təyyarə Bakıya geri qayıtmağa məcbur olub, Azərbaycan Baş Prokurorluğu açıqlayıb.

İran xarici işlər nazirinin müavini: "Hadisə araşdırılacaq"

regional xəritə

İran xarici işlər nazirinin müavini Kazem Ğaribabadi Azərbaycanın AnyusZ televiziyasına müsahibəsində hadisənin araşdırılacağını bildirib.

Bununla belə, o əlavə edib: "İran qonşu ölkələri hədəf almır. Yalnız bir istisna var ki, əgər o ölkələrin ərazisində Amerika Birləşmiş Ştatlara məxsus bazalar varsa və oradan İrana hücumlar edilirsə, o, İran ordusunun hədəfinə çevrilir".

Azərbaycanda ABŞ hərbi bazaları yoxdur və rəsmi Bakı həm indi, həm də 12 günlük İsrail-İran müharibəsi zamanı bəyan etmişdi ki, hər hansı bir ölkənin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi mümkün deyil

Dronlar hava limaı və məktəb binası yaxınlığına düşüb- Azərbaycan XİN

Naxcivan dron

Şəklin mənbəyi, Ictimai TV

"1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb", XİN-in bəyanatında deyilir.

Hava limanının binasına zərər dəydiyi də qeyd edilir.

Azərbaycan Naxçıvana "dron hücumunu qətiyyətlə pislədiyini" bəyan edib.

Nazirlik İranın Bakıdakı Səfiri Müctəba Dərmiçilunun Xarici İşlər Nazirliyinə çağırılaraq, etiraz notası təqdim ediləcəyini bildirib.

Rəsmi Tehran hadisəylə bağlı hələ ki, açıqlama verməyib.

Sosial mediada yayılan video görüntülərdə Naxçıvan hava limanının yaxınlığında partlayış olduğu görünür.

Video görüntülərdə əraziyə yanğınsöndürənlərin gəldiyi görünür.

ABŞ-İsrailin İranla müharibəsi 6-cı gündür ki, davam edir.

Naxçıvan hava limanına və uçuş-eniş zolağına zərər dəyib - media

Naxcivan

Şəklin mənbəyi, sosial media

Hadisə nəticəsində Naxçıvan hava limanının terminal binasına "ciddi zərər dəyib, dağıntılar qeydə alınıb", yerli media yazır.

Uçuş-eniş zolağına da zərər dəyib, APA-nın Naxçıvan müxbiri xəbər verib.

Müxbir deyib ki, "dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşüb, bir neçə yerdə asfalt örtüyü zədələyib".

Britaniya səfiri: "...qəbuledilməzdir"

Böyük Britaniyanın Azərbaycankı səfiri Fergus Auld bildirib ki, "iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir".

O, X hesabında yazıb ki, Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir.

"Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik", - səfir bildirib.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X, 2

Hadisəni Qətər, Səudiyyə Ərəbistanı və başqa ölkələr də pisləyiblər.