“Niyə Qarabağa Artsax deyirsiniz?” – Alen Simonyan

“Niyə Qarabağa Artsax deyirsiniz?” – Alen Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistləri, onun sözlərinə görə, Azərbaycana məxsus Qarabağı "Artsax" adlandırdıqlarına görə danlayıb:

"Mənə maraqlıdır. Bəs niyə Artsax deyirsiniz?

Onda niyə inciyirsiniz ki, kimsə Ermənistan Respublikasının bəzi ərazilərinə Azərbaycan adları verir - məsələn, Sevanı başqa cür adlandırırlar?

Ona görə ki, siz hamınız siyasiləşmisiniz və hamınız iddialı tələblər irəli sürməyə davam edirsiniz.

Bəli, mən də sizin kimi düşünürdüm. Səhv edirdim.

Belə olan halda, xahiş edirəm ki, hansısa bir ölkədə kimsə Yerevana Erivan deyəndə və Sevanı başqa cür adlandıranda, özünüzü pis hiss etməyin".

Jurnalistlərin: "Sevan" Ermənistanındır replikasına cavab olaraq, Alen Simonyan: "Qarabağ da Azərbaycanındır", - deyib.

"Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır və yoxdur", - Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın siyasi məkanında iki gündəm var: sülh və müharibə. Hakim Vətəndaş Müqaviləsi başqa ölkələrə qarşı iddiaları olmayan sülh partiyasıdır.