Pezeşkian Erdoğanı türk dilində təriflədi: “Təqdirəlayiqdir”

Pezeşkian Erdoğanı türk dilində təriflədi: “Təqdirəlayiqdir”

Prezident Məsud Pezeşkian İrana hücum etdiyi üçün İsraili qınayan türkiyəli həmkarı Recep Tayyip Erdoğanı təqdir edib.

O, Erdoğanla bağlı fikrini özünün rəsmi X sosial media hesabında türk dilində paylaşıb.

Pezeşkian martın 25-də X hesabında yazıb ki, sitat – "Türkiyə Prezidenti, əziz qardaşım Cənab Recep Tayyip Erdoğanın işğalçı Sionist rejimi qınama məsələsində qərarlı mövqe sərgiləməsi təqdirəlayiqdir. Qardaş, türk milləti uzun illərdir İslam ümmətinin mübarizəsində önəmli rolu öz üzərinə götürüb. Bu şərəfli yolu, ilahi lüftlə birlikdə davam edəcəyik", - sitatın sonu.

Bir neçə gün əvvəl isə Pezeşkian islam ölkələrinə səslənərək, onları Amerika Birləşmiş Ştatları və İsrailin etdiklərinə biganə qalmamağa çağırıb, İran mediası yazıb.

Press TV-nin yaydığı məlumata görə, Pezeşkian Novruz bayramını qeyd edən ölkələrin liderlərinə göndərdiyi təbrik mesajında bildirib ki, İran xalqı hazırda Birləşmiş Ştatlar və İsrailin onun təbirincə "qanunsuz və ədalətsiz" hücumları ilə üzləşib.

Pezeşkian ölkəsində dinc sakinlərin və uşaqların öldürülməsi, xəstəxanaların, mədəniyyət mərkəzlərinin və tarixi abidələrin bombalanması da daxil olmaqla açıq cinayətlərin törədildiyini diqqətə çatdırıb, Fars xəbər agentliyi qeyd edib.

Yerli media Prezident Pezeşkiana istinadla yazıb ki, sitat – "buna baxmayaraq, İran qədim torpağını, suverenliyini və müstəqilliyini cəsarətlə müdafiə edir. Belə bir şəraitdə, dost, qardaş və müsəlman hökumətlərdən gözləyirik ki, bu tarixi ədalətsizliyə və qanunsuzluğa biganə qalmasınlar".

Lakin Pezeşkianın rəsmi sosial media hesablarında və prezident ofisinin rəsmi saytında bununla bağlı məlumat paylaşılmayıb.

İran mediasında Pezeşkianın təbrik məktubunun konkret hansı ölkə liderlərinə ünvanlandığı qeyd olunmayıb.

Yerli media bu məlumatı martın 23-ü axşam saatlarında yayımlayıb.