BBC redaktoru Steve Rosenberg: "Rusiya İran müharibəsindən diplomatik və iqtisadi qazanc əldə etməyə çalışır"

Prezident Putin və Prezident Tramp üz-üzə gəlib əl sıxırlar. Görünür, söhbətin ortasındadırlar.

Şəklin mənbəyi, Reuters/File photo

    • Müəllif, Steve Rosenberg
    • Vəzifə, BBC
  • Oxuma vaxtı: 3 dəq

Bu, artıq bir həftə ərzində iki dəfə baş verib.

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.

ABŞ və İsrail İrana qarşı zərbələrini davam etdirdiyi bir vaxtda, Rusiya Prezidenti Vladimir Putin özünü beynəlxalq sülh vasitəçisi kimi göstərməyə çalışır.

Lakin bunu qəbul etdirmək asan deyil.

Axı 2022-ci ildə müstəqil və suveren bir ölkəyə qarşı Rusiyanın genişmiqyaslı işğalını məhz Kremlin lideri əmr etmişdi.

Həmin vaxt BMT Baş Assambleyası Ukraynanın işğalını BMT Nizamnaməsinin pozulması kimi qınamışdı.

İndi isə Kreml "İran münaqişəsinin sürətli şəkildə gərginliyinin azaldılması və siyasi həlli"nə çağırsa da, Rusiya Ukraynaya qarşı tükətmə müharibəsini davam etdirir.

Moskvanın İranla "Hərtərəfli Strateji Tərəfdaşlıq" sazişi var. Yalnız bu həftə Putin Kremlin Tehrana "sarsılmaz dəstəyini" bir daha təsdiqlədi.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Lakin onların strateji tərəfdaşlığı qarşılıqlı müdafiə müqaviləsindən xeyli uzaqdır.

Bunun əvəzinə, Moskva münaqişədə vasitəçilik etməyi təklif edib.

Bazar ertəsi ABŞ Prezidenti Donald Trump ilə telefon danışığında, Kremlə görə, Vladimir Putin "İran münaqişəsinin sürətli diplomatik həllinə yönəlmiş bir sıra fikirlərini ifadə edib. Bu fikirlər, digər məsələlərlə yanaşı, Körfəz ölkələrinin liderləri, İran Prezidenti və digər ölkələrin rəhbərləri ilə əlaqələrə əsaslanır".

Rusiya üçün bu, Körfəz regionunda və Yaxın Şərqdə nüfuzunu artırmaq, həm də özünü təsir gücünə malik bir dövlət kimi təqdim etmək şansıdır.

Bu, eyni zamanda Vaşinqtonla münasibətləri daha da dərinləşdirmək üçün də bir fürsətdir.

Kreml Tramp ilə yaxşı işgüzar münasibətləri qorumaqda maraqlıdır. O, Tramp administrasiyası ilə əlaqələri Ukraynadakı müharibə məqsədləri baxımından Moskva üçün faydalı hesab edir.

Məhz buna görə də Putin İran müharibəsi ilə bağlı Trampı şəxsi və açıq şəkildə tənqid etməkdən ehtiyatlı davranıb.

Putinlə telefon danışığından sonra Tramp bazar ertəsi belə deyib:

"[Putin] kömək etmək istəyir.

"Mən isə dedim: "Sən daha çox kömək edə bilərsən: Ukrayna ilə Rusiya arasındakı müharibəni bitirməklə. Bu, daha faydalı olardı".

Bununla belə, Kreml İranda "gərginliyin azaldılmasına" çağırsa da, bu münaqişə Moskva üçün başqa imkanlar da yaradır.

Əvvəlcə iqtisadi məsələlərdən başlayaq.

Qlobal neft qiymətlərindəki son artım Rusiya hökumətinin gəlirlərinə çox lazım olan bir dəstək verir və qiymətlər uzun müddət yüksək qalarsa, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməyə davam etməsinə kömək edəcək.

Rusiyanın federal büdcəsi ölkənin nefti bir barreli 59 dollar qiymətinə ixrac etməsinə əsaslanır.

Son aylarda neft qiymətləri bu səviyyədən xeyli aşağı düşmüşdü. Bu həftə isə xam neftin qiyməti kəskin şəkildə artaraq demək olar ki, 120 dollara çatdı. Daha sonra bir qədər aşağı düşsə də, neft qiymətləri hələ də 59 dollar səviyyəsindən xeyli yuxarıdır.

Bundan əlavə, ABŞ Prezidenti Donald Trump İran müharibəsinin yaratdığı çatışmazlığı azaltmaq üçün ABŞ-ın "bəzi ölkələrə" neftlə bağlı sanksiyalardan imtina edə biləcəyini bildirib.

Əgər Rusiyaya qarşı neft sanksiyaları yüngülləşdirilsə, Moskva daha böyük maliyyə gəliri əldə edə bilər. Ukrayna Prezidenti Volodymyr Zelenskyy bunun Kiyev üçün "ciddi zərbə" olacağını deyib və Trampı belə addım atmamağa çağırıb.

Kremlə yaxın Komsomolskaya Pravda qəzetinin bugünkü buraxılışı isə nikbin idi.

Başlıqda belə yazılmışdı:

"Bahalı neft sanksiyaların ləğv edilməsi üçün səbəbdir".

Kreml ABŞ Prezidentini tənqid etməsə də, bəzi Rusiya qəzetləri Trampı və İran müharibəsini sərt şəkildə tənqid edir.

Tabloid Moskovsky Komsomolets qəzetinin çərşənbə axşamı buraxılışında belə yazılmışdı:

"'Sülh prezidenti' sadəcə ağlını itirib".

"İmperatorun paltarı yoxdur. Daha doğrusu, ağlı yoxdur".