İlham Əliyevin mühafizəçiləri ilə siyasi fəallar arasında dava

Videonun alt yazısı, Əliyevin mühafizəçiləri Vaşinqtonda etirazçıları "döyüb"
İlham Əliyevin mühafizəçiləri ilə siyasi fəallar arasında dava

Vaşinqtonda rəsmi səfərdə olan Prezident İlham Əliyevin mühafizəçiləri ilə ona etiraz edənlər arasında insident baş verib.

Sosial mediada yayılan video görüntülərdə etirazçıların Vaşinqtonda səsgücləndiricilərlə "Azadlıq", "Siyasi məhbuslara azadlıq"şüarları səsləndirdiyi görünür. Daha sonra onlara prezidentin mühafizəçisi olduğu güman edilən şəxslər yaxınlaşır və onları vurmağa başlayır.

Videoda həmçinin təhqiramiz sözlər eşidilir.

Hadisənin fevralın 19-da, Prezident İlham Əliyevin qaldığı otelin qarşısında baş verdiyi deyilir.

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi bildirib ki, prezident korteji otelin ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinin hərəkətinə maneə yaradılıb.

Səfirlik bildirib ki, bu zaman Prezidentin Təhlükəsizlik Xidmətinin "dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb".

Həmin vaxt orda olan azərbaycanlı Rəhim Yaqublu BBC Azərbaycancaya bu ittihamların əsassız olduğunu bildirib.

O, hadisənin necə baş verdiyindən danışıb:

"Biz hardasa yolun bu hissəsindən durub şüarlar səsləndirmək istəyirdik ki, bu da bir neçə saniyə olacaqdı - İlham Əliyevin maşından düşüb otelə daxil olacağı müddətdə. Biz, sadəcə, o şüarları İlham Əliyevə eşitdirmək istəyirdik".

Rəhim Yaqublu hazırda həbsdə olan, Əliyevin hakimiyyətinin sərt tənqidçisi Tofiq Yaqublunun oğludur. O əlavə edir ki, aksiyalarının məqsədi diqqəti Azərbaycanda həbsdə olan müxalif və ictimai fəallara, jurnalistlərə çəkmək olub.

"Başladım şüarlar səsləndirməyə. Digər bəylər də mənə qoşuldu. Sonra onlar başladılar bizi vurmağa. Oradan bizi uzaqlaşdırmaq istəyirdilər. Meqafonu əlimdən almaq istəyirdilər. Biri qarnıma təpiklə vurdu, yıxıldım. Sonra çənəmə üzümə də vurdular", - o deyib.

Rəhim Yaqublu bildirib ki, onlar yalnız dinc aksiya keçirmək istəyiblər.

Prezident İlham Əliyev Qəzzaya yardımı ehtiva edən Sülh Şurası ilə bağlı fevralın 19-da Vaşinqtonda olub.