Trump: ABŞ İrana "olduqca ağır" zərbə endirə bilər

Donald Tramp, İran, ABŞ,

Şəklin mənbəyi, EPA

Oxuma vaxtı: 4 dəq

ABŞ və İsrailin İranla müharibəsinin 34-cü günü:

  • ABŞ Prezidenti deyib ki, ölkəsi növbəti iki-üç həftə ərzində İrana "olduqca ağır" zərbə endirə bilər
  • İran ABŞ və İsrailə "dağıdıcı" və "daha geniş" hücumlar barədə xəbərdarlıq edib
  • Donald Trump "İranın Yeni Rejim Prezidenti"nin ABŞ-dan atəşkəs istədiyini deyib.
  • Donald Trump "İki-üç həftəyə İranı tərk edəcəyik" deyib
  • İran da müharibənin bitə biləcəyini bildirən bir bəyanat yayıb

Bu və digər xəbərləri aşağıda oxuyun.

ABŞ Prezidenti Donald Trump aprelin 1-də xalqa etdiyi müraciətində bildirib ki, ölkəsinin İrana qarşı bütün hərbi məqsədləri tezliklə yekunlaşacaq.

Eyni zamanda o, qeyd edib ki, növbəti iki-üç həftə ərzində ABŞ İrana "olduqca ağır" zərbələr vura bilər.

Trump çıxışında Yaxın Şərqdən neft idxal edən müttəfiq ölkələrə də çağırış edib. Ağ Ev rəhbəri deyib ki, gərək müttəfiq ölkələr "cəsarət toplayıb" Hörmüz boğazında daşınmaların təhlükəsizliyini təmin etsinlər.

O, əks halda həmin ölkələri ABŞ-dan neft almağa çağırıb.

Trump iddia edib ki, İran nüvə silahı əldə etməyin bir addımlığında idi, lakin ABŞ onun nüvə obyektlərini "məhv etdi".

ABŞ Prezidenti xəbərdarlıq edib ki, növbəti bir neçə həftə ərzində razılıq əldə edilməsə, ABŞ İranın elektrik stansiyalarına zərbə endirəcək.

İran ABŞ və İsrailə "dağıdıcı" və "daha geniş" hücumlar barədə xəbərdarlıq edib

İran ordusunun sözçüsü Trump-ın İranın silah-sursat anbarlarını tamamilə məhv etdiklərinə dair səsləndirdiyi iddiaları təkzib edib.

O bildirib ki, ABŞ və İsrail "əhəmiyyətsiz" hədəflərə zərbələr endirir.

Bununla belə, o, ABŞ və İsrailə növbəti "dağıdıcı və daha geniş" hücumlar barədə xəbərdarlıq edib, İran mediası yazıb.

Tasnim və Fars xəbər agentliklərinin ordu sözçüsünə istinadla yaydıqları bəyanatda qeyd olunur ki, ABŞ və İsrail İranın hərbi imkanları və təchizatı barədə "natamam" məlumata malikdirlər.

İranlı rəsmi qeyd edib ki, ABŞ və İsrail "başlatdıqları aqressiyanın əvəzini ödəməlidirlər".

Trump deyib ki, İranın yeni rəhbəri atəşkəs istəyir

Donald Trump Ağ Evdə

Şəklin mənbəyi, Getty Images

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Donald Trump "İranın Yeni Rejim Prezidenti"nin ABŞ-dan atəşkəs istədiyini deyib.

Truth Social-dakı açıqlamasında o, ad çəkməyib, lakin həmin şəxsin "sələflərindən daha az radikallaşmış və daha ağıllı" olduğunu bildirib.

Trump-ın kimi nəzərdə tutduğu bəlli deyil.

ABŞ və İsrail 28 fevralda İrana hava hücumlarına başlayandan bəri, ölkənin Ali Lideri Ayətullah Əli Xamenei də daxil olmaqla, bir sıra yüksək vəzifəli İran liderləri öldürülüb.

Onun yerinə 8 martda oğlu Müctədaq Xamenei gəlib.

O vaxtdan bəri ona istinadən bir sıra yazılı açıqlamalar verilib, lakin özü ictimaiyyət qarşısına çıxmayıb.

Trump deyib ki, onun sağ olub-olmadığını bilmir.

İranın yeni prezidenti yoxdur.

Hazırki Prezident Məsud Pezeşkian martın 31-də İranın müharibəyə son qoymaq üçün "lazımi iradəyə" sahib olduğunu bildirib.

İran Trump-ın müharibəyə son qoymaq üçün danışıqlarda iştirak etdiyinə dair iddialarını təkzib edərək, vasitəçilər vasitəsilə ABŞ-la yalnız bəzi mesajların mübadiləsi aparıldığını bildirib.

Trump deyib ki, İranı tezliklə tərk edəcəklər

ABŞ Prezidenti Donald Trump Ağ Evdə İranla bağlı danışıb və deyib ki, ölkəsi İranı "çox tezliklə tərk edəcək" və ABŞ-ın hərbi əməliyyatları "iki və ya üç həftə" ərzində başa çata bilər.

Onun sözlərinə görə, ABŞ ötən ayın sonlarında İsraillə birlikdə İrana qarşı hava hücumları başlamazdan əvvəl müəyyən edilmiş məqsədlərə çatıb.

Trump bildirib ki, İranın nüvə silahı əldə etmək qabiliyyətini məhdudlaşdırmaq kimi əsas məqsədə çatılıb və ABŞ artıq "işi yekunlaşdırır".

Trump deyib ki, ABŞ artıq İran səmasında dominantlıq edir və bir çox yüksək vəzifəli siyasi və hərbi liderlərin öldürülməsindən sonra rejim dəyişikliyinə nail olub.

O, Tehrandakı yeni liderləri sələfləri ilə müqayisədə "daha az radikallaşmış" və "daha rasional" adlandırıb.

Trump həmçinin İran liderlərinin müharibəyə son qoymaq üçün ABŞ-la "razılaşma əldə etməyə yalvardıqlarını" söyləyib.

İran tərəfi Trumpın açıqlamasına hələ reaksiya verməyib, ancaq bundan əvvəl onun danışıqlarla bağlı sözlərini təkzib etmişdi.

O əlavə edib ki, müharibə hər iki tərəf arasında vasitəçilik yolu ilə əldə edilən razılaşma olmadan da başa çata bilər.

Prezident müharibənin yanacaq qiymətlərinin artmasına təsiri ilə bağlı söyləyib ki, ABŞ hərbi əməliyyatlarına son qoyduqdan sonra qiymətlər enəcək.

İran da müharibənin bitə biləcəyini bildirən bir bəyanat yayıb

İran Prezidenti Məsud Pezaşkian Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa ilə telefon danışığında "lazımi şərtlər yerinə yetirilərsə, ABŞ və İsraillə müharibəyə son qoymaq iradəsinə" sahib olduqlarını bildirib.

Lakin, digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusu çərşənbə axşamı xəbərdarlıq edib ki, əgər yüksək vəzifəli İran rəsmilərinin hədəf alındığı "sui-qəsdlər" davam edərsə, çərşənbə axşamından etibarən bölgədə fəaliyyət göstərən aparıcı ABŞ şirkətlərindən qisas alacaqlar.