Ermənistan rəsmiləri Sünik vilayətinin Qafan-Əkərək yoluna nəzarət etmədiklərini deyirlər

Ermənistan rəsmiləri Sünik vilayətində Qafanla Əkərək (Aqarak - erməni) kəndini birləşdirən avtomobil yoluna nəzarət etmədiklərini deyirlər.

Qafan şəhərinin meri Gevorq Parsyan bu gün parlamentdə keçirilən müzakirələrdə deyib ki, o yol "Azərbaycanın nəzarətinə keçdiyi" üçün artıq ermənilər oradan istifadə edə bilməyəcəklər.

Azərbaycanda rəsmilərin bu barədə şərhi məlum deyil.

Ermənistan-Azərbaycan sərhədində baş verənlər bir həftəyə yaxındır ki, Ermənistanda əsas müzakirə mövzusuna çevrilib.

Bu məsələ bir neçə dəfə parlament və hökumət iclaslarında da müzakirə olunub.

Gevorg Parsyan deyib ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın Sünik vilayətinin 100 metrliyində, Qafan şəhərinin yaşayış olan hissəsindən 1 kilometr uzaqlıqdadırlar.

"Sünik və Qafan icmalarının bir çox yüksəklikləri Azərbaycana veriləndən sonra Qafan şəhəri və bəzi digər yaşayış məntəqələri ciddi hədəfə çevriləcək", - o əlavə edib.

BBC News Azərbaycancanın Dövlət Sərhəd Xidməti ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Qafan administrasiyası həmçinin Ermənistan hökumətinə təklif edib ki, Sünik vilayətinin sərhəd kəndlərinin əhalisinə özləri ilə silah gəzdirməyə icazə verilsin.

Administrasiya bunun lazımi təhlükəsizlik tədbiri olduğunu bildirib.

Bu hadisədən əvvəl Ermənistan mənbələri yazıb ki, Azərbaycan hərbçiləri Ermənistanın Sünik vilayətinin sərhəd əraziləri olan Şurnux və Vorotan kəndlərinə gedərək rus sərhədçilərlə danışıqlar aparıblar.

Məlumatda deyilir ki, onlar GPS cihazlarla ərazidən ölçü götürüb və məlumatları rus sərhədçilərə təqdim ediblər.

Ermənistan mediasının bildirdiyinə görə, hərbçilər Gorus-Qafan yolunun sağ tərəfinə düşən, bağların və 12 evin olduğu ərazinin Azərbaycanın ərazisinə düşdüyünü deyib.

Bu barədə indiyədək nə Azərbaycan, nə də Rusiya rəsmiləri şərh veriblər.

Daha əvvəl Ermənistan ordusunun üçtərəfli razılaşmaya əsasən Qafan ətrafındakı yüksəkliləri tərk etdiyi açıqlanıb. Bunun üçün onlara dekabrın 18-dək vaxt verilmişdi.

Bundan sonra "Firavan Ermənistan" parlament fraksiyasının deputatı Naira Zohrabyan Facebook səhifəsində "Gorus-Qafan avtomobil yolunda Azərbaycan hərbçilərinin nəzarət etdiyini" iddia edən videogörüntü paylaşmışdı.

Bu hadisə Ermənistanda qəzəb yaratmış və günlərdir davam edən, Baş nazir Nikol Paşinyanın istefasına səsləyən etirazları daha da qızışdırmışdı.

"Biz geri çəkilməmişik"

Ermənistan Baş naziri Nikol Paşinyan son baş verənlərlə əlaqədar bildirib ki, "Biz Ermənistanın beynəlxalq qaydada qəbul olunmuş sərhədlərindən bir millimetr də geri çəkilməmişik".

Nikol Paşinyan cümə günü hökumət iclasında deyib ki, Azərbaycanla sərhəddə baş verənləri "demarkasiya və delimitasiya hesab etmək olmaz".

"Biz Ermənistanın beynəlxalq qaydada qəbul olunmuş sərhədlərindən bir millimetr də geri çəkilməmişik, bu barədə söhbət belə gedə bilməz... Bu, baş verən proseslərin sərhədlərin demarkasiya və delimitasiyası hesab olunmalı olduğu demək deyil. Bunlar tamamilə başqa məsələlərdir".

Nikol Paşinyan söyləyib ki, Sünik vilayətində sərhəd nöqtələrinin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Onun sözlərinə görə, bu işlər Sünik və Ermənistanın təhlükəsizliyi üçün "vacibdir".

Ermənistanın Baş naziri deyib ki, iki kənd - Şurnux və Vorotan kəndləri ilə bağlı müəyyən sərhəd məsələləri ortaya çıxa bilər.

"Bu suallar müəyyən ağrılı vəziyyətlərə gətirib çıxara bilər. Ancaq əmin etmək istəyirəm ki, erməni mənafeyinin qorunması ilə bağlı sualların ortaya çıxdığı bütün hallarda hökumət tam kompensasiya təqdim edəcək və vətəndaşlarımızın maraqları qorunacaq."

"Azərbaycan öz ərazisinə sahib çıxır"

Millət vəkili, YAP-ın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyir ki, bu gün Ermənistan "daha çox şayiələrlə mülahizə irəli sürür, Azərbaycan isə öz ərazisinə sahib çıxır".

BBC News Azərbaycancaya danışan cənab Mirzəzadə söyləyib ki, Dağlıq Qarabağ məsələsinin hərbi mərhələsi başa çatdıqdan sonra Azərbaycan-Ermənistan arasında sərhəd dəqiqləşdirilir.

Onun sözlərinə görə, sərhəd dəqiqləşdirilməsi zamanı Ermənistanın Azərbaycan torpaqlarının xüsusilə öz sərhədinə bitişik olan hissəsindəki bir çox sahələrdə "qeyri-qanuni şəkildə Azərbaycan ərazisinə girdiyi, həmin ərazilərdə qəsəbə saldığı, yol və kommunikasiya çəkdiyi" ortaya çıxıb.

"SSRİ dövründə Azərbaycan və Ermənistan SRRİ arasında dəqiq xəritə var idi və eyni zamanda bu gün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın qəbul edilmiş ərazi perimetrləri var. İndi sərhəd dəqiqləşdirilərkən aydın məsələdir ki, Azərbaycan öz ərazisinin bir santimetrini belə heç kəsə güzəştə getməyəcək".

Millət vəkili onu da deyir ki, Ermənistan vaxtilə Azərbaycan ərazisində nə tikibsə, onun problemini artıq Ermənistan özü yaşamalıdır.

"Bu baxımdan, Azərbaycan bu gün hər hansı qeyri-qanuni iş görmür. Bu gün sərhəd SSRİ dövründən qalan xəritələrə əsasən çəkilir və Azərbaycan öz ərazisinə sahib çıxır. Digər məsələlər isə, artıq Ermənistanın daxili siyasət məsələləridir".