Saç qaynaqları və sinə xərçəngi arasında əlaqə nədir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Esther Kahumbi
- Oxuma vaxtı: 6 dəq
Dünyada milyonlarla qadın tərəfindən istifadə edilən saç qaynaqlarının tərkibində süd vəzi xərçəngi, hormonal pozuntular və reproduktiv sağlamlığa zərər verən kimyəvi maddələr ola bilər.
Bu sahədə aparılmış və ən böyük sayılan araşdırmanın nəticələrində belə deyilir.
Alimlər sintetik və təbii saç məhsullarının, o cümlədən pariklər, hörük saçlar və müxtəlif növ qaynaqların demək olar ki, hər bir nümunəsində 50-yə yaxın təhlükəli kimyəvi maddə aşkar ediblər.
American Chemical Society jurnalında dərc olunan bu nəticələr bu çoxmilyardlıq sənayeyə qarşı daha ciddi tənzimləmə və istehlakçılar üçün şəffaflığın artırılması tələblərini gündəmə gətirib.
Tədqiqatın aparıcı müəllifi Dr. Elissia Franklin deyir: "Biz təhlükəli kimyəvi maddələrdən azad məhsullar istehsal etmək üçün qarşısında heç bir öhdəlik və tələb qoyulmayan şirkətlərə etibar edirik".
Alimlər bildirirlər ki, saç qaynaqları uzun müddət istifadə edildiyi və dəri ilə sıx təmasda qaldığı üçün xüsusi risk yaradır. Bu xroniki təmas uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.
Dr. Franklin qeyd edir: "Saç qaynaqları bədənlə çox yaxın təmasda olur. Onlar həftələrlə, bəzən isə aylarla baş dərinizdə, boynunuzda və üzərinizdə qalır".
Təhlükəli kimyəvi maddələr

Şəklin mənbəyi, Getty Images
Qlobal saç qaynağı bazarının 2028-ci ilə qədər 14 milyard dolları ötəcəyi proqnozlaşdırılır.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bir çox qadın bu məhsulları kosmetik səbəblərdən seçsə də, tədqiqat göstərir ki, istehlakçıların böyük bir hissəsi saçlarını daha rahat idarə etmək üçün bu üsuldan istifadə edən qaradərili qadınlardır.
Sintetik saçlar 20 dollar kimi ucuz qiymətə ola bildiyi halda, yüksək keyfiyyətli təbii saçların qiyməti minlərlə dollara çatır.
Alimlər test edilən 43 nümunədə, xüsusi bir maddəyə fokuslanmaq əvəzinə geniş spektrli maddələri aşkar etməyə imkan verən texnika vasitəsilə 170 kimyəvi maddə tapıblar.
Bu maddələrdən 48-i BMT və Avropa Kimyəvi Maddələr Agentliyi tərəfindən tərtib edilmiş əsas beynəlxalq təhlükəli maddələr siyahısındadır.
"Odadavamlılıqdan tutmuş pestisidlərə, həmçinin reproduktiv sağlamlığa zərər verən və hormonal sistemi pozan fitalatlara qədər hər şey aşkar edilib", Franklin deyir.
Həm sintetik, həm də təbii olmaqla 36 nümunədə süd vəzi xərçəngi ilə əlaqəli 17 kimyəvi maddə tapılıb. Nümunələrin təxminən 10 faizində, adətən, istehlak mallarında rast gəlinməyən və odadavamlı plastik istehsalında istifadə edilən təhlükəli orqanotin (üzvi qalay) birləşmələri aşkar edilib.
Bu kimyəvi maddələr dərinin qıcıqlanmasına səbəb olur və hormonal sistemi pozur. Ən çox rast gəlinən maddələr arasında faner istehsalında istifadə olunan fenol və plastiki elastik etmək üçün istifadə edilən bis (2-etilheksil) fitalat var.
Tədqiqatçılar bildirirlər ki, bu kimyəvi maddələr məlum süd vəzi xərçəngi törədicilərinin yaratdığı dəyişikliklərə bənzər bioloji dəyişikliklərə səbəb olur və zamanla süd vəzi xərçəngi riskini artıra bilər.
İnsan saçı daha təhlükəsizdirmi?

Şəklin mənbəyi, Getty Images
Əvvəlki tədqiqatlar əsasən tərkibində təhlükəli metallar tapılan sintetik saçlara fokuslanmışdı, lakin bu araşdırmada həmçinin 11 ədəd işlənməmiş, xam və sintetiklə qarışıq insan saçı nümunəsi də sınaqdan keçirilib.
İşlənməmiş və xam saçlar adətən daha baha olur və heç vaxt kimyəvi işlənməyə məruz qalmadığı bildirilərək marketinq edilir. Xüsusilə xam saçlar, adətən tamamilə emal olunmamış və birbaşa bir donordan kəsilmiş və ya qırxılmış saçlardır.
Bəzi hallarda, "işlənməmiş" və "xam" olaraq etiketlənənlər də daxil olmaqla, insan saçı nümunələrində bəzi sintetik versiyalardan daha çox təhlükəli kimyəvi maddə, o cümlədən bir neçə endokrin sistemi pozan maddə aşkar edilib.
Süd vəzi xərçənginin ekoloji səbəblərini araşdıran ABŞ-ın "Silent Spring" İnstitutunun tədqiqatçı alimi Franklin deyir: "Məhsulun insan saçı kimi etiketlənməsi və ya tək donordan gələn təbii saç kimi təqdim edilməsi, onu sintetik saçdan daha təhlükəsiz etmir".
O izah edir: "Elə hallar var idi ki, sintetik nümunədə təhlükəli siyahısında olan bir kimyəvi maddə müəyyən etdiyimiz halda, insan saçında həmin siyahıdan beş-yeddi maddə var idi".
Tədqiqatçılar deyirlər ki, bu kimyəvi maddələr istehsal və ya emal zamanı, saçın xarici görünüşünü, davamlılığını və ya idarə olunmasını yaxşılaşdırmaq üçün tətbiq edilə bilər.
Franklin bildirir ki, tədqiqat təhlükəli kimyəvi maddələrin dəqiq səviyyəsini qiymətləndirməsə də, hormon pozucuları kimi bəzi maddələr hətta aşağı dozalarda belə zərərli ola bilər.
İstehsalçılar üçün saç qaynaqlarındakı kimyəvi maddələrlə bağlı aydın təhlükəsizlik hədlərinin olmaması tədqiqatçıların əsas narahatlıqlarından biridir.
Franklin deyir: "Kosmetik məqsədlərlə istifadə etdiyimiz məhsulların tərkibində təhlükəli kimyəvi maddələrin olması üçün heç bir səbəb yoxdur. Biz onsuz da gündəlik olaraq qarşısıalınmaz bir çox kimyəvi maddəyə məruz qalırıq".

Bir çox saç qaynaqları forma vermək üçün qızdırılır və ya qaynar suya salınır ki, bu da toksik dumanların ayrılmasına səbəb ola bilər. Bu kimyəvi maddələr tənəffüs yolu ilə bədənə daxil ola bilər.
Tədqiqatçılar deyirlər ki, bu maddələr bədənə dəri təması vasitəsilə də daxil ola bilər ki, bu da təkcə son istifadəçiyə deyil, həm də bu xidmətləri göstərən saç ustalarına təsir göstərir.
Bəzi insanlar saç qaynaqlarına qarşı qaşıntı və qızartı, baş dərisində, boyunda və üzdə səpkilər və şişkinlik, bəzi nadir hallarda isə tənəffüs problemləri daxil olmaqla fiziki reaksiyalar barədə məlumat verirlər.
Saç qaynaqlarından necə təhlükəsiz istifadə etmək olar?

Şəklin mənbəyi, Getty Images
Tədqiqat müəyyən edib ki, kimyəvi işlənmiş saç qaynaqlarından təhlükəsiz istifadənin sübut olunmuş bir yolu yoxdur və hətta məruz qalma riskini azaltmağa yönəlmiş tədbirlər belə etibarlı olmaya bilər. Qaynaqdan əvvəl qıcıqlanmanı azaltmaq üçün sirkə ilə yumaq kimi üsullar təhlükəsizliklə bağlı qəti nəticələr verməyib.
Tədqiqatda sınaqdan keçirilən 43 nümunədən yalnız ikisində alimlər tərəfindən müəyyən edilmiş təhlükəli kimyəvi maddələr aşkar edilməyib. Hər iki nümunə "qeyri-toksik" (non-toxic) və ya "toksinsiz" (toxic free) olaraq etiketlənmişdi. Lakin Franklin deyir ki, bu cür iddialar yalançı arxayınlıq yarada bilər.
"Bu terminlər heç bir qurum tərəfindən tənzimlənmir, ona görə də şirkətlər bu etiketi məhsulun üzərinə vura bilərlər və bunun heç bir hüquqi nəticəsi olmaz".
Böyük Britaniyada zərərli karsinogen maddələrlə bağlı daha sərt yeni qaydalar 2026-cı ilin avqustunda qüvvəyə minəcək, lakin saç sənayesi peşəkarları bildirirlər ki, saç qaynaqlarının tənzimlənməsindəki boşluq istehlakçıların tam qorunmadığı mənasına gəlir.
Kosmetik vasitələr ciddi şəkildə tənzimlənir və təhlükəsizlik qiymətləndirilməsindən keçir, lakin saç qaynaqları əksər hallarda fərqli təsnif edilir, buna görə də qiymətləndirilmir.
Əvvəlki tədqiqatlarda saç boyaları və düzləşdiricilər də süd vəzi xərçəngi riskinin artması ilə əlaqələndirilib. Lakin saç qaynaqlarından fərqli olaraq, bu məhsullar kosmetik məhsul kimi tənzimlənir və təhlükəsizlik sınaqlarından keçir.
Britaniya Milli Saç və Gözəllik Federasiyasının (National Hair & Beauty Federation) rəhbəri Caroline Larissey deyir: "Tənzimləmə yalnız məhsullar düzgün təsnif edildikdə və idxal-satış nöqtələrində nəzarət aktiv olduqda işə yarayır. Bu, real bir boşluqdur və bu araşdırma həmin problemin həll edilməli olduğunu aydın şəkildə göstərir".
2016-cı ildə BBC aşkar etmişdi ki, emal prosesi zamanı bir çox yanlış etiketlənmə halları baş verir və saç növünün müəyyən edilməsi əsasən satıcıların dürüstlüyünə qalır.
Bəzi istehsalçıların internet saytları istehlakçılara almazdan əvvəl saçın keyfiyyətini yoxlamaq yollarını təklif edir. Lakin alimlər bunun məsuliyyətinin istehlakçının üzərinə düşməməli olduğunu deyirlər.
Franklin bildirir: "Əgər onlar heç vaxt bazarda olmasaydılar, biz seçim etmək məcburiyyətində qalmazdıq. Saç qaynağı istifadə edən hər kəs bu nəticələrdən narahat olmalıdır".



























