İran müharibəsindən kim, nə istəyir?

(S-S) ABŞ Prezidenti Donald Tramp, İranın lideri Müctəba Xamenei və İsrailin Baş naziri Benyamin Netanyahu.

Şəklin mənbəyi, Reuters/Getty Images

Şəklin alt yazısı, ABŞ Prezidenti Donald Tramp, İranın lideri Müctəba Xamenei və İsrailin Baş naziri Benyamin Netanyahu.
    • Müəllif, Frank Gardner
    • Vəzifə, BBC
    • Məkan, Riyad
  • Oxuma vaxtı: 4 dəq

Hər kəs olmasa da, insanların əksəriyyəti bu müharibənin mümkün qədər tez bitməsini istəyir. Bəs hansı şərtlərlə? Məhz burada mövqelər bir-birindən fərqlənir.

Amerika Birləşmiş Ştatları

Prezident Donald Trampın müharibə məqsədləri müəyyən dərəcədə qeyri-şəffaf olub; bu məqsədlər İranın nüvə proqramının sadəcə məhdudlaşdırılmasından tutmuş, ABŞ və İsrailin bütün tələblərinə təslim olmasına, hətta İslam Respublikası rejiminin tamamilə süqutuna qədər dəyişir.

İndiyə qədər İran nə təslim olub, nə də süqut edib. Lakin onun hərbi gücü 16 günlük amansız və dəqiq bombardmanlar nəticəsində ciddi şəkildə zəifləyib.

Fevral ayında Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında keçirilən dolayı danışıqlarda nüvə dosyesi üzrə irəliləyiş əldə olunurdu.

Omanlılar bildirirlər ki, İran Tehranın nüvə silahı hazırlamadığına dair əhəmiyyətli dərəcədə təminat verən böyük güzəştlərə hazır idi.

İranın müzakirə etməyə hazır olmadığı məsələ isə ballistik raket proqramının məhdudlaşdırılması və ya ləğv edilməsi, habelə Yəməndəki husilər və ya Livandakı Hizbullah kimi regiondakı proksi qruplarına verdiyi dəstək idi.

İran

Vaşinqton və bir çox müttəfiqləri üçün ideal dünyada bu müharibə ayətullahların hakimiyyətinin süqutu ilə başa çatır və onu sürətlə öz xalqına və ya qonşularına artıq təhlükə yaratmayan dinc, demokratik yolla seçilmiş hökumət əvəz edir.

Lakin bazar ertəsi tarixinə olan məlumata görə, bunun baş verəcəyinə dair heç bir əlamət yoxdur.

ABŞ üçün növbəti ən yaxşı nəticə o olardı ki, ciddi zərər görmüş İslam Respublikası öz davranışını dəyişsin, vətəndaşlarına qarşı pis rəftarı dayandırsın və regiondakı radikal silahlı qruplaşmalara dəstəyinə son qoysun.

Yenə də İran özünə yeni ali rəhbər olaraq mərhum sərt xətt tərəfdarı olan sələfini - Ayətullah Əli Xameneyinin oğlu, Vaşinqtonu qıcıqlandırmaq ehtimalı ən yüksək olan şəxsi, Müctəba Xameneini seçdikdən sonra bu, qeyri-real görünür.

Dünya bazarında neft qiymətlərinin qalxması, Hörmüz boğazının qismən bloklanması və Amerikanın daha da baha başa gələn Yaxın Şərq münaqişəsinə sürüklənməsi ilə bağlı ölkə daxilində artan narahatlıq fonunda, Prezident Trampa bu müharibəni dayandırması üçün təzyiqlər artacaq.

Lakin Tehrandakı rejim cəzalandırılmamış və dikbaş şəkildə sağ qalarsa, onun üçün bunu uğursuzluqdan başqa bir şey kimi təqdim etmək çətin olacaq.

 ABŞ və İsrail İrana minlərlə zərbə endirib.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ və İsrail İrana minlərlə zərbə endirib.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İran müharibənin mümkün qədər tez dayanmasını istəyir, lakin nəyin bahasına olursa-olsun yox – yəni, bu, Vaşinqtonun bütün tələblərinə boyun əymək deməkdirsə, yox.

O bilir ki, bu müharibədə Trampdan daha çox tab gətirmək üçün yəqin ki, "strateji səbr"ə malikdir, üstəlik coğrafiya da onun tərəfindədir.

İran hər hansı bir Körfəz ölkəsindən daha uzun sahil xəttinə malikdir və normal vaxtlarda dünya neft tədarükünün təxminən 20 faizni daşıyan gəmiçiliyi, Hörmüz boğazının dar keçidindən keçərkən qeyri-müəyyən müddətə təhdid etmək imkanına sahibdir.

ABŞ Prezidentinin, İsrail ilə birlikdə başlatdığı müharibənin nəticələrinin öhdəsindən gəlməkdə kömək etmək üçün ölkələrə etdiyi çağırış həvəssizliklə qarşılanır.

Böyük Britaniya, Avropa və digər ölkələr, başlanğıcda bu müharibəni dəstəkləmədikləri halda, öz hərbi dəniz donanmalarını təhlükəyə ataraq kommersiya gəmilərini boğazdan keçirməkdə müşayiət etməkdən ehtiyat edirlər.

Rəsmi olaraq İran bildirir ki, müharibə bir daha hücuma məruz qalmayacağına dair sarsılmaz bir zəmanətlə başa çatmalıdır və o, həmçinin ABŞ və İsrailin hava zərbələri nəticəsində dəymiş milyardlarla dollar dəyərində ziyana görə müharibə təzminatı tələb edir.

Ehtimal ki, İran bunların heç birini əldə edə bilməyəcəyini bilir. Lakin İranın İslam Respublikası rəhbərliyi və İnqilab Keşikçiləri Korpusu (SEPAH) bu münaqişədən sadəcə sağ çıxsalar belə, bunu öz xalqına və dünyaya qələbə kimi təqdim edə biləcəklər.

İsrail

Videonun alt yazısı, Təhlükəsizlik kameraları İran raketinin Təl-Əvivə düşmə anını qeydə alıb.

Üç döyüşən tərəf – ABŞ, İran və İsrail – arasında israillilər bu müharibəni bitirməyə ən az tələsən tərəf kimi görünürlər.

Onlar İranın ballistik raket ehtiyatlarının, anbarlarının, komanda və idarəetmə mərkəzlərinin, radar sahələrinin və SEPAH bazalarının mümkün qədər çoxunun məhv edilməsini istəyirlər.

Təbii ki, atəş dayandıqda bütün bunlar yenidən bərpa edilə bilər; ona görə də İsrail İranın bunu etməyin ağır hesabı olduğunu anlamasını istəyir – yəni İsrail Hərbi Hava Qüvvələri bir neçə aydan sonra geri qayıdıb onları yenidən bombalamağa tam qadirdir.

İsrail İranın raketlərini və şübhəli nüvə proqramını mövcudluğuna təhdid kimi görür.

İranın – ən azından bu müharibə başlayana qədər – yüksək dərəcədə inkişaf etmiş yerli raket və dron sənayesi var idi. (O, Ukraynanı vuran "Şahid" dronlarını öz müttəfiqi Rusiyaya vermişdi).

İran həmçinin uranı mülki nüvə enerjisi üçün lazım olan səviyyədən qat-qat artıq – 60 faiz saflıqda zənginləşdirirdi.

Birlikdə götürüldükdə, İsrailin Baş naziri Benyamin Netanyahunun hökuməti bu qoşa təhdidi İsrailin birgə yaşaya bilməyəcəyi bir şey kimi görür.

Körfəz ölkələri

Körfəz ərəb dövlətləri – Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman – suyun o tayındakı İslam Respublikası ilə birgə yaşaya biləcəklərini düşünürdülər. İndiyə qədər.

Onlar qəzəblidirlər ki, İrana qarşı bu müharibəni dəstəkləməkdən imtina etmələrinə baxmayaraq, hələ də demək olar ki, hər gün İranın dron və raket bombardmanlarına məruz qalırlar.

Təkcə bu bazar ertəsinin ilk bir neçə saatında Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi öz ərazisinə yönəlmiş 60-dan çox mərmini zərərsizləşdirdiyini bildirib.

Körfəz rəsmilərindən biri mənə belə deyib: "Qırmızı xətt" keçilib. Tehranla aramızda etibar sıfıra enib və bundan sonra onlarla normal münasibətlərimiz ola bilməz".